Xəbərlər

azərbaycanda əsas xəbərlər

Həcər Pənahlı: “Neməti şantaj edirlər”

Hər dəqiqə onu hədələyir.

Qobustan həbsxanasında cəza çəkən siyasətçi Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı sentyabrın 20-də “Media forum” saytına açıqlama verib. O deyib: “Nemətin qaldığı kameraya dustaq salıblar. Həmin məhbus konflikt yaradır. Neməti şantaj edir ki, səni öldürəcəklər, yatdığın yerdə sənə iynə vuracaqlar, 6 ilin tamam olan kimi sənə 16 il iş verəcəklər. Hər dəqiqə onu hədələyir. Nemət dəfələrlə həbsxananın rəisinə müraciət edib. Ya həmin dustağın, ya da özünün başqa kameraya keçirilməsini istəsə də, bir nəticəsi olmayıb. Çünki həmin məhbus təxribat üçün Nemətin kamerasına salınıb. Hər gün kamerada qırğın çıxır. Nemət deyir ki, nəzarətçilər heç qapını açıb baxmırlar da görsünlər kim kimi öldürdü. Bu gün telefonla əlaqə saxladıq. Nemət Ədliyyə naziri Fikrət Məmmədova, Penitensiar Xidmətin rəisi Mədət Quliyevə müraciət etməyimi istədi”.

Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

 

Hacı Ruhullah Axundzadədən yeni bir məktub gəlib

Xalqın ağbirçəkləri, ağsaqqalları, uşaq və xanımları həm maddi həm də mənəvi əzablara tuş gəliblər.

Bismillahir-rəhmanir-rəhim.
1. Dünya hegomonlarının son 10 illərdəki fəallığı müsəlman ölkələrindəki hegomonluğu, MDB ölkələrində müsəlmanların durumu, İraq Əfqanıstan işğalı, çox-çox əvvəl Fələstini və 20 ildən çox Azərbaycan ərazisi işğalı. Ərəb baharı adı ilə Liviya, Misir, Tunis, Bəhreyn, hal hazırda Suriya, Livan, Türkiyə olayları və eləcə də digər müsəlman ölkələri barəsində düşünən beyinlərin planları (Azərbaycan da daxil olmaqla).

2. BMT və eləcə də Avropa Birliyi müsəlmanların deyil, qeyri-müsəlmanların təşkilatlarıdır və Dünya hegomon dövlətlərinin başda sionizm Amerikasının göstərişlərinə əməl edənlərdirlər.

3. Azərbaycanda iqtidar-müxalifət Xalqa deyil, Qərb, Rusiya və Amerikaya arxalanır. İctimai Palata, Milli Şura və sonda İslam cəmiyyətlərinin passivliyi və bu passivliyin səbəbləri, nə etməli? Səbəb və nəticə!

Hər hansı bir müsəlman ölkələri Rəhbərləri ilə cəmiyyəti, Xalqı əgər Allah-Təalanın Qurani-Kərimdə söylədiyi kimi qeyri-müsəlmanları dost tutub və onların əmr, göstərişləri ilə oturub duracaqlarsa sonda məğlubiyyətə uğrayacaqlar.

Odur ki, mən Ruhullah Höccətullah oğlu Axundzadə məhbəsdən öz fikir və düşüncələrimi son 3 ildə Dünya müsəlman Şərqində və eləcə də Qərbi ilə yanaşı Qafqazda baş verənlərə münasibətimi bildirəcək, sonra isə Dünya müsəlmanları ilə bahəm sağlam düşüncəli Dünya sakinlərinə ən əsası isə Azərbaycan vətəndaşlarına özümün gəldiyim qənaəti qərara çatdıraraq Allah-Təala qarşısında boynuma düşən məsuliyyətə yəni əməl etmiş olaram.

Çox keçmişə qayıtmaq fikrim yox. Son 20 il yəni Azərbaycan müstəqillik dövründə Amerika, Rusiya ilə həmrəy olub, Qərbin aparıcı dövlətləri ilə bizi bədnam sülh müqaviləsinə məcbur etdi. Yəni hal-hazırkı işğal olunmuş 20 % ərazimizlə razılaşdılar. İndi qalırdı bu ərazini qanuniləşdirmək. Bunun üçün vaxta, zamana ehtiyac var idi. Bu zaman kəsiyi üçün arxayın hakimiyyət lazım idi. Onda Müsavatın Xalqı ətrafına toplaya biləcəyinə arxayınlıq yaratmaları üçün Türkiyənin vasitəsi və İsa Qəmbərin başçılığı ilə bu cəmiyyətə maddi və mənəvi yardım olundu. Müsavat etimadı doğrultmadı. YAP isə xarici iş bazlarla iş birliyinə girib Bakı Ceyhan neft kəməri ilə gündəmdə qalaraq, başda Amerika olmaqla Qərbə (sionizm ideologiyası) Ölkəni güya daxili və xarici təxribatdan qoruduğunu göstərdi. Və…..

Fikir verin, Rusiya (keçmiş SSRİ) zəifləmiş, Çin-iqtisadi vəziyyəti qeyri qənaətbəxş, Şərq başda Səud rejimi olmaqla İraq və Əfqanıstan müharibələri nəticəsində tam iflasa uğrayaraq əlinin altında qalır İran.

Bu vəziyyətdə Amerika tək qütblü olaraq Dünyaya ağalıq etmək iqtidarındadır. Qalır Rusiyadan ayrılmış böyük, kiçik ölkələri Qərbə inteqrasiya adı altında siyasi işğal etmək. Pribaltika çoxdan Qərbin qanadı altındadır. Tiblis bu oyunda çox tez Qərbə sığınır. Qırğızıstan və Azərbaycan da çox tez bu planın təsiri altına düşür. Qalır Qazağıstan, Özbəkistan və Türkmənistan, Ukrayna, Rusiya və həm də Qərbə qucaq açır. Bu variant Qırğızıstan və Azərbaycan üçün də sərfəlidir. (Bu mövzuya qayıdacağam deyə burda saxlayıram).

