ArxivŞəxsiyyətlərXəbər lentiXəbərlər

Şeyxülislam Axund Fazil İrəvani kimdir?

Şeyxülislam Axund Fazil İrəvani kimdir?

Azərbaycanın görkəmli din xadimlərindən olan Şeyxülislam Fazil İrəvani 1752-ci ildə İrəvan şəhərində anadan olmuşdur. İlk təhsilini doğulduğu şəhərdəki molla məktəbində alan Fazil İrəvani sonralar – 20 yaşında olarkən ali dini təhsilə yiyələnmək üçün Qahirənin “əl-Əzhər” Universitetinə göndərilmişdir. Qırx beş yaşında İrana qayıdan Fazil İrəvani uzun müddət İsfəhan və Təbriz şəhərlərində axund vəzifəsində çalışmış, bir müddət sonra doğma şəhərinə qayıtmış və İrəvan “Göy” Cami məscidinin baş axundu kimi fəaliyyətə başlamışdır.

1828-ci ildə bağlanan Türkmənçay müqaviləsindən sonra Rusiyanın qələbə qazanmasının, İranın isə məğlubiyyətə uğramasının səbəblərindən biri kimi rusların Qafqazın müsəlman din xadimlərinin xidmətindən məharətlə istifadə etməsi göstərilir. Həqiqətən də o dövrdə az da olsa belə din xadimləri var idi. Belə ki, İran əhalisini ruslara qarşı müqavimətdən çəkindirən Təbriz müctəhidi Mir Fəttah Təbatəbainin tutduğu mövqeyi yüksək qiymətləndirən çar Rusiyası onu Tiflisdə Qafqaz müsəlmanlarının müctəhidi təyin etdi. On yeddi il bu vəzifədə fəaliyyət göstərən Mir Fəttah Təbatəbai müsəlmanlar arasında birlik və dini inanclara sədaqətdən daha çox təriqətləri qızışdırmaqla qarşıdurmalar yaratmağa, Rusiya siyasətinin Qafqazda möhkəmlənməsinə xidmət etdi. Müctəhidliyi dövründə Qafqaz Şeyxülislamı Məhəmmədəli Hüseynzadə ilə tez-tez ixtilaflar yaradaraq onu həm insanlar, həm də hökumət qarşısında hörmətdən salmağa çalışan Mir Fəttah Təbatəbai hətta sünni-şiə qarşıdurması yaratmaqdan da çəkinmirdi. Lakin Tiflisin müsəlman ziyalıları, xüsusilə Rusiya xidmət orqanlarında qulluqda olan alim və ədiblər bütün hallarda Şeyxülislam Məhəmmədəli Hüseynzadəni müdafiə edir, Mir Fəttah Təbatəbainin İslam dininə, eləcə də imperiyanın nüfuzuna “zərbə” vurmasını bildirirdilər.

Bütün bunları nəzərə alan Çar I Nikolay 1843-cü ildə Mir Fəttah Təbatəbainin Rusiya təbəəliyindən çıxarılması, ölkədən qovulması və Rusiyaya gəlməsinin qadağan olunması barədə fərman imzaladı. Hətta sonralar Mir Fəttah Təbatəbainin iki oğlu ruslar tərəfindən terror bəhanəsi ilə öldürüldü.
Mir Fəttah Təbatəbainin qarşısı alındıqdan sonra 1843-cü ildə dini və dünyəvi elmlərə bələd olan, müctəhid rütbəsi almış Fazil İrəvani Qafqaz müsəlmanları şeyxülislamının müavini vəzifəsinə dəvət olunur. Dəvəti qəbul edən Fazil İrəvani idarənin fəaliyyətini xeyli genişləndirir. Bu dövrdə şəriət məhkəmələri yaradılır və bütün müsəlmanlara ruhani zümrəsinə daxil olmaq hüququ verilir.

