Aktual

İmam Hüseyn qəhrəmanlığının təhlili

Yaxşılığa dəvət edib pislikdən çəkindirməyin şərtləri.
Aləmlərin Rəbbi, bütün məxluqatı (yoxdan) yaradan Allaha həmd olsun. Allahın qulu, elçisi, sevdiyi, seçdiyi, sirrini qoruyan və risalətini təbliğ edən ağamız, Peyğəmbəriz və vəlimiz Əbil-Qasim Məhəmmədə (s) və onun məsum, pak və təmiz olan ailəsinə salavat və salam olsun. Daş-qalaq olmuş şeytandan Allaha pənah aparıram.
«(Möminlər) Tövbə edənlər, ibadət edənlər, həmd edənlər, oruc tutanlar, rüku edənlər, səcdə edənlər, əmr be məruf və nəhy əz münkər edənlər və Allahın hüdudunu qoruyanlardır. Möminlərə mücdə ver». (Tövbə surəsi, ayə 112) Keçən iki gecə ərz etdiyimiz mətləblərdən məlum oldu ki, İmam Hüseynin (ə) inqilabında üç amil təsirli idi. Biri beyətdən imtina etmək, ikincisi Kufə camaatının dəvətini qəbul etmək, üçüncü – daha önəmlisi yaxşılığa çağırıb pislikdən çəkindirmək. Məlum oldu ki, bu üç amilin hər biri özü-özlüyündə imam üçün bir vəzifə idi. Bu inqilabın qiyməti hər bir üç amilin arasında fərqlənirdi. Əgər təkcə kufəlilərin dəvət amilini nəzərə alsaq, bu qiyama müəyyən bir dəyər və qiymət vermiş olarıq: əgər beyətdən imtina etmək amilini nəzərə alsaq, o zaman bu hadisəyə birincidən də artıq qiymət və dəyər vermiş olarıq və əgər yaxşılığa çağırıb pislikdən çəkindirmə amilini nəzərə alsaq, o zaman bu inqilaba on dəfələrlə yüksək qiymət verilmiş olar. Çünki dəvət amilində, yüzdə əlli faiz və yaxud ondan az müvəffəqiyyət qazanmaq ehtimalı vardı, lakin beyətdən imtina etmək amilində belə bir ehtimal yox idi, yüzə yüz qarşıdurma təhlükəsi var idi. Əmr be məruf və nəhy əz münkər amili də beyətdən imtina amilindən fərqlənir. Beyət amilində tələb düşmənlərdən gəlirdi. Bu şəriətə zidd bir istək idi. Odur ki, imam bu istəyin və tələbin qarşısında «yox» deyir və qəbul etmir. Əgər təkcə bu amili nəzərə alsaq mənası belə olar. Əgər onlar İmamdan belə bir tələb etməsəydilər, İmam onların qarşısında dayanmazdı: Onlar bu tələbi İmamdan etdiklərinə görə İmam onların istəklərini qəbul etməyən bir şəxs kimi onların qarşısında dayandı (birinci amildə, dəvət İmamı onların qarşısında saxladı). Lakin əgər əmr be məruf və nəhy əz münkər amilini nəzərə alsaq, nə dəvət İmamı onların qarşısında saxlayırdı, nə də beyət tələbi; lakin İmamın özü idi ki, onların qabağında dayanırdı. Amma əslində vəziyyətin xarablaşması, pisliklərin və fəsadın çoxalması, İmamın öz sözü ilə desək, halalın haram və haramın isə halal olması İmamı onların qarşısında dayandırdı və inqilab etməyə vadar etdi. Həmin cəhətə görə İmamın inqilabının dəyəri bu amilin hesabına yüksəlir və bu dərs başqa şəkli alır. İmam Hüseynin (ə) inqilabına bu qiyməti verən və həmişə tarixin alnında parladan, həmişə yaşayan və bu hərəkatı dünyada misli görülməyən ölməz bir örnəyə çevirən elə məhz həmin cəhətdir. Əlbəttə, əlavə olaraq bir xüsusiyyət də var ki, onu ərz edəcəyəm.
Bu amil Aşura inqilabının dəyərini çox-çox yüksəldib və həmin dəlilə əsasən biz gərək İslam baxışı ilə «əmr be məruf və nəhy əz münkəri» tanıyaq. Bu necə bir əsasdır ki, bu qədər qüdrəti və İslam baxımından bu qədər qiyməti var, belə ki, Hüseyn ibn Əli (ə) kimi bir şəxsi öz yolunda canından, qanından, əzizlərinin və dostlarının qanından misli görülməyən çox faciəli şəkildə keçməyə vadar edir. O zaman min üç yüz il sonra biz İmamın müqabilində dayanıb belə bir şəhadət veririk:
اشهد انك قد اقمت الصلوة و آتيت الزكاة و امرت بالمعروف و نهيت عن المنكر و جاهدت فی الله حق جهاده حتی اتيك اليقين
«Şəhadət verirəm ki, həqiqətən sən namaza durmusan, zəkat vermisən, yaxşılığa çağırıb, pislikdən çəkindirmisən və Allah yolunda ömrünün axırına qədər həqiqi cihad etmisən». (Varisin ziyarəti)
Bu şəhadətin mənasına fikir verin: Biz şəhadət veririk ki, sən namazı canlı saxlamısan, zəkatı və bəxşişi bütün dərəcələri ilə icra etmisən (Zəkat təkcə pul vermək deyil. Mal dövlətin zəkatı var, danışığın zəkatı var, fikir və beyinin zəkatı var. İnsan bədəninin bütünlüklə zəkatı var. Əl və ayağın hər birinin zəkatı var, gözün zəkatı var, qulağın zəkatı var, yəni Allahın bütün sizə verilən nemətlərindən əgər başqasına kömək edib onlara xidmət edirsizsə, zəkat vermiş olursunuz. Quranda oxuyursunuz:
الَّذِينَ يُؤْمِنُونَ بِالْغَيْبِ وَيُقِيمُونَ الصَّلاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ
«Təqva sahibləri o kəslərdir ki, qeybə və hissiyatla dərk olunmaz işlərə iman gətirərlər, namazı canlı saxlayar və bizim ona verdiyimiz nemətlərdən bağışlarlar».(Bəqərə surəsi, ayə 3)
Məsumdan soruşurlar ki, bizim onlara verdiklərimiz nə deməkdir, İmam buyurur:
ای مما علمنا هم یعلمون
Mal və sərvət mövzusuna məxsus deyil, onun əlamətlərindən biri də budur ki, əgər siz alimsinizsə və başqalarının bilmədiyin bilirsinizsə və əgər sizdə bəşəriyətə xeyir verəcək elm varsa, onu Allah yolunda zəkata ehtiyacı olanlara çatdırmaq lazımdır. Bu da bir zəkat və xərcləmək deməkdir.)
