Aktual

ABŞ-İran yaxınlaşması bölgəyə və Azərbaycana nə vəd edir? – Analiz

Bu, bütün dünyanı içinə çəkəcək dağıdıcı müharibədən yayınmaq şansı yarada bilər…

ABŞ-İran münasibətlərindəki gərginlik artıq uzun müddətdən bəridir ki, mövcuddur. Və bu gərginlik əslində bütün dünyanı narahat edir. Çünki ABŞ-İran qarşıdurması enerji resurslarının qiymətinin bahalaşmasından tutmuş, dünya iqtisadiyyatının demək olar ki, bütün sahələrinə birbaşa və ya dolayısıyla təsir göstərir.
Ancaq narahatlıq doğuran əsas məqamlar yalnız bunlarla məhdudlaşmır. Çünki daha ciddi təhlükə ABŞ və İran arasında nə vaxtsa, real hərbi əməliyyatların başlanmasıyla bütün dünyanı fəlakətə sürükləyə biləcək bir müharibə ehtimalının həmişə aktual qalmasıdır. Hər halda, Ağ Ev təmsilçiləri adətən, İrana qarşı savaş planının daim ABŞ prezidentinin masası üzərində olduğunu təkrarlamağı xoşlayırlar. Bill Klintonun hakimiyyəti dövründən başlayaraq, oğul Corc Buş və indiki Barak Obama dönəminə qədər İran böhranı haqqında danışılarkən, Ağ Ev rəsmiləri savaş ehtimalının yüksək olmasına eyham vurublar. Dünyanın əksər politoloqları və hərbi mütəxəssisləri isə belə bir savaşın yolverilməz olduğunu sübuta yetirmək üçün çeşıdli faktorları önə çəkmək məcburiyyətində qalıblar.
Maraqlıdır ki, ABŞ-ın ən məşhur politoloqlarından biri, vaxtilə Ağ Evin xarici siyasətinin əsas ideoloqlarından olmuş Zbiqnev Bjezinski də “ABŞ-la İran arasında münasibətlərin gərginləşməsi bütün dünya üçün fəlakətə səbəb olacaq müharibə ilə nəticələnə bilər” xəbərdarlıq mesajını dilə gətirməkdən özünü saxlaya bilməmişdi. Şərhləri və proqnozları dünyada hər kəs tərəfindən həssaslıqla diqqətə alınan Zbiqnev Bjezinski öz fikirlərini Ağ Evin yanlış siyasi hesablamalarıyla əsaslandırmaqla yanaşı, mümkün savaşın ola biləcək nəticələrini də təsvir edirdi: “İranla müharibəyə başlasaq, onun nəticələri bütünlükdə dünya üçün faciəvi olacaq. Hesab edirik ki, İranı nəyəsə məcbur etməklə müharibədən qaça biləcəyik. Amma nə qədər məcburiyyətə cəhd etsək, onun nəticə verməməsi müharibənin başlanma ehtimalını artırır. Bu, bizim alternativ variantlarımızı sürətlə azaldır”.
Düzdür, bəzi amerikalı “qırğılar” ABŞ və İran arasında hərbi imkanların qeyri-bərabərliyini əsas gətirərək ABŞ-ın qısamüddətli qələbəsini önə çəkərək belə həyəcanlı yanaşmanı hələ də yersiz hesab edirlər. Çünki bəzi hərbi qaynaqların verdiyi məlumatlara görə, ABŞ Silahlı Qüvvələrinin (SQ) şəxsi heyəti İran ordusunu sayca azı 1,5 dəfə üstələyir. İran ordusu əsasən, SSRİ və Rusiya istehsalı olan silahlarla təchiz olunsa da, müdafiə sənayesi yerli silah və zirehli texnikadan, o cümlədən, BMP, tank, özüyeriyən qurğular, reaktiv yaylım atəşi sistemləri, tank əleyhinə raketlərdən və s. təşkil edilib.
İran ordusu zirehli texnika baxımından, ABŞ SQ-dən praktiki olaraq, 2 dəfə geri qalır. Lakin daşınan artilleriya qurğularının sayına görə rəqibini 40 faiz üstələyir. ABŞ HHQ-nin silahlanmasına əsasən müxtəlif modifikasiyalı F-16 və F-15 təyyarələri daxildir. İran tərəfi isə MiQ-29, F-4 və F-5 təyyarələrinə malikdir.
İran həmçinin, fəal şəkildə raketlərin istehsalı ilə məşğuldur. 2004-cü ildə silahlanmaya yeni, 5000 km uzaqlıqdakı hədəfləri məhv etməyə qadir uzaqmənzilli «Şahab-3» raketi qəbul olunub. Bu isə İsraildə və Fars körfəzində yerləşən ABŞ hərbi bazalarının hədəfə alına biləcəyi anlamına gəlir. İRKK-nın komandanlığı altında olan yarımhərbi “Bəsic” təşkilatının heyəti, ordu və İslam İnqilabının Keşikçiləri Korpusunun ehtiyat qüvvəsindən ibarətdir. Səfərbərlik zamanı “Bəsic” silahlı qüvvələrin sərəncamına azı 11 milyon əsgər təqdim edə bilər. Bu isə ABŞ, Rusiya və Çin ordusunun ümumi sayına bərabərdir.
