ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Abbas Musəvi : Cənubi Qafqazda 6-tərəfli platformada əməkdaşlıqda maraqlıyıq”

İranın Xarici İşlər naziri Məhəmməd Cavab Zərif Cənubi Qafqazın 3 ölkəsi ilə Rusiya və Türkiyəyə ziyarət turuna çıxıb. Mütəxəssislər bu ziyarətin 44 günlük müharibədən və Azərbaycanın qələbəsindən sonra reallaşmasını təsadüfi saymırlar. İddialara görə, rəsmi Tehranın başlıca məqsədi regionda yaranmış yeni status-kvoda yer almaqdır.
 
Ovqat.com İran İslam Respublikasının səfiri cənab Abbas Musəvi ilə müsahibəsi də məhz bu mövzular ətrafında oldu. 
 
Müsahibəni təqdim edirik:

-Salam, Cənab Abbas Musəvi, Siz uzun illər İranın XİN-nin ən mühüm postlarında əyləşmiş təcrübəli diplomatsınız. Nazirliyin sözçüsü kimi ciddi mövqe sahibi olmusunuz. İranın ən təcrübəli diplomatının Azərbaycana səfir təyin olunması ölkəmizlə əlaqələrinə verdiyi önəmə işarədir. İranın son zamanlar Azərbaycanla münasibətlərə ayırdığı diqqət nədən qaynaqlanır?

– İran İslam Respublikası öz əlaqələrində daim qonşu ölkələrə, ələl-xüsus dost və qardaş Azərbaycan Respublikasına xüsusi diqqət yetirmişdir. Azərbaycan regionda mühüm ölkədir və İranla çoxsaylı ortaqlıqlara malikdir. Mədəni, tarixi, dini və məzhəbi sahələrdə olan bu ortaqlıqlar iki ölkə arasında yaxın əlaqələrin kökü və təməli olmuşdur. Bizim həmçinin uzun müştərək sərhədimiz var. Bizim üçün Azərbaycan Respublikasının sabitliyi və təhlükəsizliyi önəmlidir. Biz son illərdə “Azərbaycan-İran-Rusiya” və “Azərbaycan-Türkiyə-İran” üçtərəfli formatlarında regional əməkdaşlıq üçün səmərəli bazalar yaratmışıq. Həmçinin, iki ölkə beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində yaxşı əməkdaşlıq edir. Buna görə də bu iki ölkə bir çox sahələrdə müştərək mənafeyə malik olduqları bu şəraitdə əlaqələrin möhkəmləndirilməsinə daha çox diqqət yetirməlidirlər. Xüsusilə də müharibədən sonrakı şərait elə bir vəziyyəti meydana gətirib ki, iki ölkə nəinki ikitərəfli əlaqələr, eləcə də regional əməkdaşlıq çərçivəsində, o cümlədən Azərbaycan Respublikasının möhtərəm Prezidentinin təşəbbüsü ilə irəli sürülən və İran, Azərbaycan Respublikası, Rusiya, Türkiyə, Gürcüstan və Ermənistanın da daxil olduğu “altı tərəfli platforma”da əməkdaşlıq edə bilərlər. İran bu formatda regional əməkdaşlığa hazır olduğunu Dr. Zərifin Bakıya son səfəri zamanı açıqladı. İran yalnız regional əməkdaşlığın inkişafı yolu ilə bölgəyə sülh və sabitlik gətiriləcəyini vurğulayır. İkinci Qarabağ müharibəsindən və Azərbaycan Respublikası ərazilərinin işğalı bitdikdən sonra bu platforma meydan gəldi və İran regional əməkdaşlığı dirçəltmək üçün 3+3 formatında yeni bir hərəkətə başlamağa çalışır. Bu da şübhəsiz ki, hər kəsə, o cümlədən Azərbaycan Respublikasına faydalı olacaq.

-Sizin də qeyd etdiyiniz kimi, İran Xarici İşlər naziri Cənab Məhəmməd Cavad Zərif regional səfərə çıxıb. Azərbaycandan başlayan bu səfər Rusiya və Ermənistanla davam etdi. Nazirin Gürcüstan və Türkiyəyə səfərləri də gözlənilir. Görüşlərdə 44 günlük savaşdan sonra yaranmış yeni situasiyada İranın da yer almağa çalışdığı iddia olunur. İran Cənubi Qafqazdakı yeni status-kvonu necə qiymətləndirir və özünü bu status-kvoda hansı məqamda görür?