Rusiya Putin hakimiyyəti adı altında özünü dikəldir və İran, Çin, yaxın Şərqin bəzi dövlətləri Şimali Koreya, Pakistan, Hindistan, Belarus və üzdən iraq Ermənistan da daxil olmaqla MDB-ni yaradır. Lakin xislət dəyişməyir. Müsəlman ölkələrinə münasibət yenə işğalçılıq, yenə əsarət, yenə də müsəlman-qeyri müsəlman olmaqla ikili standard. İşğal olunmuş ərazi qeyri şərtsiz Ermənistanındır. Vəssəlam! Dünya hegomon dövlətləri başda Amerika olmaqla seyrçi və ya Erməni təəssübkeşliyi edir. Bax işğal olunmuş ərazilərin unutdurulması siyasəti budur. Bu oyunu Fələstin Xalqının başına hələ 1947-ci ildən belə gətirildiyini bilirik. İqtidar hakimiyyəti əldən verməmək üçün bu siyasətlə barışır.Qərbyönlü müxalifət başda İsa Qəmbər olmaqla “hakimiyyətə gələcəyik ” xulyası ilə (Qərbin əli ilə) bu siyasətlə oynayır. Azərbaycan Xalqına yiyə çıxan yox. Qalır təkcə islamçılar. Və son 6 ildə Hacı Möhsüm Səmədovun Rəhbərliyi ilə İslam Partiyası ayağa qalxa bilir. Uzun illər yəni 1996-2007-ci il dönəmində islamçılar qədər əzilən, həbs edilən, hətta şəhid verən bir cəmiyyət Azərbaycanımızda olmayıb. Lakin Allah-Təalanı və Onun Peyğəmbəri Muhəmməd (s.ə.v.s)-in hədis və tapşırıqlarını başda Qurani-Kərim və Əhli-Beyt iodeologiyasını Rəhbər tutan islamçılar 2010-2011-ci ilin əvvəllərində Qarabağ uğrunda İslami müqavimət hərəkatı və 2009-2010-2011-ci illərdə Azərbaycanın saf əqidəli ziyalıları ilə iş birliyi və digər az tanınan saf cəmiyyətlərlə və eləcə də Qarabağ şəhid anaları, Qarabağ Azadlıq təşkilatları ilə sıx əlaqə qurdular ki, bu da müsəlmanlara düşmən kəsilən xarici dövlətlərə başda sionizm Amerika və digər Qərb dövlətlərinə sərf etməməli idi. Azərbaycan iqtidarı Şərq baharını əldə Rəhbər tutaraq Qərbin himayədarlığı ilə etik normaları adicə insan hüquqlarını saya almayaraq islamçılara qarşı “biz dünyəvi dövlətik” şüarı ilə hücuma keçdi. Nəticədə yüzlərlə islamçılar başda Rəhbərləri Doktor Hacı Möhsüm Səmədov olmaqla böhtan, şərr, iftira dolu ittihamlarla uzun müddətli həbsə məhkum edildilər. Özü də ATƏT-in BMT-nın, insan hüquqları təşkilat, cəmiyyətləri ilə bahəm Türkiyənin, İslam konfransı təşkilatlarının, Rusiyanın, Amerikanın və digər dövlətlərin insan hüquq və azadlıqları ilə təmsil olunmuş təşkilatları və eləcə də səfirliklərinin gözləri qarşısında baş verdi ki, İqtidar Qərbə, Amerikaya səslənərək bildirdi ki; “mənim bu qeyri-qanuni hərəkətlərimə tamaşaçı kimi baxın dillənməyin, əks halda islamçılar hakimiyyətə gələr və Azərbaycan haqqındakı gələcək planlarınız iflasa uğrayar və İran İnqilabı nəticəsində uduzmağınız təkrarlanar. Və Qarabağla birlikdə digər 7 rayon da geri qaytarılar”. Odur ki, bütün müsəlman Azərbaycanlılara bildirmək istəyirəm ki, Qərbdən heç bir insan hüquq və azadlıqları ilə bağlı biz həbs olunan islamçılar barədə müsbət bir addım gözləməyin və həbsdə olan islamçılara da bildirmək istəyirəm ki, bəlkə Strasburqa deyil İslam Konfransı təşkilatlarına müraciət etmək yerinə düşər. (Xahiş edirəm bu hissəni ki, əlavə etdim üzürlü sayın).

Görünən kəndə nə bələdçi hamısı göz qabağındadır.

Lakin, islamçılar geri çəkilmək fikrindən çox çox uzaqdırlar deyə yeni-yeni hərəkatlarda iştirak edir, hətta Respublikanın ayrı-ayrı Rayon və kəndlərində etiraz dalğaları ucalır. Yeni həbslər olduğu vaxtda Ziyalılar Forumu başda Eldəniz Quliyev olmaqla etirazlara Ziyalılar da qoşulur. Mən Ziyalılar deyəndə İqtidarın tula payı ilə danışıb, susan, Xalqın Millətin milli dəyərləri ilə bahəm adət-ənənə, islami dəyərlərinə qənim kəsilənləri, seçkilərdə yaltaqcasına məntəqələrə gələnlərə pul təklif edənləri, məktəb, universitet, akademiyaları gəlir mənbəyinə çevirənləri, xəstəxanalarda pulu olmayanlara qənim kəsilənləri və eləcə də iqtidar partiyasında olmaqla həqiqəti danıb, qiyamət gününün hesab kitabına inanmayanları, Məhkəmə, Prokurorluq, Milli Təhlükəsizlik, Daxili Işlər Nazirliyi, Prezident Aparatı (Başda Ramiz Mehdiyev olmaqla) İcra Hakimiyyəti və digər müəssisə və idarələrdə çalışıb Xalqa qan udduranları, ən ümdəsi Azərbaycan Xalqının yaralı yeri olan Qarabağı, ən başda Xocalı soyqırımını yadına salmayaraq xarici düşmənlərin, başda Sionizm Amerikasının dəyirmanına su tökənləri nəzərdə tutmayıram.

