ArxivIslammədəniyyatNardaranSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Qadının cəmiyyətdə ictimai fəaliyyəti və təhsili

Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Vüsal Nadiroğlunun növbəti yazısını təqdim edirik:

“Bağışlayan və Mehriban Allahın adı ilə.

Bəzi dindar valideynlərimizin qızlarına qoyduğu təhsil və ictimai fəaliyyət məhdudiyyəti.
Cəmiyyətimizdə aktual mövzulardan biridir. Əlbəttə istənilən problemi araşdırarkən onun kökünə baxmaq lazımdır. Bu məsələnin kökündə dinə yanaşmanın fərqli olduğu dayanır. Belə ki, bəzi valideynlərimiz dinimiz İslamda qadının ictimai aktivliyinin kişiyə nisbətən məhdud olması, qadının daha çox evinə- həyat yoldaşına xidmət etməsi və bu qəbildən olan hədisləri qabardaraq xanımlarının və qız övladlarının ictimai fəaliyyətini minimuma endirir. Şübhə yoxdur ki, dinimiz İslamın bu yanaşmasını konteksdən çıxarmağa haqqımız çatmır. Bunun üçün düzgün maarifçiliyə ehtiyac vardır. Belə ki, dinimiz İslam həmişə insanları elmə və ictimai maarifçiliyə təşviq edir. “Elm öyrənmək hər bir müsəlmana vacibdir” buyurmuşdur əziz İslam Peyğəmbəri(s). İslami hədis və rəvayətlərdə avamlığın və savadsızlığın böyük bir bəla olduğu xüsusi vurğulanır.
Mərhum xeyriyyəçi Hacı Zeynalabidin Tağıyev “Müsəlman qızlar Məktəbi” təsis edərkən bir qrup dindar tərəfindən sərt etirazla qarşılanır. Bir gün həmin etiraz edən dindarlardan birinə mərhum H.Z.Tağıyev 2 sual verir:
– İstəməzsən ki, sənin həyat yoldaşın xəstələndikdə onu müsəlman xanım müayinə etsin? ( Çünki o vaxt həkimlər ancaq kişilər idi)
– İstəməzsiniz ki, sizin xaricdə təhsil almış oğlanlarınız savadlı müsəlman qızlarıyla evlənsin? ( Çünki o vaxt Rusiya və Avropada təhsil alan ziyalılar əcnəbi təhsilli qızlarla evlənirdi)
Sonralar mərhum H.Z. Tağıyev Nəcəf hövzəsindən üləmadan təsdiq məktubu gətirdikdən sonra məktəb təsis edir və müsəlman qızlar tədrisə başlayır.
Həqiqətən də hazırda vətənimiz Azərbaycanda inanclı– möminə xanımların təhsil və ictimai fəaliyyətinə ehtiyac vardır. Şübhəsiz ki, dinimiz İslamın təyin etdiyi geyim və əxlaqi davranış qaydalarına riayət etmək şərtilə. Çünki ictimaiyyətdə olan möminə xanımın boyununa daha böyük vəzifə düşür ki, ətrafa nümunə olsun və əməli formada cəmiyyətin islahında vasitəçi olsun. Bunun üçün hesab edirəm ki, ictimai yaxud elmi fəaliyyət göstərmək istəyən inanclı xanımların ilk vəzifəsi dinimizin ictimai davranış qaydalarıyla bağlı göstərişlərini xüsusi həssaslıqla mənimsəmək olmalıdır.
Bir cəmiyyətin əxlaqi və mənəvi-psixoloji durumu birbaşa o cəmiyyətin qadınına bağlıdır. Qadın anadır və tərbiyəçidir. Onun düşüncə tərzi, nəyə maraq göstərməsi, təfəkkür tərzi və yaşam ambisiyası çox mühümdür. Qadın nə qədər tərbiyəli və təhsilli olarsa avtomatik bu onun övladlarına da sirayət edəcəkdir. Deməli cəmiyyətimizdə nə qədər təhsilli və tərbiyəli qadınlarımız olarsa, bu cəmiyyətimizin islahına birbaşa töhvə verəcəkdir.
Diqqətiniz üçün təşəkkür edirəm.

Vüsal Nadiroğlu.

Sosial psixoloq.

Müsəlman Birliyi Hərəkatının İH-nin üzvü”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button