و امرت بالمعروف و نهيت عن المنكر
«Sən əmr be məruf və nəhy əz münkərsən. Sən əmr be məruf və nəhy əz münkər etmisən». Yəni sənin qiyamın bütünlüklə yaxşılığa çağırıb pislikdən çəkindirməkdir.
و جاهدت فی الله‏ حق جهاده
«Allah yolunda cihad etmisən». Bəşər övladının edə biləcəyi ən yüksək cihadı etmisən. Diqqətəlayiq məsələ budur ki, biz «Varisin» ziyarətində deyirik: «Biz şəhadət veririk». Şəhadət adətən qazinin yanına gedəndə verilir, qaziyə bir mətləb sübut olmadıqda və sən öz iddianı sübut etmək istədikdə, deyirsən: «Mən şahidəm ki, filankəs filankəsdən filan vaxt, bu səbəbdən filan miqdar borc alıb». «Varisin» ziyarətində biz şəhadət veririk, kimin yanında şəhadət veririk? Görəsən, Allahın yanında şəhadət veririk? Kimin xeyrinə? İmam Hüseynin xeyrinəmi? Bəlağət elminin alimləri çox diqqətəlayiq bir nəzəriyyə irəli sürürlər. Bəzən insan bir mətləbi bir məqamda deyir, lakin bunu məsələni başa salmaq üçün etmir, əksinə istəyir bildirsin ki, bunu başa düşür. Bu məsələ çox geniş yayılıb. Bəzən siz bir nəfərin yanında bir mətləbə şəhadət verirsiz. Məqsədiniz onun bilməsi üçün deyil, onun bu mətləbi bilməsindən – xəbəriniz var, – lakin bu şəhadəti qarşı tərəfi başa salmaq üçün verirsiniz.
Burada şəhadətin mənası «etirafdır». «Mən şəhadət verirəm» – yəni mən də başqaları kimi bu həqiqətin haqq olmasını etiraf edirəm. Ey Əbu Abdullah, mən etiraf edirəm ki, sənin qiyamın əmr be məruf və nəhy əz münkər qiyamı olub. Yəni mən bunu başa düşürəm ki, sən təkcə kufəlilərin dəvətinə görə inqilab etmədin. Sən kufəlilərin dəvətindən qabaq qiyam etdin. Əvvəl sən qiyam etdin, sonra kufəlilər səni dəvət etdilər. Mən şəhadət verirəm və etiraf edirəm ki, sənin inqilabın təkcə beyətdən imtina etmək üçün deyildi. Sənin inqalibın İslamda başqa bir prinsipi önə çəkdi ki, bu da «əmr be məruf və nəhy əz münkər»dən ibarətdir.
Qeyd etdim ki, «əmr be məruf və nəhy əz münkər» İmam Hüseyn (ə) qiyamının dəyərini və qiymətini daha da ucaltdı. Bundan əlavə bunda başqa bir xüsusiyyət də var idi. Deyəcəyim xüsusiyyət Peyğəmbərlərin, Allah övlad¬larının və möminlərin inqilabını başqa rəhbər və ya adi şəxslərin inqilabından tamamilə ayırır. Bu nə deməkdir? İnsan əməlinin bir cismi, bir ruhu var. Mümkündür, səninlə mən ikimiz də eyni işi görək, lakin iş eyni baxışda eynidir, cisimləri eyni cürdür. Fərz edək ki, bizim ikimiz də namaz qılırıq, hər ikmiz filan xeyirli yolda pul veririk, mən də yüz tümən verirəm, sən də yüz tümən verirsən; mən də dörd rükət namaz qılıram, sən də dörd rükət namaz qılırsan: bunlar bir-birindən fərqlənmir, lakin mümkündür ki, sən bir xalis niyyətə, bir eşq və ruhi yüksəkliyə malik olasan, lakin bu hal məndə olmasın. Bu fərq sənin işini mənim işimdən min dəfələrlə qiymətli və dəyərli edər. Çoxları Allah yolunda cihad ediblər, amma niyə?
Peyğəmbər buyurub:
ضربه علی يوم الخندق افضل من عبادة الثقلين ‏
«Xəndək günü Əlinin vurduğu zərbə insan və cinlərin ibadətindən daha fəzilətlidir».(Bihar, c.20, səh.206, ibn Şəhraşub, Mənaqib, c.138 bu cümləyə yaxın məna işlənib)Əlinin bir zərbəsi bu qədər qiymətlidir. Niyə? Ona görə ki, Əli (ə) o yerə çatmışdı ki, irfan əhlinin sözü ilə desək «fəna fillah» məqamında idi. Yəni onun vücudunda mənəmlikdən və özünü bəyənməkdən bir iz yoxdur. O vaxt düşmən belə halda onun mübarək üzünə tüpürərkən, düşmənin başını kəsməkdən imtina edir, ona görə ki, bu anda əsəbləşə bilər və bu əsəb onun ruhi əməlinə təsir göstərə bilərdi: İstəyirdi bu əməl əsnasında onun varlığı olmasın, onun ruhunda yalnız Allahın vücudu olsun. Bu cəhəti siz yalnız Peyğəmbərlərin və imamların məktəblərində görə bilərsiniz, Peyğəmbərlərin və imamların məktəblərindən başqa bir yerdə görə bilməzsiz. Oxuduğumuz (mövzunun əvvəlindən) ayə belə başlanır:
التَّائِبُونَ الْعَابِدُونَ الْحَامِدُونَ السَّائِحُونَ الرَّاكِعُونَ السَّاجِدونَ الآمِرُونَ بِالْمَعْرُوفِ وَالنَّاهُونَ عَنِ الْمُنكَرِ
(Tövbə surəsi, ayə 112)
İrfanda deyirlər ki, seyri-sülukun birinci mənzili tövbədir. Çünki tövbə qayıtmaq deməkdir. Hər kəs əks yolu gedir, bir dəfə haqq yoluna qayıdır, Allaha tərəf qayıdır. İbadət edənlər tövbədən sonra Allaha ibadət edirlər. Allahdan başqasına ibadət etmirlər: Allah onların vücuduna hakimdir. Allahdan savayı heç bir şey onlara hakim deyil; Yalnız Allahın əmrini qəbul edirlər. Allahdan başqasının əmrini qəbul etmirlər; Allaha itaət etməyi qəbul edirlər. Allahdan başqasına itaət etməyi qəbul etmirlər. Onlar pərəstiş edənlərdir, amma Allahdan başqa heç bir vücuda sitayiş etmirlər. Heç vaxt başqa bir vücudu tərifə və sitayişə layiq bilmirlər. İbadət olunan yalnız Allahdır.
