ArxivXəbər lentiXəbərlər

Bu gün şiə aləminin 8-ci imamının şəhadət günüdür (Foto)

islamazeri.az olaraq bütün müsəlmanlara baş sağlığı veririk

 Bu gün İslam aləmində “Şahi Xorasan” “Qəriblər atası” kimi tanınan, 8-ci imam Əli ibni Musa, yəni imam Rza (ə)-ın şəhadət günüdür. Bu münasibətlə vətənimizin məscid və digər dini məkanlarında imamın şəninə ehsanlar verilir, tədbirlər keçirilir.İslamazeri.az olaraq biz də bütün müsəlmanlara baş sağlığı verir və oxuculara Onun haqqında hazırladığımız yazını təqdim edirik.

İmamın Təvəllüdü

İmam Rza (ə) hicrətin 148-ci ili (təqribən miladi 775-ci ildə) zil-qədə ayının 11-i İmam Museyi-Kazimin (ə) və Tuktəm xanımın evində dünyaya göz açıb. Bu körpənin adını Әli, ləqəbini isə Rza qoydular. İmamın əziz anası Nəcmiyyə iman və üstün ağıl baxımından zəmanəsinin ən görkəmli qadınlarından biri sayılırdı. Həzrət (ə) anadan olduqdan sonra İmam Kazim (ə) xanım Tuktəmə Tahirə (“Pak”) adı verir.

Uşaqlıq çağından etibarən atası imam Kazim (ə) ilə birlikdə idi. İmam Museyi Kazim (ə) həmişə öz yaxınlarına belə buyurardı: “Məndən sonrakı imam, budur”.

Bu barədə Məxzumi belə demişdir: Günlərin bir günündə Musa ibni Cəfər (ə) bizi çağırıb, “sizi dəvət etdim ki, bu oğlanın məndən sonra mənim varisim və canişinim olacağına şahid durasınız” – deyə buyurdu.

 

Yüksək Əxlaqi xüsusiyyətləri 

İmamlar (ə) hamının onları görə biləcəkləri şəkildə yaşayıblar. Belə ki, onları görən hər kəs Allahın rəsulunu (s) xatırlayırdı. Öz növbəsində imam Rza (ə) da fərdi və ictimai həyatında peyğəmbərimizin (s) yüksək əxlaqını nümayiş etdirirdi.

İbrahim bin Abbas uzun illər imamın yanında olub və onun sahib olduğu ilahi feyzdən bəhrələnib. O, imam Rzanın (ə) əxlaqı barədə deyir: “İmamın (ə) kimisə təhqir etdiyini, kiməsə əziyyət verdiyini, yaxud kiminsə sözü qurtarmamış onun sözünü kəsdiyini heç vaxt görməmişəm. Ehtiyacı olanların ehtiyacını ödəyər, heç vaxt başqasının yanında nəyəsə söykənməz, ayaqlarını uzatmaz, xidmətçilərlə yumşaq danışar, camaat arasında uca səslə gülməz, ağzının suyunu yerə atmazdı “

İmam fəqirlərə gizlicə kömək göstərməyə daha çox əhəmiyyət verərdi. O, dəyərli şəxsiyyət çoxsaylı xeyirxahlıq edər, yoxsullara gizlində, gecənin qaranlıq çağı kimsənin görə bilmədiyi şəraitdə əl tutardı.
Xidmətçiləri ilə süfrə kənarında yanaşı oturub yemək yeyərdi. Xəlvət bir yerdə oturarkən süfrə açılardı, xidmətçilər və işçilər imamla birlikdə süfrə arxasında oturardılar.

Zahirdə təqva sahibi olaraq görünməkdən çəkinərdi. Gizlində özünə qarşı çox ciddi idi, insanlar arasına çıxarkən isə yaxşı paltar geyinərdi.

 

İmam Rzanın (ə) elmi və çox dil bilməsi

Öz əcdadları kimi yüksək elmə sahib olan səkkizinci imama “Məhəmməd sülaləsinin alimi” ləqəbini vermişdilər.
İmamlar arasında Əhli-beyt (ə) məktəbinin elmini yaymaq imkanına daha çox imam Baqir (ə) və imam Sadiqin (ə) malik olduqları halda bu sahədə iş görmək üçün daha az vaxtı və şəraiti olan imam Rzanın (ə) “Məhəmməd (s) sülaləsinin alimi” ləqəbini qazanmasını alimlər belə izah edir ki, İmamın (ə) elmi və əqidə barəsində olan ideoloji diskussiyaları o dərəcədə əhəmiyyətli olmuşdur ki, o həzrət bu ləqəbə layiq görülmüşdür.

