ArxivNardaranXəbər lentiXəbərlər

“Nardaran işi” Təqsirləndirilənlər şahidə tüpürdülər……

Polis “Quran”a and içib işgəncə vermədiyini dedi

Oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin növbəti məhkəmə iclası keçirilib.

“Dedilər ki, Yezid belə göstəriş verib”

Meydan TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Taleh Bağırzadə çıxış edib. O bildirib ki, Aşura günü onu saxlanıldığı Bakı İstintaq Təcridxanasında cərimə kamerasına salıblar: “Artıq beş gündür ki, cərimə kamerasında saxlanılıram. Onlardan bunun səbəbini soruşanda dedilər ki, Yezid belə göstəriş verib. Bunun Penitensiar Xidmətə dəxli yoxdur. Ötən iclasda mən Ramil Usubovla bağlı vəsatət verdim. Ramil Usubov mənim vəsatətimlə bağlı araşdırma aparmaq əvəzinə göstəriş verib ki, Talehi cəzalandırın. Bunların əlacı olsa, bizim başımızı kəsib, nizəyə vurub, gəzdirərlər. Sadəcə bilirlər ki, Azərbaycan xalqı Küfə camaatı deyil. Üç il əvvəl həbsdə olanda Bakı İstintaq Təcridxanasının keçmiş rəisi Azər Seyidov çıxışlarıma görə məni tez-tez cərimə kamerasına göndərirdi. Bir dəfə Aşur günü idi. Yenə cəzalandırmaq istəyirdi. Dedim, göndər cərimə kamerasına. Dedi ki, Aşura günüdür olmaz, sonra deyərlər ki, yezidlik edirlər. Lakin Ramil Usubov deyir ki, əcəb edirik. Bu, onun göstərişi ilə olub. Bunlar özlərin nə hesab edirlər? Bu yezidçilikdən əl çəksinlər”.

Şahidlərin ifadəsindən…

Daha sonra iclasda Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Nəsib Əsədullayev ifadə verib. O bildirib ki, ötən il noyabrın 5-də bir qrup şəxs Sabunçu RPİ-nin qarşına yığışaraq Elçin Qasımovun azadlığa buraxılmasını tələb edib. O, hadisə zamanı xəsarət almadığını söyləyib.

İclasda şahid qismində Sabunçu RPİ-nin əməkdaşı Anar İbrahimov da ifadə verib. O bildirib ki, hadisə zamanı dəyənəyi itib və qarnına daş dəyib. Lakin zərərçəkmiş kimi harasa müraciət etməyib.

“Bizə dəstək olanları “Bandotdel”ə çağırıb hədələyirlər”

Məhkəmə prosesində çıxış edən Taleh Bağırzadə deyib ki, onlara dəstək olan hüquq müdafiəçilərini və siyasətçiləri “Bandotdel”ə çağrıb hədələyiblər: “Onlara deyiblər ki, bu cür cinayətkarları müdafiə etmək olmaz. Həbslə hədələyiblər. Biz bundan narahatıq”.

Hakim Əlövsət Abbasov isə deyib ki, həmin şəxslər Daxili İşlər Nazirliyinə şikayət edə bilərlər. Taleh Bağırzadə isə ona “Cəlladdan cəllada şikayət edək?”- cavabını verib.

Vəkil Yalçın İmanov deyib ki, bu, həm də vəkillərə təzyiqdir: “Həmin şəxslərə açıq şəkildə deyiblər ki, müdafiə etməyin, yoxsa həbs oluna bilərsiniz. Təqsirləndirilən şəxsləri biz də müdafiə edirik. Bu, məhkəməyə təzyiq kimi başa düşülməlidir. Sabah vəkilləri də çağırıb deyə bilərlər ki, niyə müdafiə edirsiniz”. Hakim isə başqa orqana göstəriş vermək səlahiyyətlərinin olmadığını deyib.

“Vəsatətlərə baxılmır”

Abbas Hüseynov bildirib ki, onlar vəsatət versələr də, baxılmayıb: “Başımıza gələnlərlə bağlı vəsatətlər verdik. Qardaşlarımı girov götürmüşdülər. Lakin baxan olmadı. Şeytanın, Yezidin balasından şeytana, yezidə şikayət edək? Nə ağır şeydir qələmi götürüb yazmaq ki, ay banditlər, bunları etməyin”.