Təfsirlərdə səyahətçilər barəsində bir çox müxtəlif izahlar verilib. Bəziləri deyiblər ki, məqsəd orucdur, yəni oruc tutmaqda olan mənəvi səyahət. Lakin bir çox təlqiqatçılar o cümlədən «Əl-Mizan» əsərinin sahibi Əllamə Təbatəbayi bunu qəbul etmir. «Səyahətçilər» sözünün mənasında bir ehtimal budur: Yerdə səyahət edənlər. Quran bəşəriyyəti yer üzündə səyahət etməyə dəvət edir. Yəni söhbət dünyanı mütaliə etməkdən gedir, boş-boşuna səyahət nəzərdə tutulmur. İslam insan ömrünü təkcə tamaşa etmək üçün səyahət etməkdən əziz tutur. İslam insana təfəkkürə, dərs almağa vadar edən səyahəti tövsiyə edir.
قُلْ سِيرُواْ فِي الأَرْضِ
Yəni: «(Ey Peyğəmbər)» De ki, yer üzündə səyahət edin» (Ənam surəsi, ayə 11)
Bu dərs alma və düşünmə səyahətidir. Səyahətçilər, yəni tarixi mütaliə edənlər, bəşəriyyətin ictimai vəziyyətini mütaliə edənlər, yaranış qanunlarını mütaliə edənlər. Sonra ibadətin iki göstəricisini, yaxud iki görünüşünü qeyd edir.
Tövbə surəsi, 112-ci ayədə buyurulur ki,
الرَّاكِعُونَ السَّاجِدونَ
O kəslər ki, öz Allahlarını rüku və səcdə halında yada salır, təsbih və təqdis edirlər, onlar rükuda deyirlər:
سبحان ربی العظيم و بحمده
«Mənim əzəmətli Rəbbim pak və münəzzəhdir (Onun üçün təsəvvür etdiyimiz sifətlərdən uzaq və ucadır) və ona həmd və səna olsun»
Səcdədə deyirik ki:
سبحان ربی الاعلی و بحمده ‏
«Uca Allahım pak və münəzzəhdir və ona həmd olsun»
«Mənim əzəmətli Rəbbim pak və münəzzəhdir və həmd olsun ona» deyənlər və «mənim uca Rəbbim pak və münəzzəhdir və həmd olsun ona» deyənlər. Onlar
الامرون بالمعروف و الناهون عن المنكر
yəni yaxşılığa çağırıb, pislikdən çəkindirənlər belə ruh, düşüncə və mənəvi xəzinə vasitəsilə cəmiyyəti islah etməyə səlahiyyət əldə ediblər. Onlar özləri islah olduqdan sonra müslih, yəni islah edən olublar. Əmr be məruf və nəhy əz münkər islahatçı deməkdir. Saleh olmayan kimsə, islahatçı ola bilərmi?! Onlar əvvəl özlərini islah ediblər ki, sonra islahatçı ola bilsinlər.
Əli ibn Əbutalib buyurur:
من نصب نفسه للناس اماما فعليه ان يبدا بتعليم نفسه قبل تعليم غيره و معلم نفسه و مؤدبها احق بالاجلال من معلم‏ الناس و مودبهم
«Özünü öyrədib və tərbiyə edən şəxs, başqasını öyrədib tərbiyə edəndən daha hörmətlidir. Çünki özünü tərbiyə etmək daha çətin və daha əhəmiyyətlidir». (Nəhcül-bəlağə, Qısa kəlmələr, 70)
Özünü camaat üçün yol göstərən, müəllim və tərbiyəçi kimi, nəsihətçi kimi tanıtdıran kəs, birinci gərək özündən başlasın, əvvəl özünü öyrətsin. Bilsin ki, öz daxilində bir cahil var, əvvəl öz daxilində olan əmmarə nəfsə dərs versin. Öz daxilində tərbiyə olunmamış vücudu var, əvvəl özünü tərbiyə etsin, nəfsinə moizə etsin, töhmətləsin, öz nəfsindən tələb etsin, özünü islah etdikdən sonra o, özü islahatçı olur. O zaman özünün yol göstərən, nəsihət verən, müəllim, tərbiyəçi və ictimaiyyətin islahatçısı olduğunu iddia edə bilər. Yenə Əli ibn Əbutalib buyurub:
الحق اوسع الاشياء فی التواصف ، و اضيقها فی التناصف
Nə qədər qiymətli cümlələrdir! Bu sözlər gərək qəlb lövhəsində yazılsın. Buyurur ki, «haqq və ədalət danışan zaman, dillə deyilən zaman hər şeydən geniş vüsətə malik olur».(Nəhcül-bəlağə, xütbə 214) Əgər insan söhbət etmək istəyirsə, hər mövzudan çox haqq ətrafında danışa bilər. Lakin əməl zamanı, haqq meydanından dar meydan olmur və o zaman əməl zamanı – haqqın nə qədər çətin olduğunu görürsən, nə qədər istəsən, haqqın ətrafında söhbət edə bilirsən, əmələ çatanda isə görürsən ki, bir addım atmaq belə çətindir.
Burada da Quran əvvəlcə buyurur:
التَّائِبُونَ الْعَابِدُونَ الْحَامِدُونَ السَّائِحُونَ الرَّاكِعُونَ السَّاجِدونَ
Və sonra belə buyurur:
الآمِرُونَ بِالْمَعْرُوفِ وَالنَّاهُونَ عَنِ الْمُنكَرِ
Xeyir işləri yaymaq yolunda addımlayırlar. Şərlə və fəsadla mübarizə aparmaq yolunda addımlayanlar və belə səlahiyyət sahibi olanlar yalnız bunlardır.
Burada
و بشر المومنين
«möminlərə mücdə ver» o deməkdir ki, əgər tövbə edən, ibadət edən, səyahət edən, rüku edən, səcdə edən olsalar və ondan sonra əmr be məruf və nəhy əz münkər olsalar, o vaxt müvəffəq olarlar. Amma əgər onlar bunların hamısını edib, lakin «əmr be məruf və nəhy əz münkər» etməsələr o zaman heç yerə gedib çıxa bilməzlər. Əgər «əmr be məruf və nəhy əz münkər» şərtinə əməl edib, tövbəyə çağıraraq özləri az tövbə etsələr, yenə də bir yerə çata bilməzlər.
