ArxivXəbər lentiXəbərlər

”Gəlin, şəhid Nurlanın valideyinlərinin yaşayışına baxın”

Oğlu aprel döyüşlərində həlak olan ata jurnalistləri Zərdaba dəvət edib

“Zərdab rayon icra başçısı Lütvəli Babayevin bizə qarşı insanlığa yaraşmayan hərəkətlərindən çox sarsılmışıq”.

Bu sözləri 2016-cı ilin 2-5 aprel hadisələrində həlak olmuş Nurlan Abdullayevin atası Rasim Abdullayev deyib.

“Rayon hərbi komissarı oğlumun yas mərasimini yola vermək üçün 500 manat vermişdi. Həmin pulu icra başçısı məndən “qəbirdaşı düzəldəcəyəm”-deyərək aldı. Lütvəli Babayev qəbir daşının düzəltdirilməsi adı ilə rayonda bütün idarə və müəssisələrdən pul yığdı və çox hissəsini də özü mənimsədi. Bundan başqa, icra başçısı mənim başıma qaxınc edir ki, sizə nə köməklik edəcəm? Oğlunun meytini ekspertizada yarmağa mən qoymadım ki, bunun qiyməti 3000 manat edir”- Rasim Abdullayev Meydan TV-yə danışıb.

Nurlan Abdullayev ailənin yeganə övladı olub, 1994-cü ilin 14 fevralında Zərdab rayonunda doğulub.

Atası Rasim Abdullayev deyir ki, Nurlan Abdullayev hərbi xidməti Naxçıvanda keçsə də, sonradan gizir kimi hərbidə qalıb qulluq edirdi. Xüsusi təyinatlı kəşfiyyatçı idi, amma zabit olmaq üçün oxuyurdu. Hərbi xidmətdə fərqlənməyə görə dəfələrlə orden və medallarla təltif olunmuşdu:

“Oğlum 2016-cı ilin aprel döyüşlərində Talışkənddə qəhrəmancasına şəhid olub”.

Rasim Abdullayev bildirib ki, icra başçısı onu bir dəfə çağırıb şikayətlərini dayandırmasını istəyib:

“Mənə dedi: “Sənə qanpulu verilib, Heydər Əliyev Fondu yardım edib. Daha nə istəyirsən?” Sonra dedi ki, özümün ölənlərim var, öz dərdim mənə bəsdir. Ona görə şikayətlərini dayandır”.

Rasim AbdullayevRasim Abdullayev.

Rasim Abdullayev özü birinci Qarabağ müharibəsində iştirak edib və ikinci qrup əlildir:

“Yoxsulluq həddində yaşayırıq. Evimiz çiy kərpicdəndir. Kasıb komamızın təmirinə ehtiyacı olsa da, köməklik edən yoxdur. Bizim ailənin yaşayışını gəlib görən olsa, dəhşətə gələr. Böyükdəkkə kənd orta məktəbinə oğlum şəhid Nurlanın adının verilməsini istəyirik. Çünki oğlum həmin məktəbdə oxuyub. Amma icra başçısı bu xahişimizi də rədd etdi. Hətta Lütvəli Babayev oğlumun məzarının çardağının üstünə asılmış Azərbaycan bayrağını oradan çıxartdırdı”.

Rasim Abdullayev bildirib ki, o, jurnalistlərdən yaşadıqlarının işıqlandırılmasını və prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciətinin çatdırılmasını xahiş edib:

“Bütün jurnalistləri aprelin 5-də Nurlanın şəhid olmasının ikinci ildönümünə dəvət edirəm. Xahiş edirəm, gəlin, şəhid Nurlanın valideyinlərinin yaşayışına baxın”.

Meydan TV deyilənlərə münasibət öyrənmək üçün Zərdab Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Lakin icra hakimiyyətinin nümayəndəsi suala cavab verməkdən imtina edib və dəstəyi asıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button