Axund Fazil İrəvaninin təşəbbüsü ilə ruhanilərə vəzifə maaşları kəsilməklə onlara dövlət məmurları ilə eyni səlahiyyətlər verildi və beləliklə, əvvəllər müctəhidin səlahiyyəti çərçivəsində olan qayda-qanunların həyata keçirilməsi yenidən şeyxülislama həvalə edildi.

1846-cı ildə Məhəmmədəli Hüseynzadənin istefa verməsindən sonra eyni ildə Axund Fazil İrəvani Qafqazın yeni şeyxülislamı təyin edilir. İdarənin öz mövqeyini qoruyub saxlaması və genişləndirməsi məhz Fazil İrəvaninin şeyxülislamlığı dövründə mümkün oldu. Onun xidmətlərinin bəzilərini aşağıdakı qaydada sistemləşdirmək olar:

– İdarənin fəaliyyətinə prokuror nəzarəti ləğv edildi;
– Yüksək ruhani şəxslərin təyin edilməsini ruhani idarəsi özü həyata keçirdi;
– Nikah bağlanması və boşanmaların həyata keçirilməsi səlahiyyətləri məscid ruhanilərindən alınaraq daha yüksək savada malik olan axundlara həvalə edildi;
– Qazıların səlahiyyətlərinə aid məsələlərə geniş yer ayrıldı;
– Mahal qazısı tabeçiliyində olan ruhanilərə başçılıq etməli, kəbin işlərini, boşananları, ailə münaqişələrini şəriət əsasında yoluna qoymalı idi. Münaqişələrdə cinayət xarakteri aşkar olunardısa, yalnız o zaman həmin işlər ümumi məhkəmələrə verilə bilərdi.

Şeyxülislam Fazil İrəvaninin gərgin əməyi, həmçinin Qafqaz canişini Vorontsovun yanında söz və nüfuz sahibi olması nəticəsində dini məktəblərin açılması və idarə olunması, ruhani adlara yiyələnmək üçün sınaqların həyata keçirilməsi, azyaşlılar üzərində qəyyumluğun təyin olunması, seyid adına iddia edənlərin hüquqlarının müəyyən olunması və bir çox başqa məsələlər dairə qazılarına həvalə edildi. Dairə qazıları isə əsas hesabatlarını şeyxülislama verməklə ona tabe idilər.

Şeyxülislama dini məsələlərdə fətva vermək hüququ da məhz Fazil İrəvaninin fəaliyyətinin nəticəsində verildi.
Əldə etdiyi uğurlara görə I, II, III dərəcəli “Müqəddəs Georgi” ordenləri ilə təltif edilən Şeyxülislam Fazil İrəvani, həmçinin İran hökuməti tərəfindən də yüksək mükafatlara layiq görülmüşdür.

Onun şeyxülislam kimi fəaliyyəti dövründə dini idarəyə çoxlu sayda əlavə səlahiyyətlər alması yeni canişin Paskeviçi həddindən artıq narahat edirdi. İdarənin yaradılması ilə bağlı çar fərmanı olmadığından onu nəinki genişləndirmək, heç yaratmaq belə, olmazdı. O, hətta şeyxülislamın səlahiyyətlərini azaltmaq, müctəhidliyi bərpa etmək və İrandan yeni müctəhidlər gətirmək təklifləri ilə də çıxış edirdi.

Qafqazda İslam dininin imperiyaya xidmət yollarını arayıb-axtaran xüsusi komissiyanın sədri Bulatov Paskeviçə yazdığı məktubda belə deyirdi: “Zaqafqaziya şiə müsəlman ruhanilərinə rəhbərlik edən, həmçinin şeyxülislam adı daşıyan Məhəmmədəli Hüseynzadə və Fazil İrəvani kimi şəxslər böyük nüfuz sahibidirlər. Onların rəyləri həmdindaşları tərəfindən birmənalı şəkildə qəbul edilir və sözsüz icra olunur. İrandan müctəhidlərin gətirilməsini olduqca uğursuz cəhdlər kimi qiymətləndirirəm”.