Həzrəti- Əli (ə) buyurub:
لعن الله الامرين بالمعروف التاركين له ، و الناهين عن المنكر العاملين به
«Allah lənət etsin o insanlara ki, «əmr be məruf» deyərək özləri yaxşı işin əksinə əməl edər və lənət olsun o kəslərə ki, «nəhy əz münkər» söyləyərək özləri inkar etdikləri pis əməlləri edərlər. (Nəhcül-bəlağə, xütbə 129) Yəni «əmr be məruf və nəhy əz münkər»l edənlər tövbə edən, ibadət edən, həmd edən, səyahət edən, rüku və səcdə edən olmasalar, bir fayda verməz.
Hələ bu mərhələləri və mənzilləri keçmədən «əmr be məruf və nəhy əz münkər» istəyənlərə, Allah lənət edir.
Ariflərin bir istilahı var, onlar iddia edirlər ki, seyri-süluk edənlərin dörd mərhələsi var.
Birinci mərhələ:
سير من الخلق الی الحق
Yəni: «Xəlq (xilqət) və təbiətdən Allaha doğru seyr
İkinci mərhələ:
سير بالحق فی الحق
«Allahda seyr etmək, yəni İlahi mərifətlərini kəşf etmək».
Üçüncü mərhələ:
سير من الحق الی الخلق
«Allahdan yaranmışlara (xəlqə) doğru seyr, yəni insanı yönəltmək üçün hərəkət.
Dördüncü mərhələ:
سير بالحق فی الخلق
Haqq ilə xəlqdə seyr.
Əslində demək istəyirlər ki, birinci mənzilə və mərhələyə özü gedən sonra özü getdiyi yerə camaatı yönəldən kəs başqalarına yol göstərməyə daha çox layiqdir.
Məlum oldu ki, İmam Hüseyn (ə) qiyamı əsas qiyməti əmr be məruf və nəhy əz münkərdən almışdır. Deməli, bu prinsipi tanımaq lazımdır. Görün bu prinsipin nə qədər əhəmiyyəti vardı ki, Hüseyn ibn Əli (ə) özünü bunun yolunda şəhid etdi.
Əmr be məruf və nəhy əz münkər yeganə əsasdır ki, İslamın saxlanmasına zəmanət verir, necə deyərlər, onun davamının səbəbidir. Əslində əgər bu əsas olmasaydı, İslam olmazdı, müsəlmanların vəziyyətini daim düşünmək bu yolla olur. Görəsən, bir zavod mütəxəssis və mühəndislərin daim nəzərində olmasa, nə vəziyyətdə olar, davam edə bilər? Mümkündürmü, bir təşkilat bu cür öz işində olsun, amma onun barəsində heç vaxt fikirləşməsin və eyni zamanda öz işinə davam etsin? Heç vaxt.! Cəmiyyət də belədir. Bir İslam cəmiyyətində bu yüz qat artıqdır. Hansı insanı tapa bilərsiniz ki, həkimə ehtiyacı yoxdur? Ya insan öz canının həkimi olmalıdır, ya da başqaları həkim olmalı və onu müalicə etməlidirlər. Göz, qulaq, burun, boğaz, əsəb və başqa sahələrdə çətinliyi olanda insan həmişə həkimə müraciət edir və onun nəzarətinə ehtiyac duyur. Belə olduğu halda cəmiyyət nəzarətə ehtiyac duymurmu? Görəsən, belə bir iş mümküqdürmü?! Heç vaxt!
«Hüseyn ibn Əli (ə) yaxşılığa dəvət və pislikdən çəkindirmə yolunda ölüb» sözü o deməkdir ki, İmam İslam cəmiyyətinin yaşamağına zamin duran ən önəmli əsasın yolunda ölüb. O əsas olmasaydı, İslam cəmiyyəti bölünməyə, ictimai təfriqəyə məruz qalardı. Bəli, bu əsasın bu qədər böyük dəyəri var. Bu mövzuda Quran ayələri daha çoxdur. Qurani-Kərim bəzi keçmiş cəmiyyətləri yada salarkən deyir «Onlar həlak oldular». Ona görə ki, onlarda islahat aparma gücü olmayıb, «əmr be məruf və nəhy əz münkər» gücü olmayıb; bu insanların arasında yaxşılığa çağırıb pislikdən çəkindirmə hissi yox idi .
İndi baxaq görək, «əmr be məruf və nəhy əz münkər»in hansı şərtləri var və biz necə «əmr be məruf və nəhy əz münkər» edə bilərik? İlk növbədə «əmr be məruf və nəhy əz münkər»in nə demək olduğunu bilməliyik. Əmr be məruf və nəhy əz münkər nə deməkdir?
İslam «əmr be məruf və nəhy əz münkər» mövzusu barədə müəyyən işlərdə, məsələn ibadətdə, müamilədə, əxlaqda, ailə mühiti və s. işlərdə məhdudiyyət qoymaq istəmədiyi üçün ümumi bir kəlmədən istifadə etmişdir ki, o da hər bir xeyirli və yaxşı iş mənasını verən «Məruf» sözüdür. Yaxşılığa çağırmaq lazımdır. Onun müqabilindəki kəlmə isə «münkərdir» ki, hər bir pis işə deyilir. Ayrı-ayrılıqda şirk, fasiqlik, yalan danışmaq, xəbərçilik, yaxud təfriqə salmaq, riba (sələm) yaxud riyakarlıq demir, «münkər» sözü işlədir. Yəni pis olan hər bir iş.
«Əmr» fərman vermək, «nəhy» çəkindirmək, qarşısın almaq deməkdir. Amma fərman vermək hansı mənadadır? Əmr sözünün mənası söz fərmanıdırmı? Görəsən, əmr be məruf və nəhy əz münkər yalnız söz mərhələsindədir? Yalnız dillə və sözlə «əmr be məruf və nəhy əz münkər» etmək olar? Xeyr, əmr be məruf və nəhy əz münkərin bir mərhələsi ürək və daxildədir. Bir mərhələsi sözdədir, növbəti mərhələ isə əməl mərhələsidir. Niyyət – söz – əməl bir-biri ilə bağlıdır.
