ArxivIslamXəbər lentiXəbərlər

Mövludun mübarək, Ya İmam Rza (ə)

Peyğəmbər (s) hidayət peyğəmbəri olduğu kimi, İmamlar da hidayət imamlarıdır
Məşhur rəyə əsasən, Zilqədə ayının 11-i, 8-ci imamımız olan Həzrət Əli ibni Musa Rzanın (ə) mübarək mövludu günüdür. Həzrət İmam (ə) Zilqədə ayının 11- i dünyaya gəlmişdir və Muhəmməd (s) ümməti üçün, həmin gün bir bayramdır.

Mübarək və nurani mövlud günləri

Biz hansı səbəbə görə, Peyğəmbər (s) Əhli-Beytindən (ə) olan şəxslərin təvəllüd (doğum) günlərini mübarək və nurani günlər hesab edir və həmin günləri bayram edirik? Ona görə ki, həqiqətən də, bu kimi tarixi əlamətdar və mübarək günlər – İslam aləmində misli olmayan şəxsiyyətlərin mövlud günləridir. Necə ki, İslam Peyğəmbərinin mövlud günü mübarək və səadətli gün hesab edilir, eləcə də, Peyğəmbər Əhli-Beytinin mövlud günləri mübarək və səadətli günlər hesab olunmalıdır. Çünki mövlud günlərini bərəkətli günlər və özlərinin də, mübarək şəxsiyyətlər hesab etdiyimiz insanlar – Peyğəmbərdən (s) sonra onun ümmətinin İmamları, yəni, rəhbərləridirlər. Yəni Peyğəmbərdən sonra İmamlarımız bu missiyanın daşıyıcısıdırlar, bu vəzifədən onlar məsuldurlar. Peyğəmbər (s) hidayət peyğəmbəri olduğu kimi, İmamlar da hidayət imamlarıdır. Peyğəmbər hər cür xəta və nöqsandan pak və ismətli (məsum) olduğu kimi, İmamlar da pakdırlar və ismət sahibidirlər. Peyğəmbər alim olduğu kimi, onun elmi Allah Təala tərəfindən əta edildiyi kimi, İmamlar da alimdirlər və elmləri öz ataları və nəhayətdə Həzrət Peyğəmbər vasitəsiylə Allah Təala tərəfindən verilmişdir. Peyğəmbər kimi, İmamlar da hərtərəfli elmə və ilahi məarifə sahib olmuşlar, Quranı, dini əsasları (usulid-din), dinin budaqlarını (firuid-din), şəri hökmləri, əxlaqi məsələləri və s. dərindən bilmişlər. Peyğəmbərə itaət və tabeçilik vacib olduğu kimi, Peyğəmbərə itaət və tabeçilik etmək, Allaha itaət və tabeçilik olduğu kimi, İmamlara (ə) da itaət etmək və tabe olmaq vacibdir və onlara itaət və tabeçilik etməklik də, İslam Peyğəmbərinə və Allaha itaət etmək, tabe olmaq deməkdir. Bu səbəbdən də, belə nurani şəxsiyyətlərin səadətli təvəllüd günləri – İslam dünyasında öz mübarəkliyi və əlamətdarlığı ilə seçilir və həmin günlər müsəlmanalr üçün bayramdır.

İmam Rzanın həyatına qısa bir baxış

İmam Rza – müsəlmanların 8-ci imamıdır. O Həzrətin əsl adı Əlidir. Atası – 7-ci imamımız Həzrət Musa ibn Cəfər ibn Muhəmməd ibn Əli ibnil-Huseyn ibn Əlidir (Allahın Salamı bütün hidayət İmamlarının üzərinə olsun!). İmam Əli ibn Musanın kunyəsi Əbul-Həsən, ən məhşur ləqəbi isə Rzadır. Hətta, o dərəcədə İmamın bu ləqəbi məşhurdur ki, İmamların mübarək adları sadalanarkən, növbə Əli ibn Musanın mübarək adına çatdıqda və ya o Həzrət haqqında danışdıqda, ona “İmam Rza” deyilir. Həzrət İmam hicrətin 148-ci ilində, mübarək Zilqədə ayının 11- də dünyaya gəlmişdir. Həzrətin anasının adı Tukəm olmuş və o Xanım fəzilətli xanımlardan olmuşdur. Çünki o, 7-ci İmamın zövcəsi və 8- ci İmamın anasıdır. İmam Rza dünyaya gəldikdən sonra İmam Museyi-Kazim (ə) o Xanıma “Tahirə” adını vermişdir. Hər bir zamanın öz imamı olduğu və yer üzü heç zaman ilahi höccətsiz qalmadığı kimi, İmam Rza da, öz zəmanəsinin İmamı və Allah Təalanın (c.c) insanlar üzərindəki höccətidir. O Həzrətin həyatı əsasən 2 hissədən ibarətdir; 1. Atası İmam Kazimlə birlikdə yaşadığı dövr, bu müddət 35 ildir. 2. Atasının şəhadətə yetdiyi, yəni, özünün imamətə çatdığı dövrdən şəhadətinə qədərki dövr. Bu dövr 20 il olmuşdur. İmam Rza, atası İmam Kazim hicri 183-cü ildə Bağdadın zindanında zəhərləndirilərək şəhid edildikdən sonra, atasının təyinatı əsasında imamət məqamına yetişdi. Əbdürrəhman ibn Həccac deyir: “Əbülhəsən Musa ibn Cəfər öz oğlu Əlini öz canişini təyin etdi, onun üçün vəsiyyətnamə yazdı və Mədinənin tanınmış şəxsiyyətlərindən altmış nəfəri şahid tutdu”. İmam Rza 35 yaşında imamət məqamına çatır, 20 il ümmətin imamı və rəhbəri olur və hicri 203- cü ildə, 55 yaşında şəhadətə qovuşur. O Həzrətin şərif məzarı İranın Tus – indiki Məşhəd şəhərindədir. Bu gün müxtəlif ölkələrdən saysız-hesabsız insan Həzrət İmamı ziyarət etmək üçün Məşhəd şəhərinə gəlir, İmamın vasitəsiylə Allahdan hacətlərini diləyir, duaları müstəcəb olur, şəfa tapırlar.