Lakin hakimiyyət Qərbin xoşuna gəlmək və eləcə də təbii yolu ilə gedən “qatarı” dayandırmaq üçün islamçılara qarşı daha sərt və mən deyərdim son çirkin planlarını başlayaraq, məscidlərə, azana və sonda hicaba qarşı qadağalarla İslam dini ilə mübarizəyə start verir. Yəni, bu onun Qərbə mesajının son variantı idi ki; “İslami hərəkatı yatırtmaq üçün insan hüquq və azadlıqları leksikonu bizə bu gündən sərfəli deyil. Siz də susun ki, Azərbaycan əldən gedir…” Və beləliklə hakimiyyət başda İslam Partiyasının Rəhbəri Hacı Möhsüm Səmədovu və onun qaynı Firdövsini, Hacı Vaiqifi, bir də məni həbs etdirdi. Bu azmış kimi partiya ilə nə ki, əlaqəsi olmayan hətta üzvü olmayan Dəyanət Səmədovu (Quba) hafizi Quran Ruhani Hacı Zülfüqarı (Lənkəran) və Fəramiz Ağanı (Masallı) da bizə qoşdu. (Şəxsən mən nə Fəramiz Ağanı görmüşdüm, nə Hacı Zülfüqarı, nə də Dəyanəti. Lakin Hacı Zülfüqarin Quran hafizi olduğunu eşitmişdim). Və beləliklə ölkədə Xalqa arxalanan, Rusiya, Qərb başda Amerika olmaqla heç bir ölkəyə xoş gəlmək üçün, onların diqtəsi ilə deyil, hakimiyyətin xofluluğu nəticəsində islami oyanış daha da sürətləndi. Hətta İran, Türkiyə, Rusiya və bəzi Qərb dövlətləri belə hakimiyyəti bu səhf “gediş”lərinə görə qınayıb, bəzi Baynəlxalq insan hüquq və azadlıqları təşkilatları sərt bəyanatlarla bu olayları tənqid etdilər. Lakin, yuxarıda dediyim kimi, bu bir müddət davam edib gündəmdən demək olar ki, çıxdı. Yəni tənqid, tələb, bəyanatlar nə ki Qərb tərəfindən hətta İran, Türkiyə, Rusiya və sonda isə Azərbaycanda fəaliyyət göstərən insan haqlarının müdafiə təşkilat, institut və nümayəndələrinin əksəriyyəti susdu. Bax beləliklə bölgələrdə olan islamçılar təkləndilər. Etiraz səslərinə Xalqın islam təəssübkeşləri ilə ziyalılar səs verdilər. Və ictimai palata, El hərəkatı, axırda Milli Şura, Xalqa rəhm etməyən, minlərlə dindar etirazçıları həbs edən, evlərini sakinlərin başına uçuran, Rövnəq Abdullayevin qoçuları ilə əzib xəstəxanalıq edən, korrupsiya və rüşvətə qarşı mübarizə adı altında daha da korrupsiyalaşan hakimiyyətə yox deyərək meydanı genişləndirdilər.

Bu vaxt Almaniyalı deputat Ştrasser Avropa parlamentində siyasi dustaqlarımız barəsində çıxış etdi ki, Rusiya, Türkiyə, İspaniya, İtaliya təmsilçilərinin biri də onun haqq səsinə qoşulmadı. Bilirsiniz niyə? Əvvəlan yuxarıda dediyim kimi iqtidar da müxalifət də (Qərbin) mariket dövlət statusu almış Azərbaycanı “istila” etmiş Amerika və Avropaya hesabat verirlər. Xalq seçkilərə qoşulmayır. Çünki seçki hüququ olan əhalinin 50%-i ya Xaricə qaçıb, ya da ailəsini dolandırmaq üçün uzun müddətli “ezamiyyətə” yollanıb. Qalan 50%-in 5-10%-i hakimiyyət büdcəsindən (bizdə dövlət büdcəsi sözü işlənə bilər, lakin bu büdcə hakimiyyətə məəxsusdur, sual oluna bilər niyə? Çünki hələ bu 20 ildə başda Prezident olmaqla bir dənə nazirlik Xalqa hesabat verməyib ki, nə qədər gəlirimiz var, hardandır, nə qədər xərcləmişik və i.a….) fitrə alan məmur və işçilərdir ki, seçkiyə məcburi qatılmalıdırlar. Bir 5-10%-i də mütrif, fəhişə, kazino fırladanlar, yaltaqlıqla qarnını doyuranlardır ki, (və özünüz də bura digərlərini əlavə edə bilərsiniz. Məsələn: Cırtdan hakimiyyətə yaxın partiyalar) yerdə qalır hardasa seçkidə iştirak hüququ olan 2 milyon əhali, onun da deyək 20-30%-i dindar təbəqədir ki, islami hərəkatın qatarında germədədirlər. Qalır 1 milyondan bir qədər çox. Bax bu seçicilərə yaxşı olmaq üçün hakimiyyət heç vaxt açıqca olaraq rayonları görməyən Nazirləri güya Xalqın dərdi sərini bilmək, şikayət və təkliflərini dinləmək üçün Ramiz Mehdiyev tərəfindən ezamiyyətə yolladı. Burda da saxtakarlıq və aldatmaq vərdişi özünü gööstərdi. Sonra hakimiyyət Rusiya və İrandan sığortalanmaq üçün Allahşükür Paşazadə və görünən ölkə başçısı Ramiz Mehdiyevi ezamiyyətə yollaması yaddaşlarınızdadır. Bir haşiyəyə çıxmaq istəyirəm. Mən infarkt keçirəndə P/X-in Müalicə Müəssisəsində bir hörmətli hacı da müalicə alırdı. Onun fikrini olduğu kimi yazıram: “Qara kardinal (Ramiz Mehdiyev) İlham Əliyev və onun ailəsinə lap zülm edir. Bu ailə demək olar ki, istirahət etməyir. Bakı, Bakı kəndləri, regionlar, Ölkə xaricində, Rusiya, Qərb, Amerika, daha haralarda olmayırlar. Gah bu və ya başqa obyektlərin tikintisinin başlaması və ya açılışı, körpü və yolun təmiri, tikintisinin başlanması və ya yekunlaşması milli mədəni konfrans zalları, Olimpiada, İdman, stadion tikintiləri, yarış və mükafatlandırmalar, daha nələr, nələr. Hər yerə bu ailə özünü vurur. Həqiqətən də bu ölkə üçün bundan artıq nə edə bilərlər. Ax Ramiz Mehdiyev insafın dinin olsun, əl çək bu ailədən, qoy heçolmasa bir az dinclərin alsınlar…” Mən bu fikirləri götür qoy edəndən sonra belə qərara gəldim ki, İlham Əliyev seçkilərdə “qələbə” çalsa da Ölkəni bu seçkiləri nəzarətində saxlayan qara kardinal idarə edir və son söz də onundur.

