ArxivIslamXəbər lentiXəbərlər

Bakıda Şeyx Sərdarın həbsi ilə bağlı konfrans keçirilib – FOTO

Bakıda Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvi, “Maide.az” saytının baş redaktoru Şeyx Sərdar Hacıhəsənlinin hüquqlarının müdafiəsi ilə bağlı dəyirmi masa keçirilib

İslaminSesi xəbər verir ki, dəyirmi masada ölkənin nüfuzlu ruhaniləri, ağsaqqallar və media nümayəndələri iştirak ediblər. Tədbirin keçirilməsində əsas məqsəd Şeyx Sərdar Hacıhəsənlinin həbsinə etiraz və bu həbsin yerli və beynəlxalq hüquqa ziddi olduğunu bəyan etmək olub.

 

Dəyirmi masada çıxış edənlər Şeyx Sərdar Hacıhəsənlinin şəxsiyyəti haqqında yüksək fikirlər səsləndirirərək onun həbsinin xalqın mənəviyyatına və dini dəyərlərinə qarşı yönəlik addım olduğunu söyləyiblər.

 

Tədbir Quran tilavəti ilə başlayıb, daha sonra çıxış edən ruhani Cəlal Şəfiyev ilk olaraq Şeyx Sərdarın həbsi ilə bağlı xroniki məlumat verdi və bildirdi ki, Şeyx Sərdar əvvəldə 168.1.1 maddəsi ilə, yəni xarici ölkədə İslam dininin təhsilini aldıqdan sonra ölkədə İslam dininin təbliği ilə məşğul olmaq ittihamı ilə istintaqa cəlb olunmuşdur. Bu ittiham istintaq zamanında öz əksini tapmamış və sübuta yetməmişdir.

 

Cəlal Şəfiyev: “Şeyx Sərdarın cümə namazı qılmağa və ruhanilik fəaliyyətinə yetərincə səlahiyyəti və ləyaqəti var. Xalq bunu təsdiqlədi və dəstəklədi “

 


C. Şəfiyev bildirib ki, cari ilin fevral ayının 22-də gözlənilmədən bu maddə dəyişilərək 168.1.3 maddəsi ilə əvəz olundu və Hacı Şeyx Sərdar saxlanıldı. “Şeyx Sərdar saxlanıldığı gündən həm ölkə daxilində, həm də ölkə xaricində bu məsələyə etirazlar olundu. Etirazlar isə, bütünlüklə bunun üzərində quruldu ki, əvvala, belə bir qanunun müsəlman Azərbaycan ölkəsində tətbiqi absurd və qəbulolunmazdır. Çünki bu qanunun tətbiqindən belə görünür ki, İslam dini hədəfə alınıb. Xaricdə İslam elmlərinin təhsilini alan şəxsə ölkədə onun təbliğatı ilə məşğul olması qadağan olunub. Bir halda ki, müsəlman ölkəsi kimi, hər bir sahədə, o cümlədən, iqtisadiyyat, siyasət və digər elmlər üzrə insanlar ölkə hüdudlarından kənarda təhsil alır və geri döndükdən sonra ölkədə öz fəaliyyətlərini göstərirlər. Burada İslam dininin xüsusi vurğulanması kənardan açıq-aşkar görünür ki, hədəf alınan obyekt İslam dinidir.”

C.Şəfiyev Şeyx Sərdarın həbs olunduğu müddət ərzində ölkə inanclıları, ruhaniləri, ölkənin siyasi – ictimai xadimləri və həmçinin xaricdə yaşayan azərbaycanlıların etirazlarını xatırladaraq bildirib ki, Şeyx Sərdarın cümə namazı qılmağa və ruhanilik fəaliyyətinə yetərincə səlahiyyəti və ləyaqəti var. Xalq bunu təsdiqlədi və dəstəklədi. Həm xaricdə, həm də ölkədə bəyanat verən qurumlar və ruhanilər hamılıqla öz əməlləri ilə bunu dəstəklədilər ki, biz Hacı Sərdarı dəyərli və layiqli bir ruhani kimi görürük və bu etirazlarımızla bunu təsdiqləyirik.

