Aktual

Yeniyetmələr üçün 20 tərbiyəvi hekayə

Hazırkı yazı Ərdəbilin təhsil idarəsi və şəhid Bakiri adına bilik mərkəzinin vasitəsilə 1377 hicri-şəmsi (1998-ci miladi) ilində çap olunmuşdur.

Əxlaq ustadı höccətul-islam vəl-müslimin Seyid Həsən Amilinin gənclər və yeniyetmələr üçün iyirmi tərbiyəvi hekayəsi

Müqəddimə

بسم الله الرحمن الرحیم؛ الحمدلله رب العالمین و صلی الله علی محمد و آله الطاهرین و لا سیما بقية الله في الأرضین

Bağışlayan və mehriban Allahın adı ilə. Həmd olsun aləmlərin rəbbi olan Allaha. Allahın salavat və salamı olsun Məhəmmədə və onun pak ailəsinə. Xüsusilə də yer üzündə olan Bəqiyyətullaha.

İnsan həyatının ən yaxşı nəğmələrini, ən şadedici incəsənətini, ən cazibədar gözzəlliklərini və ən aşiqanə talehini tövhid şərabını başına çəkmiş, özünü Nəhayətsiz Camal və Cəlal nurunda fani etmiş, məhrəmlik dilini öyrənmiş şəxslər yaratmışlar.

Bu sətirlərin sahibi həmişə “İndə zikris-salihinə nuzulur-rəhməh” (Salehləri yada salmaq Allahın rəhmətinin nazil olmasıdır) olduğu üçün tövhid cilvələrində qovrulmuş şəxsiyyətlər barədə Ali-Məhəmmədin (ə) hərəmi olan Müqəddəs Qum şəhərindən Ərdəbilin “Darul-irşad”ına nəql etmişdir.

Bu il 1376 şəmsi və 1418-ci qəməri ili mübarək Ramazan ayıdır. Ağanın (Seyid Həsən Amilinin) dostlarından və yaxınlarından bəziləri onun söhbətləri əsnasında dediyi bəzi irfani hekayə və rəvayətləri əziz şagirdlərin istifadə edə bilməsi üçün çap etmək qərarına gəlmişlər.

Söhbətin mövzusunda hər hekayənin əvvəli və sonu o hekayədən istifadənin növündə tam təsirli olmasına baxmayaraq, bu hekayələrin (söhbətin mövzusundan ayrı) nəqli də məxsusən şagirdlər üçün faydasız deyil. Həzrət Əhədiyyətin dərgahından bu işdə bütün zəhməti olanlara və əziz şagirdlərə ilahi razılıq, savab, lütf, kərəm və tofiq istəyirik.

Seyid Həsən Amili – Ərdəbil – Mübarək Ramazan ayı 1418 h.q.

1. Seyid Sədrəddin Dizfoli

Həzrət Ayətullah Behcət buyurdu: “Biz mənəviyyatda yeddi yüz il geri qalmışıq. Bir zaman var idi ki, Nəcəfi-əşrəfdə kəramət əhli olmayan kəs nadir olardı. İndi isə kəramət əhli olan kəs nadirdir”.

Müəllif deyir: Bir çox şəhərlər kəramət əhlilin və rəbbani alimlərin bərəkətindən tam toxunulmaz idi. Seyid Sədrəddin Dizfol şəhərində mərifət əhlinin və əlacsız möhtaclarln sığınacaq yeri idi. Dizfol şəhəri hətta onun vəfatından sonra da onun tərbiyə etdiyi ilahi insanlarla dolu idi. Onun cənazəsini bir çadıra qoymuşdular. Şeyx Məhəmməd qüsl vermək üçün çadıra daxil oldu. Amma camaat birdən onun təşvişlə çölə çıxmasını gördülər. Bunun səbəbini soruşduqda, dedi: “Elə ki, qüsl verməyə başladım, Seyid gözlərini açıb, dedi: “Ağa şeyx Məhəmməd, əvvəl get dəstəmaz al, sonra gəl mənə qüsl ver!”

