ArxivXəbər lentiXəbərlər

Gürcüstanın mənasız `Rusiya arzusu` – TƏHLİL

Gürcüstanın Azərbaycan üçün strateji əhəmiyyəti inkarolunmaz faktdır, çünki ölkəmiz üçün Avropaya çıxış vasitəsidir. Avropaya çıxış Azərbaycana müstəqil iqtisadi siyasət yürütmək imkanı yaradır. Azərbaycanın həm Qərb, həm də Rusiya bazarına çıxışının olması iki ziddiyyətli qütb arasında manevrlər həyata keçirməklə bu qütblərin hansısa birindən asılılığa düşməməyə şərait yaradır.

Bunu iqtisadi münasibətlərin diversifikasiyası da adlandırmaq olar. Müasir dövrdə siyasi gücü müəyyən edən əsas amilin iqtisadi azadlığın olduğunu nəzərə aldıqda tək qütbdən asılı olmamağın vacibliyini anlamaq olar. Hər iki qütbə çıxışın mövcudluğu bu ziddiyyətlərdən Azərbaycanın xeyrinə istifadə olunmasına şərait yaradır.

Gürcüstana səfəri zamanı Azərbaycan icmasının nümayəndələri ilə görüşündə prezident İlham Əliyev Gürcüstanın Azərbaycan üçün əhəmiyyət daşıdığını gizlətməyib. “Gürcüstan bizim üçün Avropaya çıxış yoludur” deyən prezident, eyni zamanda onu da əlavə edib ki, Azərbaycan nə qədər güclü olarsa, Gürcüstan da bir o qədər inkişaf edəcək. Yəni, Gürcüstan Azərbaycan üçün əhəmiyyət daşısa da, Gürcüstan üçün də Azərbaycan bir o qədər vacibdir.

Azərbaycanla əməkdaşlığın hesabına Gürcüstan Qərblə Şərq arasında əsas tranzit ölkə statusunu qazandı və məhz bu status Gürcüstanın Azərbaycanın müəllifi olduğu iqtisadi layihələrdə yer almasına şərait yaradır. Bununla Gürcüstan, ərazisinin bir hissəsini işğal etmiş Rusiyanın iqtisadi, siyasi və enerji asılılığından çıxa bildi. Əgər Azərbaycanın dəstəyi olmasaydı, Tbilisi məcburən Moskvanın iqtisadi təsir dairəsində qalacaqdı. Azərbaycanla əməkdaşlıq gürcülərin ən əvvəl milli qürurunun tapdanmasının qarşısını aldı.

Bununla belə, son vaxtlar Gürcüstanın öz iqtisadiyyatını diversifikasiya etmək istəyi Azərbaycanın strateji maraqlarının ziddinə olaraq Rusiya ilə enerji sahəsində əməkdaşlığa meyl göstərməsinə gətirib çıxarır. Gürcüstan Azərbaycanın iqtisadi monopoliyasına düşməkdən, bunun gələcəkdə siyasi asılılıqla nəticələnməsindən ehtiyatlanır.

Bidzina İvanişvillinin nəzarətində olan Gürcüstan hökuməti Azərbaycandan asılılığını aradan qaldırmaq üçün Rusiya və hətta, İrandan Ermənistan vasitəsilə təbii qaz almaq fikrinə düşmüşdü. Bu meyillər Rusiyaya Gürcüstanda itirilmiş mövqelərini qismən də olsa, bərpa etmək şəraiti yaradırdı. Məhz buna görə, diplomatik əlaqələrin mövcud olmamasına baxmayaraq, Rusiyanın dövlət şirkəti olan “Qazprom”un rəhbəri Aleksey Miller həvəslə Gürcüstanın baş nazirinin müavini və energetika naziri Kaxa Kaladze ilə danışıqlara qoşuldu. Bundan əlavə, Ermənistan prezidenti Serj Sarkisyanın Tbilisiyə səfəri çərçivəsində Ermənistan vasitəsiylə İrandan Gürcüstana elektrik enerjisi və təbii qazın ixracı məsələləri gündəmə gəldi.

Gürcüstan hökumətinin Azərbaycanın regional maraqlarına zidd olan bu planlarının reallaşmasına iki əsas amil mane ola bilərdi. Birinci amil kimi Gürcüstan cəmiyyətində mövcud olan kəskin anti-Rusiya ictimai rəyi, ikinci amil kimi isə Azərbaycan dövlətinin mümkün etirazını qeyd etmək olar. 2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsindən sonra Gürcüstan cəmiyyətində anti-Rusiya mövqeyi daha da gücləndi və bu günə qədər öz təsirini göstərir. Kaladzenin “Qazprom” rəhbərilə danışıqlar aparması barədə məlumatın yayılmasından sonra paytaxt Tbilisidə kütləvi etiraz aksiyalarının başlaması bunu bir daha sübut etdi.

Azərbaycanın mövqeyinə gəldikdə isə, İvanişvilli baş nazir seçildiyi dövrlərdə rəsmi Bakının bu məsələdə güzəştə getməyəcəyinin şahidi olmuşdu. Buna baxmayaraq, yenidən anoloji iddiaya düşməsi dəyişən geosiyasi vəziyyətin regional güc balansına təsiri ilə bağlı ola bilərdi. Güman etmək olar ki, Azərbaycanın Rusiya ilə münasibətlərini daha da dərinləşdirdiyini, Moskva ilə Bakının hətta Qarabağ məsələsində razılığa gəlməsi, Bakının Avrasiya İttifaqına qoşulmaq fikrində olması barədə məlumatların yayılmasını nəzərə alaraq, İvanaşvilli Azərbaycanın Gürcüstanın Rusiya və Ermənistanla əməkdaşlığına etiraz etməyəcəyi qənaətinə gəlib. Lakin prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı sərgilədiyi mövqe onu göstərdi ki, Azərbaycanın əvvəlki kimi güzəştə getmək fikrində deyil.

Gürcüstan hökuməti Rusiya ilə əməkdaşlığın ictimayyət arasında etirazlara səbəb olacağını əvvəlcədən nəzərə alaraq bu qeyri-populyar məqsədinə çatmaq üçün Kaxa Kaladze kimi fiqurdan istifadə etmək qərarına gəlib.

Müstəqil Gürcüstan tarixinin ən məhşur futbolçusu olan Kaladze, 1993-1998-ci illərdə Dinamo Tbilisi, 1998-2001-ci illərdə Dinamo Kiyev, 2001-2010-cu illərdə İtalyanın Milan, 2010-2012-ci illərdə isə Cenoa klublarının oyunçusu olub. Milan klubunun heyətində çıxış etdiyi dövrdə Kaladze eyni zamanda Gürcüstan yığmasının kapitanı olub.

Kaladze dünya şöhrətli futbolçu kimi öz ölkəsində əhalinin sevgisini qazanmış, faktiki “milli qəhrəman”a çevrilmişdi. Energetika sahəsinə heç bir aidiyyatı olmayan, “kreativ avropasayağı siyasətçi” imicini özündə formalaşdıran keçmiş futbolçunun baş nazirin müavini və energetika naziri postuna gətirən İvanişvilli onun vasitəsilə ictimayyət tərəfindən etirazla qarşılanacaq qərarın icrasına nail olmaq istəyirdi. Amma…

(Ardı var)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button