 

O əlavə edib ki, bu etirazların davamı olaraq biz bu gün ölkənin müxtəlif bölgələrindən ruhanilər və ölkənin dəyərli ağsaqqalları bura yığışmışıq ki, öz növbəmizdə bu qanunun dünyada İslam ölkəsi kimi tanınan Azərbaycanda tətbiqinə etirazımızı bildirək. “Eləcədə biz bu gün Şeyx Sərdar Hacıhəsənlinin ruhanilik fəaliyyətində yetərincə elmi və ləyaqətinin olduğunu dəstəkləmək üçün burdayıq. Öz hüzurumuzla bu məsələni təsdiqləyirik ki, bu qanun ölkədə keçərli deyil, çağırış edirik ki, bu qanuna bir də baxılsın. Çünki bu qanun dediyim kimi birbaşa İslam dinini hədəfə almış bir qanundur. Şeyx Sərdar barəsində bu qanun keçərli deyil!”

 

Hacı Ağa Nuriyev: “Bu il Azərbaycanda İslam Həmrəyliyi ili elan olunub. Bu il Azərbaycanda tədbirlər keçirilir, adam utanar bir müsəlman ölkəsindən gələnlə görüşəsən, qonaq dəvət edib ona deyəsən ki, namaz üstə bizim bir ruhanimizi tutublar. Bu absurddur. “

 

 

Dəyirmi masada çıxış edən tanınmış ağsaqqal Hacı Hacıağa Nuriyev bildirib ki, Hacı Sərdarın haqqında görülmüş tədbir, həqiqətən də, xalqımıza yaraşan tədbir deyil. “Mən Hacı Sərdarı şəxsən tanıyıram. Şahid olmuşam ki, 2005-ci ildə beynəlxalq bir konfransda – Ümumdünya Əhli-beyt təşkilatının dünya üzrə konfransı idi, 50-dən çox ölkə nümayəndələri konfransda təmsil olunurdu və Hacı Sərdar ilə mən də siyasi komissiyanın üzvü idik. Hacı Sərdar həmin konfransda Dağlıq Qarabağ məsələsini konfransın gündəliyinə salınmasında komissiyanın adından çox fəallıq göstərdi və nail oldu. Doğurdan da, orada onun cəsarətini gördüm ki, nə qədər bu xalqımız və dövlətimiz üçün yararlı bir insandır.
İkincisi, Hacı Sərdar nə dünən, nə də bu gün o məsciddə namaz qılmır. Səkkiz ildir ki, Hacı Sərdar ordadır.
Mən bu konfransdan bir Azərbaycan vətəndaşı və bir ağsaqqal kimi, əlaqədar qurumlara səslənirəm ki, bu, ölkəmizdə yolverilməz addımdır. Qanunda boşluq var. Mən demirəm qanun ləğv olunsun, buna səlahiyyətim yoxdur, amma bu qanun xalqımıza, millətimizə, milli-mənəvi dəyərlərimizə, dövlət maraqlarımıza ziddir.
Hacı Sərdar heç vaxt nə dövlət, nə də dövlətçilik əleyhinə heç bir addım atmayıb. O danışığını, oturuşunu, duruşunu bilən biridir. Onun namaz qılmağa görə ittiham olunaraq həbsi gülməlidir. Bu il Azərbaycanda İslam Həmrəyliyi ili elan olunub. Bu il Azərbaycanda tədbirlər keçirilir, adam utanar bir müsəlman ölkəsindən gələnlə görüşəsən, qonaq dəvət edib ona deyəsən ki, namaz üstə bizim bir ruhanimizi tutublar. Bu absurddur. Mən ümidvaram ki, tezliklə əlaqədar qurumlar bu məsələyə aydınlıq gətirər və Hacı Sərdar yenidən ictimaiyyətə qayıdar.

 

Hacı İlqar İbrahimoğlu: “Ruhaniyyət və ağsaqqallar bir yerdə Azərbaycanın bugünkü vəziyyətində bu baş verənləri həm İslam, həm də dövlət üçün çox təhlükəli görür və bu heç də xoşa gələn məsələ deyil. ”

 

 

