ArxivIslamQadin və hicabXəbər lentiXəbərlər

” Ey xanım, nikahda özünü sığortala!”

Ey xanım, nikahda özünü sığortala! Bağışlayan və Mehriban Allahın adı ilә Bu məqaləni yazmağıma səbəb müsəlman xanımlarının hüquqlarının tapdalanması oldu. Belə ki, onlar ailə qurarkən nikah və talaq (boşanma) məsələlərində lazımi şərtləri bilmədikləri üçün problem yarananda çıxış yolu tapa bilmir, həyatlarını qaranlıq içində keçirir və peşiman olurlar. Sonrakı peşimançılıq isə fayda vermir. Lakin bu qaranlığa düşməmək üçün müqəddəs dinimiz həll yollarını çox aydın surətdə açıqlamışdır. Məlum olduğu kmi Allah-təala tərəfindən olan bütün qayda-qanunlar, insanların həm bu dünyada, həm də Axirətdə səadət və xoşbəxtliyini təmin etmək üçün göndərilmişdir. Əgər bu qanunlara əməl olunarsa, istər ailədə, istərsə də cəmiyyətdə aramlıq, əmin-amanlıq və sevinc düyğüsü hökm sürəcəkdir. Hazırkı dövrümüzdə ailələrdə yaşanan qlobal problemlərdən biri də talaq (طلاق) – yəni, boşanma məsələsidir. Azərbaycanda olan bu problem getdikcə artmaqdadır. Boşanma ortaya gəldikdə əlbətdə ki, ən çox əziyyətə qatlaşan məhz xanımlar olur. Onlar aşağıdakı müşküllərlə üzləşirlər: 1) Həyat yoldaşı xanımına əziyyət vermək üçün ona talaq vermir. Belə olduqda bir-birinə qarşı kün-küdurət artır və xanım həyata bədbin olur. 2) Həyat yoldaşı illərlə ailəsini tərk edib uzaq ölkəyə qazanc dalınca gedir və geri qayıtmaq istəmir. Beləlilkə, o, ailəsinə və boşanma məsələsinə etinasız yanaşır. Nəticədə isə ziyana düşən xanım olur. 3) Həyat yoldaşı itir və yaxud illərlə ondan bir xəbər çıxmır. Diri, yaxud ölüsü məlum olmadığı üçün xanım gözləməli və əziyyətə qatlaşmalı olur. Qeyd etmək lazımdır ki, bunlar şəri nikahı (kəbin) olan ailələrə aiddir. Bəs bu problemlərlə üzləşməmək üçün çıxış yolu varmı? Sualımıza cavab verməzdən öncə bir neçə mühüm mətləbi yada salmaq istərdik: Bildiyimiz kimi dövlət nikahı – yəni VVAQ (ZAQS), şəri nikahdan fərqlənir. Belə ki, əgər müsəlman bir ailə şəri nikahla evlənibsə, boşanmaq istərkən şəri talağın oxunması vacib olur. Əks halda onlar illərlə ayrı yaşasalar belə, yenə də həqiqi ər-arvad sayılırlar. Amma dəfələrlə şahidi olmuşuq ki, cahillik üzündən həm kişi, həm də xanım şəri talaq oxunmadan başqası ilə kəbin (şəri nikah) kəsdirir və özlərini bir-birinə həqiqi ər-arvad hesab edirlər. Yəni, talağı verilməyən xanım, bir müddətdən sonra başqa bir kişi ilə kəbin kəsdirir və ər-arvad kimi yaşamağa başlayırlar. Həqiqətdə isə onlar bir-birinə naməhrəm sayılır və böyük bir günaha (zinaya) mürtəkib olurlar. Bu günahdan qurtulmaq üçün onlar təcili sürətdə ayrılmalı və tövbə etməlidirlər. Hətta tövbə etdikdən sonra belə, onlar əbədi olaraq bir-birinə naməhrəm sayılırlar və heç vaxt evlənə bilməzlər. Yəni, əgər xanımın həqiqi əri ona talaq versə belə, o xanım zina