ArxivXəbərlər

Dənizdə yatan pullar (ARAŞDIRMA)

Bakı nə istəyir – dəniz taksisi, yoxsa su avtobusu?

2000-ci illərin ortalarında İstanbulda dəniz taksisi barədə ilk söhbətlər gedəndə sosial şəbəkələrdə məsələyə çox qeyri-cidi yanaşırdılar. Adamlar şəhərin quru ərazilərinin adını çəkib lağ-lağı edirdilər: “Görəsən, Halkalıdan hava limanına neçə dəqiqəyə gtmək olacaq? Tıxacda ilişib qalmarıq ki?” – deyə zarafatı sevən İstanbul gəncləri yazırdı. Yəni sadə insanlar dəniz taksisi adlı bir yeniliyi ciddi qəbul etmirdilər və evlərin qapısına gəlməyən, məhəllələrin içi ilə kilometrlərlə çox yol gedərək sahildə minməyə məcbur edən bir taksinin nə kimi uğur qazanacağını anlamırdılar.

Amma ANS PRESS-in məlumatına görə, zaman əksini göstərdi və 2008-ci ildə dəniz taksisi işə düşdü. Bu gün İstanbulun dəniz taksisi 20-yə yaxın körpü dayanacağı olan, geniş xidmət göstərən bir nəqliyyat vasitəsinə çevrilib. 14 milyon insanın yaşadığı və quru yollarında hər il 300 min qəza hadisəsinin törəndiyi meqapolisin insanları mənzil başına daha rahat sürətli çatmaq üçün dəniz takisindən istifaə edirlər. Qiymətlər də elə baha deyil – 10 nəfərlik taksi şəhər daxilində ən uzaq məsafəyə 300 lirə (150 manat) pul istəyir ki, bu da taksilərlə təxminən eyni qiymət deməkdir.

Məhz bu cəhətləri nəzərə alınaraq Bakıda da dəniz taksisinin yaradılması layihəsi gündəmə gəlir. Artıq Bakıya 40-a yaxın xüsusi kater gətirilib. 10 nəfərə qədər adam tutan bu katerlərin 5 istiqamətdə hərəkət etməsi nəzərdə tutulur, yəni ilkin olaraq 5 yerdə dayanacaq tikiləcək. Dövlət Dəniz Administrasiyası mümkün dayanacaqlar kimi Dövlət bayrağı meydanı, Paraşüt qülləsi, Əhmədli və Nargin adasının adını çəkib. Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov həm də dəniz taksilərinin sərnişinləri Nargin adasına cəmi 5-7 dəqiqəyə çatdıracağını, yəni şəhərdaxili hərəkət üçün çox sürətli olduğunu bildirib. Administrasiyadan ANS PRESS-ə verilən məlumata görə, hazırda məsələ müzakirə edilir və əsasən İstanbul dəniz taksisinin fəaliyyəti öyrənilir. “Hazırda layihənin iqtisadi səmərəliliyi tədqiq edilir və müzakirələr gediş qiymətlərinin əhalinin büdcəsinə uyğunlaşdırılması ətrafında aparılır”,- deyə qurumun mətbuat xidmətinin rəhbəri Ərsalan Əliyev bildirib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev isə gələcəkdə dəniz taksisinin marşrutlarının arta biləcəyini vurğulayır. “Bizdə yeni Pirallahı rayonu yaradılıb, tamamilə adalardan ibarət bir rayondur. Dəniz taksisinin marşurutları həmin adaları da əhatə eləməlidir. Həmçinin Qaradağ rayonu ərazisində Xəzər Adaları layihəsi gerçəkləşdirilir ku, marşrut ora qədər də uzadıla bilər”,- deyə Cahangir Qocayev ANS PRESS-in əməkdaşı ilə söhbətində bildirib.

