Xəbərlər

“Nimeyi-şəban – Allahın rəhmət qapılarının açıq olduğu gecədir” – Cümə moizəsi (21.06.2013)

Mübarək Şaban ayının ortalarına yaxınlaşmışıq. Bu, o deməkdir ki, İlahi ziyafət ayına demək olar ki, çox az bir müddət qalıb. Bu amil, bizlər üçün çox ciddi ayıldıcı mesaj olmalıdır. Şaban ayında İlahi ziyafətə daxil olmaq üçün lazımi hazırlıqlarımızı görməliyik. İnsan bu aya hazırlaşmamış daxil olsa, əlbəttə ki, onun fürsət və imkanlarından lazımi səviyyədə istifadə edə bilməyəcək.

 

***

Qarşıdan Nimeyi-Şaban – Şabanın orta günü, ayın 15-i – əziz Mövlamızın (ə.f) mübarək mövludu gəlməkdədir. Bütün İslam aləmi üçün önəmli olan gündür. Mahiyyətcə, bütün bəşəriyyətin daxilində bir intizar, gözlənti var. Bütün bu intizar və gözləntilərin tək ünvanı -Zəmanə Sahibidir (ə.f). Mövcudiyyət Həzrət İmam Mehdinin (ə.f) zühuru ilə kamala çatacaq. Yüz iyirmi dörd min peyğəmbər (ə) və sonuncu Rəsul olan Həzrət Muhəmmədin (s) gətirdiklərinin əməli olaraq yaşanmasının tamamlanması – Mövlanın (ə.f) zühuru ilədir.

 

***

İldən-ilə müsəlman toplumunun belə bir gözləntisinin, intizarının olması bütün dünyanın diqqətini çəkməkdədir. Artıq bütün dünya belə bir şəxsiyyətin gələcəyindən xəbərdardır. Lakin, müsəlman toplumu bunu anlamalıdır ki, intizar nəzəri bir mövzu deyil. Həqiqi intizar – əməli bir məsələdir. İntizarda olan insan gərək özünü haramlardan çəkindirsin, nəfsinə sahib çıxa bilsin. Çünki, gözləmənin, intizarın mahiyyəti budur ki, insan gözlədiyinin standartlarına uyğun yaşasın.

 

***

Nimeyi-Şabanın həm gecəsində, həm də günün özündə xeyli önəmli məqamlar var. Həzrət Rəsulallah (s) da bu gecəni vəsf edərək buyurur: “Nimeyi-Şaban gecəsi Allah Təala bütün yaratdıqlarına nəzər salar və müşrik və müşahinlərdən başqa hamını bağışlayar”.Burada işlənən “müşahin” sözü nifrət bəsləyən, kinli, ədavət bəsləyən mənasındadır.

Allahın rəhmət və məğfirəti çox genişdir. Bu gecədə həmin böyük rəhmət və məğfirət özünü bir daha təzahür etdirir. Yetər ki, müşriklərdən, qəzəb və kin əhlindən olmayaq.

Müşriklik – yalnız daş bütlərə tapınmaq deyil. İnsanın bütü onun nəfsi, öz “Mən”i də ola bilər. Əgər insan öz nəfsi istəklərini cilovlaya bilməsə, insanın bütünə çevrilər. Ona görə də həm aşkar şirkdən, həm də gizli şirkdən Allaha pənah aparmalıyıq. Eyni zamanda mömin gərək qəlbi yumşaq olsun. Möminin qəlbində kin və qəzəb yer tapmamalıdır. Bu kin və qəzəb yalnız Allah düşməninə qarşı ola bilər.

 

***

İnsan çox zaman nailiyyəti, uğurları, ruzini ağır məsələlərdə, ifrat çalışmaqda görür. Lakin, bəzən İslami mətnlərə nəzərə salanda görürük ki, çox sadə məsələlərə riayət etməklə də insan bol ruziyə yiyələnə bilər. Əlbəttə ki, bu ruzi yalnız maddi anlam daşımır. İmam Baqirdən (ə) buyurulur: “Qardaşlarının arxasınca dua et, belə ki, bu, ruzini sənə tərəf yönəldər”. Bəzən belə sadə məsələlərə riayət edilməsi, ciddi nəticələr verir. Əsas şərt isə budur ki, insan bu sadə məsələləri imanla və ixlasla yerinə yetirsin.

 

***

Əziz Mövlamızın (ə.f) mövludu ildən-ilə dünyada daha əzəmətlə qeyd edilir. Hər bir müsəlman ilk öncə öz daxilində, daha sonra ailəsində, toplumunda, məmləkətində bu mövludu yaşatmalıdır. Bu mövlud bizlərin özünə özümüz haqqında, vəziyyətimiz haqqında düşünmək üçün çox böyük imkanlar verir.

Allahım, bizləri həqiqi intizarda olanlardan qərar ver! Allahım, bizlərə intizarı əməldə yaşatmaq səadətini nəsib et! Amin!

 

Hacı İlqar İbrahimoğlu

21.06.13

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button