İmam Rza və müasiri olmuş xəlifələr

Abbasi xəlifələri Harun ər-Rəşid, Əmin və Məmun – İmam Rzanın müasiri olmuş xəlifələrdir. Yəni o Həzrətin zəmanəsində bu insanlar xəlifə olmuşlar. Bu xəlifələr də, Əhli-Beyt İmamlarının haqqını qəsb etdikləri üçün, mənfur və məlun kimsələr olmuşlar. İmam Rzanın 20 illik imamlıq müddətinin ilk 10 ilində, Harun ər-Rəşid xəlifə olmuşdur. 2- ci onilliyin ilk 5 ilində Harunun oğlu və vəliəhdi olan xəlifə Əmin (atasının ölümündən sonra) xəlifə olur. Nəhayət, Həzrət imamlığının və mübarək ömrünün son 5 ilini, qardaşı Əmini öldürərək xilafətə sahib çıxan Məmunun dövründə yaşamışdır. İmam Rzanın atası – İmam Kazim xəlifə Harunun əmriylə zəhərləndirilərək şəhadətə yetmişdir. İmam Rza da, Harunun oğlu Məmunun əmriylə zəhərləndirildi və şəhid edildi. Ümumiyyətlə, İmamlarımızın əksəriyyəti zəhərləndirilərək şəhadətə yetmişlər. Hicrətin 193- cü ilində ölən Harunun yerinə oğlu Əmin xəlifə olur. Harun, Əmindən sonra 2-ci vəliəhdi olaraq, oğlu Məmunu təyin etmişdi. Lakin Əmin xəlifə olduqdan bir müddət sonra qardaşı Məmunu vəliəhdlikdən kənarlaşdırıb öz oğlunu vəliəhd və özündən sonrakı xəlifə təyin edir. Məmun da bu səbəbdən qardaşı Əminlə müharibə edir və Əmin 5 il xilafətdə qaldıqdan sonra hicrətin 198-ci ilində Məmun tərəfindən öldürülür və xilafət aparatının başına Məmun keçir. Məmunun xəlifəliyinə qədərki dövr İmam Rza üçün nisbətən sakit və sərbəst keçir. Çünki həmin dövrə qədər Əmin və Məmunun başı öz aralarında hakimiyyət üstündə gedən müharibəyə qarışır və İmam öz vətəni Mədinədə rahat şəkildə təbliğat və təşviqatla məşğul olur, dini mühafizə edir, insanlara ilahi məarifi çatdırır. Məmun xilafətə keçdikdən sonra, İmam Rzanı öz yanına – Mədinədən Mərvə “dəvət” edir.