etdiyi həmin naməhrəm kişi ilə nə şəri nikah oxutdura bilər və nə də evlənə bilər. Talaq – halal bir əməl olmasına baxmayaraq, Allah-təala dərgahında xoşagəlməz və mənfur bir əməl sayılır. Qurani-Kərimdə 65-ci surənin adı “Talaq”dır. Bu kökdən olan kəlmələr, Allahın Kitabında 23 dəfə zikr olunmuşdur. Əlbətdə ki, nifrət olunmuş talaq o talaqdır ki, üzürsüz səbəblə yerinə yetirilmiş olsun, amma əgər, bir kəsin talaq üçün qəbul olunmuş dəlili olsa, nifrət olunmayacaq. Әksinə, belə yerlərdə talaq, çıxış yoludur. İzdivacın mühüm faydalarından biri də insan nəslinin çoxalması və davamlı olmasıdır. Bunu nəzərə almaq lazımdır ki, talaq, izdivacın qırılmasıdır və onun vasitəsilə ailə bir-birindən ayrılır, bəzən isə körpə uşaqların himayəsiz və yetim qalmasına səbəb olur. Bir halda ki, onlar gərək ata-ananın nəvazişini və kölgəsini başlarının üstündə hiss etsinlər. Belə uşaqlar cəmiyyətdə başlı- başına buraxılaraq çox vaxt cəmiyyətin cinayətkar şəxslərinə dönürlər. Bu və başqa dəlillərə görə, həmçinin yaradılışın fəlsəfəsi ilə ziddiyyət təşkil etdiyinə əsasən, Allah-təalanın yanında talaq, şiddətlə nifrət olunmuşdur. Kişinin vəzifəsi budur ki, qadının nəfəqəsini (yəni evlə, yeməklə, paltarla) təmin etsin. Əgər etməsə, günahkardır. Lakin əgər işləməyib qadının nəfəqəsini ödəmirsə və kişi də onu işləməyə icazə vermirsə, qadın işləyə bilməz və bunun çıxış yolu isə budur ki, qadın boşanmaq üçün şəriət hakiminə müraciət etsin. Adətən kişi, boşadığı xanıma qarşı etinasız olur, hətta mehriyyəsini belə ya cəhalət üzündən, ya da bilərəkdən qaytarmır. Qurani-Kərim isə talağı verilən qadınlarla xoş davranmağı tövsiyə edir: «Onları (talaq verilmiş qadınları) imkanınız daxilində öz yaşadığınız yerdə sakin edin! (Yaşayışı) onlar üçün sıxıntılı etmək (və onları getməyə məcbur etmək) üçün onlara (məskən, xərc və s. cəhətdən) zərər vurmayın!« (Talaq surəsi, ayə 6) Həmçinin buyurulur: »Qadınlara talaq verdiyiniz və onlar iddələrinin sonuna yaxınlaşan zaman, (ya yenidən qayıdın və) onları yaxşılıq və xoşluqla saxlayın, ya da (qayıtmayaraq) onları yaxşılıq və xoşluqla buraxın! Onları əsla incitmək və ziyan vurmaq üçün saxlamayın ki, zülm etmiş olasınız. Belə edən kəs şübhəsiz, özünə zülm etmişdir. Allahın ayələrini məsxərə etməyin və Allahın sizə olan (hədsiz) nemətini və kitab və hikmətdən tab və hikmətdən (şəriət hökmləri və əqli maarifdən) nazil edərək vasitəsi ilə sizə nəsihət verdiyi şeyi xatırlayın! Allahdan qorxun və bilin ki, Allah hər şeyi biləndir«. (Bəqərə surəsi, ayə 231). Talaq barəsində bir sıra hədislər mövcuddur. İki hədisə diqqət edək: 1- İmam Sadiq (ələyhissalam) buyurur: “Allah-təalanın dərgahında ən nifrətli halal şey talaqdır. Allah-təala çox boşayan və tez-tez qadın dəyişən kişini Özünə düşmən sayır.” (Biharul-ənvar, c. 16, səh. 266.) 