2. Kimyayi-vücud

Mərhum Şeyx Məhəmməd İsfahani, İsfahan şəhərinin böyük ariflərindən idi. O, uzun müddət İsfahanın Təxti-Fulad şəhərində kimyagərliklə məşğul olur, amma nəticə ala bilmir. Gecə yarısı Təxti-Fuladdan qayıdarkən Siose körpüsünün əvvəlində bir qoca kişi onu öz adı ilə çağırır və deyir: “Ağa, şeyx Məhəmməd Hüseyn, kimya sənin vücudundadır. Suya bax!” Şeyx baxıb görür ki, çayın suyu tamamilə qızıla dönmüşdür. Bu hadisə onun dəyşilməsinə səbəb olur və belə nəticəyə gəlir ki, özünü öz zatından xaricdə axtarmasın.

Həzrət Ayətullah Behcət deyir: Ariflərdən biri Peyğəmbəri (s) yuxuda görür və ondan soruşur: “Şeyx Ənsarinin halı necədir?” Peyğəmbər (s) buyurur: “Mənim şəfaətimlə nicat tapdı”. Yenə soruşur: “Seyid Məhəhmməd Baqirin vəziyyəti necə oldu?” Buyurur: “Bizə olan sevgisinə xatir nicat tapdı”. Arif soruşur: “Bəs Şeyx Məhəmməd Hüseyn necə?” Buyurur: “Birbaşa Allahın hüzuruna getdi və hər nə istədisə, Allah ona verdi”.

3. Fikirdə idi, o fikirlərdə!!!

Həzrət Ayətullah Behcətə dedilər ki, hicaba riayət etməyən qadınlara nəhy əz münkər etmək çətindir. Çünki naməhrəmə baxmaq lazım gəlir. Ayətullah Behcət dedi: “Onlara nəhy əz münkər etmək mümkündür və heç bir çətinliyi yoxdur. Ayətullah Mirzə Məhəmməd Təqi Şirazi gözünü qorumaqda elə idi ki, bəzən heyvanlarla rastlaşırdı! Bəzən yolda ondan soruşurdular: Hara gedirsiniz? Deyirdi: “İcazə verin, fikirləşim deyim”. Həzrət Ayətullah Behcət davam edib, dedi: “Ağa fikirdə idi, o fikirlərdə!”

Elə məst et ki, özümdən çıxmağımı bilməyim

Dünyaya kimin gəldiyini, kimin getməyini bilməyim.

4. Dəyişdim!!!

Həzrət Ayətullah İzzəddin Zəncani deyir: “Şah zamanında İsfahanın rəislərindən biri hər cümə günü şəhərdən qıraqda fəsad məclisi açır, öz dost-tanışlarını ora dəvət edir, daha artıq ləzzət almaq üçün özü ilə zinakar qadın da apırırdı. Ora yığışanlar hər dəfə bağın küncündə qoca bir kişinin ibadətlə məşğul olduğunu görürdülər. Cümələrin birində həmin qadın dostlarına deyir: Mən gedib o qocanın halını dəyişdirmək istəyirəm. Bu məqsədlə qocanın yanına gedir, yarıçılpaq halda onun qarşısında rəqs edərək, Hafizin bu qəzəlini oxuyur:

Yaxşılar yanında bizə yer vermədilər

Əgər sən bəyənmirsənsə, qəzanı dəyiş.

Qəzəli oxuyub qurtardıqdan sonra qoca başını qaldırıb, ona deyir: “Dəyişdim”. Qocanın bu sözü ilə (bu dünyada təkvini vilayətin ən uca əlamətini göstərir) qadın tamamilə dəyişir və məntəqədə ən abid bir şəxsə çevrilir”.

Böyük şəxsiyyərlərdən biri deyir: “O qadının imanından qaldığı, fitrəti tamamilə məhv olmadığı və qayıtmağa hələ də istedadı olduğu üçün həmin qoca, ona nicat verməyə məmur olmuşdur”.