Göründüyü kimi, ABŞ-ın hərbi üstünlüyü İranın planlaşdırıldığı kimi qısa müddətdə dizə gətirmək üçün yetərli olmaya bilər. Üstəlik, İranın savaş və düşmənə müqavimət gücünə rəsmi Tehranın təsir dairəsində olan, müxtəlif region ölkələrindəki yarımleqal silahlı qruplaşmaları da əlavə etmək lazımdır. Belə olduğu təqdirdəsə, bu müharibənin uzanması, savaş coğrafiyasının genişlənməsinə və bütünlüklə dünyanı fəlakətlərə sürükləməsinə yol aça bilər. Yəqin ki, savaşın vəd etdiyi dəhşətli humanitar fəlakəti də qətiyyən gözardı etməmək lazımdır. Deməli, Zbiqnev Bjezinski öz şərhində və proqnozlarında amerikalı “savaş qırğıları”ndan daha praqmatikdir.
Heç şübhəsiz ki, həm ABŞ-da, həm də İranda bu qorxunc reallıqları daha soyuqqanlı şəkildə dəyərləndirməyi bacaranlar olmamış deyil. Bu baxımdan, son vaxtlar ABŞ-İran münasibətlərində ənənəvi gərginliyin nisbətən zəifləməyə başladığı diqqətdən yayınmır. Və bu beynəlxalq uğurun əldə edilməsində hər iki tərəfin – həm Ağ Evin, həm rəsmi Tehranın xidmətləri olmamış deyil. Çünki son vaxtlar hər iki tərəf bir-birinə doğru xoşməramlı addımların atılmasına həvəsli görünürlər. İlk olaraq, İranın yeni prezidenti Həsən Ruhani ABŞ-la münasibətlərin normallaşmasında maraqlı olduğunu bəyanladı. O, bildirdi ki, ABŞ və İran bütün mübahisəli, qarşıdurma yaradan məsələləri mütləq danışıqlar masası ətrafında müzakirə etməlidirlər. Və rəsmi Tehran belə müzakirələrə artıq tam hazırdır.
Bunun qarşılığı özünü o qədər də çox gözlətmədi. Belə ki, bir qrup ABŞ konqresmeni prezident Barak Obamaya İrana qarşı sanksiyaların dondurulmasının və rəsmi Tehranla danışıqlara başlanmasının vacibliyi ilə bağlı rəsmən müraciət ünvanladı. Ardınca isə ABŞ prezidenti Barak Obamanın İranın dövlət başçısıyla ünsiyyət qurması barədə məlumatlar yayıldı. Məlum oldu ki, Ağ Ev sahibi özünün iranlı həmkarına İranla bağlı sanksiyaların dondurulacağını şəxsən vəd edib.
Göründüyü kimi, olduqca, ciddi bir irəliləyişdir. Və bu, savaş ehtimalını nisbətən arxa plana itələyir. Belə anlaşır ki, qarşıduran tərəflər hərbi toqquşmanın heç kəsə fayda verməyəcəyi qənaətinə gəliblər. Hər halda, ABŞ-ın düşdüyü “savaş bataqlıqları” ucbatından hər il hərbi sahəyə fantastik məbləğlərdə maliyyə xərcləyən Ağ Evin yeni, həm də daha ağır müharibə yükünün altına girməkdən yayınmağa çalışması başa düşüləndir. Əgər İranı öz nüvə proqramını reallaşdırmaqdan imtinaya razılaşdırmaq üçün danışmaq yetərli olacaqsa, savaşa gərək qalmır. Ona görə də, hər iki tərəf savaşmaq deyil, məhz danışmaq xəttinə üstünlük verir. Belə görünür ki, ABŞ və İran arasında son bir neçə ildə məxfi olaraq, davam etdirilən “kölgə diplomatiyası” artıq öz müsbət nəticələrini verməyə başlayıb.
Təbii ki, ABŞ-İran münasibətlərinin nisbətən istiləşməsi ətraf regionlar üçün də böyük önəm daşıyır. Çünki bu qarşıdurma həmin regionların dövlətlərini də gərginlikdə saxlayırdı. Hər halda savaş ehtimalının Yaxın Şərq və Cənubi Qafqaz regionlarına daha böyük təhlükələr vəd etdiyi mübahisə doğurmur. Bu regiona aid dövlətlər istəməsələr belə, ABŞ-İran savaşına bulaşmaq məcburiyyətində qalacaqdılar. Üstəlik, onlar qarşıduran tərəflərdən hansınınsa yanında yer almalı da ola bilərdilər. Region dövlətlərini gözləyən humanitar fəlakət isə həmin ölkələri ümumiyyətlə, çökdürəcək ölçülər ala bilərdi.
Bütün bunları nəzərə aldıqda, region qonşularının, o cümlədən, savaşın ən ağır zərbəsinə məruz qalmağa namizəd dövlətlərdən olan Azərbaycanın indi nisbətən daha rahat nəfəs almasına imkan yaranmış kimi görünür.

yenisharq

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button