ArxivXəbər lentiXəbərlər

Əlil və şəhid ailələrinin binasının ətrafını kim hasarlayıb?

Əlillər ərazidə yeni ticarət və iaşə obyektlərinin tikiləcəyindən narahatdılar

“Binanın dam örtüyü bərbad vəziyyətdədir. Güclü külək əsəndə dam örtüyünü dağıdıb. Fasadlar pis gündədir, təmirə ehtiyac var. Həyətə asfalt döşənilməlidir, yağış yağanda girişin qarşısı su ilə dolur, binadan çıxmaq olmur. Həyətdə çala-çuxurlar əmələ gəlib, keçilməz olub. Addımını atırsan, su ilə dolu çuxura düşürsən. Maşınlarımızı saxlamağa dayanacaq da yoxdur, işdən gələn bina sakinləri maşınlarını başqa küçələrdə saxlamalı olur”.

Mənzillərə su sızır

9 il əvvəl Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 46 ünvanında yaşayan əlillər və şəhid ailələri üçün 4 mərtəbəli, 3 girişli, 36 mənzilli yaşayış binası tikilərək istifadəyə verilib. Sakinlər yazaraq bildirirlər ki, buraya köçəndən qısa müddət sonra binanın dam örtüyü, fəsadları, qarşısına döşənmiş asfalt örtüyü sıradan çıxıb. İndi bunun əziyyətini əsasən əlil sakinlər çəkir. Dam örtüyü sıradan çıxdığı üçün yağıntılar zamanı yuxarı mərtəbələrdəki mənzillərə tavandan və divarlardan su sızır.

Sakinləri narahat edən daha bir məsələ isə binanın ərazisinin hasarlanması və tikinti işlərinin aparılmasıdır:

“… 2004-cü ildə burda əlillərin binasının tikintisinə əvvəl 36 sot torpaq sahəsi ayrılmışdı. Sonra bu sahə 8 sota endirildi. 5 ildən sonra bina hazır oldu və məlum oldu ki, ərazinin çox hissəsi ticarət, iaşə obyektləri tikmək məqsədilə məmurlar tərəfindən zəbt edilib. Dövlət sifarişi ilə tikilmiş binanın zəbt olunan ətrafında ötən illər ərzində xeyli obyekt tikilib. İndi də növbəti hasarlama işləri gedir. Az qala şəhərin mərkəzi hesab olunan ərazidə binanı hasarlayıb əməllicə “blokadaya” salıblar”.

Bina dörd yandan hasarlanıb

Sakinlər iddia edirlər ki, binanın ətrafını satan qurum Nərimanov rayon icra hakimiyyətidir. Bu qurumla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edirlər. Nəticədə onlarış şikayətləri elə şikayətçi olduqları quruma – Nərimanov Rayon İcra Hakimiyyətinə göndərilir.

“… Hər dəfə şikayətlərimizdən sonra tikinti işləri nəinki dayandırılır, əksinə, sürətləndirilir və qısa müddətdə başa çatdırılır. Bir də baxırıq ki, hansısa bir ticarət obyekti istifadəyə verildi. Əlillərə və şəhid ailələrinə isə bir qaraj yeri ayrılmır. Bu binanın sakinləri aparıb maşınları xeyli aralıdakı başqa binaların həyətlərində saxlamalı olurlar, bu da mübahisələrə, münaqişələrə səbəb olur”.

Əlillər deyir, evin pandüsü, normal kanalizasiya sistemi də yoxdur.

“… Neçə ildir ki, məmurlar əlil və şəhid ailələrinin həyətini şəxsi maraqlarına qurban veriblər. İndi bina yenə dörd yandan 1 metrlik məsafədən hasarlanıb. Layihəyə görə, ev yolun kənarında olmalı idi. Lakin məmurlar evin yerində özlərinə kommersiya obyektləri tikiblər. Bina 4 tərəfdən məmur villaları ilə hasarlanıb. Bir yanğın çıxsa, yanğınsöndürən maşınlara binaya yaxınlaşmaq imkanı yoxdur. Təcili yardım gələndə, binadan kənarda saxlayır”. 