Sən gərək bütün vücudunla əmr be məruf və nəhy əz münkər olasan. Əli ibn Əbutalibdən (ə) soruşdular ki, Quran yer üzündə yaşayanların bəzisi üçün «onlar ölüdürlər» deyir. Bu nə mənadadır? Yaşayanlar arasında ölülər kimdir və nədir? Buyurdu: «Camaat bir neçə təbəqədir. Bəzən pis işləri gördükdə qəlbləri ilə təsirlənirlər və sümüklərinin iliyinə qədər yanırlar, dilləri söz açır. Tənqid edir və yol göstərirlər. Bu mərhələ ilə qane olmayıb əməli mərhələyə keçirlər, hər cür əməl olur olsun, istər mehribançılıq ilə, istərsə də hiddətlə, istər vurmaqla, istər döyülməklə, hər nə cür olur olsun, pislikdən çəkindirmək üçün münasib bildikləri əməli həyata keçirirlər. Belələri tamamilə canlı olan bir diridir. Bəziləri pisliyi gördükdə qəlbləri ağrıyır, ürəkləri yanır, dillə deyirlər, dad və fəryad edirlər, köməyə çağırırlar, nəsihət və möizə edirlər. Lakin məsələ əməl etməyə gəldikdə, bunu etmirlər. Belə kəslər diriliyin iki -üç xislətini mənimsəyiblər, lakin onlarda həyatın bir xüsusiyyəti yoxdur. Üçüncü dəstə insanlar: Ürəkləri ağrıyır, lakin yalnız narahat olurlar. Məsələn, qəzet oxuyub görürlər ki, bayram günləri Hüseyn ibn Əlinin hörməti saxlanılmayacaq. Qəzetlər təbliğ edir, radioda təbliğ edir ki, bayramdır, fürsətdən istifadə edib sevinin, şənlənin. Nə oturmusunuz! Tehran camaatının yarısı gedib konsert salonunun yerlərini tutdu, saydığımız üçüncü dəstə insanlar bunları qəzetdə oxuyub özü-özünə deyir ki, bunlar kimdir?! Niyə Hüseyn ibn Əli (ə) ilə mübarizə edirlər?! Niyə bir nəfər qəzetdə və yaxud başqa yerdə yazmır ki, ey insan! Sevinib şənlənmək üçün çox günləriniz var. (Diqqət edilməlidir ki, bu söhbətlər keçmiş bədbəxt rejimin vaxtında edilmişdir). Biz iddia edirik ki, Hüseyn ibn Əli (ə) bizim ruhumuzla bağlıdır. Biz bu məktəbdən çox bəhrələnmişik və bəhrələnirik. Bu ölkə Hüseyn ibn Əlinin (ə) ölkəsidir, Əhli-beyt ölkəsidir. Hüseyn ibn Əli (ə) bu millətin şüarıdır, bu ölkənin şüarıdır. Siz bu günlərdə əyləncə arxasınca düşüb qəzet də oxuyursunuz, lakin dostunuza bir kəlmə deyə bilmirsiz ki, Hüseyn ibn Əlinin hörmətini saxla! Bu isə İmam Hüseynə (ə) hörmətsizlikdir. Heç olmasa Hüseyn ibn Əlinin (İmamın) üçünədək ehtiramını bu cür saxlayın. Biz Hüseyni (ə) qorumamışıq, Hüseyndir ki, bu vaxta qədər bizi qoruyub. İqbal Lahurinin sözü ilə desək «Müsəlmanlar heç vaxt İslamı qorumayıblar, həmişə İslam müsəlmanları qorumuşdur». Nə zaman dərin bir təhlükə bu ölkəni təhdid edirsə, o zaman Əli ibn Əbutalibin və Nəhcül-bəlağənin sorağına gedir və Hüseyn ibn Əlini (ə) köməyə çağırırlar.
Biz Quranda işarə edilən insanlardanıq.
فَإِذَا رَكِبُوا فِي الْفُلْكِ دَعَوُا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ فَلَمَّا نَجَّاهُمْ إِلَى الْبَرِّ إِذَا هُمْ يُشْرِكُونَ
İnsanların bəzisi gəmiyə minərlər, dəryada tufan olan kimi onların «ya Allah, ya Allah» səsləri ucalar, xalis niyyətlə Allahdan başqa heç bir şey haqda fikirləşməzlər, lakin Allah onlara nicat verəndən və tufandan qurtarandan sonra sahilə yetişən kimi və təhlükənin uzaqlaşdığını gördükdə hər şey yadlarından çıxır və Allahı inkar edirlər. Allaha şərik qoşurlar. (Ənkəbut surəsi, ayə 65)
Görmürsünüz ki, indi üşaqlara nə adlar qoyurlar? Dinin şüarların yaşadın, dinin şüarlarından biri də adlardır. Mən «filan ad moddan düşüb, köhnəlib» deyənləri başa düşmürəm, məgər adın da yenisi və köhnəsi olur? Fatimə filankəsin qulluqçusunun adıdır, beləliklə Fatimə, qulluqçuların adıdır! Çox təəccüblüdür! Bundan sonra biz qızımızın adını Fatimə qoymayaq! Camaat! Övladlarınıza İslama aid adlar qoyun (bu yaxşılığa çağırmaqdır). İslama aid olmayan adlarla mübarizə aparın (bu da pislikdən çəkindirməkdir). Bunun özü də bir növ əmr be məruf və nəhy əz münkərdir. Öz müəssisələrinizə İslama uyğun adlar qoyun. İslama xas adları yaşatmağa çalışın. İslam dilini yaşadın. Ərəb dili, bir tayfanın, bir millətin dili deyil, o İslam dilidir. Ərəb dili ərəblərin dili deyil, İslam dilidir. Əgər Quran olmasaydı, bu dil dünyada məhv olub gedərdi. Bizim ən mühüm vəzifələrimizdən biri budur ki, bu dili yaşadaq və qoruyaq. Hər bir mədəniyyət əgər yaşamaq istəsə gərək, dilini yaşatsın. Əgər dili ölsə, özü də ölər. Ərəb dilinə qarşı bu açıq aydın mübarizəni görürsünüz. Gərək oyanasınız, gərək başa düşəsiniz, gərək ağlınız olsun. Allaha and olsun ki, bu İslama qarşı bir mübarizədir, çünki əlifba hərfləri ilə heç kəs səbəbsiz yerə mübarizə aparmaz. Allaha and olsun ki, bizim ərəb dilinin qarşısında bir vəzifəmiz var, bu İslam dilini qorumalıyıq. Kim sizin qarşınızı alır? Siniflər düzəldin və ərəb dilini bilənləri dəvət edin, özünüz, yoldaşınız, övladlarınız, hamınız bu dili öyrənin. Əgər öyrənsəniz, təkcə xeyir əldə edib, zərərdən uzaqlaşar, eyni zamanda savad əldə etmiş olarsınız, çünki ərəb dili dünyanın yaşayan dillərindən biridir. Daim ingilis dillilər öz dillərini təbliğ edirlər. Bu dili öyrənməyi bizə o qədər məcbür edirlər ki, hətta ingilis dili evimizə qədər nüfuz edib. Nə üçün? Bizə ürəkləri yanır? Xeyr, onlar öz adətlərini bizə öyrədib, öz fikirlərini yeritmək, mədəniyyətlərini bizlərə tətbiq etmək və ruhumuzu kiçildib, öz ruhları ilə bizim ruhumuzu üstələmək istəyirlər.
