Xəbərlər

Rüstəm İbrahimbəyovun sirli cinayət dosyesi

Rüstəm İbrahimbəyovun sirli cinayət dosyesi üzə çıxdi.
Məlum olduğu kimi, yanvarın 17-də ölkəni tərk etdikdən sonra Bakıya qayıtmağa tərəddüd edən tanınmış kinodramaturqun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqına qarşı cinayət işi açılıb. Qurumun rəsmisi Lalə Əfəndiyevanın isə ölkədən çıxmasına qadağa qoyulub.
Milli Şuranın vahid namizədindən ehtiyat namizədi statusuna düşən Rüstəm İbrahimbəyovun ölkəyə qayıtmasına yaradılmış problem pasport və vergi məsələsindən də ciddi imiş.
Vergilər Nazirliyinin Kinematoqrafçılar İttifaqında apardığı yoxlama ilə bağlı məlumatında deyilir ki, ittifaq 2009-cu ildə XI “Şərq-Qərb” Bakı beynəlxalq kinofestivalının keçirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinin ayırdığı vəsaitin xeyli miqdarını talayıb, 12373,56 manat məbləğində vergi dövlət büdcəsinə ödənilməyib. Fakt üzrə Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət işi başlanıb. Kinematoqrafçılar İttifaqının festivalın keçirilməsi üzrə səlahiyyətli nümayəndəsi olmuş Lalə Əfəndiyevaya isə Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham elan olunub.
Cinayət Məcəlləsinin 213.1-ci maddəsi xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma haqqındadır. Bu maddə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.
Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama əməlinin külli miqdarda törədilməsi haqqındadır. Bu maddə əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Qeyd edək ki, bu cinayət işi ilə bağlı L.Əfəndiyevanın iki dəfə ifadəsi alınıb və istintaqın gedişi ilə bağlı cəmiyyətə hər hansı məlumat verilmir. (Bu arada “Reytinq” qəzeti məlumat yayıb ki, Rüstəm İbrahimbəyovun sahibi və rəhbəri olduğu “İbrus”a qarşı da cinayət işi başladılıb, hazırda istintaq gedir.) Xanım Əfəndiyeva isə Rüstəm İbrahimbəyovun məslək arkadaşı olmasından başqa, həm də həyat yoldaşıdır; onların övladları da var. İşin qəribə tərəfi də bundadır ki, İbrahimbəyov üçün son dərəcə mühüm və əziz olan iki şəxs hazırda Bakıdadır; istintaq getdiyinə görə Azərbaycandan çıxa bilmirlər və bu durum uzun müddətdir ki, ictimaiyyətin diqqətinə təqdim edilmir…
R.İbrahimbəyov bu müddətdə mətbuata verdiyi açıqlamalarda Bakıya qayıdacağı halda bu cinayət işi ilə bağlı ölkədən çıxmasına qadağa qoyulacağını bildirmişdi. Amma ara-sıra R.İbrahimbəyov onun barəsində yeni bir cinayət içinin açılmasının da gündəmdə olduğuna işarə vurmuşdu.
Məsələn, Milli Şura üzvləri ilə Tiflis görüşü öncəsi dediklərini xatırlayaq: “Bir neçə gün əvvəl mənə xəbər verdilər ki, Bakıya getsəm, barəmdə cinayət işi başladacaqlar. Uydurma cinayət işi onlara imkan yaradır ki, məni Bakıdan xaricə buraxmasınlar. Belə olarsa, Rusiya vətəndaşlığımın ləğvi həll olunmayacaq. İndi mənim əsas işim ikili vətəndaşlıqdan çıxmaqdır. Bu da mənim Moskvada olmağımı tələb edir”.
Avqustun 7-də R.İbrahimbəyov “Yeni Müsavat”a müsahibəsində maraqlı bir faktı ictimailəşdirib. Jurnalistin “Vergilər Nazirliyi rəsmi məlumat yaydı ki, Kinematoqrafçılar İttifaqından yalnız bir nəfərə cinayət işi açılıb. Hakimiyyət nümayəndələrinin mövqeyi belədir ki, sizinlə bağlı həbs planı yoxdur”, – sualına R.İbrahimbəyov belə cavab verib: “Bunu yalan deyirlər. Çünki orda ikinci cinayət işi açılıb və çox fəal şəkildə, səhərdən axşamadək istintaq aparılır. Siz rəsmi qurumlara müraciət edib bu barədə məlumat ala bilərsiniz”. Söhbətin hansı cinayət işindən getdiyi bu günədək məlum deyil və bu barədə hər hansı rəsmi məlumat da yayılmayıb.