Kazan Universitetinin professoru Mirzə Kazım bəyin Qafqaz ruhanilərinin idarə olunması ilə bağlı hazırladığı layihələr mahiyyət etibarı ilə regionda müsəlmanların sıxışdırılmasına, imperiyanın nüfuz və işğalçılıq siyasətinin möhkəmləndirilməsinə həsr edilmişdi. Onun təkliflərinə görə, ruhanilərin siyasi baxımdan zərərsizləşdirilməsi, siyasi işlərə qarışmaması üçün iki işin görülməsi vacibdir:
1. Ayrıca Zaqafqaziya Müsəlman Ruhaniliyi yaradılsın;
2. Ruhani şəxslərin fəaliyyəti yalnız maddi vəziyyətə bağlansın.

İlk Şeyxülislam Məhəmmədəli Hüseynzadə kimi, Fazil İrəvani də bu təkliflərin əleyhinə oldu və komissiyaya bununla bağlı öz təkliflərini bildirdi. Vəziyyətin getdikcə gərginləşməsi ilə yanaşı, Şeyxülislam Fazil İrəvaninin istefa verməsindən narahat olan canişin və çar komissiyası güzəştə getmək məcburiyyətində qaldılar.

1846-cı ildən 1862-ci ilə qədər Qafqazın şeyxülislamı olan Fazil İrəvaninin fəaliyyəti dövründə şeyxülislamla canişinlik arasında narazılıqlar səngimədi. Ruhani idarəsinin yaradılması, genişləndirilməsi, əlavə işçilərin qəbulu və yerlərdə şöbələrin açılması ilə bağlı təkliflər həyata keçməsə də etiraz da edilmirdi. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin yaradılması, habelə idarənin ştat cədvəlinin yeddi nəfərə qaldırılması, işçilərin əmək haqlarının dövlət məmurlarının əmək haqlarının səviyyəsinə çatdırılması kimi səlahiyyətlər yalnız üçüncü Şeyxülislam Əhməd Hüseynzadənin şeyxülislamlığı dövründə, yəni 1872-ci ildə çar fərmanı ilə həyata keçirildi.

İlk şeyxülislamın oğlu Əhməd Hüseynzadə təhsilini başa vurub Tiflisə geri qayıtdıqdan sonra onun son dərəcə bacarıqlı və savadlı olduğunu görən Şeyxülislam Fazil İrəvani Əhməd Hüseynzadəni yanında işə qəbul edərək yaxın köməkçisinə çevirdi.

Uzunmüddətli fəaliyyətdən sonra yorulan Fazil İrəvanini digər tərəfdən doğma şəhəri olan İrəvan özünə çəkməkdə idi. Hər an İrəvana qayıtmaq, ömrünün qalan hissəsini bu şəhərdə keçirmək arzusu getdikcə onu daha çox cəlb etməkdə idi.

Özündən sonra bu vəzifəyə layiqli namizəd kimi Əhməd Hüseynzadəni hazırlayan Fazil İrəvani, nəhayət 1862-ci ildə şeyxülislamlıq vəzifəsindən istefa verərək doğma şəhəri olan İrəvana köçdü.

İrəvana qayıtdıqdan sonra burada dini mədrəsə açan Fazil İrəvani İslam fəlsəfəsini öyrətməklə çoxlu sayda din xadimləri yetişdirdi. Onun şagirdləri sırasından Şərqin böyük tarixçisi və din xadimi Mühəqqiq İrəvani, Şərqin tanınmış alimi Ayətullah Mirzə Məhəmməd və başqaları çıxmışlar.
Azərbaycan İslamşünaslığında ən böyük yerlərdən birini tutan görkəmli alim, ictimai və siyasi xadim Şeyxülislam Fazil İrəvani 1885-ci ildə 103 yaşında İrəvanda dünyasını dəyişmişdir.