5. Hər hansında Allah olsa!

Həzrət Ayətullah Gulpayaqaninin oğlu deyir: “Atamdan soruşdum: Siz tələbə olmağa üstünlük verərdiniz, ya mərcəi-təqlid olmağa? Bir an belə fikirləşmədən cavab verdi: “Hər hansında Allah olsa!”

6. Ruhu çıxarmaq

Ayətullah Şeyx Cavad Tehrani nəfsini mücərrəd etmə məqamına çatan şəxslərdən idi. O özü nəfsi mücərrəd etməyin sübutunda yazır: “Hal-hazırda ki, bu kitabı yazıram, libaslarımı divardan asmışam və onları görürəm. Necə ki, özüm çölə çıxmışam və özümə baxmışam”.

“Xorasan” jurnalında onun qırx mərasimi münasibətilə Ayətullah Ərakininin dilindən yazılmışdı: “Şeyx Cavad Tehrani hətta namazda da ruhunu çıxarırdı”.

7. Məhrəmliyin səbəbi

İnsanın heyvandan və Allah qoşununun şeytan qoşunundan üstünlüklərindən biri budur ki, hər vaxt mənəvi məqamlardan məhrum olsa, bunun səbəbini özündən soruşur. İmam Səccad (ə) bunu “Mənə nə olubdur?” kəlamı ilə başlayır və məhrumluğun güman edilən səbəblərini deyir. Onlardan biri də budur: “Pərvərdigara! Olmaya mən Sənin haqqını yüngül saymışam ki, məni uzaqlaşdırdın!”

Böyü şəxsiyyətlərdən biri deyir: “Qırx il bundan qabaq Ayətullah Ərakidən soruşdum: Duada gəlmiş “Fəəqzəytəni” cümləsi nə deməkdir? Buyurdu: “Yəni, get burdan!”

8. Evi təmizlə sonra

Mazandaranın böyük ariflərindən biri imam Rizanın (ə) ziyarətinə getmək istəyən ixlaslı şəxslərin birnə məktub verərək deyir: “Bu məktubu aparıb imam Rizaya (ə) verərsən, qayıdanda da cavabını alıb gətirərsən”. O da imam Rizanın hərəminə gedir və məktubu zərihin içinə atır, özü ziyarət və dua ilə məşğul olur. Qayıdanda zərihə yaxınlaşıb deyir: “Ağa, mən cavab gözləyirəm”. Birdən gözlənilmədən hərəmdəki camaatı çıxarmağa başlayırlar və hərəm xəlvət olur, həzrət zərihin içindən ona xitab edir: “Bizim tərəfimizdən məktub sahibinə de:

Ayine şo, cəmali pəri tələtan tələb

Carob kon xane, sepəs mehman tələb

Güzgü ol, pəriçöhrələr camalı istə

Evi təmizlə sonra qonaq istə”.

Məktuba cavab alan şəxs, sevincək imamın (ə) cavab müjdəsini arifə çatdırmaq üçün onun evinə gəlir. Qapını döyür və başa düşür ki, o evin içində imamın (ə) verdiyi həmin cavabı zümzümə edir.

9. Rəhmət nazil oldu!

Ayətullah Kərbəlayi deyir: “Ayətullah Ənsari Həmədaninin hüzurunda idim və təqvalı alimlərindən olan birinin moizəsinə qulaq asırdım. Bir anlığa ürəyimdə mənəvi hal hiss etdim, çox yüngülləşdim. Bu halı hiss edən kimi Ayətullah Ənsari qulağıma dedi: “Rəhmət nazil oldu!”

Ustadlar ustadı həzrət Ayətullah Seyid Əli Qazi deyirmiş: “Ramazan ayının girməsini bilmək üçün Ayı görməyə ehtiyacım yoxdur. Ramazan ayı daxil olan kimi mənəvi fəzadan dərhal bunu başa düşürəm. Necə ki, siz istiliyin və ya soyuğun otağa daxil olmasını hiss edirsiniz”. O, öz sözünü bu hədisə əsaslandırırdı: “Ramazan ayında şeytanlar məğlub olur və daha Yer üzündə heç bir şeytan olmur”.