Hörmətli oxucular! Mən biraz uzaqdan başlasam da istəyirəm fikirlərimi qısa məntiqli kəlamalarla tamamlayım. Onsuz da Siz bu yazımı izləyənlər yuxarıda saladığım və sadalamadığım olayları da diqqətlə izləmiş olarsınız deyə, bildirmək istəyirəm ki, Milli Şura gecikmiş olsa da gündəmə gəldi. Biz məhbəsdə olanlar bu olayları mütəmadi izləmək qüdrətində olmadığımızdan Milli Şurada təmsil olunanların kimliyini dəqiq dürüst bilməyirik. Şəxsən mən belə durumdayam.

Lakin, təkcə İsa Qəmbərin orda olması mənim təcrübə və intuisiyam baxımından diqtə edir ki, Milli Şura öz götürdüyü kursunu tam müvəffəqiyyətlə başa çatdıra bilməyəcək. Heç bir riyazi, kimyəvi analizə ehtiyac yoxdur. Milli Şuranın üzvlərindən bir neçəsinin Amerikaya səfəri, Avropaya ümidləri hər şeyi göstərir. Elə yeni Müsavatın 30-31 iyul tarixli nömrələrində yazarların yanaşması Rüstəm İbrahimbəyova yönələn künc yazıları, Gürcüstan olayları bu deməyə əsas verir ki, Rüstəm İbrahimbəyovun Milli Şura tərəfindən namizədliyinə Müsavatçılar Xalq Cəbhəsinin Əli Kərimli qanadından fərqli olaraq qısqanclıq, mən deyərdim ki, hətta ikrahcasına yanaşmada idilər.

Mən də Rəhbərim doktor Hacı Möhsüm Səmədova qoşularaq bildirirəm ki, Milli Şuranın keçirdiyi bu və ya başqa toplantı, konfranslarda çıxış, fikir və digər baş verən olayları izləmək şansının olmadığı ucbatından tam fikir söyləyə bilməsəm də bircə bu fikrimi qulağınızda sırğa edin ki, Xalqa güvənməyən, Xalqı dinləməyən, Xalqla birlikdə inləməyən, onunla ağlayıb gülməyən nə iqtidar, nə müxalifət, nə cəmiyyətlər, nə fərdlər heç bir qələbə əldə edə bilməzlər. Yerdə yaşadığım vətənin əhalisi göydə Yaradanı Rəhbər tutub onun üçün kiçilən, ona hesabat verən yüksəlməyə laiq olub və bundan belə, belə də olacaq.

Mən Rüstəm İbrahimbəyovun səmimiliyinə, düzgün fərd və Xalqına güvənən biri olduğuna inanıram. Lakin, ətrafında cəmləşənlərin görəsən hamısı Eldəniz Quliyev kimi olacaqlarmı? Məni aldatmaq qeyri mümkündür. Sadə insan olsam da sadəlövh deyiləm. Və bu ölkəni bazara çevirənləri çox yaxşı tanıyıram. Bəsdirin Xalqın mənəvi dəyərləri ilə, hissiyatı ilə oynadınız. Yığışdırın fəhişəliyi, günahlardan əl çəkin. Xalqa, Allaha hesabat verəcəyiniz gündən qorxun. Baxın islamçılara, Xalqın təkcə güman yeri dini qoruyan bizlərə və yuxarıda Allaha qalıb. İslam təəssübkeşləri və Əli şiələri olan bu Xalqı bəsdir aldatdınız. İndi imkan verin onlar öz diqtəsini etsinlər, öz seçimini ortaya qoysunlar. Ey İqtidar və Qərbyönlü Müxalifət! İslamçıların mübarizləri meydandadır. Qarabağ uğrundan İslami Müqavimət Hərəkatının Lideri Rövşən Əhmədli, Qarabağ Azadalıq Təşkilatı Rəhbəri Akif Nağı, Şəhid Anaları Cəmiyyətinin Rəhbəri Hacı Növrəstə xanım, Ziyalılar Hərəkatı Rəhbəri Eldəniz Quliyev, Əli Kərimli diqqətli olun! Yenə də sülh və azadlıq şüarı ilə iqtidar-müxalifət dialoqlarına üstünlük verin! Nə Qərbdən nə Şərqdən, nə Amerikadan və nə də Rusiyadan Xalqa kömək gözləməyin! Bu Ölkəyə qənim kəsilən Rusiya, Qərb, Amerika, rejimlərinin öz dövləti maraqları və sərlövhədəki Quran ayəsini unutmaq gədalıqdan başqa birşey deyil.

Bu gün həbsxanalardakı məhbusların durumu Ölkədəki (yəni böyük məhbəsdən) əhalinin mövcud durumundan çox-çox üstündür. Xalqın ağbirçəkləri, ağsaqqalları, uşaq və xanımları həm maddi həm də mənəvi əzablara tuş gəliblər.

Kompromis, Xalqın millətin birliyi, İslama arxalanma, Quran və İslam Peyğəmbəri (s.ə.v.s)ın tövsiv və məsləhətləri Əhli-Beyt (ə.s)-ın Rəhbərliyi bizi bu durumdan qurtara, işğal olunmuş mənəviyyatımızla torpaqlarımızı özümüzə qaytara bilər.

NƏTİCƏ:

Mən əvvəl Milli Şuraya öz tarixə yazıla bilən tövsiyələrimi bildirmək istəyirəm.

