ArxivXəbər lentiXəbərlər

Vaizi Azərbaycan iş adamlarını İrana investisiya qoymağa dəvət edib

Azərbaycan Respublikası iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin İrana səfəri çərçivəsində Təbriz şəhərində İran-Azərbaycan biznes forumu keçirilib.

İranın müvafiq qurumlarının təşkilatçılığı və Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə keçirilmiş tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, tikinti, qida sənayesi, maliyyə, konsaltinq, turizm və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox iş adamı iştirak edib.

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi çıxışında son zamanlar iki ölkə arasında əlaqələrin daha da intensivləşdiyini, bir çox məsələlərdə qarşılıqlı razılıqların əldə olunduğunu qeyd edib, iqtisadiyyatın müxtəlif sahələrində, həmçinin iş adamları arasında əməkdaşlığın inkişafına dair fikirlərini bildirib.

M. Vaizi Azərbaycan iş adamlarını İrana investisiya qoymağa dəvət edib.

İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə çıxışında İranın Şərqi Azərbaycan vilayəti ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi imkanlarını diqqətə çatdırıb.

Biznes forumda çıxış edən Ş. Mustafayev İran və Azərbaycan arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, dövlət başçılarının siyasi iradəsinin əməkdaşlığın inkişafında xüsusi əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan nümayəndə heyətinin İrana səfəri çərçivəsində Dövlət Komissiyasının iclası, İran-Azərbaycan biznes forumları və bir sıra ikitərəfli görüşlər keçirilib, energetika, nəqliyyat və digər sahələrdə mühüm razılıqlar əldə edilib. Şimal-Cənub nəqliyyat dəhlizi və Biləsuvar və Astara sərhəd-keçid məntəqələrinin 24 saat fasiləsiz iş rejiminə keçirilməsi sahəsində işlərin intensivləşdirilməsi barədə razılıqlar iki ölkənin tranzit potensialından daha səmərəli istifadə olunmasına imkan yaradacaq.

Nazir Azərbaycan prezidentinin 7 dekabr 2015-ci il tarixli “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncamının Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsi və bu sahədə görülən işlərin sürətləndirilməsi baxımından əhəmiyyətli olduğunu da diqqətə çatdırıb.

İş adamlarını fəal əməkdaşlığa dəvət edən Ş. Mustafayev sənaye, kənd təsərrüfatı, nəqliyyat, ticarət və digər sahələrdə əlaqələrin genişləndirilməsinə dair fikirlərini bildirib.

Vurğulanıb ki, Azərbaycanın Qazaxıstanın Aktau şəhərində inşa olunmuş logistik mərkəzindən İran tərəfi də istifadə edə bilər. Azərbaycanda yaradılmaqda olan sənaye parklarında və aqroparklarda İran investorlarının fəaliyyəti üçün əlverişli imkanlar mövcuddur.

Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər təşkil olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button