ArxivIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İctimai məsuliiyət və qınaq

Cəmiyyətdəki ictimai öhdəliklərimizi yerinə yetiririkmi?

Bağışlayan və Mehriban Allahın adı ilə.

İctimai məsuliyyət. İctimai qınaq.

Bu ifadələr dövrümüzdə demək olar ki, bizə unutdurulur və ya mənası səhv istiqamətləndirilir. Hazırda bütün dünyada bu mövzu aktualdır. Dünyanı öz istədikləri kimi idarə etməyə çalışan qüvvələr insanları qul və müti vəziyyətinə salmaq üçün bütün vasitələrə əl atırlar. O cümlədən də “ictimai öhdəlik” məsələsini də konteksdən çıxarış edib mahiyyətini yararsız hala gətirir və bunun lazımsız bir mövzu olduğunu həmçinin insanların hüquq və azadlıqlarına zidd olduğunu aşılayırlar.

Beləliklə kütləvi şəkildə beyinlər yuyulur və planlar həyata keçirilir. İctimai öhdəlik insanın cəmiyyət içindəki vəzifələridir. Məsələn kimsə küçənin ortasında yıxıldı və özündən getdisə, digərlərinin borcudur ki, ona kömək etsin. Bu ictimai insanlıq vəzifəsidir. Və yaxud kimsə parkda bir xanıma qarşı fiziki təzyiq göstərirsə, digər insanlar məsələyə müdaxilə etməli və asayişi bərpa etməlidirlər. Çünki bu hadisə ictimai yerdə baş verir. Evin içində yox. Yaxud hansısa qonşu məhəllə uşaqlarını pis vərdişlərə təşviq edirsə, məhəllə sakinləri kollektiv şəkildə məsələni araşdırmalı və onu zərərsizləşdirməlidirlər.

Həqiqətən də bir cəmiyyətdə belə əhval-ruhiyyə olarsa, həmin cəmiyyətdə mədəniyyət və əxlaq olar, birlik olar, əmin-amanlıq olar, dostluq-qardaşlıq olar və bir sözlə əsl insanlıq o cəmiyyətə hakim olar.

İctimai məsuliyyət və öhdəliyini tərk etmiş Avropa və Amerika cəmiyyətlərinin aqibəti göz qabağındadır. Burada insanların azadlıq adına etdiyi işlər sosial anarxiya və özbaşınalıqdır. İnsanın cəmiyyət içində istədiyi kimi geyinməsi, istədiyi hərəkəti etməsi, qonşu, qohum və böyüklərlə ünsiyyətin sağlam qurulmaması və s. ifrat sərbəst addımlar insanlıq adına rəzalətdir. Çünki insan sosial varlıqdır. İnsanı dördayaqlıdan fərqləndirən əsas cəhətlər abır-həyası, şüurlu olması, nitqinin olması və əyninə libas geyinməsidir.

Bunlar insana bəxş olunan üstünlüklərdir. İnsan bu xüsusiyyətlər vasitəsilə izzətini qoruyur. Təəssüf ki, bəziləri bunu anlamaq istəmir və sərhədləri aşırlar. Buna da azadlıq və sərbəstlik donu geyindirirlər. Halbuki azadlıq – müəyyən qayda-qanunlar çərçivəsində sərbəstlik deməkdir.

Ailələrdə boşanmaların artması, evlənənlərin sayının azalması, əhalinin say tərkibinin azalması, cinayətlərin artması, xəstəliklərin artması, ekologiyanın pozulması, cəmiyyətdə təcavüzün artması, narkomanların sayının artması və s. ictimai-sosial problemlər məhz dünyanın əksər ölkələrində ictimai öhdəliyin icra olunmamasının nəticələridir.

