ArxivIslamXəbər lentiXəbərlər

Yazan mələklər və bədən əzaları

Əməllərin mələklər tərəfindən yazılması və bədən üzvlərinin bu günahlara şahidliyi Qur`ani-Kərim ayələri ilə təsdiq olunmuş həqiqətdir:

“Sizin üstünüzdə gözətçi mələklər – yazan və hörmətli olan mələklər vardır.Onlar sizin nə etdiklərinizi bilirlər.”
“Nəhayət, onlar Cəhənnəmə gəldikdə qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.”
“Qiyamət günü dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəklər.”
“Bu gün onların ağızlarını möhürləyirik. Etdikləri əməllər barəsində onların əlləri bizimlə danışar, ayaqları isə şəhadət verər.”
“Dediyin hər sözü onun yanında durub gözləyən vardır.”

“Məhz o gün yer öz hekayətini söyləyəcək.”
“…Allah, Onun peyğəmbəri və mö`minlər əməllərinizi görəcəklər. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir.”
Əlbəttə ki, bütün bu deyilənlər kafirlərə və peşəkar günahkarlara aiddir. Çünki günahlardan tövbə edib iman gətirənlər rəhmət əhlidirlər və onların keçmiş günahlarını şahidlər xatırlamaz.
Həzrət Əli (ə) buyurur: “Tövbə edib, tövbəsi qəbul olunan kəsin əzalarına günahlarını örtmək əmr olunar. Torpağa buyurular ki, onun günahlarını gizləsin. Yazan mələklərin isə yazdıqları yadlarından çıxarılar.”

İmam Sadiq (ə) buyurur: “Allah xalis tövbə edən bəndəsinə məhəbbət göstərər, günahlarını dünya və axirətdə örtər. Mələklər yazdıqları günahları unudar və Qiyamətdə Allahla görüşdükləri vaxt heç bir günaha şahid dura bilməzlər.”

“Ya Rəbbi, ya Rəbbi, ya Rəbbi. Ya İlahi və Səyyidi və Məvlayə və malikə riqqi, ya mən biyədihi nasiyəti, ya əlimən bizurri və məskənəti, ya xəbirən bifəqri və faqəti, ya Rəbbi, ya Rəbbi, ya Rəbbi! Əs`əlukə bihəqqikə və qudsikə və ə`zəmi sifatikə və əsmaikə ən təc`ələ əvqati minəl-ləyli vən-nəhari bizikrikə mə`murətən, və bi xidmətikə məvsulətən, və ə`mali indəkə məqbulətən, hətta təkunə ə`mali və əvradi kulluha virdən vahidən, və hali fi xidmətikə sərmədən, ya Səyyidi, ya mən ələyhi muəvvəli, ya mən iləyhi şəkəvtu əhvali, ya Rəbbi, ya Rəbbi, ya Rəbbi”
(“Ya Rəbb, ya Rəbb, ya Rəbb. Ey Mə`budum, ey Ağam, ey Mövlam, ey ixtiyar sahibim, ey taleyim əlində olan, ey çarəsizliyimdən xəbərdar, ey yoxsulluğumdan agah olan! Ya Rəbb, ya Rəbb, ya Rəbb. Səni öz həqiqətinə pak və müqəddəs zatına, ən üstün sifət və adlarına and verərək istəyirəm ki, səni yad etməklə vaxtlarımı abad edəsən, Öz xidmətinə müvəffəq edəsən, işlərim hüzurunda qəbul olunsun, bütün əməllərim və dilimə gələn sözlərim bir zikr olsun, və daim Sənə xidmət halında olum. Ey Ağam, ey mənim e`timadım! Ey halımdan Ona şikayətləndiyim kəs! Ya Rəbb, ya Rəbb, ya Rəbb.”)

İsmi-ə`zəm

Hikmət sahibləri və ariflər belə hesab edirlər ki, “Rəbb” mübarək kəlməsi “tərbiyə edən” mə`nasını daşıyır və İslamda ən yüksək məqama malik “İsmi-ə`zəm” kəlmələrindəndir. Bu sözə bağlanan insan Allahın rəhmətinə yol tapır, yolundan maneələr götürülür, günahları bağışlanır. Bütün peyğəmbər və imamların Allaha bu kəlmə ilə müraciət etməsi onun İsmi-ə`zəm, yə`ni Allahın böyük adı olmasına inam yaradır.

Adəm və Həvva (ə) tövbə etdikləri vaxt belə dedilər: “Ey Rəbbimiz, biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və mərhəmət etməsən, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq.”
Həzrət İbrahim (ə) belə dua etdi: “Ey Rəbbim, mənə hökumət əta et və məni salehlərə qovuşdur.”
Həzrət Nuh doqquz yüz əlli il əzab-əziyyətdən sonra belə ərz etdi: “Ey Rəbbim! Yer üzündə bir nəfər də kafir qoyma.”
Həzrət Musa (ə) Allaha belə müraciət etdi: “Ey Rəbbim, Sənin nazil edəcəyin hər hansı bir xeyirə möhtacam.”

Həzrət Süleyman (ə) belə ərz etdi: “Ey Rəbbim, məni bağışla və mənə elə bir səltənət ver ki, kimsə ona nail ola bilməsin.”

Həzrət Zəkəriyya (ə) övlad istədiyi vaxt belə ərz etdi: “Ey Rəbbim, məni tək qoyma. Sən varislərin ən yaxşısısan.”

Həzrət Yusif (ə) Allah dərgahına üz tutub belə dedi: “Ey Rəbbim, Sən səltənətindən mənə pay verdin…”

Həzrət Əyyub (ə) bəlalar zamanı belə ərz etdi: “Ey Rəbbim, mənə bəla üz verdi. Sən rəhimlilərin rəhimlisisən.”

İslam Peyğəmbəri (s) isə belə ərz etdi: “Ey Rəbbim, bağışla və rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan.”
Salehlər və mö`minlər kainatın yaradılışı haqqında düşündükləri vaxt belə ərz etdilər: “Ey Rəbbimiz, Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi Cəhənnəm odunun əzabından qoru.”

Hətta son dərəcə təkəbbürlü olan İblis Allaha bu adla müraciət etdi: “Ya Rəbb, mənə Qiyamətə qədər möhlət ver.”
Həzrət Peyğəmbər (s) buyurur ki, hər kəs yeddi dəfə “ya Rəbbi” desə duası qəbul olar. Başqa bir rəvayətdə nəql olunur ki, mö`min bəndə bir dəfə “ya Rəbbi” deyərək Allahı çağırsa, Allah-Taala “ləbbəyk” buyurar. İkinci, üçüncü dəfə bu adla çağırdıqda nida olunar ki, “istə əta edim.”    Kitabın adı: Kumeyl duasının şərhi (2-ci cild)  Müəllif: Hüseyn Ənsarian

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button