Məmunun “dəvəti” və təklifi

Məmun insanların gözündən pərdə asmaq üçün, zahirən özünü İmama yaxın bir kimsə kimi göstərməyə səy göstərirdi. O, hakimiyyətinin dayaqlarını möhkəmlətmək fikrində idi. Çünki insanların Əhli-Beytə olan məhəbbət və bağlılığı, İmama olan hörmət və itaəti Məmunu qorxu və təhlükəyə salmışdı. O, İmamın tərəfdarlarının çoxalmasından qorxurdu. Bu, onun hakimiyyətinin devrilməsiylə nəticələnə bilərdi. Həmin anlarda hakimiyyətə qarşı qiyamlar da baş qaldırmışdı. Bu səbəbdən o, qərara aldı ki, İmam Rzaya bir təklifdə bulunsun. Əslində isə, bu təklifin altında məkrli siyasi oyunbazlıqlar və çirkin planlar dururdu. Və bu təklifi reallaşdırmaq və məqsədə çatmaq üçün, İmamı (ə) öz yanına “dəvət” etdi. Məqsəd isə, İmama vəliəhdlik təklif etmək idi. İmam razı olmasa da, İslamın və müsəlmanların ümumi mənafeyini nəzərə alıb, Mədinədən Mərvə səfər etdi. O Həzrət bilirdi ki, bir də vətənə dönüş baş tutmayacaq və bunu yaxınlarına da bildirmişdi. Məmun, əvvəlcə İmama xilafəti təklif etdi, İmam isə, onun bu fitnəsindən və iyrənc siyasətindən agah olduğu üçün, bunu qəbul etmədi. Məmun daha sonra, vəliəhdliyi İmama təklif etdi və İmam razı olmasa da, təhdid edərək, İmamın bu təklifi qəbul etməsini istədi.

Xəlifənin iyrənc siyasəti öz əleyhinə işlədi

İmam, İslamın və müsəlmanların xeyri üçün bu təklifi qəbul etdi. Məmunun təklifi, İmamın rədd cavabı və Məmunun vəliəhdlik üçün, İmamı təhdid edərək razı salması haqda, Əbasəlt Hərəvi belə deyir: “Məmun İmam Rzaya dedi: Ey Allahın Peyğəmbərinin oğlu!… Mən belə məsləhət gördüm ki, özümü xilafətdən kənara çəkim, onu sənə tapşırım və səninlə beyət edim”. İmam Rza buyurdu: “Əgər bu xilafət sənindirsə və onu sənə Allah veribsə, Allahın sənin əyninə geyindirdiyi libası çıxarıb başqasına verməyin rəva deyil və əgər xilafət sənin deyilsə, sənin olmayan şeyi mənə vermək haqqın yoxdur”. Məmun dedi: “Ey Allahın Peyğəmbərinin övladı! Sən bu işi qəbul etməlisən”. İmam buyurdu: “Mən öz razılığımla bu işi heç vaxt qəbul etməyəcəyəm… Sən istəyirsən ki, bu işin ilə camaat “Əli ibn Musa dünyaya arxa çevirməmişdi, əksinə dünya ona arxa çevirmişdi, məgər görmürsünüz ki, xilafət tamahı ilə vəliəhdliyi necə qəbul etdi?!” desin”. Məmun əsəbləşdi və dedi: “…And olsun Allaha, əgər, vəliəhdliyi qəbul etməsən, onu sənə məcbur qəbul etdirəcəyəm. Əgər, onu qəbul etsən, heç, yoxsa boynunu vurduracağam”.

Məmun, əvvəldə qeyd etdiyimiz kimi, belə etməklə, həm xilafət əleyhinə baş qaldırmış üsyanları yatırtmaq istəyirdi, həm də, İmamı bu təklifə razı etməklə, o Həzərti hörmətdən və xalqın nəzərində nüfuzdan salmağa çalışırdı. O, bilirdi ki, insanlar Əhli-Beytin haqqı olan xilafəti qəsb etmiş qəsbkar xəlifələrə nifrət edir, onların xəlifəliklərini etibarlı və müqəddəs bilmirlər. Buna görə də, İmamı vəliəhdliyə razı etməklə, onu hörmətsiz və etibarsız edə biləcəyini və xalqı İmamdan narazı sala biləcəyini güman edirdi. Bundan sonra da, İmamı şəhid etmək Məmun üçün heç də çətin olmayacaqdı. İmam isə bilirdi ki, bu vəliəhdlik məsələsi baş tutmayacaq. Bu haqda, İmamın vəliəhdliyi qəbul etməsinə görə, sevinən bir kişiyə bu işin baş tutmayacağını da, bildirmişdi. Məmun, İmamı vəliəhdliyi qəbul etsin deyə, hədələdikdə, İmam bilirdi ki, vəliəhdliyi (zahirən də, olsa) qəbul etməsə, Məmun, İmamın özünə və onun tərəfdarlarına zərər verəcək, bu səbəbdən də, razılaşmışdı. Amma bu şərtlə ki, hökümət işlərinə və kiminsə işə götürülməsinə və ya, işdən çıxarılmasına (İmam (ə)) heç bir müdaxilə etməyəcək. Təbii ki, İmamın uzaqgörənliyi özünü doğrultdu və Məmunun hiyləgərcəsinə qurduğu siyasət öz əleyhinə işləməyə başladı. Xalq nəinki İmamdan üz döndərmədi, hətta, qəlbləri İmama daha da bağlandı, İmamın tərəfdarları daha da çoxalmağa başladı. Hətta, İmamın öncələr tərəfdarı olmayan bəzi insanlarda, İmama tərəf gəlməyə başladılar. Nəhayət də, Məmun bundan qorxub çarəni İmamı şəhid etməkdə gördü və xain əllər İmamı zəhərlədi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button