 

Şeyxülislam Fazil İrəvaninin elmi yaradıcılığı

 

Elmi yaradıcılıqla məşğul olan Fazil İrəvani bir neçə ədəbi, tarixi və dini səciyyəvi əsərlərin müəllifidir. Əsərləri bir çox dillərə tərcümə olunmuş, Təbriz, Peterburq, Berlin, Paris və İrəvanda çap olunmuşdur.

“Paklıq kitabı” adlı əsəri Cənubi Azərbaycanın məşhur din xadimi Molla Əhməd Güzəkünaninin tapşırığı ilə 1883-cü ildə Təbrizdə fars dilində Xəttat Məhəmməd Təbrizi tərəfindən çap olunmuşdur.

XIX əsrə aid olan türk, gürcü və erməni mənbələrindən məlum olur ki, Fazil İrəvaninin “Tarixi-İrəvan” adlı əsəri də olmuşdur. Əsər İrəvan və Qərbi Azərbaycan əyalətlərinin tarixinə, Azərbaycan xanlıqlarının fəaliyyətinin tarixi tədqiqatına həsr edilmişdir. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, bu əlyazmanın bu günə qədər hansı arxivlərdə saxlanılması bəlli deyildir. Bəlkə də əlyazma indiki Yerevan arxivlərində ya məhv edilib, ya da hansısa erməni müəllifinin adına dəyişdirilərək nəşr edilmişdir. Qeyd edək ki, tarixi-elmi əsərlərin müəlliflərinin dəyişdirilməsi faktları günümüzdə də ermənilər tərəfindən davam etdirilməkdədir.

Şeyxülislam Fazil İrəvani 1843-cü ilə qədər, xüsusilə də İsfəhan və Təbriz şəhərlərində axundluq etdiyi dövrlərdə bədii yaradıcılıqla məşğul olmuşdur. Azərbaycan dilində yazıya aldığı “Qızılgül və bülbül” povesti isə məhz onun gənc yaşlarında İrəvanda olduğu dövrə aiddir. Avropa dillərinə bir neçə dəfə tərcümə edilən bu əsər müxtəlif illərdə nəşr olunmuşdur.

1812-ci ildə Sankt-Peterburqda nəşr edilən “Qızılgül və bülbül” povestinin müəllifi kimi saray müşaviri Xocens Marker Geğamyan göstərilir. Bu əsər 1826-cı ildə Vajja Defloribalinin tərcüməsi əsasında Parisdə fransız dilində, 1832 – 1833-cü illərdə isə Yozef Fon Hammer bu əsəri alman dilinə tərcümə edərək geniş tirajla nəşr etdirir. Bunu görən erməni “ədibi” X. M. Geğamyan hiyləgərcəsinə və həyasızcasına hərəkət edərək əsəri öz adına çıxır. Lakin Avropa və Qafqazda aparılan tədqiqatlar əsərin məhz Fazil İrəvaniyə məxsus olduğunu təsdiqləyir. Sonradan ermənilər özləri də təsdiq etmək məcburiyyətində qalırlar ki, adıçəkilən əsər Fazil İrəvani tərəfindən yazılmış, Geğamyan isə onu oğurlayıb öz adına çap etdirmişdir.

“Qızılgül və bülbül” povestini “Anahit” jurnalında tərcümə edərək hissə-hissə çap etdirən Arşak Çobanyan da təsdiqləyir ki, əsər Fazil İrəvaniyə məxsusdur.

Qeyd etdiyimiz əsər hazırda əlyazma şəklində Yerevandakı M. Maştaş adına Qədim Əlyazmalar İnstitutunda saxlanılır. İnstitutun Şərq ədəbiyyatı şöbəsində “Şerlər məcmuəsi” adlı azərbaycanca 222 saylı bir əlyazma da var ki, 28 səhifəlik bu əlyazmanın üzünü Fazil İrəvani köçürmüşdür.
Bundan əlavə, Tiflis alimləri ilə görüşlər keçirən Fazil İrəvani onlara dini təlimlər verməklə yanaşı, risalələrinə dair məsləhətlər də almışdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button