10. Bu qədər vilayətimiz var!

Ayətullah Bürucerdinin zamanında möminlərdən biri ondan şəri hökm soruşur. O da cavabında yazır: “Fəqih Gulpayaqaniyə müraciət olunsun”. Sual verən şəxs zirəng adam olur və bu məktubu saxlayır. Ayətullah Bürucerdinin vəfatından sonra Ayətullah Gulpayaqaninin mərcəiyytinin təbliği üçün ondan yazılı sənəd kimi çoxlu istifadələr edir. Bu xəbər Ayətullah Gulpayaqaniyə çatır. Ağa da həmin şəxsi çağırtdırıb, ondan yazılı kağızı alır və qaytarmır. O deyir: “Bu kağızın maliki mənəm və şəri baxımdan sizin onda təsərrüf etmək haqqınız yoxdur”. Ayətullah Gulpayaqani təbəssümlə deyir: “Bu qədər vilayətimiz vardır”.

11. O, mənim barəmdə ğülüvv edib

Qum şəhərinin məddahlarından biri bayram məclisində Ayətullah Bürucerdini çox təriflədi. Məclis sona yetdikdən sonra həmişəki qayda üzrə Ayətullah Bürucerdidən məddaha vermək üçün ənam istəyirlər. Ağa uca səslə buyurur: “Ona heç nə verməyəcəm. Çünki o, mənim barəmdə ğülüvv edibdir”.

12. Döyüş meydanında tufan

Müaviyənin Bəni-Haşimə qarşı kin və ədavəti o qədər idi ki, hətta Bəni-Haşimdən bir nəfərin də sağ qalmasını istəmirdi. Ona görə də müharibələrdə onları meydana çəkmək və bir-bir aradan götürmək istəyirdi. Tarixi mütaliə etdikdə məlum olur ki, həzrət Əmir əl-möminin Əli (ə) Müaviyənin bu mənfur fikrini bilirmiş və ona görə də Bəni-Haşim cavanlarına tapşırmışdı ki, təkbətək döyüşə getmək istədikdə ondan icazə alsınlar. Amma Müaviyə döyüşlərdə Bəni-Haşim cavanlarının qeyrətni təhrik edir və elə vaxtlar olurdu ki, onlardan bəzilərini həzrət Əlidən (ə) icazə almadan təkbətək döyüşə girmələrinə müvəffəq olurdu.

Bu cavanlardan biri də həzrət Əlinin (ə) əmisi oğlu Abbas ibn Rəbi idi. O, qeyrətli cavan həzrətdən icazə almadan Şamın böyük pəhləvanlarının birinin meydanına getdi. Onların arasında ağır döyüş başladı. Hər iki qoşunun gözü meydana dikilmişdi və öz nümayəndələrinin şücaətinə iftixar edirdilər. Abbas öz rəqibini cəhənnəmə göndərdi və həzrət Əlinin (ə) qoşununu sevincə qərq etdi. Qoşun hamılıqla “əhsən” deyə fəryad edirdi. Ravi deyir: “Mən arxa tərəfimdən bir nəfərin Abbas barədə bu ayəni oxumasını eşitdim:

قَتِلُوهُمْ يُعَذِّبْهُمُ اللَّهُ بِأَيْدِيكُمْ وَ يخُْزِهِمْ وَ يَنصُرْكُمْ عَلَيْهِمْ وَ يَشْفِ صُدُورَ قَوْمٍ مُّؤْمِنِين

“Onlarla vuruşun ki, Allah sizin əlinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırıb möminlərin ürəklərini fərəhləndirsin”. (“Tövbə” surəsi, ayə 14.) Dönüb, baxdıqda onun həzrət Əli (ə) olduğunu gördüm. Dedim, Ya Əli, bu cavan sizin özünüzdəndir, Abbas ibn Rəbidir. Həzrət narahat oldu və Abbası çağırıb, onu icazəsiz getdiyi üçün danladı. Amma “İlahi, Abbasın təqsirindən keç” deyə dua edib, onu iftixarlandırdı. Sonra buyurdu: “Hər vaxt Müaviyənin adamları səni meydana getməyə təhrik etsələr mənə xəbər ver”.

