Aktual

2013-cü il seçkisini ABŞ keçirir

Hakimiyyət Ağ Evə “qırmızı xətt”i keçməyəcəyinə vəd verib İqtidar ATƏT-in Bakı ofisinin səlahiyyətlərini azaltmaqdan vaz keçib, Müşahidə Missiyasının da ölkəyə buraxılması üçün sənədləşmə başlayır; Milli Şuraya israrla “rus damğası” vurulmasının sirri tam

Yeni Azərbaycan Partiyasının (YAP) ildırımsürətli qurultayı (cəmi 4 saat davam edib) İlham Əliyevin üçüncü müddətə də prezidentliyini rəsmiləşdirdi. Beləliklə, ötən həftə bu mövzuda Qərb diplomatlarından birinə istinadən yazdığımız bilgi – YAP-ın erkən qurultayına ABŞ-la məsləhətləşmələrdən sonra qərar verilib – böyük ölçüdə bir daha təsdiqləndi.

Xatırladaq ki, həmin diplomat ABŞ səfiri Riçard Morninqstarın Milli Şuranın yaradılması ərəfəsində müxalifət təmsilçiləri ilə təmaslarını artırmasına diqqət çəkərək “böyük ehtimalla cəmiyyətin bilmədiyi daha məxfi xəbərləri Vaşinqtonda təhlil etdirdikdən sonra “YAP tezliklə namizədini elan etsə yaxşıdır” bənzərində mesaj alıb”, – deyə, məlumatda bildirilirdi: “Amerika səfiri sonuncu dəfə YAP-ın icraçı katibi Əli Əhmədovla mayın 25-də görüşüb. Mayın 31-də isə gözlənilmədən YAP qurultay qərar verib”, – söyləyən diplomat “müxalifət nəticəni özü çıxarsın”, – deyərək məlumatı yekunlaşdırmışdı.

Yazının dərcindən sonra səfirlik əməkdaşlarından biri onların da mövqeyini işıqlandırmağı xahiş etsə də, sonradan susmağa üstünlük verdilər. Amerika səfiri qurultaydan sonra, gərək ki, bu mövzuda ilk danışan əcnəbi oldu. 2013-cü ildə YAP-ın prezidentliyə 3-cü dəfə İlham Əliyevin namizədliyini irəli sürülməsi barədə sualı cavablayan səfir bildirib ki, əsas məsələ demokratik və ədalətli seçkilərin keçirilməsidir: “Prezident seçkilərinə kimin namizədliyinin irəli sürülməsi partiyaların öz işidir. O, cümlədən də YAP-ın. Sadəcə olaraq, mən ümid edirəm ki, bəzi ölkələrdə olduğu kimi Azərbaycanda azad və ədalətli seçkilər olacaq. İnsanlar istədikləri şəxsi özləri seçə biləcəklər”.

Səfirinin bu cür mövqeyi, YAP-ın “öz işi” olan qərarına “ümid edirəm ki, bəzi ölkələrdə olduğu kimi Azərbaycanda azad və ədalətli seçkilər olacaq”, – cümlələri ilə diplomatik dəstək verməsi Amerika ilə hakimiyyətin oktyabr seçkiləri ilə bağlı ciddi anlaşma əldə etdiyi xəbərlərini də təsdiqləyir. Bir müddət əvvəl ölkənin bütün qütblərini gəzən Amerika səfirinin getdiyi rayonlarda müxalifət fəalları ilə görüşməməsinə rəğmən “böyük əksəriyyət hakimiyyəti dəstəkləyir” (ad şərtidir) dosyesi hazırlayıb Vaşinqtona göndərdiyini də iddia etmək mümkündür.

Bu mövzuda ABŞ dövlət katibinin müşaviri Tomas Melianın Bakı səfərində qalmaqala səbəb olan açıqlamasını da xatırlatmağın yeri var. Qeyd edək ki, o, YAP sədrinin üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürməsinin Amerika üçün “qırmızı xətt” olacağını bildirsə də, daha sonra bu ifadədən imtina etdi. Məlum ifadəni “tərcümə xətası” kimi yumşaldan T.Melia bu məsələyə gələn səfərində daha geniş münasibət sərgiləyəcəyini bildirmişdi.