Biz müsəlmanlar nə qədər qafil olmuşuq və indi də qafilik. Təkcə biz yox, bütün İslam dünyası əsrlərlə yuxuda olub. Xoşbəxtlikdən müsəlmanlar yavaş-yavaş ayılmaqdadırlar. Nə qədər insan heyfslənib təəsüflənməldir ki, müxtəlif ölkədə olan iki müsəlman bir-birilərini Məkkədə və ya Mədinədə görsələr biri-birinin dilini başa düşmürlər. Gərək ingilis dilində bir-birini başa salsınlar. Bunlar üç yüz – dörd yüz il aparılan işlərin nəticəsidir. Görəsən, oyanmağın vaxtı gəlməyibmi?!
كُنتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِالْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ الْمُنكَرِ
Yəni: «İnsanlar üçün göndərilən ən yaxşı üm¬mətsiniz. «Əmr be məruf və nəhy əz münkər»». (Ali-İmran surəsi, ayə 110) Bu böyük vəzifənin (yaxşılığa çağırıb, pislikdən çəkindirmənin) iki sütunu və iki şərti var. Onlardan biri agah olmaq və bəsirətdir. İndi ki mən əmr be məruf və nəhy əz münkər dedim, yəqin hamınız düşündünüz ki, yaxşı, biz indi buradan gedib «əmr be məruf və nəhy əz münkər» edərik. Sizdən soruşuram, mən və siz «əmr be məruf və nəhy əz münkər» məfhumunun nədən ibarət olduğunu və necə yerinə yetirildiyini başa düşürükmü? İndiyə qədər bizim «əmr be məruf və nəhy əz münkər»imiz ancaq paltar düyməsi və ayaqqabı bağı ətrafında olub! Biz nə bilək məruf (yaxşılıq) nədir? Nə bilək münkər (pislik) nədir? Bəzən biz yaxşılıqları pisliklərin yerində və pislikləri də yaxşılıqların yerində götürürük. Yaxşısı budur ki, biz cahillər «əmr be məruf və nəhy əz münkər» etməyək.
Bir çox pisliklər var ki, «əmr be məruf və nəhy əz münkər» adı ilə meydana gəlib, o zaman anlaq və bəsirətə ehtiyac var, məlumata, dünya görünüşünə, sosiologiya və psixologiyanı bilməyə ehtiyac var. İnsan gərək yaxşılığın yolunu ayırd edə bilsin, onun harada olduğunu görə bilsin, pisi ayırd etmək qabiliyyətinə malik olsun və onun kökünü tapsın, bu pisliyin mənbəyinin harada olduğun bilsin. Odur ki, din başçıları buyurublar: «Yaxşı olar ki, cahil şəxs «əmr be məruf və nəhy əz münkər» etməsin». Niyə?
لانه ما يفسده اكثر مما يصلحه
Yəni: «Çünki, onun edəcəyi fəsad, edəcəyi islahatdan daha çoxdur». (Kafi, c.1, səh.44, Elmsiz əməl bölməsi)
Çünki cahil insan yaxşılığa çağırıb pislikdən çəkindirərkən yaxşı əvəzinə də pislik edər. Bu mövzuya aid çox misallar var.
Ola bilsin? siz deyəsiz ki, biz cahil olduğumuz üçün əmr be məruf və nəhy əz münkər məsuliyyətinə malik deyilik. Sizin cavabınızı veriblər. Quran buyurur:
لِّيَهْلِكَ مَنْ هَلَكَ عَن بَيِّنَةٍ وَيَحْيَى مَنْ حَيَّ عَن بَيِّنَةٍ
Yəni: «Həlak olmalı olan şəxs açıq -aydın bir dəlilə görə həlak olsun və yaşamalı olan şəxs də açıq-aydın dəlilə görə yaşasın». (Ənfal surəsi, ayə 42)
لِئَلاَّ يَكُونَ لِلنَّاسِ عَلَى اللّهِ حُجَّةٌ بَعْدَ الرُّسُلِ
«Bəsirət verən və xəbərdarlıq edən Peyğəmbərlər göndərdik ki, bu Peyğəmbərlərdən sonra insanlarda Allaha qarşı bir bəhanə yeri qalmasın». (Nisa surəsi, ayə 165)
Məsumların birindən soruşurlar: «Camaatın bəzisi cahildir, qiyamət günü onlarla necə rəftar olunacaq?» Həzrət buyurur: «Həmin gün əməl etməyən bir alimi gətirəcəklər, deyəcəklər niyə əməl etməmisən? Cavab verə bilməyəcək. O, dərdli əzaba düçar olacaq. Bir nəfəri gətirib deyərlər: «Sən niyə əməl etməmisən? Deyər: bilməmişəm, başa düşməmişəm! Deyərlər (Mufid, Əmali, səh.228) «bilmirəm, başa düşmürəm» də üzr üçün bəhanə olub?! Bəs Allah ağılı niyə verib? Başa düşməyin və tədqiq etmək üçün verib. Sən gərək nəinki təkcə öz zamanlarını başa düşən və öz zamanlarında olan vəziyyətləri dərk edən, hətta gələcəyi də anlayanlardan olasan». Əmirəlmömininin buyurur:
(Nəhcül-bəlağə, xütbə 32)
و لا نتخوف قارعة حتی تحل بنا
Bizim camaatımız cahil olublar, qarşılaşacaqları bəlalar qarşılarına çıxmayınca ayırd etmirlər, uzaqgörən deyillər, gərək uzaqgörən olsunlar. Onlar gərək təkcə öz zamanələrinin vəziyyətini tanımaqla kifayətlənməsinlər, o qədər müsibət tanıyan olsunlar ki, qarşıda gələcək bəlanı qabaqcadan başa düşsünlər və bilsinlər ki, əlli il sonra necə olacaq.
وَلَقَدْ آتَيْنَا إِبْرَاهِيمَ رُشْدَهُ
Yəni: «Biz İbrahimi də doğru yola yönəltdik». (Ənbiya surəsi, ayə 51)
Hüseyn ibn Əlinin qiyamına qiymət verən məsələlərdən biri də aydın görməkdir. Aydın görmə nədir? Yəni Hüseyn (ə) o gündə palçıqda elə şeyləri aydın görürüdü ki, başqaları onu güzgü ilə də görmürdülər. Biz indi əyləşib o zamanın vəziyyətini şərh edirik. Lakin o zamanda olan insanlar İmam Hüseyn (ə) başa düşdüyü kimi başa düşmürdülər.