Bir müddətdən sonra Abbas, Şam pəhləvanlarının birinin onu meydana çağırmasını həzrətə xəbər verdi. Həzrət öz libasını Abbasın libası ilə dəyişdi və özü Şam pəhləvanının sorağına getdi. Pəhləvan Abbası görən kimi (onun Abbas olmasını bilmədi) dedi: “Əli sənə icazə verdi, yoxsa özbaşına gəldin?” Həzrət Əli ona hər necə -istər müsbət olsun, istər mənfi- cavab versəydi, yalan olacaqdı. Döyüşdə yalan deməyin icazəli olmasına baxmayaraq, həzrət Əli (ə) özünü saxladı və onun cavabında bu ayəni oxudu:

أُذِنَ لِلَّذِينَ يُقَتَلُونَ بِأَنَّهُمْ ظُلِمُواْ وَ إِنَّ اللَّهَ عَلىَ‏ نَصْرِهِمْ لَقَدِير

“Məcbur müharibəyə məruz qalanlara cihad və döyüş icazəsi verildi. Çünki onlara zülm olunmuşdur. Allah onlara kömək etməyə əlbəttə, tam qadirdir”. (“Həcc” surəsi, ayə 39.) Sonra onunla döyüşməyə başladı. Həzrətim döyüş qaydası belə idi ki, eninə, ya uzununa bir zərbə ilə öz rəqibini öldürürdü. Bu medanda da qabağa gələn hər pəhləvanı öldürürdü. Bu səhnəni görən Əmr ibn As, Müaviyəyə dedi: “Elə güman edirəm, bu Abbas deyil. Çünki onun belə gücü ola bilməz”. Müaviyə dedi: “Bunu bilmək üçün nə edək?” Əmr ibn As dedi: “Bir dəstə qoşun ona həmlə etsin. Əgər yerindən tərpənməsə, o Əlidir”. Bununla da şamlılar başa düşdülər ki, kələklə Bəni-Haşimi meydana çəkmək istədikləri halda Bəni-Haşimin başçısı (onların bu hiyləsini başa düşmüş) özü onların meydanına gəlmişdir”.

13. Quranın həqiqəti

Təqvalı bir şagird ustadının yanına gəlib deyir: “Mən hər gecə bir Quran xətm edirəm, amma onun ləzzət və nurunu hiss etmirəm”. Ustad deyir: “Qıflı açmamısan və batini müşahidə etməmisən. Mütəal Allah Quranda buyurur:

أَفَلَا يَتَدَبَّرُونَ الْقُرْءَانَ أَمْ عَلىَ‏ قُلُوبٍ أَقْفَالُهَا

“Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur?” (“Muhəmməd” surəsi, ayə 24.)

Bu gecə Quran oxuyanda təsəvvür et ki, mən sənin yanındayam.

Şagird sabah gəlib ustada deyir: “Quranın yarıdan artığını oxuya bilmədim”. Ustad deyir: “Bu gecə təsəvvür et ki, Peyğəmbərin (s) səhabəsi Salman sənin yanındadır”. O gecənin səhəri şagird ustada deyir: “Yalnız Quranın üçdə birini oxuya bildim”. Ustad bu dəfə deyir: “Bu gecə təsəvvür et ki, Peyğəmbərin (s) hüzurunda tilavət edirsən”. Şagird sabah gəlib deyir: “Təkcə “Həmd” surəsini oxuya bildim”. Ustad bu dəfə deyir: “Bu gecə təsəvvür et ki, Allahın hüzurunda oxuyursan”. Səhər ustada xəbər verdilər ki, şagird olübdür. Ustad onu yuxuda gördü və məsələnin həqiqətini ondan soruşdu. Şagird dedi: “Allahdan istədim ki, Peyğəmbərin (s) bərəkəti xatirinə Quranın nur və bərəkətini mənim ürəyimə nazil etsin. Belə də oldu. Amma hətta “Bismillahir-rəhmanir-rəhim”i də oxuya bilmədim. “Bismillah”ı başladım, taqətim tamam oldu”.