Daha sonra ruhani alim, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu çıxış edib və bildirib ki, mövzu bir fərdin məsələsi deyil. Məsələ iki hissədən ibarətdir. Onun bir tərəfi ölkənin çox dəyərli, çox böyük ruhanisinin həbsidir və onun da cinayəti nədən ibarətdir? Namaz qılmaqdan. Bunun özü gülməli və absurd bir məsələdir. Həm də yeni bir hüquqi preçidentin yaranması, yeni bir nümunənin ortalığa qoyulmasına şərait yaradır. Deməli, əgər bu hüququi preçident yaranacaqsa, növbəti həftələrdə, növbəti aylarda Azərbaycanın hər yerində kütləvi halda bir çox ruhanilərin həbsi gözləniləndir. Əslində, bu proses əgər praktiki baş verəcəksə, ardı ümumiyyətlə, yeni bir mərhələnin kütləvi başlanmasıdır. Ona görə də, ölkənin inanc insanları, xüsusən də ruhaniyyəti bu mövzuda birmənalı olaraq, məsələ ilə bağlı çox aydın baxışı var ki, bu maddə ümumilikdə ölkədə İslamın bünövrəsinə qarşı, ruhaniyyətinə qarşı yönəlmiş bir maddədir və birmənalı olaraq islah olunmalıdır və hər mənada dəyişilməlidir. Bu məsələnin bir tərəfidir.

 

Bugünkü bu toplantı çox simvolikdir. Ruhaniyyət və ağsaqqallar bir yerdə Azərbaycanın bugünkü vəziyyətində bu baş verənləri həm İslam, həm də dövlət üçün çox təhlükəli görür və bu heç də xoşa gələn məsələ deyil.

Kimlərsə 2008-ci ildən “azan” qadağası, sonra “məscid”lərin sökülməsi, “hicab” qadağası kimi məsələləri ortaya atdı və artıq bu gün görürük ki, namaz məhbusu anlayışı meydana çıxıb. Düşünürük ki, Azərbaycanın gələcəyini istəyən, Azərbaycanda milli-mənəvi dəyərlərə ehtiram qoyan hər kəs, bu mövzuda birmənalı mövqe bildirməlidir. Siyasi məhbus anlayışından ağır “vicdan məhbusu” anlayışıdır. Vicdan məhbusu faktiki özünü və dini etiqadını ifadəyə görə verilən statusdur və bu həbs birmənalı olaraq Birləşmiş Millətlər Təşkilatının faktının dini etiqadla bağlı 9-cu maddəsini kobud surətdə pozur, Avropa Konvensiyalarının dini etiqadla məlum maddəsini kobud şəkildə pozur. Mövzu artıq Avropa Məhkəməsinə də yönlənib. Yəni məsələ istər bizim milli ənənəmizə uyğun, istərsə də dünyada qəbul olunmuş hüquq və azadlıqlara görə, hər baxımdan absurd bir məsələdir. Yəqin ki, bu absurdluq davam edərsə, Bəhreyndə Şeyx İsaq Qasimi vicdan məhbusu adı ilə tanındığı kimi, yaxın həftələrdə beynəlxalq insan haqları qurumları, Amnesty İnternatinal, Human Right və bu kimi böyük qurumlar Hacı Şeyx Sərdar Hacıhəsənli ilə bağlı da vicdan məhbusu statusunu elan edəcəklər. Bu günlərdə ən sevindirici məsələ odur ki, ölkənin 60-a yaxın hər cür səliqədə olan ruhanisi bununla bağlı müraciət edir. Çünki absurdluğu hamıya bəllidir. Çox xoşdur ki, ölkənin müxtəlif siyasi-ictimai insanları, hansı ki, hazırda biz bir sənəd ortalıqda qoya bilmərik ki, bu qədər fərqli adam, fərqli partiyalardan olan adamlar bir sənədə imza atsınlar. Bu mövzuda ictimai konsensus var. Hamı bunun absurdluğunu qəbul edir. Ümid edirik ki, bugünkü müdafiə xarakterli konfransın böyük təsirləri olacaq. Hələ gec deyil. Ağsaqqalların da bu məsələdə fəallığı çox önəmlidir. Ümid edirik ki, yaxşı nəticələrə çatacağıq.

 

Hacı İlham Əliyev: “Bu gün Şeyx Sərdarın həbs olunması Azərbaycan xalqı və cəmiyyəti üçün olduqca gülünc vəziyyət doğurub. Şeyx Sərdarın xidməti təkcə Masallı bölgəsində deyil, bütöv Azərbaycanı əhatə edir”

 

Sonra çıxış edən ruhani alim, AİP-in sədr əvəzi Hacı İlham Əliyev bildirdi ki, Şeyx Sərdar elə bir şəxsiyyətdir ki, onun şəxsiyyətinin müqabilində bugünkü günə qədər hamı – təkcə ölkə daxilində deyil, ölkədən xaricdə olanlar da təriflər deyib.

