Aktual

600 ailə kompensasiya davasına qalxdı

Vətəndaşlara veriləcək pul bazar qiymətlərindən qat-qat aşağıdır

«Dövlət nümayəndəsi gəlib bizimlə söhbət etsin, bazar qiymətlərinə uyğun kompensasiya verilsin, üstümüzə maklerlər göndərilməsin»

Sabunçu rayonun, Böyük Şor yaşayış massivinin yaxınlığında tikilən Olimpiya stadionuna görə 600-dən çox ev söküləcək. Artıq bununla bağlı sakinlərə şifahi xəbərdarlıq edilib. Onlara bildirilib ki, köçürülmə prosesi üç hissədən ibarətdir. Vətəndaşlar isə bundan narazılıq edirlər. Nədəni isə kompensasiya ilə bağlıdır…

“Kvadratına verilən 1020 manatla nə etmək olar?”

Ötən gün sözügedən ünvana baş çəkib sakinlərin dərdlərini öyrəndik. Vətəndaşlar deyirlər ki, köçürülmə ilə bağlı evlərə gələn şəxslər onlara heç bir sənəd göstərmirlər.
“Onlar nə bizə sənəd göstərirlər, nə də köçürülmə ilə bağlı rəsmi xəbərdarlıq. Dedikləri ancaq budur ki, köçməlisiniz. Bizim etirazımız yoxdur, ancaq normal, bazar qiymətlərinə uyğun kompensasiya verilsin”,- deyə ev sahibləri bildirirlər.

Sakin Racim Babaşov 40 ildir burada yaşadığını söyləyir. Evinin sahəsi 202 kvadrat metrdir. Fikrincə, evlər sökülən zaman sahələri daha da azaldılacaq: “Güc-bəla ilə özümüzə yuva qurmuşuq. Indi bunu əlimizdən almaq istəyirlər. Heç olmasa normal pul versinlər ki, gedək torpaq alıb ev tikək”.
Onun sözlərinə görə, tanımadığı şəxslər köçürülmə prosesindən süni surətdə istifadə edirlər: “Dövlətin ayırdığı pulu bizə vermək istəmirlər. Burada elə ailələr var ki, onların mənzillərinin sahəsi 15 kvadrat metrdir. Bu mənzildə pis də olsa, yaşayır. Bu onun üçün böyük bir şeydir. Ancaq verilən pulla heç torpaq sahəsi də ala bilməz. Bir kvadratına verilən 1020 manatlıq kompensasiya ilə nə etmək olar? Harada özünə torpaq ala, ev tikə bilər? Tələbimiz odur ki, bura dövlət nümayəndəsi gəlsin, sənədlərini göstərsin və bizimlə söhbət etsin”.

Sakinlər deyirlər ki, onlarla danışıq aparan şəxslər maklerlərdir: “Nə özlərini təqdim edirlər, nə də sənəd göstərirlər. Əminik ki, bu şəxslər bu söküntü işlərindən istifadə edib pul qazanırlar. Ölkə başçısı dəfələrlə çıxışında deyib ki, yerindən asılı olmayaraq hər bir mənzil sökülərsə, onun hər kvadratmetrinə 1500 manat pul verilməlidir. Bunu isə vermək istəmirlər”.

Hər kəsə bir qiymət oxunur

Füzuli rayonundan məcburi köçkün olan Hidayət Səfərov deyir ki, üç dəfə evlərə baxış keçirilib: “Əvvəlcə Yol Nəqliyyatının işçiləri gəldilər. Baxıb getdilər. Indi gələnləri isə tanımırıq, üç nəfərdirlər. Mənzillərin sahəsini ölçürlər. Sahəsi 80 kvadrat metr olan mənzilə 68 min manat kompensasiya veriləcəyini deyir. Nazirlər Kabinetinin söküləcək evlər barədə sərəncamı var ki, hər bir mənzil sahibinə bazar qiymətlərinə uyğun olaraq kompensasiya verilməlidir”.