İctimai məsuliyyətlə bağlı bir hekayəyə nəzər salaq:

Bir qrup insan gəmiylə səyahətə çıxır. Birdən sərnişinlərdən biri öz oturduğu yerə çəkiclə vurmağa və yeri deşməyə başlayır. Digər sərnişinlər də məsələyə laqeyd yanaşıb heç bir müdaxilə etmirlər. Bir neçə dəqiqədən sonra artıq gəmiyə o sərnişinin oturduğu yerdən su daxil olmağa başlayır. Beləliklə gəmini su basır və digər sərnişinlər də suya qərq olur. Sonradan peşman olurlar ki, niyə vaxtında iradımızı bildirmədik yəni ictimai öhdəliyimizi yerinə yetirmədik.

Dinimiz İslamda ictimai öhdəlik – Əmr be məruf və nəhy əz munkər (yaxşı işlərə dəvət və pis vərdişlərdən çəkindirmək)

İslam dinində də ictimai öhdəlik, yəni əmr be məruf və nəhy əz munkər (yaxşı işlərə dəvət və pis vərdişlərdən çəkindirmək) namaz və oruc qədər mütləq olan 10 vacib əməldən biridir.

Mövzuyla bağlı ayə və hədislərə diqqət yetirək:

Qurani Kərimdən: “(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir dəstə olsun! Bunlar (bu dəstə) həqiqətən nicat tapmış şəxslərdir.” Ali İmran – 104

“(Ey müsəlmanlar!) Siz insanlar üçün zahirə çıxarılmış ən yaxşı ümmətsiniz. (Onlara) yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və Allaha inanırsınız.” Ali İmran- 110

“Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!” Loğman -17

“Özünüzü və ailə-uşaqlarınızı (yaxşı işlərə əmr edib pis işlərdən çəkindirməklə) elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır. Zəif insanların haqqını onların güclülərindən alınmasında süstlük göstərən millət heç vaxt pak və eyblərdən uzaq olmaz.

İmam Cəfər Sadiq (ə)

Necə olacaq o millətin halı ki, qadınları fəsad törədən, cavanları fasiq olduqları halda əmr be məruf və nəhy əz münkər etmirlər?

İmam Cəfər Sadiq (ə)

Allah-təala dini olmayan, yəni əmr be məruf və nəhy əz münkər etməyən mömini özünə düşmən bilir.

İmam Cəfər Sadiq (ə)

Hər kəs moizə etmək və ilahi əzabla qorxutmaq üçün zalım bir hökmdarın hüzuruna getsə, insanların və cinlərin xeyir əməlləri və gördükləri savab işlər qədər savab ona əta olunar.

İmam Məhəmməd Baqir (ə)

Ayə və hədislərdən də anladığımız kimi dinimiz bizi ictimai öhdəliklərimizin icrasına sövq edir. Hədislərdə cəmiyyət bir bədənə bənzədilir. Bədənin də bir üzvü ağrısa, digər üzvlər də narahat olar. Deməli cəmiyyətdəki insanlar bədən üzvləri misalındadır. Necə ki, Hz Əli(ə) buyurmuşdur: Bir kənddə bir nəfər aclıqdan ölsə, bütün kənd qatildir.

İslam tarixində baş verən Kərbəla hadisəsində də biz ictimai öhdəliyin təzahürünü görürük.

Belə ki, İmam Huseyn(ə) cəmiyyətdə baş verən mənəvi aşınma və özbaşınalıqla mübarizə uğrunda şəhid edilir. Xalqımız tarix boyu ictimai öhdəliklərinə diqqət edən bir xalq olmuşdur. Ümumiyyətlə Şərq insanı isti və sosial xarakterdə olmuşdur. Əfsus ki, yaşadığımız dövrdə Şərq ölkələrinin əksəriyyəti Qərbin təsirinə düşmüş və gözəl adətləri unutdurulmuşdur. Bizim cəmiyyətimizdə də bunun təzahürlərinin şahidi oluruq.

İnsanlarımızın başı əsasən çoxlu pul qazanmağa və xərcləməyə qarışmış və ictimai məsuliyyət bilərəkdən zəiflədilmişdir.

Ümid edirik ki, xalqımız bu problemi tezliklə həll edəcək və hər kəs öz ictimai öhdəliklərinə ciddi şəkildə riayət edəcəkdir.

Diqqətiniz üçün təşəkkür edirəm.

Vüsal Nadiroğlu

Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button