“Melianin Bakıya bir daha nə vaxt gələcəyini bilmirəm. Amma məlumatların təhlili Amerikanın seçim etdiyini və Vaşınqtonun İlham Əliyevin hakimiyyətdə qalmasına çalışdığını göstərir”, – deyə, baş verənləri “Yeni Müsavat”a şərh edən politoloqlardan biri deyib. “Ötən ilin sonlarından başlayaraq Rusiya ilə münasibətlərin daha da soyuması fonunda Amerikanın təşəbbüsü əla alması, ABŞ səfirinin xeyli fəallaşması diqqət çəkən idi. Amma bu ilk baxışdan real vəziyyətlə bağlı kəşfiyyata oxşayırdısa, sonradan hansısa ciddi qərarların da verildiyi ortaya çıxdı. Milli Şuranın əsasən Moskvada yaşayan Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə yaradılması isə hakimiyyət üçün göydəndüşmə oldu. Bu qurumun Rusiyanın proyekti olduğu barədə rəy yaradılıb və tez-tez hakimiyyət rəsmilərinin dilində də üstüörtülü ”Moskva bizi yıxmaq istəyir” bəyanatları səslənir. Amma diplomatik təmaslarda bu “təhlükənin” daha açıq səsləndiyinə şübhə yoxdur”.

Daha bir mənbə də bu istiqamətdə maraqlı xəbər verib. Qaynağın iddiasına görə, 2013-2015 seçkilərinin partronajlığını üzərinə götürən Ağ Ev administrasiyası hakimiyyətin “qırmızı xətti” keçməyəcəyinə vəd alıb. Belə ki, səfirin dediyi kimi “azad və ədalətli seçkilər olacaq”. ABŞ seçkini hakimiyyətin əleyhinə olduğu ATƏT missiyasının nəzarətində keçirməkdə israrlıdır. ATƏT-in seçkidə rəyi əsasdır və qurumda birləşən dövlətlər Müşahidə Missiyasının yekun hesabatı əsasında öz siyasətini qurur. Amerika ATƏT-də söz sahibi olsa da, Avropanın da sıcaq baxmadığı “üçüncü müddəti” onlara həzm etdirmək lazımdır. Bunun üçün isə oktyabr seçkisini müşahidə edəcək ATƏT-in mövqeyi son dərəcə əsaslı sayılır.

“İndi MSK və digər dövlət qurumları ilə danışıqlar yekunlaşır. Hakimiyyət ATƏT-in Bakı ofisinin səlahiyyətlərini azaltmaq niyyətindən vaz keçib. Müşahidə Missiyasının da ölkəyə buraxılması üçün sənədləşmə başlayıb. Milli Demokratiya İnstitutunun da ölkədə fəaliyyət müddəti uzadılacaq. ABŞ çalışır ki, bu dəfə seçki proses maksimum şəffaf olsun və ”onların namizədlərinin qələbəsi şübhə altına alınmasın”, – deyə, məlumatlı qaynaq bildirib.

Bəs, Milli Şuraya Amerikanın mövqeyi necədir və necə olacaq? Bu barədə alınan məlumatların təhlili onu deməyə əsas verir ki, ABŞ Milli Şuraya hələ ideya şəklində olandan ehtiyatlı münasibət sərgiləyir. Əvvəllər “Amerika istəyir ki, müxalifət birləşsin” kimi tezisinin bu seçki ilində aktual olmamasının səbəbi də bu ehtiyatlı münasibətdir. Doğrudur, əvvəlki seçki illərində də Qərb müxalifətə yağ-bal vəd etmirdi, amma heç olmasa hansısa mesajlar alınırdı. Bu il isə müxalifətin əvvəlki illərdən daha yaxşı təşkilatlanmasına baxmayaraq, ABŞ və digər Qərb dövlətləri Milli Şuranın yaranmasından yumşaq desək, məmnun görünmürlər. Buna səbəb kimi Milli Şuranın Rusiyaya bağlılığı kimi cəfəng fikri göstərmək də olar. Amma ABŞ nəzarətində bu boyda məlumat bazası olduğu halda niyə bu cəfəngiyyata inansın ki? Görünür, ABŞ səfiri YAP qurultayı ilə eyni gündə yaranan Milli Şura ilə bağlı dediklərində daha səmimidir: “Milli Şura haqda xüsusi fikirlərim yoxdur. Bu, həmin Şurada təmsil olunanların maraqlarında olan bir məsələdir. Amma Milli Şuranın gələcək fəaliyyətini, proseslərin necə inkişaf edəcəyini izləmək çox maraqlıdır”.

Qorxulusu odur ki, Milli Şurada Rusiya barmağı görən hakimiyyət daha da irəli getsin və bir gün İbrahimbəyov dövlət çevrilişi ittihamı ilə həbs edilsin… Rusiyanı da bu oyuna qatsınlar və ara qarışsın.

musavat.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button