1. Qıcıqlandırıcı, Xalqı birləşdirməyə deyil, bir-birindən uzaqlaşdırmaya yönəlik fikir və əməllərdən çəkinmək.
2. Hər hansı qarşıdurmadan çəkinməklə, əmr be məruf və nəhy əz münkəri gündəmdə saxlamaq.
3. İqtidarın (Ramiz Mehdiyev, Hacıbala Abutalıbov və Əli Həsənov kimiləri nəzərdə tutmayıram və bir də bəzi Qərbə işləyən millət vəkilləri ilə nazir robortları da eləcə) islahatlara start verməsini və nəticənin müştərək izlənilməsinə şərait yaratmasına, bu işin gələcəkdə qeyri demokratik, pozucu, dağıdıcı qarşıdurmalardan iqtidarı inandırmağa yönəlik siyasəti yaddan çıxarmamaq.
4. Milli Şuranın təkcə hansısa seçkiləri udmaq deyil, ölkəni mövcud vəziyyətdən, aşınma, dağılma və digərlərdən qorumaqla, gələcək Azərbaycanımızın dünyada yeganə tolerant, demokratik, işğal olunmmuş (hətta 200 il dövründəki işğal olunmuş torpaqlarımızı belə) torpaqlarımızın qaytarılması, milli-mənəvi, islami dəyərlərimizin özümüzə qaytarılma siyasəti, Ölkə əhalisinin sosial məişət durumu, boşanma, narkotikə yuvarlanma, hər hansı intihar, mütrüflük və digər fəhişəliklərin qarşısını almaq məqsədi ilə yaradılan Ölkəyə çevirmək devizini Rəhbər tutmaq olmalıdır.
5. Allaha hesabat günü yaddan çıxmamalıdır. Bu tövsiv və məsləhətlərə əlavə də edə bilərsiniz. Yazım açıq qalır.

İndi isə iqtidardakı sağlam düşüncəli ziyalı və məmurlara, icra başçıları, məhkəmə istintaq orqanlarındakı dövləti təmsil edənlərə, güc nazirliklərində çalışan, Qarabağ ağrısı başda Xocalı faciəsi ilə inildəyə bilən, İsmət Qayıbov, Məmməd Əsədov, Seyyid Mübariz İbrahimov kimi şəhidlərin varislərinə, Alim və digər ziyalılara üzümü tutub deyirəm. Bura Seyid Peyğəmbər qızı Mehriban xanım Əliyevanı, Qənirə Paşazadəni, Sevil Əliyevanı və digər iqtidarda olan əsl Azərbaycan xanımı missiyasını davam edənləri də əlavə edib Sizlərə məhbəsdən tarixi tövsiv və məsləhətimi verirəm. Xahiş edirəm son sözü yekəxanalıq hesab etməyin. Mən dialoqa münasib şəraitdə deyiləm ki, Sizlərlə üz-üzə durub debat və ya sual-cavabda bulunum.

1. Sizlər də digər sələfləriniz kimi tarixdə yaxşı və yaman kimi qalacağınızı düşünün.
2. Xalqa və Allaha hesabat verəcəyinizi də həmçinin.
3. Xalqa güvənsəniz, onunla səmimi olsanız, Qərbə və digər işğalçı ölkələrə başda Amerika olmaqla əyilməyə, kömək istəməyə lüzum olmaz.
4. Rüşvət və korrupsiyaya bulaşmış əllər təkcə bir yolla təmizlənir, haramdan imtina etmək, yəni götürüləni yerinə qaytarmaqla.
5. Fəhişəliyə (günahların cəmi) son qoymaq. Mütrüf və milli adət-ənənələrimizə yad bayağı musiqidən çəkinmək.
6. Hər an, hər saat, hər gün Ölkədə baş verən (istət müxalifətli, istər bitərəf tərəfindən) aşınmalara, cinayətlərə biganə qalmamaq.
7. Xalqın haqlı narazı olanlarını riyakarcasına siyasətlə deyil səmimi bir qardaş-bacı kimi eşidib tədbir görmək.
8. Məscidləri daha da artırmaq. Lakin, yad təriqə və cərəyanlara (başda bəhayi, vəhabi, satanist və digər bu sayaq təriqə və cərəyanları nəzərdə tuturam) qarşı mübarizəni genişləndirmək. Əhali içərisində bunlarla əlaqəli maarifləndirməni və eləcə də tarix boyu islami dəyərlərə şafeyi, hənbəli, hənəfi, maliki təriqələrin, əhli təsənninin inancına söykənik dindar alim və şəxsiyyətləri təbliğ etmə. Əli (ə.s)-ın Əhli-Beytinin əsl həqiqətlərini bu 4 məzhəbin and yeri olduğunu tarixi, səhih mənbələrə istinadən məlumatlandırmaq. (Bu işdə Peyğəmbər nəvəsi Mehriban xanımın başda olması çox xeyir gətirə bilər). Aşura və İmamaların həyatını geniş təbliğ etməyə imkan yaratmaq. Bu torpaqlarımızın da istiladan azad olunmasında əsas rol oynayacaq
9. Və sonda bir şeyi nəzərdən qaçırmamaq lazımdır ki, hakimiyyətin yerdə Xalqa, yuxarıda Allaha məxsusluğunu dərk etmək, hər bir fərd özünə aşılamaqla cəmiyyətini də başa salmalıdır.

Əgər bunları sağlam düşüncə və əqlinlə özünə aşılaya bilməsən onda öz daxilindəki hakimə, vicdanına müraciət et.

Və eləcə də tarixi yaxşı oxu və ibrət al. Necə ki, Qurani-Kərimdə buyurulur: “İbrət alamalı olan işlər, hadisələr çox, ibrət alanlar isə az”. Sən ibrət alanlardan ol!

10. Bu siyahıya öz vicdanınızla yanaşsanız digərlərini də əlavə edə bilərsiniz. Mövzu və yazı açıq qalır. Fikir və mülahizələrinizi izləmək və məntiqli düşüncələrinizi də dinləmək həm mənə həm də digər izləyicilərə maraqlı olacağı danılmazdır.

VƏ FİNİŞ

Hörmətli iqtidar və müxalifətli sağlam düşüncəli Azərbaycanlı təəssübkeş fərdlər, cəmiyyət və partiya liderləri, Alim və ziyalılar, müəllim və həkimlər, nazir və məmurlar! İlham Əliyev və Rüstəm İbrahimbəyliyə (Cəmil Həsənliyə) tərəfdar olanlar! Yazılarıma diqqət etsəniz gələcək Azərbaycanımıza xidmət etmiş olacaqsınız əks halda Quranda buyurulur: “Bir-birinizlə çəkişməyin, vuruşmayın, sonda zəifləyərsiniz ki, bundan Ölkənizə düşmən olan digər xaricilər istifadə etmiş olarlar”.

