ArxivIslamXəbər lentiXəbərlər

Aşura məktəbində valideyn-övlad münasibətləri …

Bəhruz Camal: “Övlad və ailəyə olan sevgi din məsələsində qarşıya çıxan böyük vəzifələrimizin önünə sədd çəkməməlidir”

Hicri-qəməri tarixinin ilk ayı olan Məhərrəm, Peyğəmbərin sevimli nəvəsi, müsəlmanların üçüncü imamı , İmam Hüseynin şəhid edilməsi ilə tarixə düşüb. Məhərrəmin ilk on günü Aşura mərasimləri ilə müşaiyət olunur. Aşura məktəbindən dərs alan bütün müsəlmanlar İmama olan eşqlərini nümayiş etdirmək üçün məscidlərə axışaraq əza saxlayırlar. Məhz Aşura məktəbi müsəlmanlara dünya və axirət üçün necə yaşamaq lazım olduğunu öyrədir. Bu məktəbin verdiyi ən mühüm dərslərdən biri də valideyn-övlad münasibətləri ilə bağlıdır.

Bəs görəsən Aşura məktəbində valideyn-övlad münasibətləri necə təsvir olunub?

İslaminSesinin ünvanladığı sualı ilahiyyatçı Bəhruz Camal cavablandırıb. İlahiyyatçı bildirib ki, Aşura məktəbində valideyn-övlad münasibətləri o qədər geniş təsvir olunub ki, bunu bir kəlmə ilə ifadə etmək çox çətindir: “ Aşurada qadın –kişi, valideyn-övlad münasibətlərinin müəyyən konsepsiyalarını görmək mümkündür. Əgər Həzrət Əli Əkbərin (ə), Həzrət Qasimin (ə), Həzrət Zeynəbin (s.ə) timsalında övlad-valideyn münasibətlərinə nəzər salsaq, ilk növbədə bizə verilən dərsin itaətkar övlad obrazından ibarət olduğunu görərik. Aşura məktəbi hətta cihad meydanında belə valideyn icazəsini şərt görür. Davaları haqq yolunda olsa belə, Həzrət Əli Əkbər (ə) atasının icazəsi olmadan müharibə meydanına getmir. Həzrət Əli Əkbər (ə) özü də bilir ki, gedib şəhid olsa yenə də cihaddadır. Lakin birinci valideynə, sonra isə zəmanənin İmamına itaətkarlıq bu məsələdə önə çıxır”.

Bəhruz Camalın fikirlərinə görə, Quran ayəsində “övlad, xanım, var-dövlət sizin üçün dünyadır” sözləri buyurulur. Övlada məhəbbət o həddə olmalıdır ki, bu dünyaya çevrilməsin: “Yəni övlad və ailəyə olan sevgi din məsələsində qarşıya çıxan böyük vəzifələrimizin önünə sədd çəkməməlidir. Bəzi məsələlərdə əgər dinin qorunmasından ötrü övladdan keçmək şərtdirsə, buna razı olmalıyıq. Kərbəla məktəbi bizə məhz bu kimi vacib xüsusiyyətləri aşılayır”.

İlahiyyatçı qeyd edib ki, dünya eşq üzərində qurulub. Yəni həqiqi və yalançı eşq məfhumları mövcuddur: “ Həqiqi eşq Allaha tərəf aparandır. Ailəyə, övlada, valideynə olan məhəbbət bizi yalnız Allaha tərəf aparmaq üçün vasitələr çərçivəsində olmalıdır. Bunlar İlahi sevgiyə çatmaqda bizə maneə yaradarsa, o zaman yalançı eşqə çevrilər. Aşura məktəbi bizə vasitələrdən düzgün istifadə edib, həqiqi eşqə çatmağı öyrədir. Yəni valideynə, övlada, ailəyə olan məhəbbət bizim həqiqi eşqə və hədəflərə yetişməyimizə maneə yaratmamalıdır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button