2- Yenə də buyurur: “Talaq – İlahi ərşi titrədir.” (Biharul-ənvar, c. 16, səh. 267.) Ayə və hədisləri nəzərə alaraq səbəbsiz yerə talaq verən kişilərdən soruşuruq: Ey müsəlman! 1-Әgər həqiqətən müsəlmansansa, nə üçün xanımına ziyan və zərər vurursan? 2-Әgər həqiqətən müsəlmansansa, nə üçün Allahın sənə əmanət etdiyi xanımına zülm edirsən? 3-Әgər həqiqətən müsəlmansansa, nə üçün (zifaf gecəsində ayağını yumalı olduğun) xanımını incidirsən? 4-Әgər həqiqətən müsəlmansansa, nə üçün Allahın ayələrini məsxərə edirsən? 5-Әgər həqiqətən müsəlmansansa, nə üçün özünü Allaha düşmən edirsən? 6-Әgər həqiqətən müsəlmansansa, nə üçün Allahın ərşini titrədirsən? 7-Qonun gücünəmi güvənirsən? Yoxsa törətdiyin bu günahlara görə Qiyamətdə cavab verməyəcəyini düşünürsən? Məsələnin çıxış yolları: 1) Qurani-Kərimin ayələrini incələyərkən ailədə əmələ gələn ixtilafın həll yolunu birinci növbədə sülh və barışıqda müşahidə edirik. Belə ki, “Nisa” surəsinin 128-ci ayəsində buyurulur: “Әgər bir qadın öz ərinin itaətsizliyindən ya (ondan) üz döndərməsindən qorxsa, o ikisinə (hətta özlərinin bəzi hüquqlarından keçməklə olsa belə) aralarında bir növ sülh və barışıq etmələrində günah yoxdur. (Əslində) sülh daha yaxşıdır.” Yəni, əgər ailədə problem baş verərsə, yaxşı olar ki, ailənin sirri çölə çıxmasın və ər-arvad qarşıya çıxan problemi sülh yolu ilə həll etsinlər. 2) Həmin surənin 35-ci ayəsində belə buyurulur: »Və əgər o ikisinin (ər ilə arvadın) arasındakı çəkişmə və ziddiyyətdən qorxsanız, onda bir hakim kişinin ailəsindən və bir hakim qadının ailəsindən göndərin ki, əgər (aranı) düzəltmək qəsdləri olsa, Allah o ikisinin arasında uyğunluq yaradar. Həqiqətən Allah bilən və xəbərdardır.« İkinci mərhələdə ailənin dağılmaması üçün hər iki tərəfdən bir ağsaqqalın, yaxud ağbirçəyin vasitəçi olması bildirilir. Üçüncü mərhələdə isə kişi müəyyən səbəblər (inadkarlıq, düşmənçilik və s.) üzündən xanımını atıb gedərsə və ona talaq verməzsə, onda xanım şəriət hakiminə müraciət etməlidir. Amma ailə qurmazdan qabaq vəziyyətin talağa gəlib çıxmaması üçün qadın əvvəlcədən özünü sığortalaya bilər. Belə ki, kişi ilə xanımın nikahı oxunmamışdan qabaq xanım, əqdin zimnində (kənarında) şəriət qanunlarına zidd olmayan bir neçə şərt qoya bilər. Məsələn, xanım aşağıdakı şərtləri edə bilər: 1- Mən səninlə ailə qurmağa hazıram, bu şərtlə ki, əgər mənə nahaqdan zülm etsən, mən sənin tərəfindən talağın icrasında vəkiləm. 2- Mən səninlə ailə qurmağa hazıram, bu şərtlə ki, əgər mənə ibadət etməyə mane olsan, mən sənin tərəfindən talağın icrasında vəkiləm. 3- Mən səninlə ailə qurmağa hazıram, bu şərtlə ki, əgər mənə hicab bağlamağı qadağan etsən, mən sənin tərəfindən talağın icrasında vəkiləm. 4- Mən səninlə ailə qurmağa hazıram, bu şərtlə ki, əgər məni altı aydan artıq tərk edib getsən, mən sənin tərəfindən talağın icrasında vəkiləm və s. Beləliklə, ailə qurarkən ehtiyatlı olmalı və necə deyərlər, qarşıya bir sıra müşküllərin çıxmaması üçün xanımlar öz hüquqlarından xəbərdar olmalıdırlar. Qeyd: Talaqdan sonra xanımlar dərhal ailə qura bilməzlər. Bunun üçün onlar iddə gözləməlidirlər. İddə – bir müddətdir ki, boşanmış, yaxud əri ölmüş qadın həmin müddət ərzində (boşanmış qadının müddəti -3 ay, əri ölmüş qadının isə 4 ay 10 gün) ərə gedə bilməz. Daha ətraflı məlumat almaq üçün: Qurani-Kərim, Bəqərə surəsi, 228, 230, 232, 234, 236 və 237-ci ayələr, həmçinin Əhzab surəsi, 49-cu, Talaq surəsi, 1-ci, Təhrim surəsi, 5-ci ayələrə və “Şəriət məsələləri”, Talağın iddəsi – bölməsinə müraciət edə bilərsiz. Allah-təala Әhli-beyt (ələyhimussalam) xatirinə bütün müsəlman ailələrinə səadət və xoşbəxtlik nəsib eləsin…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button