ArxivIslamNardaranXəbər lentiXəbərlər

Taleh Bağırzadə: Biz hakimiyyəti tənqid edəndə onun tüstüsünü görürük

Noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin növbəti məhkəmə iclası keçirilib.

Taleh Bağırzadə: “Məhkəməyə gələnlər təhdid edilir”

Meydan TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda təqsirləndirilən Taleh Bağırzadə bildirib ki, məhkəmədə iştirak etmək üçün gələn qohumları, tanışları iclasda iştirak etməzdən əvvəl nəzarətçilərə şəxsiyyət vəsiqələrini verib, məhkəmə zalına prosesə daxil olurlar:

“Həmin adamlar evlərinə qayıtdıqdan sonra şəxsiyyət vəsiqələrini kimsə gəlib buradan götürür, birbaşa ünvanlardan çağırırlar, təhdid edirlər ki, ora getməyin, orada iştirak etməyin. Şəxsiyyət vəsiqələrini burada alan kimdirsə, bu işlərə kim baxırsa, o, birbaşa məsuliyyət daşıyır. Bu, birinci məsələ. Bununla bağlı xahiş edirəm ki, konkret tapşırıq verəsiniz ki, bu işlər dayandırılsın. Şahidlər də, gələnlər də təhdid edilir. Xüsusilə Nardarandan gələn insanlara, qadınlara belə, polis tərəfindən hal-hazırda konkret təhdid var ki, ora getməyin, iştirak etməyin məhkəmə prosesində”.

Hökumət ağlını itirib

Taleh Bağırzadə deyib: “İkinci, ən əsas məsələ budur ki, mən həqiqətən çox narahatam. Kitabça mənim əlimə gəlib çatdı, sözün açığı, o qədər diqqətlə mütaliə etməmişdim. Belə bir şey var də. Adam ola bilsin başqasının evinin içini bilmir, evinin içində ola bilər problemlər olsun, evin içində od yansın, tüstülənsin. Biz hakimiyyəti tənqid edəndə onun tüstüsünü görürük. Bunlar bizim haqqımızda görün nə yazırlar. Yazıblar ki, haramçılığın və fahişəliyin tərənnümü hökumətdir. Yəni öz hökumətlərini, onun fahişəliyini bunlar yaxşı bilirlər. Biz belə şeylər deməmişik. Mən onu demək istəyirəm ki, bu proses dayandırılmalıdır. Hakimiyyət başına bir əlac qılmalıdır ki, hakimiyyətin içində olan adamlar-DİN bu sözləri-pozğun sözləri hakimiyyətin ünvanına deyir. Özləri deyir. Mən heç nə demirəm. Mən tüstünü deyirəm, amma od məsələsini özləri deyirlər. Özləri bilirlər ki, nədilər. Bu, tam ciddi məsələdir. Məhkəmə prosesi, bu kitabçalar… Hökumət ağlını itirib. Bu proses dayanmalıdır. Mən başqa bir şey görmürəm. Mən başa düşmürəm, məhkəməni də başa düşmürəm, hakimiyyəti də başa düşmürəm ki, bunlar artıq özlərinə bu sözü deyirlərsə, məhkəmənin getməyinin, bizi mühakimə etməyin nə faydası var?”.

Nardaran
Nardaran.

Kitabça tədqiq edilməyib

Hakim bildirib ki, kitabça hələ tədqiq edilmədiyi üçün heç nə demək olmaz. Hakim prosesə gələnlərdən şəxsiyyət vəsiqələrinin alınıb özlərinin təhdid edilməsi ilə bağlı deyib ki, həmin şəxslər məhkəmədə gəlib iştirak edən şəxslərdir, onlar tərəf olmadıqları üçün özləri prokurorluq orqanlarına müraciət edə bilərlər.

Abbas Hüseynov isə deyib ki, prosesdə kimlərsə gəlib iştirak edirsə, bu, kimisə narahat edir: “Deməli, sizin də bunda marağınız var. Əgər sizin marağınız olmasaydı, o insanları narahat etməzdilər”.

