Xəbərlər

Bakı nurçuların “İşıq evləri” ilə doludur…

Türkiyəli yazarın kitabında Qafqaz Universitetinin iki tələbəsinin Fətullah Gülən təriqətinin Azərbaycandakı fəaliyyəti ilə bağlı ilginc açıqlamaları yer alıb

Türkiyədə baş nazir Rəcəb Tayyib Ərdoğanla vaxtilə onu hakimiyyətə gətirmiş Fətullah Gülən təriqəti (nurçular) arasında yaşanan gərginlik, bu ölkədə hökumətin nurçuların universitetlərə hazırlıq kurslarını bağlamaq barədə qərarı Azərbaycanda da kifayət qədər güclənən bu təriqətlə bağlı mövzunu gündəmə gətirib.
Virtualaz.org Türkiyədə nəşr olunan və özünü “müstəqil kamalçı qəzet” kimi təqdim edən “Hakimiyyəti-milliyə” adlı nəşrin yazarı Turhan Kaanın bu mövzuda maraqlı yazısına rast gəlib (link).
T.Kaan təriqətin Azərbaycanda necə fəaliyyət göstərdiyi barədə Bakıdakı Qafqaz Universitetinin iki tələbəsinin onun bir neçə il əvvəl yazdığı “Xaçlı irticanın coçukları: AK faşizm” adlı kitabında yer almış müsahibələrini oxuculara təqdim edib. Yazar Qafqaz Universitetini fətullahçıların universiteti adlandırır.
R.A. adlı birinci tələbə deyir ki, Qafqaz Universiteti təhsil baxımından Azərbaycanda ən qabaqcıl hesab olunur. Ancaq universitetdə dini mühit hökm sürür, yeni gələnlər bunu hiss etməyə bilər. Lakin vəziyyət belədir. Tələbə universitetin elmi kadrlarının Corc Soros tərəfindən maliyyələşdirilən narıncı inqilablarla bağlı olub-olmadığını soruşur.
R.A. deyir ki, bu barədə məlumatı yoxdur: “Universitetin müəllimləri sadəcə dərs keçirlər. Gələcəkdə məzunların mühüm dövlət işlərində işləməsində maraqlı olduqlarını deyirlər”.
Tələbə deyir ki, universitetdə təriqətin “hizmət coçukları” fəaliyyətdədir. Onlar təriqətə məxsus “İşıq evləri”ndə yaşayırlar: “Fəaliyyətləri dini təbliğat aparmaqdan, Fətullah Gülənin, Səidi Nursinin (Kürdinin) “Risaleyi-nur” kitablarını tələbələrə oxutdurmaqdan, ümmətçiliyi təbliğ etməkdən ibarətdir”.
Tələbə deyir ki, belə evlər Bakıda çoxdur, qızlar üçün də, oğlanlar üçün də “İşıq evləri” var. “Hizmət coçukları” üçün ən başda gələn vəzifə təriqətin təbliğatını aparmaqdır, dərs oxumaq ikinci dərəcəli işdir. Buna baxmayaraq imtahanlarda belələrinə yüksək bal yazırlar.
Tələbə deyir ki, bir dəfə onu da aldadaraq “İşıq evləri”ndən birinə aparıblar. Həmin evdə yalnız “Samanyolu” telekanalına baxmaq mümkün imiş, həmin TV-də də yalnız Fətullah Gülənin moizələri dinlənilirmiş. “İşıq evi”ndə söz Atatürkdən düşəndə R.A. ona simpatiyasının olduğunu deyir. Bu zaman təriqət mənsubları ona qəzəblənir. Təriqət mənsubları Atatürkə “əyyaş”, “kafir” deyə söyürlər.
R.A. deyir ki, ondan sonra bir daha ora getməyib. Tələbə danışır ki, MTN arabir “İşıq evləri”ndə əməliyyat keçirir, lakin Azərbaycan hakimiyyəti Qafqaz Universitetinin və Gülən təriqətinə mənsub başqa qurumların fəaliyyətinə mane olmur.
Tələbə danışır ki, “hizmət coçukları” universitetə yeni qəbul olunmuş tələbələri təriqətə cəlb etmək üçün onlarla mehriban münasibətlər qurur, çay içməyə dəvət edir, heç bir ödəniş olmadan pulsuz ingilis dili kurslarına yazdırır və ən müxtəlif digər üsullardan istifadə edirlər.
Turhan Kaanın müsahibləri danışır ki, Azərbaycan mediasında ara-sıra nurçular əleyhinə yazılar gözə dəyir, amma ümumən təriqətə qarşı hansısa təzyiqlər yoxdur. Təriqətin “Araz” kursları da abituriyentlər arasında populyardır.

faktxeber.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button