Əlillər deyir, onlar dəfələrlə yaxınlıqdakı əraziləri göstərərək qaraj tikilməsi üçün ayrılmasını istəyiblər. Lakin hər dəfə müraciətlərindən bir qədər sonra xəbər tutublar ki, həmin ərazi də satılıb.

Dayanacağımızda məmur maşınları dayanır

“… İcra hakimiyyəti binanın ətrafını satıb. Hazırda ərazidə villa tikintiləri davam edir. Bizə çatanda isə qaraj tikməyə bir qarış yer tapılmır”. 7 ildir ki, bizə Ağa Nemətulla 189 ünvanındakı kiçik, boş əraziyə sərəncam verilməsi vəd olunub, ancaq hələ də sərəncam verilmir. Yəqin ki, yaxın vaxtlarda eşidərik, həmin boş sahə də kiməsə satılıb. Reabilitasiya məqsədilə əlillərə verilən evin nə pandusu, nə kanalizasiyası, nə istirahət guşəsi, nə də yaşıllığı var. Nazirlər Kabinetinin qərarı var ki, əlillərin kompakt yaşadıqları ərazilərdə mütləq işıqfor qoyulmalı, piyada zolağı çəkilməlidir. Burada isə piyada yolu, yeraltı, yaxud yerüstü keçid qoyulmayıb, dayanacağı isə əlimizdən alıb özlərinin şəxsi dayanacağa çeviriblər. 5 ildir ki, dayanacaqda yalnız “AA”, “PP” nişanlı maşınlar dayanır – yəni məmur maşınları… Əlillərə verilən evlər reabilitasiya-müalicə müəssisələrinə yaxın olmalıdır, bizim ev isə tikinti meydançasına dönüb, əlillər qeydiyyatda olduqları poliklinikalara da gedə bilmirlər. Evin yaxınlığında 20 saylı Mənzil İstismar Sahəsi olsa da, əlilləri yaşayış yerindən uzaqda yerləşən 30 saylı Mənzil istismar Sahəsinə yollayırlar”.

Rəsmi qurumlar deyir ki…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Meydan TV-yə bildirilib ki, Nərimanov rayonu, 1957-ci məhəllə, Əhməd Rəcəbli küçəsi 46v ünvanındakı bina bu qurumun sifarişi ilə tikilib. 2009-cu ilin mayında yaşayış binasının istismara qəbul olunması barədə Dövlət Qəbul Komissiyasının müvafiq aktı imzalanıb. Həmin aktda binanın soyuq və isti su təhcizatı, kanalizasiya, istilik təchizatı, enerji təhcizatı və rabitə üzrə xarici və daxili kommunikasiyaların obyektin normal istismarını təmin etdiyi istismar təşkilatları tərəfindən qəbul olunduğu əksini tapıb.

Bina istismara veriləndən 1 il sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq sərəncamı ilə Nazirliyin balansından çıxarılaraq əvəzsiz olaraq Nərimanov Rayon İcra Hakimiyyətinin balansına verilib.

“Bu səbəbdən də binadakı və ətrafındakı çatışmazlıqlarla həmin qurum məşğul olmalıdır”, – qurumdan bildirilib.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki qeyd olunan binanın sakinləri Ağa Nemətulla 189 saylı ünvandakı boş torpaq ərazisinin onlara qaraj üçün ayrılmasına görə müraciət ediblər. Qurum da əlillərə məktub göndərərək rəsmən bildirib ki, Bakı şəhərinin inzibati ərazisində obyektlərin tikintisinə və istismarına icazə verilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətindədir. Əlillər həmin Komitəyə müraciət etməlidilər.

Nərimanov Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, binada əlillərin yaşaması üçün hər cür şərait yaradılıb: “Ola bilsin ki, bəzi çatışmazlıqlar var, onları da araşdırıb, siyahıya alıb, aradan qaldırarıq. Ancaq, ümumilikdə, problemlər çox şişirdilib. Tikintilərə gəlincə, əlillərin binasının yaxınlığında hər hansı tikintinin aparılması qadağan deyil. Bina əlillərindir, küçə əlillərin deyil ki… Bütün tikintilər Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq icazəsi ilə aparılır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button