Qarşıdurma nə gətirir? Dağıntı, fəlakət, qırğın, zəlillik, xəstəlik, əlillik və sonda ölüm ki, bu da bütün Ölkənin biabırçı məğlubiyyətidir desəm yerinə düşər. Bizim övladlarımız, gələcəyin qurucuları, bu fəlakətin bərpası üçün həm illərə, həm mənəvi həm də dəyərlərə ehtiyaclı olacaq ki, bu da düşmən dəyirmanına tökülən su kimi qəbul olmalıdır.

Sonda Azərbaycanın birinci xanımı, ivesko və yuneskonun xoş məramlı səfiri, Milli Məclisin üzvü, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevaya bir neçə kəlam babası İslam Peyğəmbəri (s.ə.v.s)-Əkrəmin tövsiyələrini və başına gələnləri yada salıram.

1. “Mən Sizin dünyanızdan üç şeyi sevdim. Biri gözümün işığı namaz, biri xanım və üçüncüsü ətir”.

Mehriban xanım! Görün Azərbaycan xanımını nə siyasətlə nə günə qoyublar?…

2. “Mənim Əhli-Beytim Nuhun gəmisi timsalındadır. Necə ki, gəmiyə kim mindi nicat tapdı, eləcə də 14 məsuma arxalanıb onları Rəhbər tutanlar, onların yolunu gedənlər həm dünya və həm də axirətdə nicat tapanlardan olacaqlar”.

3. “Mən bu dünyaya 3 dəfə təlaq vermişəm”.

Mehriban xanım! Lakin, bizdə əsasən narkomaniyadan və bir də hicaba qarşı aparılan kompaniyadan zərər görüb ailə dağılması, boşanma, cinayət, intihar həddən ziyadə çoxalıb.

4.Siz Peyğəmbər nəvəsisiniz. Mən bilirəm ki, Muğamatı özümüzə qaytardığınız üçün Sizin pərəstişkarınız müəyyən sayda var.
Və Siz əgər Əhmədi Nejatın, Abdullah gülün xanımları kimi hicab taxsaz bu Sizi nə ki, Azərbaycanda hətta bütün İslam dünyasında birinci xanım mövqeyinə qaldırar.

5.Bir də sonda Sizdən bir dindar kimi xahiş edirəm ki, Ölkədə hicablı xanımların, qızların elmlə məşqul olmaları üçün ayrıca gimnaziya və məktəblər açılmasına kömək edəsiniz.

6. Və “Hakimiyyət stulunun qiyməti, cüzam xəstəsinin əlində donuzun sümüyünün qiyməti nə qədərdirsə, mənim üçün də o qədərdir”. Bu sözlər Fatimeyi Zəhra Əleyha Səlamın əmisi oğlu, Ağası, İmam Həsən (ə.s) və İmam Huseyn (ə.s)-ın atası, Allahın şiri, Peyğəmbəri İslamın (s.ə.v.s)-ın yer üzündəki xəlifəsi Əli (ə.s)-a aiddir, unutmayın!

BMT, Avropa Birliyi, nəsrani və yəhudilərin birliyidir. Gərəkdir Müsəlmanlar da öz birliklərini yaratsınlar.

Budur Azərbaycan iqtidarı, müxalifəti Qərbi, Amerikanı, Rusiyanı, sionist İsrail rejimini dost tutur. Ölkəyə Rəhbərlik etməkdən ötrü onların məsləhət və diqtəsi ilə plan cızıb, Xalqa, millətə deyil, onlara hesabat vermədədirlər. Lakin, Qurani-Kərim digər surə və ayələrdə bizə çatdırır ki; “Quranda verdiyim əmr və göstərişləri qulaq ardına vursanız, Sizi dünyada zəlil edib, axirət hesab kitabı qiyamət günü kəkilinizdən yapışılacaq. Onda cəhənnəm əzabını dadaraq etdiklərinizə peşman olacaqsınız, lakin bu peşmançılıq fayda verməz….”

Mən boynuma düşənə əməl etdim. Sizlər ey Azərbaycanın müsəlman Xalqı düşünüb deyilən və deyilməyən çoxlu pis işlərdən çəkinmək, yaxşı işlərə əməl etmək qaldı Sizin öhdənizdə.

 

Milli Şuranın sessiyasında zindandakı ruhanilərdən danışıldı

“Biz tarixin bizim qarşımıza qoyduğu vəzifəni dərk edərək, işə məsuliyyətlə yanaşmalıyıq”

Dünən Müsavat partiyasının qərargahında Demokratik Qüvvələrin Milli Şurasının növbəti sessiyası keçirilib. Sessiyanı Milli Şuranın vahid namizədi Cəmil Həsənli açıb. Cəmil Həsənli sessiyadakı çıxışında qarşıdan gələn seçkilərə toxunub və namizədliyi barədə ona dəstək olan insanlara təşəkkür edib. Cəmil Həsənli çıxışında qeyd edib ki, “Bu gün hakimiyyət xalqa zülm edir. Karrupsiya hakimiyyətin bütün təbəqələrində hökm sürür. Biz tarixin bizim qarşımıza qoyduğu vəzifəni dərk edərək, işə məsuliyyətlə yanaşmalıyıq. Mən burdan dəstək olan insanlara təşəkkürümü bildirmək istəyirəm. Keçən dəfə məhkəmə iclasında REAL hərəkatının sədri İlqar Məmmədov namizədliyinin qeydə alınmaması üçün etdiyi şikayət əsasında keçirilən məhkəmə iclasında bizə dəstək olduğunu açıqlayıb. Mən İlqar bəyə öz təşəkkürümü bildirirəm. Bu yaxınlarda mənim namizədliyimi dəstəkləyən bəyanatla çıxış edən Hacı Tale Bağırova öz təşəkkürümü bildirirəm və bu addımını yüksək dəyərləndirirəm. Burdan həm Hacı Abgül Süleymanova, həm Hacı Mövsüm Səmədova və həmdə Hacı Tale Bağırova salamlarımı göndərirəm. Sovet dövründə ateistlərin etmədiyi zülmü indiki hakimiyyət inanclı insanlara qarşı edir. Bu yolverilməzdir. Biz bütün insanların xüsusəndə inanclıların hüquqlarının bərpa olunmasının tərəfdarıyıq və bunuda tələb edirik. Əsas hədəflərimizdən biri siyasi, vicdan məhbusu olmayan Azərbaycan qurmaqdır. Qara günlü millətin ziyalısının ağ kəfəndə dəfn olunmağa haqqı yoxdur. Biz bu mübarizənin önündəyik, bu işi qələbəylə bitirməkdə qərarlıyıq, siz də gəlin, mübarizə sırasında yer alın. Azərbaycan xalqı qürurlu xalqdır. ”