Taleh Bağırzadə də onların işgəncə barədə olan vəsatətlərinə baxılmadığını deyib: “Dünən getmişdim Bakı Apellyasiya Məhkəməsinə. Orada hakim deyir ki, əgər sənin bu işgəncə barədə danışdıqların həqiqətdirsə, sənə bəraət verilməlidir. Bizə bu qədər işgəncə verilib. Guya nə etmisiniz ki?Bu gücdür bu xalqı belə vəziyyətdə saxlayan, Qarabağı işğalda saxlayan. Gücü var getsin erməniyə göstərsin” .

Şahidin ifadəsində ziddiyyət var

Daha sonra iclasda Sabunçu rayon Polis İdarəsinin əməkdaşı İsrafil Mustafayev ifadə verib. O, ötən il noyabrın 5-də polis idarəsinin qarşısına toplaşan adamları tanımadığını, hadisə zamanı xəsarət almadığını deyib.

Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Siyavuş Mirzəzadə də iclasda dindirilib. O, ötən il noyabrın 5-də polis idarəsinin qarşısında baş verən hadisə zamanı idarədə növbədə olduğunu, heç kimi həbs etmədiyini deyib. Vəkil Yalçın İmanov isə onun ifadələrində ziddiyyət olduğunu bildirib. Deyib ki, şahid istintaq zamanı ifadəsində bir nəfəri saxladığını deyib. Lakin şahid ziddiyyətin səbəbini göstərə bilməyib.

Daha sonra iclasda hakim bildirib ki, Nardaran hadisələri zamanı dünyasını dəyişən Vüqar Nəsibov və İsmayıl Tağıyev adlı polis əməkdaşlarının hüquqi varisələri məhkəməyə müraciət edərək iclasda iştirak etmək istəmədiklərini söyləyiblər.

“Şrek” ləqəbli polis

İclasda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İbrahim Kazımov isə vəkillərin və təqsirləndirilən şəxslərin suallarını cavablandırıb. Vəkil Yalçın İmanov ondan hər hansı ləqəbinin olub-olmamasını soruşub. İ. Kazımov ləqəbinin olmadığını deyib. Təqsirləndirilən şəxslərdən bir nəfər isə onun ləqəbinin “Şrek” olduğunu deyib. İ.Kazımov isə təqsirləndirilən şəxsi təhqir edib. Taleh Bağırzadə deyib ki, İ.Kazımovu ilk dəfə “Bandotdel”də zirzəmidə görüb; “Başında maska var idi. Lakin bədən quruluşundan və səsindən bilirəm ki, sən idin. Mənə yuxarıda demişdilər ki, Nardaran hadisələrinin Milli Şura tərəfindən təşkil edildiyini de. Mən də razı olmamışdım. Sən mənə dedin otur. Sonra dubinka ilə belimə, boynuma vurdun ki, yuxarıda sənə nə deyirlər, et. Mən də dedim “etməyəcəm”. Ondan sonra da mənə və digər təqsirləndirilən şəxslərə işgəncə vermisən”.

İ.Kazımov isə heç kimə işgəncə vermədiyini deyib: “Elə bilirsiniz idarədə hündürboylu adam ancaq mənəm? Heç kimə əlim də dəyməyib. “Quran”a and içə bilərəm”.

Hakim isə deyib ki, şəriət məhkəməsi yaratmaq lazım deyil və müqəddəs kitaba and içmək qanunvericilkdə nəzərdə tutulmayıb: “Əgər İbrahim Kazımov istəsə, göndərərm təcridxanaya sizin yanınızda and içər”.

Taleh Bağırzadə deyib ki, İlham Əliyev də “Qurani Kərim”ə and içir: “Siz prezidenti şəriət ölkəsi qurmaqda ittiham edirsiniz?”

Hakim isə deyib ki, onun and içməsi qanunvericilkdə o qaydada olsa da, məhkəmədə buna icazə verilmir.

Abbas Hüseynov da İ. Kazımovun ona işgəncə verdiyini deyib. Lakin İ. Kazımov ittihamları rədd edib. Bu zaman təqsirləndirilən şəxslər onun üzünə tüpürüblər, ayaqqabı və su şüşəsi atıblar. İ. Kazımov da həmin ayaqqabını onlara tərəf atıb.

Poses oktyabrın 17-də davam edəcək.

T. Bağırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə), F. Qəhrəmanlı isə Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button