 

Şeyx Sərdarın şəxsiyyəti ilə tanış olanların onun şəxsiyyətindən, kübarlığından agah olduqlarını bildirən Hacı İlham Əlieyev, “hamı Şeyxin həbsini eşitcək, təssüfləndi və öz etirazlarını bəyanatlar və çıxışlarla elan etdi. Mümkün deyil ki, Şeyx Sərdarla kimsə bir saat oturub söhbət edə, onun səmimiyyətini və düşüncə sahibi olduğunu təsdiqləməyə! Həqiqi mənada Şeyx Sərdar elə bir insandır ki, İslamı, dini olduqca layiqincə başa düşüb dərk etmiş və olduğu kimi Azərbaycan cəmiyyətinə aşılamışdır”, – deyə bildirdi:

 

“Bu gün Şeyx Sərdarın həbs olunması Azərbaycan xalqı və cəmiyyəti üçün olduqca gülünc vəziyyət doğurub. Şeyx Sərdarın xidməti təkcə Masallı bölgəsində deyil, bütöv Azərbaycanı əhatə edir. O, cəmiyyəti, ictimaiyyəti əmniyyətə və sağlam düşüncəyə dəvət edən bir şəxsiyyətlərdəndir. Bunlar Şeyx Sərdarı tərif etmək, onun məqamını əziz tutmaq əvəzində, onun üçün cinayət işi açır, onun əleyhinə şikayətlər edirlər. Belə bir şəxsiyyət İslamı olduğu kimi başa düşüb və olduğu kimi yaşayıb. Onu cəmiyyətə aşılayan bir şəxsiyyətin tutulması və onun əleyhinə cinayət işinin açılması məhz İslam və Azərbaycan xalqının düşmənlərini sevindirə bilər. Biz əgər bu gün qəti düşmənizim olan Ermənistan kimi bir yağının məscidlərimizi tapdaq altına qoyduğunu, məscidlərimizə təcavüz etdiyini görüb onların bu əməlini qınayırıqsa, amma özümüzə gəldikdə, bu məscidlərin həqiqi abadlığında çalışan və cəhd edənləri həbs edir, onlar üçün cinayət işi açırıq. Yaxşı, bu əməllə ermənilərin əməli arasında fərq nədir? Sözsüz ki, bu əməl onları sevindirəcək. İslamı, dini qəbul etməyib İslamdan, dindən acıqları gələnlər bu əməldən sevinəcək. “Heç olmasa, bir nəfər də olsa belə cəmiyyətdə İslamı, dini təbliğ edənlərin sayı azaldı” – deyəcəklər! Biz bu gün bunun şahidiyik ki, bu əməl həqiqətən də, keçmiş Sovet siyasətinin davamıdır. O vaxt da cəmiyyəti kommunistləşdirmək, ateizm ideologiyasını cəmiyyətin beyninə yeritmək üçün ilk növbədə cəmiyyətin önündə hərəkət edən təfəkkür sahiblərini, mütəfəkkir insanları yığdılar. Hər sahədə – həm dini sahədə din mütəxəssislərini, həm də dünyəvi elmlərdə zəhmət çəkən ziyalı şəxsiyyətlərin hamısnı yığandan sonra ateizm ideologiyasını cəmiyyətin beyninə yeridib cəmiyyəti öz istədikləri istiqamətə yönəldə bildilər. Bu gün də bu siyasətin şahidiyik, bugünkü hərəkətlər də sanki həmin siyasətin davamıdır.”

 

Hacı Mirmehdi Darafərin: “Bu qədər ruhaniyyəti təhqir etmək olmaz, atılmış addımlar geri götürülməlidir və Hacı azad olunmalıdır”

 

Sonra çıxış edən ruhani alim Hacı Mirmehdi Darafərin Şeyx Sərdarın tərifə ehtiyacı olmadığını və onun şəxsiyyətinin hamıya bəlli olduğunu söylədi: “Adətən, deyirlər şah qanun deyil, qanun şahdır. Bizdə isə, doğrudan da unikal dövlətdir, bizdə artıq xırda məmur belə qanundur. Bu qədər ruhaniyyəti təhqir etmək olmaz, atılmış addımlar geri götürülməlidir və Hacı azad olunmalıdır.”

 

Bundan sonra çıxış edən digər ruhani alimlər, ağsaqqallar Şeyx Sərdarın həbsi və onun ittiham edildiyi maddə ilə bağlı öz etirazlarını bildirərək, baş verən bu cür halların aradan qaldırılmasının vacib olduğunu söylədilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button