ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Qardaşı Qubad İbadoğlunun ölüm təhlükəsində olduğunu deyir

Qalib Bayramov çağırış etdi

Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlunun səhhətinin kəskin şəkildə pisləşdiyi deyilir. O, Bakı İstintaq Təcridxanasında saxlanılır.
Avqustun 4-də bu barədə “Facebook”da yazan iqtisadçının qardaşı Qalib Bayramov bildirib ki, həkimlər Qubad İbadoğluya aortanın  genişlənməsi diaqnozu qoyublar:
“Aortanın partlaması ölümlə nəticələnə bilər”.
Qalib Bayramovun sözlərinə görə, 13 gündür şəkəri və qan təzyiqi normadan xeyli yüksək olan iqtisadçı sürətlə çəki itirir:
Hətta dərmanları vaxtında və normasında qəbul etsə belə, bunun heç bir faydası olmayacaq. Çünki hazırki saxlanma şəraiti ilə (havasızlıq, hərəkətsizlik, antisanitariya, ailəsi ilə görüşə icazə verilməməsi və digər yollarla formalaşdırılan davamlı psixoloji təzyiq səbəbindən) səhhətindəki yaxşılaşmadan danışmaq yersizdir”.
“Məsələnin ciddiliyini görüb qorxuya düşən təcridxana rəhbərliyi bu gün qardaşımın ürəyinin exokardioloji müayinəsinin aparılmasını təşkil edib, məlum olub ki, aortanın kökündəki genişlənmə son 2 həftədə 37 mm-dən 41 mm-ə yüksəlib. Bu, artıq sonuncu həyəcan siqnalıdır. Aortanın anevrizması xəstəliyində reqres mümkün deyil, yəni böyümənin geri dönüşü yoxdur, bu xəstəliyin müalicəsində məqsəd proqresin qarşısını almaqdır. Qubad İbadoğlunun arterial təzyiqi hər gün 150-100, şəkəri normadan 2-3 qat artıq olur. Bu gedişlə aortanın genişlənən hissəsinin partlaması, yəni ölüm riski qaçılmazdır”,-Qalib Bayramov belə yazıb.
Qalib Bayramov. Foto: “abzas.net”
O qardaşının ölüm təhlükəsilə qarşılaşdığını qeyd edərək,  beynəlxalq və yerli insan hüquqları təşkilatlarını, ölkədəki diplomatik korpusları, hər kəsi – bütün gücü və iradəsi çatanları Qubad İbadoğlunun həyatının itirməməsi üçün səylərini əsirgəməməyə çağırıb.

“Məsələnin ciddiliyini görüb qorxuya düşən təcridxana rəhbərliyi bu gün qardaşımın ürəyinin exokardioloji müayinəsinin aparılmasını təşkil edib, məlum olub ki, aortanın kökündəki genişlənmə son 2 həftədə 37 mm-dən 41 mm-ə yüksəlib”.

Qalib Bayramov

Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ertəsi gün Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur.
Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı.
FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.
Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.
Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.
Qubad İbadoğlunun ofisində, mənzilində, bağ evində axtarışlar aparılıb. Ofisdən 40 min dollar pul tapıldığı iddia olunur. Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur. Həmin məkan rəsmən onun adına olsa da, uzun illərdir ki, xaricdə yaşadığına görə ora gəlib-getmirdi.
Qubad İbadoğlu axtarışdan sonra məkandan çıxarılıb aparılarkən siyasi sifarişlə həbs olunduğunu bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button