Aktual

Putinin Qarabağa dair “sıfır variantı”

Azərbaycan Gömrük və Avrasiya ittifaqlarına, KTMT-yə qoşulsa da, ərazisində rus hərbi bazası yaratmağa icazə versə də işğal problemi milli maraqlarımıza uyğun çözülməyəc

 

SSRİ-nin çöküşündən sonra Rusiyanın Güney Qafqaza yönəlik siyasətinin əsas hədəfi bəllidir. Kreml istənilən vasitələrlə bölgə ölkələrinin özünün siyasi-hərbi təsir zonasında saxlamaq, onların Avroatlantik məkana inteqrasiyasını önləmək və bu zəmində tədricən imperiyanı reanimasiya eləməyə çalışır. Gömrük və Avrasiya ittifaqları ideyalarının məhz bu məqsədə xidmət elədiyini indi ağlı başında olan hər kəs anlayır. Hədəfə doğru isə Moskva öz yaxın qonşularına münasibətdə ən müxtəlif təhdid və təzyiq üsullarından istifadə eləməkdədir.Əfsuslar olsun ki, Azərbaycanda şimal qonşumuzun regiona, Azərbaycana yönəlik məkrli siyasətini kifayət qədər dərk eləməyən və bu zaman özünü siyasətçi sayanlar da var. Məsələn, prezidentliyə namizəd Qüdrət Həsənquliyev sadəlövhcəsinə inanır ki, Azərbaycan Gömrük İttifaqına, Avrasiya Birliyinə qoşularsa, Dağlıq Qarabağı Kremlin əli ilə geri qaytara bilər. Yeri gəlmişkən, Həsənquliyev parlamentdə elədiyi çıxışlarının birində Qarabağ naminə rus hərbi bazalarının Azərbaycana qaytarılması təklifini də səsləndirmişdi.
Təbii ki, ilğımdır. Birinci ona görə ki, Azərbaycanla birgə Ermənistan da eyni təşkilatlara üzv olacaq və bununla da bizim guya Moskvaya elədiyimiz “qiymətli reverans”ın dəyəri heçə enəcək. Başqa sözlə, Ermənistanla birgə təmsil olunduğumuz yeni ittifaq dövlətində, hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulsaq belə, Kreml çətin ki, ermənilərin xətrinə dəyə. Həm də o səbəbə ki, Ermənistanda (Gümrüdə) 5 minlik rus hərbi bazası var. Azərbaycanda isə Qəbələ RLS də bağlanıb.
Azərbaycanda Rusiyanın yeni hərbi bazası yaradılsa belə, nəticə dəyişməyəcək. Moskva ən yaxşı halda bəyan edəcək ki, gəlin Avrasiya İttifaqı daxilində daxili sərhədləri götürək, bir-birimizlə barışaq, mübahisə, konflikt də aradan qalxsın, daha doğrusu, dondurulsun. Yəni təxminən SSRİ dönəmindəki kimi.
Kəsəsi, Kreml ən yaxşı halda konflikti “sıfır variantı”na qaytaracaq. O zaman Dağlıq Qarabağ sovet dönəmindəki kimi, nə İrəvanın olacaq, nə də Bakının. İlk öncə vahid konfederativ dövlət kimi yeni ittifaqın yurisdiksiyasında qalacaq. Çünki həm Ermənistan, həm də Azərbaycan öz suverenliklərinin bir hissəsini mərkəzə – Moskvaya güzəştə getməli olacaq.
Bizə bu lazımmı? Ən qəribəsi odur ki, Rusiyanın özündə Putinin yaxın xaricə yönəlik planlarından xəbərdar olanlar bu siyasətə tənqid elədikləri halda, Rusiyanın əli ilə ərazisinin 20 faizi işğal edilmiş Azərbaycanda hələ də Kremlin mərhəmətinə ümid edən “siyasətçilər” var. Məgər Qarabağ konfliktini Moskva məhz elə iki sabiq müttəfiq respublikanı təzədən Moskvanın çətiri altına yığmaq üçün alovlandırmayıb ki? Bunun ən sadə sübutu odur ki, Kreml barmağını çəkəndən sonra – rusiyalı hərbi ekspertlərin də təsdiqlədiyi kimi – Azərbaycan Ermənistanla cəmi 1 həftədə haqq-hesabı çürüdər. İşğal probleminə son qoyar.
Bu xüsusda rusiyalı publisist Anton Orexin fikirləri də diqqət çəkir. Saakaşvilinin BMT-də Rusiyaya ünvanlı sərt tənqidi çıxışına toxunan Orex deyir: “Dərhal qeyd edim ki, Saakaşviliyə rəğbət bəsləmirəm, ancaq onun çıxışında yalan yox idi. Bizim nümayəndə heyəti o, tribunada olarkən zalı tərk edib və işarə edib ki, Saakaşvilinin ağlı yerində deyil, rusofobdur. Amma onun çıxışının mətnini diqqətlə oxusan, mən bilmirəm nəyə ilişmək olar. Saakaşvili deyir ki, Rusiyaya qonşular yox, asılı idarəçiliklər lazımdır – düz demir? Deyir ki, Rusiyaya qonşu ölkələrdə xaos sərf edir və ona Azərbaycanla Ermənistanın barışması yox, Qarabağ konfliktinin davamı sərfəlidir. Məgər belə deyil ki? Saakaşvili deyir Rusiya Ukraynada hətta narıncı inqilabın çöküşündən sonra da Yanukoviçə Avropa Birliyinə üzv olmaq istəyinə görə təzyiqlər edir. Buna da yüz faiz şübhə yox. İndi bunu açıq şəkildə nəinki Saakaşvili, elə Putinin və Medvedyevin özü də bildirir”.
Publisist daha sonra deyir: “Bəlkə kimlərdəsə KQB-dən olan keçmiş yoldaşların bizi idarə eləməsinə şübhə var? Yaxud kimsə şəkk edir ki, siyasətimizin məqsədi postsovet məkanında istənilən yolla sovet imperiyasını bərpa eləmək deyil? Bu demarşları anlamıram. Əgər imperiyanı bərpa eləmək fikrindəsinizsə, o zaman nədən utanırsınız? Əgər sizə belə şeyi eşitmək xoş deyilsə, demək, nəsə pis işiniz var. Deməli, sizin üsullarınız və məqsədləriniz nəciblikdən uzaqdır. Əks halda, çıxışa görə belə dilxor olmazdınız. Əgər siz hər vəchlə qonşulara təzyiq edir, onların yalnız özünüzə sərf edən qərarlarını qəbul edirsinizsə, onların hər cür sərbəstliyini məhv eləməyə səy göstərirsinizsə, o zaman bu həqiqətdən niyə inciyirsiniz?”
Rusiyalı analitikə görə, ağılı yerində olmayan Saakaşvili yox, Kreml rəhbərliyidir. Çünki: “Bu rəhbərlik XXI əsrdə Rusiyada kilsə qaragüruh ünsürləri ilə birgə idiotizm və kommunizmdən ibarət bir əcaib quruluş yaratmaq istəyir; Qərb sivilizasiyasının nailiyyətlərindən faydalanmağa, lakin bu zaman dünyadan yeni dəmir pərdə ilə izolə edilməyə çalışır. Elə isə kimin psixi durumu peşəkar qiymətləndirmə tələb edir? Məsələ də bundadır: Moskva ona görə hiddətlənib ki, Saakaşvili düz nöqtəyə vurub. Özü də bir neçəsinə…”
Yeni Musavat

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button