14. Sinənin genişliyi

Əllamə Seyid Məhəmməd Hüseyn Hüseyni Tehrani deyir: Molla Hüseynqulu Həmədaninin nəvəsi Nəcəfi-əşrəfdə mənə dedi: “Mərhum Axund öz yoldaşları ilə ziyarət məqsədilə Kərbəlaya yola düşürlər. Yolda çöl ərəbləri onların hər nələri varsa oğurlayırlar. Amma sonra onları tanıyır və bütün apardıqları əşyaları geri qaytarırlar. Mərhum Axund təkcə vəqfi kitabları götürür, öz kitablarını və mallarını almır. Oğrulara deyir: “Siz bu malları aparan kimi mən onları halal etdim. Çünki Allahın mənə görə bir kəsi cəhənnəm odunda yandırmasını istəmədim”.

Böyük dərya bir daş ilə lillənməz

Arif əgər narahat olsa, hələ səhəngdir.

Yüngüllər hər axmaq sözlə özlərindən çıxarlar

Azca nəsim əsməklə neyistan fəryad edər.

15. Başqalarının hüquqlarına diqqət

Taha Nəcəf, Nəcəfi-əşrəfin yaşı keçmiş qoca ariflərindən idi. O ömrü boyu şəxsi işlərindən ötəri bir dəfə də olsun qəzəblənməmişdi. Ömrünün axırlarında dostları onun heç olmasa bir dəfə qəzəblənməsini görmək üçün onu imtahan etmək qərarına gəlirlər. Bu işi etmək üçün onun arvadını vasitə edir və ondan istəyirlər ki, bir dəfə ağanın dəstəmaz aftafasını doldurmasın. Bəlkə, həmişə aftafasını dolu görən arif bu dəfə boş gördükdə əsəbləşə!

Qadın da aftafanı doldurmamaqdan əlavə quyunun ipini də vedrədən açır, aftafanı və vedrəni həyətin bir küncünə atır. Ağa dəstəmaz almaq üçün mütaliə otağından çölə çıxır, amma aftafanı tapmır. Həyat yoldaşından soruşduqda ondan bu cavabı eşidir: “Mən sizin aftafanızın zamini deyiləm”.

Ağa bir təhər aftafanı tapır, onu doldurmaq üçün quyu başına gəlir, amma ipin və vedrəninin də olmadığını görür. Nəhayət, ip və vedrəni də axtarıb tapır. Vedrəni ipə bağlayıb quyuya atır. Suyu yuxarı çəkdikdə özünü saxlaya bilməyib, bərk ağlamağa başlayır.

Uzaqdan arifin hərəkətlərini izləyən qadın onun ağlamağına dözə bilmir və gəlib vedrəni özü quyudan çəkib çıxarır. Qadın elə bilir ki, əri ondan intiqam ala bilmədiyi üçün əsəbindən ağlayır. İmtahanın nəticə verməsini güman edib sevinən qadın ərindən soruşur: “Nə üçün ağlayırdın?” Arif onun cavabında deyir: “Bu vaxta qədər bir aftafanın doldrulması üçün bu qədər müqəddimə lazım olduğunu bilməmişəm. Mən bu məsələdən qafil olduğumdan indiyə kimi sənə zülm etmişəm. İndi də ağlayıram ki, Allahın qarşısında sənə etdiyim bu qədər zülmün cavabını necə verəcəyəm”.

16. Kəraməti demək

Böyük ariflərin adəti bu olmuşdur ki, öz kəramətlərini və xariquladə işlərini heç kimə deməmişlər. Amma bəziləri bu qaydanı pozmuş, sanki, kəraməti açıqlamağa məmur olmuşlar.