Prokurorluğa siz müraciət edin

Fuad Qəhrəmanlı isə bildirib ki, reallığı hamı bilir: “Bir-birimizi aldatmayaq ki, getsinlər prokurorluğa müraciət etsinlər. Özümüz özümüzü aldatmayaq. İstəyir məhkəməsi olsun, istəyir prokurorluq, hamısı eyni mərkəzdən idarə olunur və eyni siyasəti həyata keçirilər. Bu siyasi repressiya dalğasıdır. Burada qurumların hansınasa müraciət etməyin xeyri yoxdur, çünki eyni zehniyyəti və siyasəti həyata keçirirlər. Demək istədiyim odur ki, artıq bu proses baş verir, bunlar görürlər şahidlərə hədə-qorxu gəlməklə prosesdə istintaqın biabırçı şəkildə ifşa olunmasının, tək istintaqın deyil, ümumiyyətlə, hakimiyyətin mahiyyətinin ifşa olunmasını üzə çıxmasının qarşısını ala bilmirlər, indi prosesi maksimum lokallaşdırmağa çalışırlar. Çalışırlar ki, elə bir xof yaratsınlar ki, iştirakçılar artıq özləri prosesə gəlməkdən çəkinsinlər. Ona görə də bizim bu məsələni qaldırmaqda məqsədimiz o deyil ki, obyektiv tədqiq ediləcəyini gözləyirik. Ona görə deyirik ki, bu məsələ ictimailəşsin. Necə ki, şahidlərlə bağlı ictimailəşdi və hakimiyyət şahidlərlə bağlı geri çəkilməyə məcbur oldu, eləcə də bu məsələnin ictimailəşdirilməsini istəyirik. Sizdən eyni zamanda tələbimiz ondan ibarətdir ki, təqsirləndirilən şəxslərin qaldırdıqları məsələ əsasında prokurorluğa müraciət edəsiniz ki, bu küçədən keçən insanlara olan təzyiq deyil, məhkəmə prosesi ilə bağlıdır. Bu məsələ araşdırılsın. Ən azı, cəmiyyətə göstərəsiniz ki, sizin bir hakim kimi apardığınız prosesə bu qədər kobud şəkildə müdaxilə olmasın. Biz təfərrüatlara getmirik. Ən azı müəyyən formal görüntüləri saxlayın ki, heç olmasa bu qədər biabırçılıq ortaya çıxmasın”.

Hakim bildirib ki, heç kəsin məhkəmədən nəsə tələb etməyə hüququ yoxdur. Fuad Qəhrəmanlı isə bildirib ki, təqsirləndirilən şəxslərin hüququ var: “Məhz biz tələb edə bilərik. Əgər məhkəməyə gələnlərə bu təzyiq olmasaydı, mən də bu tələbi etməzdim.

Bu, girov götürmədir

Vəkil Nemət Kərimli isə bildirib ki, məhkəmə açıq keçirilir və açıq keçirilməsinin bir məqsədi var ki, ictimaiyyət, istənilən şəxs iştirak edir və əmin olur ki, ədalətli və obyektiv keçirilir, qərar qəbul edilir: ” Şəxsiyyət vəsiqələrinin yoxlanılması nə dərəcədə uyğundur? İnsanıq hamımız, gəlib burada iştirak edirik. Soruşulmamalıdır. Əgər yoxlanılırsa, yoxlanılsın. Amma ondan sonra qaytarsınlar özlərinə. Əgər şəxsiyyət vəsiqəsi götürülürsə, bu, girov götürmədir və inzibati məsuliyyətə səbəb olan bir haldır. Heç kəsə icazə verilmir ki, şəxsiyyət vəsiqəsini girov götürə”.

Hakim bildirib ki, bu məhkəmə icraçılarının vəzifəsidir, onların özlərinin təlimatı var.

Abbas Hüseynov isə narazılıqlarının faktlara əsaslandığını deyib: ” Xatırlayırsınızsa, bir müddət öncə bizim hüquqlarımızı qoruyan şəxslər, məsələn, Arif Hacılı bəy gəlib prosesdə iştirak etdiyi üçün onu və Gözəl xanımı “Bandotdel”ə çağırıb deyiblər ki, siz niyə Nardaran hadisəsində həbs olunanların hüquqlarını müdafiə edirsiniz. Bu qanunsuzdur. Yaxud Yasamal Məhkəməsi bizim yaxın dostlarımızdan birinə burada iştirak etdiyi üçün 30 sutka həbs verib. Bu yaxınlarda Lənkərandan gələn qardaşlarımızı tutub aparıblar bölməyə ki, siz niyə burada iştirak edirsiniz? Əgər bu hallar hamısı baş verirsə, deməli, məhkəmənin özünün də marağı var. İnsanları bura güc-bəla ilə buraxdırırıq”.

İbrahim Xudaverdiyev isə bildirib ki, onların evində kişi xeylağı qalmayıb: ” Tutulub hamısı. Hələ tutula-tutula da gedirlər. Bu proses davam edir. Mənim yoldaşımın qardaşını-qaynımı çağırıblar polisə, deyiblər ki, bacına de, məhkəməyə gəlməsin. Bu belədir.