Amma söhbətin hansı cinayət işindən gedə biləcəyi barədə hələ R.İbrahimbəyov bu açıqlamanı verməmişdən əvvəl də bəzi iddialar vardı. Ehtimal olunurdu ki, iyulun 20-də Bakı aeroportunda qaçaqmalçılıq ittihamı ilə həbs edilən Prezident Administrasiyasının İşlər İdarəsinin keçmiş rəhbəri Akif Muradverdiyevdən Milli Şuraya və qurumun vahid namizədinə qarşı istifadə edə bilərlər. R.İbrahimbəyovun “Yeni Müsavat” a müsahibə verdiyi gün sabiq xarici işlər naziri əvəzi işləmiş Nicat Quliyev həbs edilir. Onun bağından silah-sursat tapılır.
N.Quliyevin həbsindən əvvəl Milli Şura rəhbərliyi ilə əlaqələr qurmağa cəhd etməsi barədə “Yeni Müsavat” manşet yazı dərc etmişdi. Yazıda bildirilir ki, N.Quliyev son iki ayda aktiv şəkildə müxalifət düşərgəsinə, xüsusilə Milli Şuradakı bir sıra tanınmış simalara yaxınlaşmaq, birbaşa əlaqə qurmaq təşəbbüsləri göstərib. Müxalifətin tanınmış siması olan bir mənbə isə demişdi ki, Nicat Quliyevi bu işə bilərəkdən və planlı qoşublarsa, heç şübhəsiz, Milli Şuranın önəmli adamlarından heç olmasa biri ilə görüşdürüblər. “Telefon, skayp danışıqları da qeydə alına bilər. Hətta mümkündür ki, o, kiməsə maliyyə dəstəyi verib və bu da lentə alınıb”, – deyə, xəbərdə bildirilirdi.
Avqustun 23-də isə “mediaforum”a danışan R.İbrahimbəyovun Bakıya qayıtmaqla bağlı suala cavabına diqqət yetirək: “Hesab edirəm ki, əgər prezidentliyə namizədliyimi qeydiyyata almasalar, məni seçkiyə buraxmasalar, Azərbaycana qayıtmağım bir qədər ağılsızlıq olar. Çünki burada olmaqla prosesə daha çox dəstək verə, kömək edə bilirəm. Azərbaycana qayıtsam, məni həbsxanaya atacaqlar, təcrid edəcəklər və bu prosesə heç bir kömək edə bilməyəcəm. İqtidar elə bir qorxuya düşüb ki, hamını həbs etməyə hazırdır. Nicat Quliyevin işinə baxın. Nicat Quliyev bir neçə dəfə mənə zəng edib. Ona görə də onun bağına silah, sursat, top-tüfəng atıb türməyə basdılar. Cəmi iki-üç zənginə görə. Özü də bu, siyasətlə bağlı zənglər deyildi. Biz çoxdan tanışıq, elə-belə hal-əhval soruşmaq üçün zəng etmişdi. Amma iqtidarın belə bir qorxuya düşməsinin səbəblərini bilmirəm. Ona görə də indi hər şeyə gedərlər”.
R.İbrahimbəyov həbs təhlükəsindən danışarkən N.Quliyevi xatırlatması, onunla telefon söhbətlərini deməsi təsadüfə oxşamır. Böyük ehtimalla həm A.Muradverdiyevin, həm N.Quliyevin həbsi Milli Şuranın vahid namizədini təzyiq altda saxlamaq məqsədi güdüb. R.İbrahimbəyovun da Bakıya qayıtmağa ehtiyat etməsi də bu işlə bağlıdır.
Nicat Quliyevin vəkili Elton Quliyev müvəkkili olduğu şəxsin Rüstəm İbrahimbəyovla telefon əlaqəsi saxlaması faktına münasibət bildirib. O deyib ki, bu məsələ barədə Nicat Quliyevlə danışıb dəqiqləşmə aparmalıdır: “Nicat Quliyev tanınmış adamdır, onun Rüstəm İbrahimbəyovla və Azərbaycanda tanınmış, yüksək rütbəli başqa şəxslərlə münasibətinin olması normal bir şeydir. Məgər Rüstəm İbrahimbəyov vətən xainidir, burda nə var axı?”
Gün ərzinə bu mövzu ilə bağlı nə rəsmi orqanlardan, nə R.İbrahimbəyovdan mövqe öyrənə bilmədik.

İslaminsesi.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button