Belə nadir ariflərdən biri də Molla Həbibullah Kaşi (Kaşani) olmuşdur. Zahirən o, kəraməti deməkdən çəkinməmişdir. Onunla bir zamanda yaşamış böyüklərdən biri deyir: “Yuxuda gördüm ki, Həbibullah Kaşi üçün əzəmətli bir qala tikiblər, amma başdan-başa deşik-deşikdir. Dedilər ki, o, çox kəramət nəql edir”. Yuxudan ayılıb, gördüklərimi demək üçün Kaşinin yanına yollandım. Təzə qapının ağzına çatmışdım ki, içəridən dedi: “Gəl içəri. Nə demək istədiyini bilirəm. Bir deşik də o deşiklərin üstünə!”

17. Yaxşı yoxladınmı!

Şeyx Abbas Quçani, ustadlar ustadı Seyid Əli Qazinin yaxşı şagirdlərindən olmuşdur. Ondan nəql olmuşdur: “Seyid Əli Qazinin Kufə məscidində hücrəsi var idi. Biz də ora yığışır, onun elm və maarifindən bəhrələnirdik. Ağa təklif etdi ki, bir gün Kufədən qıraqda bir az gəzək. Şəhərdən təzə çıxmışdıq və ağa söhbət edirdi. Birdən böyük bir qara ilan qarşımıza çıxdı. Hamının diqqəti ona yönəldi və ağa söhbətini kəsdi. Qazi ilana dedi: “Allahın izni ilə öl”. Onun bu sözü ilə ilan yerində donub qaldı. Bu hadisədən sonra Qazi şagirdləri ilə geri qayıtdı və söhbəti hücrədə davam etməyi qərara aldıq. Bu vaxt yoldaşlarımızdan biri getmək üçün Qazidən icazə istədi. (Biz sonradan başa düşdük ki, o ilanın ölüb-ölməməsini yoxlamaq istəyirmiş.) O bir azdan qayıtdı. Qazi ona dedi: “Yaxşı yoxladınmı?”

18. Mübahilə hamının haqqıdır?!

Ayətullah Əllamə Təbatəbainin etiqadı bu idi ki, mübahilə Allah

taalanın haqdan himayət olunması üçün hamının ixtiyarında qoyduğu bir nişanədir. O, deyirdi: “Mübahilə ayəsində hamının mübahilə etməyə haqlı olmasında və təkcə Peyğəmbərin (ə) Nəcran nəsraniləri ilə mübahiləsinə məxsus olmaması üçün işarələr vardır. Əhli-beytdən (ə) nəql olan hədislər də ayənin ümumi olmasını təsdiqləyir. İmam Baqir (ə) mütə nikahının icazəli olması barədə Abdullah ibn Ömərlə münazirəsində onu mübahiləyə dəvət edir. Həmçinin bir rəvayətdə imam (ə) bəzi əhli-sünnə alimləri ilə məzhəbi münazirə edən şiələrindən birinə, qarşı tərəfi mübahiləyə dəvət etməyi əmr edir”.

Müəllif deyir: Əllamə Təbatəbainin şagirdlərindən olan Ayətullah Ənsari Şirazi deyir: “Həzrət Ayətullah Əllamə Təbatəbai o qədər pak insan idi ki, bütün beynəlxalq aləmdə digər din və məzhəblərin alimləri ilə on iki imamçı Cəfəri məzhəbinin haqq olması barədə mübahilə etməyə hazır olduğunu elan etmişdi”.

Müəllif deyir: Mübahilə iddiası, sadə bir iddia deyil. Mübahilənin kökü təkvini vilayət məsələsinə qayıdır və vücudları Allahın nuru ilə incələnməyən şəxslərdən başqa heç kim bacarmaz. Əllamə Təbatəbai buna qadir idi. Müxtəlif dövrlərdə də əhli-beyt (ə) maarifindən bəhrələnmiş böyük şiə alimləri bunu bacarırdılar.