Daha sonra Cəmil Həsənlinin seçki qərargahının həmsədri Həsən Kərimov hesabat xarakterli çıxış edib. Həsən Kərimov çıxışında bildirib ki, “Bu günə qədər seçkini müşahidə etmək üçün 9 minədək məşvərətçi təyin olunub. 22 minə qədər təbliğat materialı çap olunub, bu vaxta qədər onların 70 faizi yerlərdə realizə olunub. 120 səlahiyyətli nümayəndə təyin olunub, onların 103-nün sənədi alınıb. Milli Şura üzvlərinin səylərini artırmaq lazımdır. AXCP keçirdiyi marafonla Cəmil bəyin hesabına 7 min manat ianə edib. Bu kampaniyaya bütün partiyalar qoşulmalıdır.

Milli Şuranın İctimai Əlaqələr komissiyasının sədri Mehman Əliyev də görülən işlərin hesaabatını təqdim edbi. Bildirib ki, “bəzi təbliğati çap məhsullarının hazırlığı gedir, eləcə də http://camilhasanli.com/ adlı sayt yaradılıb, Cəmil bəyin təşviqat materialları orada yerləşdirilib. Kimin imkanı var, oradan endirim edərək, çap edib paylaya bilər.”

AXCP sədri Əli Kərimli sessiyada çıxış edib. O çıxışında deyib ki, “Debatdakı iki çıxışı ilə ölkədəki vəziyyəti dəyişib və seçkiyə start verilən vaxtdakı ab-havadan müsbət mənada fərqlənən yeni situasiya yetişib. Bu fərqin əsas səbəbkarı bizim Milli Şuranın namizədidir. O, Milli Şuranın və bütövlükdə müxalifətin etimadını tam doğruldub. Buna görə ona təşəkkür edirik. Cəmil bəy artıq təkcə Milli Şuranın namizədi deyil, o, bütövlükdə əzilən Azərbaycan xalqının ucalan haqq səsinə çevrilib. “

Müsavat başqanı İsa Qəmbər isə çıxışında Cəmil Həsənlinin qısa zamanda siyasi proseslərin liderinə çevrildiyini vurğulayıb: “O, son dövrlər etdiyi çıxışları, verdiyi açıqlamaları və son iki debat vasitəsilə xalqın vahid namizədinə çevrildi. Cəmil bəyin çıxışı ilə xalqın bu düşərgəyə olan inamı daha da artdı”. İsa Qəmbər Milli Şuranın seçki qərargahının fəaliyyəti barədə də danışıb: “Milli Şuraya daxil olan partiyalar, gənclər hərəkatının üzvləri, ziyalılar çox böyük fədəkarlıqla təşviqat kampaniyasıyla məşğul olur. Amma bütün bunlar qələbə üçün yetərli deyil. Gərək biz hakimiyyətin namizədindən iki dəfə çox yox, 5-6 dəfə çox səs toplayaq”. İsa Qəmbər eyni zamanda, ölkədəki sahibkar təbəqəsinə səslənib, onlardan seçki kampaniyasına dəstək istəyib: “Biz cəmiyyətimizi çox asan seçimə dəvət etmişik. Bu seçim oğru ilə doğru arasındadır. Xalq özü oğru ilə doğrunu o qədər dəqiq tanıyır ki, biz əgər xalqın qapısını döyüb qəlbinə, şüuruna xitab edə bilsək, qələbə qazanacağımıza heç bir şübhəm yoxdur”. Daha sonra çıxışlarında Milli Şura üzvləri Hacıbaba Əzimov, Əvəz Temirxan, Bəybala Əbil, Eldar Namazov, Sülhəddin Əkbər Seymur Həzi, Vəfa Cümşüdlü, Sahib Kərimli seçki kampaniyası ilə bağlı fikirlərini və təkliflərini səsləndiriblər.

 

“İTV-də baş verənlər hakimiyyətin əxlaqını ortaya qoydu”

Ağırdır. Amma hər gün bundan qat-qat ağır söyüşləri eşitməli oluruq, tüpürcəkləri udmalı oluruq.

Tanınmış hüquqşunas İntiqam Əliyev İctimai Televiziyada prezidentliyə namizədlərin debatı zamanı baş verənlərə münasibət bildirərək Cəmil Həsənliyə dəstəyini nümayiş etdirib:

Ağırdır. Amma hər gün bundan qat-qat ağır söyüşləri eşitməli oluruq, tüpürcəkləri udmalı oluruq. Tofiq Yaqublunun, İlqar Məmmədovun, Əvəz Zeynallının, NİDA-çıların və saxta ittihamlarla həbsxanalara atılan günahsız insanların orda yatdığı hər gün İTV-də eşitdiyimiz o söyüşlərdən qat-qat ağır təhqirdir. Ölkənin sərvətlərinin bir tayfanın cibinə axması, bir ailənin var-dövlətinin bütöv bir ölkənin büdcəsini bir neçə dəfə üstələməsi o namizədlərin dilindən səslənən söyüşlərdən minqat təhqiramizdir. Elmar Hüseynovun, ordudada öldürülən əsgərlərimizin qanının batırılması İTV-də səslənən o söyüşlərdən azmı ağırdır, azmı təhqiramizdir. Hakimiyyətin dədə malı kimi atadan oğula ötürülməsi, ölkədə son 20 ildə keçirilən istisnasız bütün seçkilərin saxtalaşdırılması, müəlliminə, həkiminə 100-150 manat əmək haqqı verən hakimiyyətin gül bayramlarına, rallilərə, heykəllərə, ördəklərə milyonlarları dağıtması qədər ağır söyüş ola bilməz millət üçün, o masada bu gün eşitdiklərimiz, gördüklərimiz. İTV-də baş verənlər ölkədəki durumun nə qədər acınacaqlı olduğunu, hakimiyyətin mahiyyətini, əxlaqını ortaya qoydu bir daha. İctimai adını daşıyan üfunət bataqlığının əyri masasından səslənən utanc gətirən o çıxışları da, o söyüşləri də bu hakimiyyitin ayağına və ünvanına yazmaq gərək. O söyüşləri eşitmək istəmiriksə, ondan yaxa qurtarmaq gərək.(azadlıq)

