Aktual

Valideynlərin “məktəb faciəsi”

Dərs ilinin başlanmasına sayılı günlər qalır. Şagirdlər sevinc, valideynlər isə kədər içindədir, onları qəhər boğub. Çünki imkanı olmayanlar övladlarını məktəbə yola salmağın yollarını axtarırlar. Əgər bir evdən 2-3 uşaq məkətəbə gedəcəksə, işin nə qədər acınacaqlı olduğunu təsəvvür etmək o qədər də çətin deyil.
“Iki ay ac qalmalıyam”
Üz tutduğumuz məktəbli ləvəzimatları dükanlarında qələbəlik var. Hamı tələsir. Isti bir yandan, bahalıq o biri yandan insanları hövsələdən çıxardır.
Metronun “28 may” stansiyasının yaxınlığında yerləşən məktəb ləvəzimatları satan “Yenilik” dükanında işləyən satıcı deyir ki, sentyabr ayında daha çox alıcı gəlir. Onun sözlərinə görə, işlədiyi dükan dərslərin başlamasına görə qiymətlərı qaldırmır: “Burada qiymətlər əvvəlki kimidir. Artıq üç ildir fəlaiyyət göstəririk. Bizim üçün sentyabr, yaxud yanvar ayının heç bir fərqi yoxdur. Qiymətlər həmişə stabildir. Sadəcə valideynlər sentyabrda daha çox gəldiyi üçün kimlərsə düşünür ki, biz qiymətləri qaldırırıq. Kimsə iyul, avqust aylarında məktəbli ləvəzimatları alsa, heç bir problem olmaz. Istənilən adam indi ilə iki ay öncəki qiymətləri müqayisə edə bilər və ”Yenilik”də heç bir bahalaşmanın şahidi olmayacaq”.
Bu il iki uşağını birinci sinifə göndərən valideyn Solmaz Xeyrullayeva dərs ləvəzimatları almaq üçün 200 manatdan çox xərci çıxdığını deyir: “Iki övladımı bu il məktəbə göndərəcəm. Bir oğlum isə 6-cı sinifdə oxuyur. Üç uşağa görə 200 manatdan çox xərcimiz çıxıb. Hələ istədiyimizi tam ala bilməmişik. Hər şeydən az almışıq”.
Maaşının 350 manat olduğunu söyləyən başqa bir Bakı sakini Altay Hüseynov 4 məktəbli övladı üçün 600 manatdan çox xərclədiyini deyir: “Bu o deməkdir ki, iki ay ac qalmalıyam. Bu dəhşətdir. Qiymətlər od tutub yanır. Dükanları da qınamıram, onlar da qazanmaq istəyirlər. Sadəcə məktəbdə o qədər tələb qoyulub ki, gərək hamısını alasan”.
Xərclədiyi pulların qarşısında məktəbdən yaxşı təhsil görmədiyini deyən Altay Hüseynov bildirir ki, uşaqlarını repetitor yanına göndərir: “Məktəblərdə təhsilin səviyyəsindən xəbəriniz var. Dərslər keçirilmir. Bu qədər əziyyət çək, uşaq böyüt, pul xərclə, ancaq ortada heç nə yoxdur. Məcbur olub müəllim yanına göndərirsən. Müəllimlər tanışlıqla 80-100 manata öyrədirlər. Imkanı olmayanlar borc-xərc içində övladlarını oxutdururlar”.
Ötən illə müqayisədə qiymətlər qalxıb
Bakının hər bir satış mərkəzlərində məktəb ləvazimatlarının qiyməti müxtəlifdir. Türkiyə istehsalı olan çantalar 35-45 manat arasında dəyişir. Çin, Dubay gətirilənlər isə nisbətən ucuz – 10-20 manat arasında satılır. Dəftərlərin 12 vərəqlisi 10 qəpikdir. Ancaq dəftərlərin istehsal olunduğu ölkələrə görə qiymətlərdə fərq var. 40 vərəqli dəftərlər – Azərbaycan 40, Rusiya 50, Türkiyə istehsalı isə 80 qəpikdir. 100 vərəqli dəftərlərin qiymətləri isə ölkə istehsalından asılı olaraq 60 qəpikdən 1 manat 20 qəpiyə qədərdir. Qələm 20 qəpik 1 manat arasında, karandaş 20-60 qəpik, xətkeş 30-60 qəpik, pozan isə 30-80 qəpiyə satılır. Sirkul isə 1 manat 50 qəpikdən başlayır 8 manata qədər yüksəlir.
6 və 12 ədəd karandaş dəstlərinin qiyməti 60 qəpiklə 3 manat arasındadır. 24 ədəd rəngli karandaşın qiyməti isə keyfiyyətindən asılı olaraq 5-8 manat arasında dəyişir. Şəkil albomlarının qiyməti isə ölçüsü və kağızın keyfiyyətindən asılı olaraq, 50 qəpikdən 4 manata qədərdir. Eyni flamaster dəstini də sayından və keyfiyyətindən asılı olaraq 2 manatdan 10 manata qədər almaq olar. Plastilinin ən ucuzu 40 qəpik, bahası isə 3 manatdır. Ən ucuz su qabı Çin istehsalıdır ki, onun qiyməti 2 manat, Türkiyə, Dubay istehsalı olanlar isə 6-13 manatdır.
Diyircəkli qələmlərin bir ədədini 20 qəpiyə, “Faber-Castel” rəngli qələmləri isə 1 manat 60 qəpiyə almaq olar. Mağazada çantalar da qiymətlərinə görə fərqlənir. Burada valideynlər qiyməti 10 manatdan 110 manatadək olan çantalar arasında seçim etmək imkanındadırlar.
Valideynlər bizimlə söhbətdə ötən illə müqayisədə qiymətlərin bahalaşdığını deyirlər. Onların sözlərinə görə, ümumilikdə 20-40 manat arasında bahalaşma var.
Daha bahalıları da var…
Bu qeyd etdiyimiz qiymətlər sadəcə orta stastik vətəndaşlar üçündür. Bakının daha bahalı dükanlarında qiymətlər daha da yüksəlir. Məsələn, “Qrafika” mağazasında çantalar 40 manatdan başlayıb 180 manata qədər davam edir.
Paytaxtın ən ucuz bazarlarından biri kimi ad salan Nizami rayonunda yerləşən 4 saylı bazardır ki, burada 10-12 manata çanta almaq mümkündür. Ümumiyyətlə, sözügedən ünvanda ləvəzimatları da başqa yerlərlə müqayisədə ucuz almaq olar. Ancaq keyfiyyətinə gərək o qədər önəm verməyəsən. Ucuz ətin şorbası olmadığı kimi, ucuz məhsuldan da yüksək keyfiyyət gözləməyə dəyməz.
Satıcılar valideynlərə övladları üçün Türkiyə, Dubay məhsullarının almasını məsləhət görür: “Azərbaycanda istehsal olunan dərs ləvazimatlarını da almaq olar. Ancaq Çinin məhsullarını məsləhət görmürük. Onlar, demək olar, zir-zibildən hazırlanır. Və bu insan sağlamlığına, xüsusən də bədəni hələ bərkiməmiş ibtidai sinif şagirdlərinə ziyandır. Onsuz da Çin istehsalı ilə başqa ölkələrin dərs ləvazimatları arasında böyük fərq yoxdur. Ən yaxşı halda ümumilikdə 10 manat çox edə bilər. Buna görə də Çin məhsullarını almağa dəyməz”.

hicab.org

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button