Azərbaycanda yaşayırıq, hamı yaxşı bilir ölkədə nə baş verir. Məhkəmələr də, polislər, türmələr də eyni mərkəzdən idarə olunur. Uşaq türmədədir deyə, mən hələ ehtiyat edirəm. Zəhmət çəkib parlamentdə qərar qəbul etsinlər, söz azadlığını çıxarsınlar, camaat da bilsin ki söz azadlığı cinayətdir. Elan eləsinlər birdəfəlik, işimizi bilək. Danışanın da dilini kəsirlər. Bu faciə nə qədər davam edəcək? Bu sizin özünüzə də çatacaq”.

Fuad Qəhrəmanlı isə bildirib ki, hüququn üstünlüyü deyilən bir şey var: “İnzibati Xətalar Məcəlləsinə görə, şəxsiyyət vəsiqəsini alıb saxlamaq olmaz. Əgər təlimatda bunula bağlı ziddiyyət varsa, o zaman Məcəllə üstün götürülməlidir, üstün qüvvəyə malik akt kimi. Ona görə də mən inanmıram ki, Ədliyyə Nazirliyində məhkəmə icra sistemi ilə bağlı təlimatda vəsiqələrin alınıb-saxlanılması nəzərdə tutulsun. Məcəlləyə ziddir. Əslində təlimatda belə şey nəzərdə tutulmayıb. Bu məhkəmə nəzarətçilərini öz təşəbbüsləri ilə baş verən məsələdir. Yaxud da məhkəmə sədrinin. Biz bu qanunsuzluğun qaldırılmasını tələb edirik və hesab edirik ki, şəxsiyyət vəsiqələri alınmamalıdır. Əgər bu yerinə yetirilməsə, biz də çalışacıq buna adekvat olaraq münasibətimizi bildirəcəyik. Qanunsuz tələbdir və sədrlik etdiyiniz məhkəmədə bu qanunsuzluğun aradan qaldırılması, ilk növbədə, sizin üstünüzə düşür. Mən sizdən başqa şey tələb etmirəm. Sədrlik etdiyiniz prosesdə baş verən bu halın aradan qaldırılmasını tələb edirəm”.

Bu, proses deyil, xeyirlə şərin qarşıdurmasıdır

Taleh Bağırzadə isə bildirib ki, Azərbaycan cəmiyyəti Nardaran hadisəsi ilə bağlı gedən prosesləri gəlib izləyirlər, müdafiə edirlər: “Xüsusilə bizim ziyalılarımız, aydınlarımız-Gözəl Bayramlı, Nurəddin Məmmədli, Eldəniz Quliyev, Milli Şuranın Koordinasiya üzvləri, sədri Cəmil Həsənli və Əli Kərimli başda olmaqla. Digərləri gəlirlər bizim hüquqlarımızı müdafiə etmək üçün. Nardaran işi dünyanın hüquq müdafiəçilərinin diqqətindədir. Bu proses bir məhkəmə deyil, xeyrilə şərin qarşıdurmasıdır. Əslində proses uzandıqca insanlar yorulub gəlməməliydilər. Amma əksi oldu. Getdikcə prosesə dəstək çoxaldı, hakimiyyət də bundan çox narahatdır. Nə etsələr də, bu hakmiyyət məğlubiyyətə məhkumdur, çünki şər cəbhəsidir”.

Cabbar Cabbarov isə bildirib ki, ötən iclasda təqsirləndirilən şəxslər şahidlərə təzyiq edildiyini deyəndə hakim prokurorluğa şikayət olunacağını bildirib, lakin sonra həmin məsələdən bir xəbər çıxmayıb: “Bu insanlar məhkəməyə də gələ bilmirlər. Əgər Sabunçu polisinin və “Bandotdel”in əməkdaşları bu hərəkətləri ilə nəsə demək istəyirlərsə, gəlsinlər onlar bizi burada mühakimə etsinlər. Daha siz niyə əziyyət çəkirsiz? Əgər bunu prezident İlham Əliyev tapşırıbsa, onda mən demək istəyirəm bizim işə müdaxilə etməsin. Onun yoldaşını söyüblər, o barədə əncam çəksin. Taleh Bağırzadənin adından yayılan kitabda yazılıb “oğru İlham Əliyev”. Getsin, onu yazdıranı tapsın. Göz yummasın. Bacarmırsa, onu da biz edərik, problem yoxdur”.

Şahid ifadəsi…

Daha sonra iclasda Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin sahə müvəkkili Emin Babayev şahid qismində dindirilib: “5 noyabrda axşam 7-8 arası Yusif Qurbanovla xidmət apararkən məsciddən Elçin Qasımov çıxdı, əlində zənbil vardı. Ətrafda heç kim yox idi. Gördük ki, uca səslə narazılıq edir, nalayiq ifadələr işlədir. Onu nizam- intizama dəvət etdik. Mən maşında olanda hətta Yusif Qurbanovla çəkişdi, çəkişəndə Yusif Qurbanovun papağı başından düşdü. Sonra onu dəvət etdik polis bölməsinə, gəlmək istəmədi, mindirdik maşına, gətirdik polis idarəsinə.

