ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Tehranda Azərbaycan ilə İran arasındakı diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub 

Martın 7-də Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Mədəniyyət İnstitutunda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə mərasim keçirilib.

mərasimdə 26 dövlətin İranda akkreditə olunan səfirləri, İran parlamentinin üzvləri, Tehrandakı Azərbaycan diasporunun nümayəndələri, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.

ECO Mədəniyyət İnstitutunun foyesində səfirlik tərəfindən “Eco Art” brendi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan-İran birgə xalçalarının sərgisi təşkil edilib. Sərgidə Azərbaycanın Qarabağ bölgəsinin də xalçaları nümayiş olunub.

İran İslam Şurası Məclisinin təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü, millət vəkili Mahmud Abbaszadə Meşkini çıxış edərək bildirib ki, ötən 30 il ərzində İran ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə geniş əlaqələr yaranıb. İran hər zaman Azərbaycan ilə əlaqələri genişləndirməkdə maraqlıdır. Qarabağın işğaldan azad edilməsi İran dövlətini və xalqını çox sevindirir. 2020-ci ildə Azərbaycanın Qarabağı azad etmək üçün apardığı hərbi əməliyyatlar zamanı Tehranda və digər şəhərlərdə insanlar küçə və meydanlara çıxaraq rəsmi Bakını dəstəkləyib.

İran parlamentinin üzvü bildirib ki, dövlətlərin xoş və mehriban münasibətləri xalqların rifahının yüksəlməsinə xidmət edir və bu istiqamətdə əlaqələri inkişaf etdirmək lazımdır. Mahmud Abbaszadə Meşkini diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ilə bağlı İran parlamentinin və dövlətinin təbriklərini çatdırıb.

Mərasimdə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə çıxış edərək bildirib ki, İran Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasında olub. Deyib ki, bu 30 il ərzində əlaqələrimiz möhkəmlənib və inkişaf edib. Azərbaycan Prezidentinin vurğuladığı kimi, əsrlər boyu tarixi, mədəni, mənəvi dəyərlərlə bir-birinə bağlı olan qardaş xalqlarımızın ürəyi həmişə bir döyünüb və ortaq bağlarımız əlaqələrimizi daha da dərinləşdirib.

Təsadüfi deyil ki, torpaqlarımızın işğaldan azad olunmasından sonra tarixi Xudafərin körpüsünü ziyarət edən Prezident İlham Əliyev Azərbaycan-İran sərhədini dostluq və qardaşlıq sərhədi adlandırıb, möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizə ölkəmizin xüsusi önəm verdiyini bildirib.

Bu 30 il ərzində Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəkləyən İran da ölkəmizlə əlaqələrə xüsusi önəm verib və haqlı mövqeyini dəstəkləyib. İran Prezidenti Seyid İbrahim Rəisinin Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və dövlət sərhədlərinə nəzarətin təmin olunması münasibətilə Prezident İlham Əliyevi təbrik etməsi xalqımız və dövlətimiz tərəfindən məmnunluqla qarşılanıb.

Azərbaycan və İran prezidentlərinin ötən ilin noyabrında səmimi görüşü və iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinə dair qərarları münasibətlərimizin daha da inkişafına və keyfiyyətcə yeni mərhələyə daxil olmasına öz töhfəsini verib. Hazırda iki ölkə arasında mövcud olan dövlət komissiyasının, parlamentlərarası dostluq qruplarının, müxtəlif sahələrdə birgə işçi qruplarının səmərəli fəaliyyəti davam edir, qarşılıqlı səfərlər, müntəzəm görüşlər, imzalanan sənədlər əməkdaşlığımızın möhkəmlənməsinə güclü təkan verir. İqtisadi-ticari, humanitar, nəqliyyat, enerji və digər sahələrdə qarşılıqlı əməkdaşlığın gündən-günə genişlənməsi və iki ölkə arasında ticarət dövriyyəsinin artması da əlaqələrimizin doğru istiqamətdə olduğunu nümayiş etdirir. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə yaranmış yeni imkanlar, iki ölkənin 3+3 və digər regional formatlarda, eləcə də müxtəlif platformalarda, beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlığı əlaqələrimizin möhkəmlənməsinə təkan verən amillərdir.

Səfir inandığını bildirib ki, qardaş xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-İran münasibətləri bundan sonra da yüksələn templə inkişaf edəcək, qarşılıqlı səmərəli əməkdaşlığımız regionda davamlı sabitliyin və əmin-amanlığın möhkəmlənməsinə öz töhfəsini verəcək.

Diplomat Azərbaycan ilə İran arasında diplomatik əlaqələrin yaradılmasının 30 illik yubileyi münasibətilə hər iki ölkənin dövlət rəsmilərini və xalqlarını ürəkdən təbrik edib, daim sülh və tərəqqi arzulayıb.

Tədbirdə ECO-nun Baş katibi Xusrav Noziri də çıxış edərək təşkilat çərçivəsindəki əməkdaşlıq əlaqələrindən, Azərbaycanın və İranın təşkilata verdiyi töhfələrdən danışıb və təbriklərini çatdırıb.

Mərasim ziyafət və yerli musiqi qrupunun Azərbaycan xalq mahnılarını ifa etməsi, eləcə də ölkəmizə dair müxtəlif videoçarxların nümayişi ilə davam edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button