Mirzə Məhəmməd Həmədani deyir: “Şeyx Cəfər Şuştəri Ramazan ayının son on günlüyündə Sipəhsalar məscidində camaat namazını qıldıqdan sonra moizəyə başlayırdı. Belə günlərin birində günah əhlindən olan birisilə mübahilə edib dedi: “Hər kəs güman etsə ki, məbdə və məad yoxdur; onda desin: Mən Cəfərin Allahının qüdrətindən amandayam. Bu surətdə əgər diri qalsa, günahını davam etsin”.

19. Təkcə bir baxış

Həzrət Ayətullah Zahidi mərifət aləminin şahkarlarından idi. O, yüksək elmi məqamına baxmayaraq əhli-beytə olan eşqinə görə təvazökarlıqla minbərə gedərdi. Mərhum Seyid Mehdi Xərrazi deyir: ” Ayətullah Zahidi bizim evdə moizə edirdi. Birdən alman saatı öz bədheybət səsilə zəng çalmağa başladı. Zəng səslənən kimi Ayətullah Zahidi saata tərəf baxdı. Zəng həmin baxışla da dayandı. Məclis sona yetdikdən sonra gedib saata baxdıq. Saat tamamilə işdən düşmüşdü. Saatı təmir etmək üçün saatsaza apadıq. Amma saatsaz saatı qəbul etməkdən çəkinib dedi: “Əgər, saatın kimin əlində olmasını deməsəniz, saatı qəbul etməyəcəm”. Bunun səbəbini ondan soruşduqda dedi: “Bu saat adi adamın əlində olmayıb və onu xarab etmək də adi adamın işi deyil. Çünki saatın bütüm bağlayıcıları açılmışdır”. Bəli, təkcə bir baxış!”

20. Bir ömür arpa çörəyi!

Həzrət Höccəti Miyanəci müasir ariflərdən və Ayətullah Bəhauddininin xas şagirdlərindən idi və həftənin xas günlərində birlikdə Cəmkərana gedərdilər. Höccəti Miyanəci deyir: “Bir gün Tehranda bir cavan mənə bir qədər arpa çörəyi və duz verdi. Sonra bir dəstur-əməl verib dedi: “Əgər bu dəstur-əməli yerinə yetirsən, həzrət Əlini (ə) görəcəksən”. Bu hadisə məni olduqca sevindirdi. Amma dəstur-əməli Qumda, ya Məşhəddə edəcəyim barədə bir qərara gələ bilmirdim. Quranla istixarə etdim. Qum yaxşı, Məşhəd isə daha yaxşı gəldi. Ona görə də həyat yoldaşımla Məşhədə yola düşdük. Yolda ürəyimə gəldi ki, nə üçün bir cavanın sözü ilə belə bir səfərə çıxdım. Məşhədə çatdıqdan sonra Ayətullah Milaninin yanına getdim. İçəri daxil olan kimi mənə dedi: “Özündə şübhəyə yol vermə. Yol həmindir ki, sənə deyiblər!” Onun böyük kəramət sayılan bu qeybdən xəbər verməsiylə həvəslə dəstur-əməli yerinə yetirməyə başladım. Beş gün keçmişdi ki, arpa çörəyi yediyimə görə mədəmdə problem yarandı. Yenidən Ayətullah Milaninin yanına getdim ki, dəstur-əməldəki arpa çörəyini buğda çörəyi ilə dəyişsin. Mən içəri girən kimi dedi: “Əli (ə) bir ömür arpa çörəyi yedi, amma sən beş gün onu yeməyə davam gətirə bilmədin”. Bu söz mənə çox təsir etdi. Tez evə qayıdıb, arpa çörəyini qarşıma qoydum. Mövla Əmir əl-möminin Əlinin (ə) eşqilə və onun dözdüyü çətinliklərə bərk ağlayırdım ki, birdən gördüm evi tamam duman tutdu və həzrət Əmir (ə), Həsən (ə) və Hüseynlə (ə) daxil oldular və…”.

Və salam olsun hidayətə tabe olanlara!

http://darolershad.org

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button