Şahid vəkil Yalçın İmanovun “Elçin Qasımov ruhani insandır, ali təhsillidirsə, niyə söyüş söysün” sualına şahid cavab olaraq niyəsini soruşmadığını deyib.

Vəkilin Elçin Qasımovu niyə bölməyə yox, idarəyə apardıqları ilə bağlı suala isə şahid cavab verib ki, həmin vaxt bölmədə heç kim olmayıb. Vəkil Yalçın İmanovun “Axşam saat 7-də niyə heç kim yox idi ki bölmədə” sualına isə şahid cavab verib ki, onlara idarəyə aparmaq təlimatı verilib, bölmədə heç kəs olmayıb, çünki polis əməkdaşları tədbirdə olublar.

Vəkilin idarədə hər hansı işgəncə olub-olmaması barədə sualına isə şahid cavab verib ki, belə bir halın şahidi olmayıb.

Fuad Qəhrəmanlı isə şahidə sual verib: “Siz polis əməkdaşı işləyirsiniz. Ruhani ilə alkaşın fərqini ayırd edə bilmirsiniz? İnsanlara əxlaq dərsi deyən bir insan necə ola bilər ki, söyüş söysün? Alkaşdan gözləmək olar ki, söyüş söyər. Necə ola bilər ki, ruhani söyüş söysün? Camaat bəs deməz ki, əxlaq dərsi deyən adam söyüş söyür? Mən xeyli vaxtdır ki, burada dindarlarla bir yerdəyəm, onlar ruhani statusu olmayan sadə mömin insanlardır. Onlardan nəinki söyüş, heç kobud söz də eşitməmişəm. Elçin Qasımov kəndin axundudur. Əslində burada məntiq məsələsi yox, vicdan məsələsi var. Çünki hüquq-mühafizə sistemi məntiq tanımır. Ruhanini şərləmək üçün başqa variantlar işlətmək olar. Hansı məntiqlə və vicdanla demək olar ki, ruhani Elçin Qasımov söyüş söyür. Elçin Qasımovu özünə örnək götürən inasanlar var, təşkilat sədrinin müavinidir, elmlər namizədidir, Elmlər Akademiyasının üzvüdür. Dindar ona görə deyirlər ki, onlar söyüşü yaxınlarına buraxmırlar. Necə olur ki, Elçin Qasımov söyür söyür?

Şahid suala cavab verməyib.

Fuad Qəhrəmanlı ondan Elçin Qasımovun hansı ifadələr işlətdiyini soruşub. O bildirib ki, ifadənin söyüş olub-olmadığını müəyyən etmək üçün ekspert rəy verməlidir. Fuad Qəhrəmanlı soruşub ki, o necə müəyyən edib ki, Elçin Qasımovun işlətdiyi söyüş olub. Şahid cavab verib ki, Elçin Qasımov ucadan qışqırırdı və bu, cinayət sayılır. Fuad Qəhrəmanlı nəyə əsasən onun qışqırmağını söyüş hesab edib, şahid suala cavab verə bilməyib. Fuad Qəhrəmanlı bildirib ki, şahid suallara cavab verə bilməz: “Bəzi polis əməkdaşları burada gəlib ifadə verəndə qızarırdılar, amma siz qızarmadınız. Siz məşq eləmisiz?” Hakim sualın çıxarıldığını bildirib.

Taleh Bağırzadə isə bildirib ki, Elçin Qasımov “Müsəlman Birliyi” Hərəkatının sədr müavinidir:

“Əslində onu siz məndən də yaxşı tanıyırsınız, sadəcə müəyyən səbəblərdən demirsiz. Fuad bəy yaxşı dedi ki, bayaq adamda vicdan olar. Onu bilin ki, Kərbəlada İmam Hüseyni, onun ətrafını, ailə üzvlərini qətlə yetirən Yezid ibn Müaviyyə özü Kərbəlaya gəlməmişdi. Yezid ibn Müaviyyə özü Kərbəlaya gəlməmişdi. Öz adamlarını göndərmişdi. İndi bu məhkəmə də…”.

Hakim onun çıxışını dayandırıb. Taleh Bağırzadə isə ona “Cənab hakim, siz niyə Yezid məsələsindən çəkinirsiniz? Deməli, bunun sizə adiyyatı var” sualını verib. Hakim deyib ki məhkəməni başqa vasitələrə oxşatmaq olmaz.

Məhkəmənin növbəti iclası noyabrın 18-nə təyin edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button