Tasua gecəsidir. Allah yolunda cihad edib, yaxşılığa çağırıb pislikdən çəkindirənlərin biri haqqında söhbət açaq. Hüseyn ibn Əli ondan tam razı idi. O da həzrət Abbas idi. O zamanın əlaqələri bu zamandakı kimi olmayıb. Şamda baş verən hadisələrdən Kufədə və Mədinədə yaşayan camaat çox gec xəbərdar olublar və bəziləri də heç xəbərdar olmayıblar. Buna ən yaxşı dəlil Mədinə əhlinin dastanıdır: Hüseyn ibn Əli (ə) Mədinədə qiyam edir, beyət etmir. Məkkəyə gedir. Sonra o hadisələr baş verir və imam şəhid olur. Mədinə əhli yuxudan təzə ayılırlar ki, niyə Hüseyn ibn Əli (ə) şəhid oldu? Gedək xəlifəliyin mərkəzi olan Şama, görək nəyə görə belə olub?
Yeddi, səkkiz nəfərlik bir dəstəni bu işi araşdırmaq üçün göndəririlər. Onlar gedib bir müddət Şamda qalır, yoxlayıb, araşdırırlar və hətta xəlifə ilə də görüşürlər, vəziyyəti tamamilə görürlər və geri qayıdırlar. Camaat onlardan soruşanda ki, bu hadisə nə üzdən baş verib, deyirlər: «Soruşmayın. Biz Şamda olduğumuz müddətdə, qorxurduq ki, göydən daş yağacaq və biz də həlak olacağıq». (Əbu Abdullah dediyi bu sözü)
(Muqərrəm, Məqtəl, səh.146)
و علی الاسلام السلام اذ قد بليت الامة براع مثل يزيد ‏
Yəni: «Əgər İslam ümmətinə Yəzid kimisi rəhbərlik etsə, İslama əlvida». (Yenicə başa düşür və etiraf edirlər ki, İmam Hüseyn (ə) düz deyirmiş). Camaat soruşdu: «Nə baş vermişdir?» Dedilər: Sizə bu qədər deyə bilərik ki, biz açıq-aşkar içki içən, itlə oynayan və hər bir pisliyə əl atan (və hətta onlar öz sözləri ilə deyirlər) və anası və öz məhrəmləri ilə zina edən bir xəlifənin yanından gəlirik. Onlar İmam Hüseynin (ə) uzaqgörənliyini başa düşdülər ki, o, birinci gündən bunları bilirdi.
Aşura günündə də demişdi ki, bunlar məni öldürəcəklər, amma mən bu gün sizə deyirəm, məni öldürdükdən sonra hökmranlıqlarını davam etdirə bilməyəcəklər. Əbu Süfyan ailəsi məhv olacaq. Nəinki Əbu Süfyanın ailəsi, hətta sonra gələn Ali Üməyyə də öz hökmranlıqlarını davam etdirə bilmədilər, çünki sonradan bəni -Abbasilər həmin əsasla Kərbəla hadisəsini bəhanə edərək gəldilər, xilafəti mənimsədilər və beş yüz il xəlifəlik etdilər. Kərbəla hadisəsindən sonra bəni-Üməyyə hakimiyyətinin bünövrəsi həmişə laxlayıb və təhlükə içində olub. Bəni-Üməyyənin özünün arasında bundan yaxşı hansı məsələ ixtilaf meydana gətirə bilərdi? Bütün bunlar mənəviyyatın gücünü göstərirdi.
Alçaqlığı ilə seçilən İbn Ziyadın Osman ibn Ziyad adlı bir qardaşı var idi. Osman gəlib ibn Ziyada dedi: «Qardaş! Mən istəyərdim Ziyad övladları bütün fəqirlik, zəlillik və bədbəxtliyə düçar olsunlar, lakin belə bir cinayətin bizim ailənin üzərində adı olmasın». Pis yolda olan anası Mərcanə dedi: «Oğlum! Bu işi görmüsən, bil ki, bundan sonra heç vaxt behişt iyi burnuna dəyməyəcək».
Əbədi və əzəli bədbəxt olan Mərvan Həkəmin bir qardaşı var ıdi – Yəhya ibn Həkəm. Yahya Yəzidin məclisində etiraz edərək yerindən qalxdı və dedi: «Sübhanəllah! Süməyyə övladları, (yəni Ziyadın anasının övladları) Süməyyənin qızları hörmətli olmalıdır, lakin Peyğəmbər övladlarını isə bu vəziyyətdə məclisə gətirmisən?! Bəli, Hüseyn (ə) nidası onların evlərinin daxilindən ucaldı.
Yəzidin arvadı Hindin dastanında eşitmisiniz ki, Yəzidin evinin içərisindən hərəkət etdi və mövcud vəziyyətə etiraz edərək onun yanına gəldi. Yəzid özü məcbur oldu ki, bütünlüklə bunu boynundan atsın və dedi: Mən bu işə razı olmamışam və bu işi mən etməmişəm, bu işi Ubeydullah ibn Ziyad özündən edib».
İmam Hüseynin (ə) uzaqgörənliklə dediyi xəbərlərdən biri də bu olub ki, Yəzid öləcək, Yəzid hakimiyyət etdiyi iki-üç il müddətində zülmlə hökumət edəcək və sonra öləcək. Oğlu Muaviyə ibn Yəzid onun vəliyyəhdi idi və Müaviyə hakimiyyətini onlar üçün qoyub getmişdi. Müaviyə ibn Yəzid qırx gün sonra minbərin yuxarısına çıxır və deyir: «Ey insanlar! Mənim babam Əli ibn Əbutaliblə (ə) döyüşüb, lakin haqq Əli (ə) tərəfində olub, mənim babamla yox, atam Yəzid Hüseyn ibn Əli (ə) ilə müharibə edib, lakin haqq Hüseynlə olub, atamla yox və mən bu cür ataya nifrət edirəm. Mən özümü xəlifəliyə layiq görmürəm və babamla atamın etdiyi günahlara düşməmək üçün, xəlifəlikdən uzaqlaşdığımı elan edirəm». Bu sözü deyir və kənara çəkilir. Bu Hüseyn ibn Əlinin gücü idi, həqiqətin gücü idi. Bu hadisə dosta da təsir etdi, düşmənə də.
İmam Sadiq (ə) buyurub:
رحم الله عمی العباس لقد آثر و ابلی بلاءحسنا
«Allah əmim Abbasa rəhmət eləsin, əcəb yaxşı imtahan verdi və imtahandan çox yaxşı çıxdı. Əmim Abbasın Allah yanında bir məqamı var ki, bütün şəhidlər onun məqamına qibtə edirlər». (Əbsarul-eyn, səh.26)
Onun xalis niyyəti və fədakarlığı vəsfə sığmır. Biz onun yalnız əməlinin qəlibinə baxırıq, onun əməlinin ruhuna baxmırıq ki, bunun nə qədər əhəmiyyətli olduğunu görək.