Buradakı evlərin sənədləri olmasa da, tikilən zaman vətəndaşlar icazə arayışları alıblar. Onların sözlərinə görə, icra hakimiyyətindən tutmuş bələdiyyəyə qədər hər kəsin burada ev tikilməsindən xəbəri olub: “Indi daşı-daş üstünə qoyan kimi başının üstünü kəsdirirlər. 600-dən çox ev tikilən bir yerdə ola bilərmi ki, hökumətin xəbəri olmasın? Təbii ki, mümkün deyil. Hər kəs bilib və bunun üçün də müvafiq icazə sənədi almışıq”.
Sevda Bayramovanın evinin sahəsi 158 kvadratmetrdir. Onun sözlərinə görə, evlərə baxış keçirən şəxslər gecə saat 1 radələrində gəlirlər: “Hər dəfə başqa-başqa qiymətlər deyirlər. Bir sakinə əvvəlcə 100 min manat kompensasiya veriləcəyini söyləyiblər. Sonra bu qiymət 150 min olub, sonuncu dəfə 250 min manat deyiblər. Əlavə də edirlər ki, heç kimin bu puldan xəbəri olmasın. Ayrı-seçkilik edirlər. Mənə isə deyirlər ki, sənə, ümumiyyətlə, pul verilməyəcək. Ona görə ki, haqqımı tələb edirəm”.

“Evlərin sahəsi az göstərilir, kompensasiya bazar qiymətlərindən qat-qat aşağı veriləcək”

Sakinlərin daha bir narazılığı mənzillərinin sahəsi ölçülən zaman kiçildilməsidir. Hər mənzildən ən azı 10-15 kvadratmetr azaldırlar. Nəticədə ev sahiblərinə 15-20 min manat az kompensasiya veriləcək.

“Ilham Əliyevin bundan xəbəri varsa, dövlət məmuru gəlib desin. Yoxdursa, səsimizi eşitsin! Çox xahiş edirik ki, biz kasıblara kömək etsinlər. Hökumətin bura gələn insanlardan xəbəri yoxdur. Onların adından istifadə edirlər. Bu problemi həll etməyi aidiyyəti qurumlardan tələb edirik”,- deyə vətəndaşlar söyləyirlər.
Israfil Musayev 1980-ci ildən burada məskunlaşıb. Evinin sahəsi 193 kvadratmetrdir: “Birinci dəfə evimə axşam saat 10-da baxış keçirdilər. Dedilər ki, 190 min manat kompensasiya veriləcək. Ikinci dəfə yenə gəlib hesabladılar. 228 min manat söylədilər. Yoldaşım dedi ki, 250 min manat verin. Cavabları bu oldu ki, imza atın, dediyiniz məbləği verək. Bir sözlə, burada məbləğ oynayır. Kimə nə qədər istəyirlər verirlər”.
Israfil Musayev deyir ki, hesablama aparılarkən həyətyanı sahə nəzərə alınmır: “Ancaq biz dəqiq bilirik ki, bunlar nəzərə alınmalıdır. Kompensasiya verilən zaman başqa tikililər də qiymətləndirilməlidir. Bunların hesablamalarını nəzərə alsaq, hər kvadratmetrə təxminən 700-800 manat kompensasiya düşür”.
Vətəndaşların son sözləri və tələbləri..

Qubadlı rayonundan məcburi köçkün olan Qədir Nəcəfovun evinin sahəsi 110 kvadrat metrdir: “Öz zəhmətimlə ev tikmişəm. Indi deyirlər ki, evin sökülməlidir. Əgər belədirsə, normal pul versinlər. 1000 manatlıq kompensasiya ilə harada ev almaq olar? Metronun ”Qara Qarayev” stansiyasının yaxınlığında torpağın sotu 55 min manatdır. Onların verdiyi pulla ancaq torpaq almaq olar. Başqa heç nə mümkün deyil”.
“Xahişimiz bundan ibarətdir ki, evlərin sahəsini ölçən şəxslər öz sənədlərini təqdim etsinlər. Bizimlə müqavilə bağlasınlar. Daha gecə saat 12-də, 1-də gəlib mənzillərə baxış keçirməsinlər. Kompensasiyanı da Ilham Əliyevin dediyi kimi hər kvadratmetrə görə 1500 manatdan ödəsinlər”,- deyə sakinlər son sözlərini bizə bildirdilər.
Ərazidə olan zaman söküntü işləriylə məşğul olan nümayəndələrin evlərə baxış keçirdiklərini sakinlərdən öyrəndik. Sonradan məlum oldu ki, biz çəkiliş aparan zaman onlar gediblər.(azadlıq)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button