 

22 sentyabrda hakimiyyətə «Bəsdir» deyiləcək

Artıq sosial şəbəkələrdə mitinqin “event”i yaradılıb və 40000-ə qədər insana dəvət göndərilib

Mill Şuranın 22 sentyabr mitinqinə hazırlıqlar davam edir. Ölkənin ən fəal gənclər təşikilatları mitinqə hazırlığı prioritet elan ediblər. Bu məqsədlə plakatlar hazırlanıb, çağırış vərəqələri çap edilib, şüarlar seçilib. Eyni zamanda Milli Şuranın vahid namizədi Cəmil Həsənli ilə bağlı bukletlər hazırlanır. Gənclər hesab edir ki, 22 sentyabr mitinqi ölkənin ictimai-siyasi həyatında mühüm hadisədir. Fəal gənclər bu mitinqdə iştirakla bağlı bütün həmyaşıdlarına çağırış edir və ölkə gəncliyini səfərbər olmağa çağırır. Qeyd edək ki, 22 sentyabr mitinqinin əsas şüarı “Bəsdir” olacaq. Artıq sosial şəbəkələrdə mitinqin “event”i yaradılıb və 40000-ə qədər insana dəvət göndərilib. Yaradılmış “event”in divarında mütəmadi yazışmalar onu göstərir ki, bu mitinqlə bağlı yüksək əhval-ruhiyyə hökm sürür.

Mitinqin “Event”i xalqa müraciətlə başlanır

“Əziz vətəndaşlar! Hörmətli xanımlar və bəylər!

Milli Şura 22 sentyabr tarixinə mitinq elan edib. Mitinq razılaşdırılıb, yəni icazəlidir. Mitinq “Yasamal rayon Idman-Sağlamlıq Kompleksinin stadionu”nda (“Məhsul” stadionu, Inşaatçılar metrosunun yaxınlığında) saat 16:00-dan 18:00-a qədər keçiriləcək. Möhtərəm seçicilər, 22 sentyabr mitinqi təkcə müxalifətin vahid namizədi Cəmil Həsənlinin təbliğatı üçün deyil. Bu mitinq eyni zamanda haqsız yerə girovluqda saxlanılıb çürüdülən gənclərə, günahsız siyasi fəallara, ilahiyyatçı alimlərə arxa durmaq üçündür!

Öz haqqını, şərəfini qoruduğu üçün müxtəlif böhtanlarla həbs edilənlərin müdafiəsi, onlara azadlıq tələb etmək üçündür!

Evi qanunsuz şəkildə sökülmüş on minlərlə vətəndaşların haqqını tələb etmək üçündür!

Məktəblərdə, universitetlərdə, xəstəxanalarda korrupsiyaya “Bəsdir!” demək üçündür!

Xalqın təhqir olunmasına “Bəsdir!” demək üçündür!

Əsgər ölümlərinə “Bəsdir!” demək üçündür!

22 sentyabr zülmə, yalana, talana “Bəsdir!” demək günüdür”.

Bir daha xatırladaq ki, 22 sentyabr mitinqi Yasamal Rayon Idman-Sağlamlıq Kompleksinin stadionu. M.Seyidov küçəsi, 3155-ci məhəllə ünvanında keçiriləcək.(azadlıq)

 

Azərbaycanda ailə-məişət zəminində törədilən cinayətlərin sayı artıb

Azərbaycanda ağır cinayətlərin bir növü kimi ailə-məişət zəminində törədilən cinayətlərin sayında nisbi artım müşahidə olunur.
Bu barədə Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun cümə günü birgə yaydığı məlumatda bildirilir.
Məlumatda bildirilir ki, respublikada son 5 ildə hər il orta hesabla bütün subyektlər üzrə 22 – 22,5 min cinayət qeydə alınıb və onların təxminən 85-90 faizinin açılması təmin edilib. Ümumilikdə, bu hadisələrin 10 faizə qədərini ağır cinayətlər təşkil edir, qalanları isə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərdir. Müqayisə üçün onu da qeyd etmək yerinə düşər ki, əhalinin hər yüz min nəfərinə nisbətdə Azərbaycanda qəsdən adam öldürmə və ona cəhdlər cəmi 2,7 fakt, quldurluqlar 1,9 fakt, hədə-qorxu ilə tələb etmələr 0,3 fakt, banditizm 0,01 fakt təşkil etməklə əksər Avropa, Amerika və Asiya dövlətləri ilə müqayisədə 2-10 dəfə azdır. Ölkəmiz əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayının azlığına, eyni zamanda ictimai asayişin və təhlükəsizliyin etibarlı təmin olunmasına görə son 5 ildə də MDB və Şərqi Avropa məkanında tutduğu öncül mövqeni saxlamış, əhalinin hər yüz min nəfərinə orta hesabla 250 cinayət düşür. Halbuki, digər ölkələrdə bu fakt 400, 500, 1000, hətta 1000-dən də yuxarıdır. Lakin təəssüflə qeyd etməliyik ki, bəzi ölkələrlə müqayisədə respublikamızda ağır cinayətlərin bir növü kimi ailə-məişət zəminində törədilən cinayətlərin sayında nisbi artım müşahidə olunur.

Məlumatda, həmçinin bildirilir ki, intihar halları ilə bağlı isə onu qeyd etməyi vacib sayırıq ki, Azərbaycanda bu qəbildən olan hadisələrin sayı Avropanın inkişaf etmiş ölkələri və MDB iştirakçısı olan dövlətlərlə müqayisədə olduqca aşağıdır.

Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu kütləvi informasiya vasitələrinə müraciət edərək bildiriblər ki, cinayətkarlıqla mübarizə mövzusunda yazan, kriminogen durumla bağlı danışan hər bir şəxs daha məsuliyyətli, siyasi konyukturadan, şəxsi maraqlardan uzaq olmalıdır. (gundemxeber)

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button