Nəqliyyatın təşkili üzrə ekspert Azər Allahverənov isə məsələnin ekoloji tərəfinə diqqət yetirir. Onun sözlərinə görə, dəniz yolu ilə şəhər daxili ictimai nəqliyyatın təşkili yollarda gərginliyi xeyli azaldar, sərnişinləri tıxac problemindən azad edər. “Dəniz yolu tıxacları olmayan ən təhlükəsiz və sürətli ictimai nəqliyyat təşkil etməyə imkan verər. Təsəvvür edin, adamlar Əhmədli tərəfdən şəhərin mərkəzinə və yaxud Bayıla 5-10 dəqiqəyə çatırlar, heç bir tıxacda qalmaq təhlükəsi də yoxdur. Həm də şəhərin havasını çirklənmir”,- deyə nəqliyyat eksperti ANS PRESS-ə bildirib.

Lakin Azər Allahverənovun fikrincə, nəzərdə tutulan dəniz taksilərinin xidməti baha başa gələcəyindən geniş kütlələr arasında elə də populyar olmayacaq: “Mənim ehtimallarıma görə, dəniz taksilərində gediş qiyməti adambaşına 5-6 manatdan ucuz olmayacaq. Amma bizə isə təxminən 50 qəpik ətrafında xidmət göstərən kütləvi dəniz atobusları lazımdır. Zənnimcə, belə layihələrdə 5-6 aya qoyulan xərci çıxarmaq, ondan sonra gəlirlə işləmək barədə düşünməyə dəyməz. Bu, ekoloji layihədir və şəhəri tıxac problemindən xilas etməyə xidmət etməlidir”,- deyə Azər Allahverənov vurğulayır.

Son illərdə Bakını tıxacdan xilas etmək üçün körpü və yol ötürücülərinin, piyada keçidlərinin, yolların tikintisi üçün 100 milyonlarla manat vəsaitin xərcləndiyi nəzərə alınarsa, yəqin ki, dəniz avtobuslarının tikintisi üçün də vəsait tapılar. Məsələn, Zığdan Binə ticarət mərkəzinə qədər dəniz avtobusu təşkil etməklə hər gün Binə və Sədərək yarmarkalarına hərəkət edən minlərlə sərnişinin işini rahatlatmaq olar və onlar şəhərin mərkəz hissəsində on dəqiqələrlə tıxaclarda qalmaqdan xilas olalar. Yəni ticarət üçün Binəyə səfər edən insanlar həm də dəniz ziyarətinə çıxarlar. Bu dəniz avtobusları üçün Əhmədlidə, Ağ Şəhərdə, “Sahil” metrosu ilə üzbəüz bulvarda, Bayıl bazarı ilə üzbəüz “Kristall Holl”a yaxın ərazidə, Bibiheybət qəsəbəsindəki yeni və əhali arasında çox populyar olan kütləvi istirahət zonasında aralıq dayanacaqlar da təşkil etmək olar ki, bu da layihəni yetərincə populyarlaşdırar. Dayanacaqların təşkili üçün yola yaxın hazır körpülrdən istifadə etmək olar və layihə xeyli ucuzlaşar.

Bu işdə 2011-ci ildə paytaxtında çay tramvayı təşkil etmiş Qazaxıstanın təcrübəsində yararlanmaq faydalı olar. Astananın təcrübəsini öyrəndikdə görmək olur ki, bunun üçün alınacaq su avtobusları elə də baha deyil, təxminən şəhərdaxili avtobuslar qiymətinədir. Qazaxıstan paytaxtı Astana üçün alınmış 30 yerlik 17 ədəd su avtobusunun hər birinə 80 min dollar xərclənib. Astanadan üç dəfə böyük olan Bakıda Zığ-Binə marşrutu ilə 30-a yaxın belə su avtobusu işə salmaq olar. Yəni son illərdə tikilmiş bir körpüyə xərclənən pulun yarısı qədər – hardasa 3 milyon dollar xərcləməklə, günlük trafiki 50 min sərnişinə çatacaq bir dəniz trafiki təşkil etmək olar. 50 qəpikdən götürdükdə, il ərzində bu, 10 milyon manata yaxın gəlir deməkdir. Yəni layihə ona çəkilən xərcləri 1 ilə rahatlıqla çıxara bilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button