ArxivNardaranXəbər lentiXəbərlər

Qanunsuzluqdan dəhşətə gələn müstəntiq ağladı

Müsəlman Birliyi Hərəkatının sədr müavini, ilahiyyatçı alim Elçin Qasımov evlərindən silah-sursat tapılması haqda ittihama münasibət bildirərkən belə deyib:

“Pərviz İbayev (Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəis müavini) dedi ki, ‘əgər silah məsələsini boynuna götürməsən, atanı tutacağıq’. Hətta misal da çəkib dedi ki, ‘görürsən də neçə nəfər atası ilə birlikdə həbs olunub… Başqa yolu yoxdur’”
Elçin Qasımov və Nardaran hadisələrindən sonra həbs olunub ağır maddələrlə suçlanan daha 11 nəfərin mühakiməsi altı aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.

İyunun 9-da keçirilən məhkəmədə Sabunçu rayonu, 14-cü polis bölməsinin əməkdaşı Qurban Bəylərov dindirilib. Elçin Qasımovun yaşadığı mənzildə axtarışda iştirak etdiyini deyən polisin iddiasına görə, qonaq otağından dini ədəbiyyat, yataq otağından isə tapança və qumbara tapılıb.

Elçin Qasımov isə bildirib ki, polis yalan danışır: “Seyid olduğunu nəzərə alıb çox üstünə getmirəm, amma yalan danışırsan. Hamı bilir ki, bizim evdə silah olmayıb. 2015-ci il noyabrın 5-də məni həbs edib, 30 sutka vermişdilər. Dekabrın 3-də isə barəmdə cinayət işi başlayıb, həbs-qətimkan tədbiri seçdilər. Həbsdə olanda ANS-də eşitdim ki, evimizdə axtarış aparılıb və kitablar tapılıb. Həmin kitablarla bağlı ekspert rəyi var, onlar qadağan olunmuş kitablar deyil. Silahlara gəlincə, guya uşaqlarımın yatdığı çarpayının altından tapança, qumbara çıxıb. Heç kim uşağının yatdığı çarpayının altına qumbara qoymaz”.

“ZƏNG ELƏYİB SORUŞDU Kİ, SİLAHI HARDAN TAPIBLAR?”

Silah məsələsi ilə əlaqədar ifadəni imzalamaq üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində təzyiqlərə məruz qalmasından danışan ilahiyyatçı konkret adlar da çəkib: “Bandotdel”də istintaqın rəhbəri Pərviz İbayev, müstəntiq Emzar Qocayev və vəkil Elnur Nəbiyev silahla bağlı bizə çox əziyyət etdilər. İşgəncə verdilər ki, silahları bizə Taleh Bağırzadənin verdiyini, hakimiyyət çevrilişi etmək istədiyimizi deyək. Lakin biz imtina etdik. Emzar Qocayev mənim yanımda kiməsə zəng eləyib soruşdu ki, silahı haradan tapıblar? Həmin adam da dedi ki, uşaqların çarpayısının altından. Emzar Qocayev ağladı. Dedi ki, mən bunu necə yazım? Pərviz İbayev dedi ki, ‘əgər boynuna götürməsən, atanı tutacağıq. Görürsən də neçə nəfər atası ilə birlikdə həbs edilib… Başqa cür mümkün deyil’. Emzar Qocayev dedi ki, ‘mənim də ailəm, uşaqlarım var, məni başa düş, belə eləməsək, işdən çıxararlar. Mən sənə qardaş kimi deyirəm’. Bundan sonra onların dediyi formada ifadəni imzaladım ki, guya qumbara və tapançanı zibillikdən tapmışam”.

Elçin Qasımovun atası da zalda məhkəməni izləyənlər arasında idi. Oğlunun çıxışından sonra o, hakimlərə müraciət edərək deyib ki, axtarış zamanı şəxsən onun gözünün önündə qumbara və tapançanı polislər nəvəsinin çarpayısının altına qoyub, sonra da götürüblər.

Daha sonra iclasda Sabunçu rayon Polis İdarəsinin dörd nəfər əməkdaşı dindirilib. Onlar Elçin Qasımovun həbsindən sonra adamların Sabunçu Rayon Polis İdarəsinin qarşısına toplaşması, orada yaranmış qarşıdurma haqda ifadə veriblər./azadlıq/

Məhkəmə iyunun 16-da davam edəcək.

 
 
 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button