– Qeyd olunduğu kimi, 44 günlük müharibədən və işğal olunmuş ərazilərin azad edilməsindən sonra mövcud olan şərait bölgədə yeni bir vəziyyət yaratdı. Dr.Zərifin bölgədəki altı ölkəyə səfərinin məqsədlərindən biri də ölkələrin yanaşmalarını bir-birinə yaxınlaşdırmaqdır. İranın “Altı tərəfli Platforma”dakı beş ölkə ilə dostluq əlaqələrini nəzərə alaraq, bu altı ölkənin yaxınlaşmasında mühüm rol oynaya bilər. Doğrudur, İslam Respublikası bu altı ölkə arasındakı əməkdaşlıq yolunun asan olmayacağının fərqindədir və bəzi ölkələrin hələ də “Altı tərəfli Platforma”ya qoşulmağı düşündüyü mümkündür, lakin mövcud vəziyyət misilsiz bir fürsət yaradıb və bölgədəki ölkələr bundan yararlanmasalar, bu fürsət itirilə bilər. Buna görə də hazırkı vəziyyət münasib vaxtdı və İran İslam Respublikası özünə borc bilir ki, bölgə ölkələrini bir-birinə yaxınlaşdırmaq üçün əlindən gələni əsirgəməsin.

-Azərbaycan-Ermənistan arasında planlaşdırılan kommuniskasiya xətlərinin açılması nəticəsində Rusiya ordusunun İran-Ermənistan sərhəddində dayanacağı gözlənilir. Faktiki olaraq, bu, İranla bütün ticari-hərbi-strateji əlaqələrinizin Rusiyanın nəzarətinə keçməsi anlamına gəlir. Üstəlik, sərhəddə təkcə sərhədçilər yox, həm də rus kəşfiyyatçıları da dayanacaqlar. Bu vəziyyətə Tehranın münasibəti necədir?

– Bu məsələnin İran İslam Respublikası ilə heç bir əlaqəsi yoxdur. Bu, Ermənistanın daxili işidir və beynəlxalq hüquqla tənzimlənən İrəvanla Moskva arasındakı münasibətlərdir və onun özünə aiddir.

-Sirr deyil ki, İranın Ermənistan üzərindən Rusiya ilə ticari əlaqələrinin qurulmasında Gürcüstan əngəli var. Rusiyanın Cənubi Osetiyanı ilhaq etməsi Gürcüstanın onunla kommunikasiya əlaqələrini dondurmasına səbəb oldu. Bu həm də İranın qarşısında Rusiya ilə əlaqələrdə ciddi problemlər yaratdı. Gürcüstanın NATO-ya, Qərbə meylli siyasət yürütməsi yaxın gələcəkdə Rusiya ilə aralarında problemin daha da böyüməsinə səbəb ola bilər. Azərbaycan bu mürəkkəb vəziyyətdə İrana özünün Cənub-Şimal tranzit xəttini təklif edir. İran bu təklifə necə baxır?

– İslam Respublikası hər bir ölkənin şərtlərini, prioritetlərini və narahatlıqlarını başa düşür. Gürcüstanın regional yaxınlaşmada rolu vacibdir. Gürcüstan liderləri əvvəllər Rusiyanın daxil olduğu heç bir regional təşkilatda iştirak etməyəcəklərini bildirsələr də, Qarabağdakı işğal olunmuş ərazilər azad edildikdən sonra mövcud vəziyyət dəyişdi və bölgənin mövcud reallıqları fərqlidir. Bu ölkənin prezidenti açıqlamalarının birində demişdir: “Yeni reallıqlar nəzərə alınmaqla, Cənubi Qafqazda Gürcüstanın Qafqaz bölgəsi ölkələrinin hərəkətverici qüvvəsi və müttəfiqi kimi tarixi rolunu oynamasına imkan verən yeni bir yanaşmaya ehtiyacımız var”. Bu səbəbdən İran üçün prioritet olan bölgə ölkələri ilə əməkdaşlıqdır və İran hər bir ölkəni – Gürcüstan da daxil olmaqla – bu əməkdaşlığa qatılmağa çağırır və bu ölkənin “Altı Tərəfli Platformaya” qoşulmasını alqışlayır.

-Tramp hakimiyyətinin getməsi, yerinə Cozef Baydenin gəlməsi İran-ABŞ əlaqələrində yeni perspektivlər açır. Məlumatlara görə, Bayden 2015-ci ildə bağlanmış nüvə sazişinə yenidən qayıda, İranla əlaqələri bərpa edə bilər. ABŞ-İran münasibətlərinin müsbət perspektivinə inanırsınızmı?

– Trampın getməsi və cənab Baydenin prezident seçilməsi vacib bir dəyişiklikdir və biz bunu izləyirik. Ancaq “Hərtərəfli Birgə Fəaliyyət Planı” adlanan nüvə anlaşması ilə əlaqədar olaraq dəfələrlə bildirmişik ki, ABŞ nə vaxt “HBFP”-yə qayıtsa, bu anlaşmadakı öhdəliklərini yerinə yetirsə və sanksiyaları ləğv etsə, İran İslam Respublikası da öz öhdəliklərinə uyğun hərəkət edəcək. Ancaq qonşu ölkələrlə münasibətlərimizi ABŞ-la münasibətlərimizə görə tənzimləmək üçün Baydenin ABŞ-da hakimiyyətə gəlməsini gözləmirik. Bunu prioritetlərimizə və maraqlarımıza əsaslanaraq həyata keçiririk.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button