Masallı rayonunun Ərkivan kənd sakini Səriyyə Zöhrabova Kəlbəcərdə hərbi xidmətini başa vurmasına 10 gündən də az qalmış oğlunun ölümüylə bağlı məhkəmə araşdırmasından narazıdır. İlkin Zöhrabovun ölümünə görə həbs olunan gizir Mətləb Hacıyevə də bugünlərdə bəraət verilib və o, Tərtər Hərbi Məhkəməsində zaldan azadlığa buraxılıb.
“Bir məmurun övladının burnu qanamır”
Hadisə 2021-ci il martın 22-də baş verib. İddia olunur ki, 2001-ci il təvəllüdlü İlkin Zöhrabov avtomatla özünü güllələyərək intihar edib.
Hadisədən sonra onun xidmət etdiyi hərbi hissənin giziri Mətləb Hacıyev həbs olunub.
Lakin anası Səriyyə Zöhrabova Meydan TV-yə danışır ki, heç onun özü də Mətləb Hacıyevi oğlunun ölümündə günahkar saymır. Hesab edir ki, onu sakitləşdirmək üçün bu giziri “qurban” seçmişdilər:
“Mətləb sadəcə, qurban idi ki, mənim gözümdən pərdə asılsın. Mən kasıb adamam, bu neçə vaxtda Masallıdan məhkəməyə gedib-gəldim. Başqa işlərdə adamların başına oyun açan hakim İlqar Quliyev (onun adı daha çox Tərtər hadisələrində çıxardığı hökmlərdə gündəmdə olub-red.) eyni şəkildə məni də aldatdı. Hər dəfə danışmaq istəyəndə dedi ki, axırı gözlə, görəcəksən ki, ədalətli araşdırıldı. Budur ədalət? Guya oğlum özü-özünü öldürüb. Evinə gəlməyinə bir həftə qalmış əsgər niyə özünü öldürməliydi? Mən sağlam uşağımı göndərmişəm, indi də geri tələb eləyirəm. Versinlər mənim övladımı”.
Əsgərin ölümündə ittiham olunan gizir bəraət alıb
Gizir Mətləb Hacıyev tabeliyində olan əsgərləri incitməkdə, o cümlədən İlkin Zöhrabovu da intihar həddinə çatdırmaqda ittiham olunurdu. İlkin Zöhrabovun ölümünə görə ona Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsilə ittiham verilib.
Tərtər Hərbi Məhkəməsi belə nəticəyə gəlib ki, əsgərin ölümündə onun təqsiri yoxdur. Bu maddə ilə ona bəraət verilsə də, digər əsgərlərə qarşı nizamnamədən kənar hərəkətlərə görə Mətləb Hacıyevə 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Bu müddəti də artıq çəkib qurtardığına görə o, məhkəmə zalından azadlığa buraxılıb.
“İttihamda yazmışdılar ki, guya gizir uşağımı incidib, o da özünü öldürüb. Mətləb Hacıyev məhkəmədə dedi ki, belə şey olmayıb. Başqa sübut da yox idi. Ən əsası, işgəncə verilən adamın bədənində işgəncənin izi olar. Mənim uşağımın bədəni gül kimi idi. Ancaq güllə yeri vardı. Güllə də kürəyindən girib. Adam özünü kürəyindən vurur? Özü də o güllə uzaq məsafədən atılmış güllə olub. Yaxın məsafədən açılmış olsaydı, sinəsini dağıdardı. Məhkəmə də Mətləbə bəraət verdi, dedi ki, o da incitməyib İlkini. İndi bu suala cavab versinlər görüm, mənim uşağım niyə ölüb?”, – Səriyyə Zöhrabova belə deyir.
“Oğlumun meyiti neçə gün qarın içində qalıb”
Onun sözlərinə görə, hadisə Kəlbəcər ərazisində dəniz səviyyəsindən təxminən 2700-2800 metr yüksəklikdə baş verib. Səriyyə Zöhrabova danışır ki, həmin vaxt oğlu postda imiş. Yaxınlıqda qurulmuş çadırda da hərbçi yoldaşları olub:
“Necə olub ki, bu adam özünü vurub, amma çadırdakılar silah səsini eşitməyib? Onu silah çiynində ölü tapıblar. Silahda əl izi yoxdur. Barıt izi təyin olunmayıb. Heç bir dəlil-sübut yoxdur. Mənim uşağımın meyiti neçə gün orada qarın içində qalıb. Bir neçə gün sonra Mətləb Hacıyevgil tapıb sürüyə-sürüyə düşürüblər. Hətta Mətləbə deyilib ki, “qoy qalsın, özün düş aşağı”. Qeyrəti götürməyib, nə hündürlüyündə qarda sürüyə-sürüyə düşürüblər meyiti. Məndə videosu da var. 2020-ci ildə 44 günlük müharibədən 4 ay sonra – atəşkəs dövründə olub bu hadisə. O ərazidə yaxınlıqda ermənilər olub. Mətləb Hacıyev məhkəmədə də dedi ki, ola bilsin, kəşfiyyat vurub”.
“Mən bu yolda öləcəm, amma geri çəkilməyəcəm”
Səriyyə Zöhrabova Tərtər Hərbi Məhkəməsinin hökmündən apelyasiya şikayəti verəcəyini deyir. Bu işə Gəncə Apelyasiya Məhkəməsində baxılacaq.
Ana danışır ki, maddi durumu ağırdır, vəkil tutmaq, bundan sonra Masallıdan Gəncəyə məhkəməyə gedib-gəlmək onun üçün çox çətindir. Buna baxmayaraq, bu yoldan geri çəkilmək niyyətində deyil:
“Bir Allah bilir ki, mən İlkini nə zülmlə böyüdüb əsgər yola salmışdım. Belə əzabla böyüyən uşağın qanını batırmağı insafları, vicdanları necə götürür? O uşağın ayaqqabısı su buraxırdı deyə, yağışda üstündən sellofan keçirib gəzirdi. Mən bu yolda öləcəm, amma geri çəkilməyəcəm. Məni Hərbi Prokurorluqda hədələyiblər də. Hətta deyiblər də ki, nə istəyirsənsə, eləyək. Mənə lazım olan oğlumla bağlı ədalətin yerini tapmasıdır. Onun meyitini bayrağa büküb gətirmişdilər. Şəhidlərin yanında dəfn elədilər. Bəs sonra nə oldu? Bunların nəsə gizlətdikləri bir şey var, onun üzə çıxmasını istəmirlər. Lazım olsa, məzarı açdıracam, amma dayanmayacam”.
İlkin Zöhrabov 2020-ci ildə 44 günlük İkinci Qarabağ döyüşlərində iştirak etdiyi üçün “Kəlbəcərin azad olunmasına görə” medalıyla təltif olunub.