Aşura gecəsidir. Abbas (ə) qardaşı Əbu Abdullahın qarşısında əyləşmişdi. O zaman düşmən qoşununun başçılarından biri gəldi və səsləndi ki, Abbas ibn Əli (ə) və onun qardaşlarına deyin gəlsinlər. Abbas eşidirdi, amma özünü elə aparırdı ki, sanki eşitmir və onun sözünə etina etmirdi. Hüseyn ibn Əliyə (ə) qarşı çox ədəbli olduğundan o həzrətin izni olmadan cavab vermək də istəmirdi. Hüseyn ona dedi: «Nə qədər fasiq olsalar da, onlara cavab ver. Abbas gəlir görür Şimr ibn Zil Covşəndir, ana tərəfindən Abbasla olan uzaq qohumluq əlaqəsinə görə hər ikisi bir qəbilədən idilər – Kufədən gəldiyi zaman Əbül-Fəzl Abbasa, onun qardaşlarına və anasına aman məktubu gətirmişdi. Fikirləşirdi ki, bununla onlara xidmət etmiş olar. O öz sözünü deyib bitirənə qədər, Abbas hiddətlə onun qarşısına çıxdı və buyurdu: «Allah sənə də və sənə bu aman məktubunu verənə də lənət etsin. Sən məni nə hesab edirsən? Mənim haqqımda nə fikirləşirsən? Fikirləşirsən ki, mən öz canımı qorumaq üçün İmam və qardaşım Hüseyn ibn Əlini (ə) burada qoyacağam və sənin arxanca gələcəyəm? Böyüdüyümüz qucaq bizə belə tərbiyə verilməyib».
Əlinin (ə) həyat yoldaşı Ummul-Bənin xanımın dörd oğlu var idi. Tarixçilər yazırlar ki, Əli (ə) qardaşı Əqilə xüsusi tapşırır ki,
ولدتها الفحولة
mənim üçün şücaətlilər ailəsindən və şucaətlilərdən irs almış olan bir qadın seç.
لتلد لی ولدا شجاعا
İstəyirəm ondan şücaətli övlad dünyaya gəlsin. Əlbəttə, tarixdə yazılmayıb ki, Əli (ə) bu sözü deyəndə nəyi nəzərdə tuturdu. Lakin Əlinin (ə) uzaqgörənliyinə inananlar və onun bir çox işlərin aqibətini bildiyini etiraf edənlər deyirlər ki, Əli (ə) bu işin (Kərbəla) sonunu görürdü. Əqil, Ummul Bənini seçir və Əliyə (ə) deyir ki, bu qadın sənin istədiyin qadındır. O qadından dörd oğlu dünyaya gəlir və onların böyüyü Əbül-Fəzl Abbas(ə) olur. Bu dörd oğulun hamısı Kərbəlada imamla birgə hərəkət edib, şəhid oldular. Vaxt bəni Haişimə yetişəndə böyük qardaş Əbül-Fəzl dedi: «Qardaşlarım, mənim ürəyim istəyir ki, siz məndən qabaq meydana gedəsiniz, çünki qardaşlarımın şəhidliyinin dəyərini dərk etmək istəyirəm. Qardaşları dedilər: Necə əmr edirsənsə, elə də olacaq və gedib hər üçü şəhid oldular, sonra Əbül-Fəzl qalxır və şəhadətə yollanır. Bu alicənab xanım (Ummul-Bənin) o vaxta qədər sağ idi, lakin Kərbəlada deyildi. Ummul-Bənin dörd oğlunun da şəhid olduğunu eşidir və onların yasını saxlayır. Mədinədə ona xəbər gəldi ki, sənin hər dörd oğlun Hüseyn ibn Əlinin qarşısında şəhid olub. O oğlanları üçün yas tutdu. Gah İraq yolunun üstündə, gah da «Bəqi» qəbristanlığında oturub ürək dağlayan şəkildə ağlayırdı, qadınlar da onun ətrafında cəm olurdular.
Mədinənin hakimi Əhli-beyt düşməni olan Mərvan ibn Həkəm idi, o düşmənçiliyi və kin-küdurətinə baxmayaraq, bəzən ora gəlir və dayanıb ağlayırdı. Ummul-Bənin ağlayaraq belə deyirdi:
لا تدعونی ويك ام البنين
تذكرينی بليوث العرين
كانت بنون لی ادعی بهم
واليوم اصبحت و لامن بنين
«Ey xanımlar, mənim sizdən bir istəyim var ki, bundan sonra məni Ummul-Bənin ləqəbi ilə çağırmayın. Çünki Ummul-Bənin oğlanlar anası deməkdir, bundan sonra məni bu adla çağırmayın, siz məni bu adla çağırdığınız zaman şücaətli övladlarım yadıma düşür və ürəyim yanır. Bir zaman mən Ummul-Bənin idim, lakin indi Ummul-Bənin və oğlanlar anası deyiləm». Ümmü-Bəninin Əbül-Fəzl Abbasa dair xüsusi bir mərsiyəsi də var:
يا من راي العباس كر على جماهيرالنقد
و وراه من ابناء حيدر كل ليث ذى لبد
انبئت ان ابنی اصيب براسه مقطوع يد
ويلی علی شبلی امال برأسه ضرب العمد
لو كان سيفك فی يديك لمادنی منه احد‏
Deyir: «Ey Kərbəlada olub və Abbasın (mənim şir uşağımın) necə hücum etdiyini görən gözlər! Ey orada olan insanlar! Mənim üçün bir dastan nəql ediblər, bilmirəm bu dastan düzdür ya yox?
انبئت ان ابنی اصيب براسه مقطوع يد
«Mənə ürək dağlayan bir xəbər veriblər, bilmirəm düzdür ya yox? Mənə dedilər ki, əvvəl oğlunun əllərini kəsiblər. Sonra oğlunun əlləri olmayan halında bir lənət olmuş şəxs gəlib dəmir bir əmudu ilə onun başından vurub».
ويلی علی شبلی امال براسه ضرب العمد
«Vay olsun mənə, vay olsun mənə ki, deyirlər şir oğlumun başına dəmir toppuzla vurublar». «Canım Abbas! Əziz oğlum! Mən özüm bilirəm ki, əgər qolların bədənində olsaydı, heç kəs sənə yaxın durmağa cürət etməzdi».
و لا حول و لا قوة الا بالله العلی العظيم و صلی الله علی محمد و آله الطاهرين‏
«Uca və əzəmətli Allahın güc və qüdrətindən başqa, güc və qüdrət yoxdur və Məhəmmədə və onun pak ailəsinə Allahın salavatı olsun».

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button