İmam Rzanın (ə) elmi üstünlüyünün nişanələrindən biri də həzrətin müxtəlif dilləri kamil şəkildə bilməsi idi. İmam başqa ölkələrdən gəlib elmi toplantılara qatılan yaxud adi yığıncaqlarda iştirak edən şəxslərin suallarına onların öz dillərində cavab verərdi.
imamın yaxın səhabəsi Əbasət Hərəvi deyir: “İmam Rza (ə) hər bir insanla onun öz ana dilində danışardı. And olsun Allaha, o, insanlar arasında xarici dildə ən səlis danışan, digər mədəniyyətlərlə daha yaxından tanış olan bir şəxs idi.” (“Üyune-Əxbare ər- Rza, c 2, səh 2)

İmam Rza (ə) müxtəlif dini və ideoloji məktəb nümayəndələrinin verdiyi sualları tam qaneedici səviyyədə cavablandırmaqla yanaşı qarşı tərəfin ideologiyasına əsasən söhbət edər, dəlil gətirərdi. Bu da İmamın elmi qüdrətinin başqa bir göstəricisi idi. İmam (ə) yəhudilərlə Tövrata, xristianlarla İncilə, Zəbur davamçıları ilə Zəbura əsasən, və nəhayət hər bir firqə ilə onların öz mənbələrinə əsasən söhbət edər və özmetodları ilə sübutlar təqdim edərdi.

İmamın Şəhadəti

Xilafətin əldən getməsindən qorxan xəlifə yeganə çıxış yolunu İmam Rzanı (ə) şəhid etməkdə görürdü. Belə də oldu. İmama (ə) zəhərlənmiş üzümü şəxsən xəlifə özü verdi. İmam Rza (ə) səfər ayının 28-i, əlli beş yaşında ikən şəhadətə yetişdi. O, Tus şəhərində dəfn olundu.

Şəhid olduğu gecə imam (ə) yuxuda babası Peyğəmbəri görmüşdü ki, ona belə buyurdu: “Sabah bizim yanımıza gəl. Bizim yanımızda olan, indi içində olduğundan daha yaxşıdır”.

Hərsəmə belə deyir: “Gecə yarısı imam (ə) məni hüzuruna çağırdı. Mən imamın yanına getdim. Həzrət mənə belə buyurdu: “Məmun sabah məni üzüm və narla zəhərləyəcək. Bunu bil ki, şəhid olduğumdan sonra o, məni qüsl etmək istəyəcək. Ona belə de ki, bu işi görmə, yoxsa Allah sənə möhlət verməz. Elə bu vaxt heç kimin görüb bilmədiyi bir şəkildə oğlum Mədinədən gəlib qüsl və kəfən edəcək. Sonra mənim meyidimi Harunun məqbərəsinə aparacaqlar və Məmun məni onun arxasında dəfn etmək istəyəcək. Lakin vurduğu külüng yeri qazmayacaq. Bu vaxt sən Məmuna de ki, qəbrin önündə külüngünü yerə vursun. Ey Hərsəmə, dediyim işləri görün və qoymayın ki, ayrı iş görülsün, yoxsa Allah sizi əzablandırar”.

Nəhayət Məmun o həzrəti Mərvdən Bağdada gedən yolda, Tus şəhərində zəhərli üzümlə zəhərləndi. Həzrət (ə) evinə qayıdıb köhnə dostu Әbasəltə belə buyurdu: “Evin xalçalarını yığışdır və heç kimi evə gəlməyə qoyma. Mənim can verən zamanımdır. Mən də babam Hüseyn kimi torpaq üstündə can vermək istəyirəm.”

İmamın pak bədənini qabaqca Harunun dəfn olunduğu məqbərədə, qəbrin önündə torpağa taşırdılar. Bu faciə 203-cü Hicri ilinin Səfər ayının son günündə, imam 55 yaşında ikən baş verdi.

İmamın şəhid olmasından sonra Xorasanda böyük bir üsyan baş verdi və Məmun özünü əzadar göstərmək üçün ağlaya-ağlaya başına döyürdü. Lakin əksəriyyət bilirdi ki, Məmun imamın qatilidir. Məmun üsyançıların qorxusundan və qiyamın genişlənməsinin qarşısını almaq üçün bir gecə-gündüz icazə vermədi ki, imamın meyidini evdən çıxartsınlar. O, həmçinin xalqın arasına öz adamlarını göndərdi ki, imamın öz əcəli ilə öldüyü şayiəsini yayıb Məmunun bu işdə əli olmadığını inandırsınlar. Lakin bütün bu cəhdlərə baxmayaraq, o, özünü günahsız göstərməyə müvəffəq olmadı. Günü-gündən xalqın gözündə daha dəyərsiz oldu və nəhayət çox pis bir vəziyyətdə öldü.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button