Aktual

“Hacı Talehi mənim əlimlə həbs etdirmək istəyirdilər…” – Etiraf

Günel Mövlud ona qarşı təzyiqin detallarından danışdı.

Erməni mətbuatına müsahibəsində Azərbaycanda təqiblərə məruz qaldığını açıqlayan yazar Günel Mövludun fikirləri dünəndən müəyyən dairələrdə müzakirələrə səbəb olub.Yazar haqqında deyilən fikirlərə aydınlıq gətirmək üçün “Meydan” TV-yə müsahibə verib. Günel 8-10 ay öncə ona xəbərdarlıq edildiyini deyib: “Mənə dedilər ki, növbədə sənsən. Mən dəfələrlə belə təhdidlər almışam”.
Bir daha xatırladaq ki, Günel Mövlud ölkə mediasına və eləcə də “Facebook” hesabında ölkədən getmə səbəbini sadəcə yeni işi ilə bağlamışdı: “Mən və həyat yoldaşım ”Meydan TV” ilə 3 aylıq müqavilə bağlamışıq. Bu 3 ay ərzində Almaniyada qalacağıq. Sonra necə olacağı hələ ki, nə Meydan TV-yə nə də bizə məlum deyil. Almaniyadan da bu müddət üçün işçi vizası almışıq. Almaniyaya getməyimin səbəbi təkcə budur”.
Amma indi G.Mövlud müsahibəsində bildirib ki, Yuri Manvelyan adlı erməni jurnalistə Almaniyaya getməzdən bir gün öncə, Gürcüstanda müsahibə verib. Burda qəbahətli heç nə görmədiyini bildirən publisist-şairə bunun təsadüf olduğunu deyir. Onun bildirdiyinə görə, Y.Manvelyan Aleksey Manvelyan adlı erməni jurnalistinin oğludur və Gəncə ermənisidir.
Ona edilən təzyiqlərdən danışan G.Mövlud ilk hədəni konkret olaraq fevral ayında aldığını deyib: “Həmin ərəfələrdə Hacı Taleh Bağırzadənin (hazırda həbsdədir-müəl.) rejim əleyhinə çıxışları facebookda paylaşılırdı, müzakirə olunurdu. Həmin ərəfədə mənə təhdid gəldi. Təhdid edən adamın profilinə girib gördüm ki, o da Hacı Talehin çıxışlarını paylaşır. Düşündük ki, bu iki hadisənin arasında əlaqə ola bilər. Çünki hamı düşünürdü ki, Hacı Taleh həbs oluna bilər, bu qənaətə gəldik ki, onu çox güman ki, mənim əlimlə həbs etmək istəyirlər. Bu təhdiddən sonra istifadə etmək istəyirlər. Bunu ictimailəşdirmədik, amma bizimlə tanışlığı olan dindarlardan birinə göndərdik, ondan xahiş etdik ki, bu məsələni araşdırsın. Bir neçə gün sonra Hacı Talehi həbs etdilər. Anladıq ki, əgər biz bu məsələni ictimailəşdirsəydik, Hacı Talehi mənim əlimlə həbs edəcəkdilər. Bu alınmadığına görə onu saxta ittihamla həbs etdilər”.
G.Mövludun dediyinə görə, təzyiqlər bununla da yekunlaşmayıb. Belə ki, daha sonra da onun facebook profilinə məktublar göndərilib: “Müxtəlif saytlarda təhqir olunduğum yazılar, aşağılayıcı yazılar, montaj olunmuş şəkillərimin linkləri getdi. Bu, uzun müddət davam etdi. Sentyabrın 6-da ikinci hədə gəldi. Bakıda idik təsadüfən. Burda yazan adam da – özünü dindar kimi təqdim etmək istəyirdi – bu təhdid də dindarların adından göndərilmişdi. Amma mən yüz faiz əminən ki, bilirəm ki, bu hədənin Azərbaycan dindarları ilə heç bir bağlılığı yoxdur. Azərbaycan dindarları heç kimi öldürəcək qədər fanat deyillər. Onların özləri də bu dəqiqə ölkədəki rejimin qurbanlarıdır. Bu, hakimiyyətin əlində qələm olan azad fikirli insana qarşı bir tələdir. Nəsə etmək istəyirdilərsə, edəcəkdilərsə, nəsə edib, bunu dindarların üstünə yıxmaq istəyirdilər. Mən bu oyunda alət olmaq istəmədim”.
G.Mövlud həmçinin bildirib ki, Almaniyaya mühacirət üçün müraciət etməyib: “Oktyabrın 9-da dəstəkləyəcəyimiz qüvvələr gələcəyi təqdirdə qayıdacağıq. Meydan TV ilə müqavilə imzalamışıq. Yaxın 3 ayda işçi vizası əsasında fəaliyyət göstərəcəyik”.
Müsahibə zamanı şairə onun bu addımını tənqid edən dostu Aqşin Yeniseyə də cavab verib və onun vaxtilə müxalifətdəki gənclərin mübarizəsinə kinayə etməsini yada salıb. Amma şairə hansı yazılarının təqib səbəbi olması barədə danışmayıb.

Yeni Şərq

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button