Aktual

Mübarizli-Mübarizsiz mübarizə…

Ölüm xəbəri ictimailəşən, planlı şəkildə müəmmalaşdırılan, saysız-hesabsız insanın səbrinin aşıb-daşmasına, qəzəblənməsinə və meydanlara tökülüb aksiya keçirtməsinə rəvac verən ölümə – ordumuzun əsgəri mərhum Ceyhun Qubatovun və bütün ceyhunların ölümünə, ordunun morqa dönməsinə etiraz olaraq keçirilən 12 Yanvar aksiyasına özünəməxsus şəkildə münasibət bildirən şəxslərdən biri Mübariz Qurbanlıdır – YAP-ın icra katibinin müavini.
Əvvəlcə onu deyim ki, Mübariz Qurbanlı həqiqətən də bu aksiyaya özünəməxsus formada münasibət bildirib. Mən, zatən, ondan bundan başqa heç nə gözləmirdim də. Digər silahdaşları kimi o da danışdıqlarını ya yazılı vərəqdən “oxuyur”, ya da ən azından məmurların, yapçıların senzuralı danışdığı ölkəmizdə o da digərlərindən geri qalmır.
Digər məmurlar kimi onu da anlayıram – kreslo şirin imiş…
Açığını deyim ki, iqtidar qəsrinin əsgərlərinin danışdıqlarının səmimi və həqiqət olması mənim üçün inandırıcı deyil. Xüsusən də, iqtidar gözəl bilir kimin haqqında kimi danışdırır, hansı məsələyə kimin və necə münasibət bildirməsini məqsədəuyğun hesab edir. (Məsələn, kimisə acılamaq, kabudluğa yol vermək lazım gəldikdə sözü bir eləyirlər ki, “qəsrimizin Siyavuşu” danışsın…) İndi görün Mübariz Qurbanlı nə deyir? (Mən anlamadım, ya bu insan keçirilən aksiyadan tam məlumatsızdır, ya da… Amma, inanmıram belə olsun. İndi siz də, inanacaqsınız…)
“Bu gün Azərbaycan Ordusunun əsgəri Ceyhun Qubadovun ölümü ilə əlaqədar bir qrup gəncin Bakının Fəvvarələr meydanına təyin etdiyi aksiya dinc şəraitdə keçirildi, onlar öz şüarlarını səsləndirdilər və onların səsləri eşidildi…” – onun sözləridir… Bu cümlə başdan-başa izahat tələb edir və cavab istəyir;
Birincisi, Mübariz Qurbanlı cəhd edir ki, bu aksiyanı gənclərin adıyla bağlasın. Yəni, guya aksiya keçirənlər gəncdirlər, hissə qapılıblar, hər biri gələcəyin bir əsgəridir və onlar da öz aqibətləri üçün qorxurlar. Ona görə də, vətənpərvər olduqlarını və ölən əsgər(lər)in ailəsinin yanında olduqlarını göstərmək üçün toplaşıblar meydana.
Əsla, belə deyil. Doğrudur, əksəriyyəti gənclərdən ibarət olsa da, bu aksiyada orta və yaşlı nəslin nümayəndələri hətta, siyasətçilər də, var idi. Səs-sorağı bütün dünyada duyulan, xarici ölkələrdən dəstək qazanan bu aksiyada balaları ölmüş, öldürülmüş, biganəliyin qurbanı olan valideynlər də, övladlarının tablolarıyla iştirak edir, ağlayır, etiraz edirdilər. (Təbii ki, yağ-bal içində yaşayan, bu acını görməyən Mübariz Qurbanlı üçün bunlar təsirsiz ötüşər!) Ümumiyyətlə, ölkəmizdəki bütün aksiyalara orta və yaşlı nəslin nümayəndələri də qoşulurlar və Mübariz müəllimin də təmsil etdiyi iqtidarın kiflənmiş və qaxsımış siyasətinə etiraz edirlər. O, bu cür aksiyaların təkcə gənclərin adıyla bağlamasını xalqa sırıya bilməz. Fərz edək ki, gənclərin aksiyası idi, o zaman yenə də, sizin iqtidarın pis siyasət yürütməsi bir daha sübut olunur. Çünki zəmanə adamı, gənc nəsil bu günündən və gələcəyindən nigarandır və o, susmur, etiraz edir!!! Zaman-zaman siz bu gəncliyin yaltaq yetişməsinə hər cür şərait yaratmış olsanız da, Azərbaycan gəncliyi sübut edir ki, mübarizdir! (Mübariz Qurbanlı yox haa!)
Digər bir məqam bundan ibarətdir ki, Mübariz müəllim bu akisyanın dinc şəraitdə keçməsini dilə gətirir. Görəsən, “dinc şərait” dedikdə o nəyi nəzərdə tutur? Artıq, adət halını alıb, açıq-aydı dörd-beş polis bir nəfərin (hərəsi bir) əl-ayaq əzasından tutub göydə aparırlar, sürüyürlər, oğlan-qız olduqlarına zərrəcə baxmırlar, biri kürd dilində əmr verir, o biri söyüş söyür və s. Mübariz müəllimin “dinc aksiya” anlayışı görəsən, dörd-beş polisin bir vətəndaşı tutub aparmasıdırmı, əgər belədirsə, o düz deyir!
Müsahibənin “…onlar öz şüarlarını səsləndirdilər və onların səsləri eşidildi…” hissəsi də, müəyyən suallar doğurur. “Və”yə qədəri məlum, səbəblə bağlı olan açıqlama doğrudur (əlbəttə ki, hətta, videolardan da açıq-aydın görünən: polislərin əlləriylə şüar səsləndirən etirazçıların ağızlarını tutmalarını, “qışqırma!” deyə “əmr” eləmələrini və aksiya iştirakçılarının cərimələndirilmələrini nəzərə almasaq), bəs “və” bağlayıcısından sonra, yəni nəticə ilə bağlı deyilən necə, doğrudurmu? Bunun üçün isə “eşitmək” sözünü xırdalamaq və Mübariz Qurbanlıdan soruşmaq lazımdır; görəsən, siz “eşitmək”, “eşidildi” deyərkən, nəyi nəzərdə tutursunuz? Aksiyadan bir neçə gün əvvəl sizin də iştirak etdiyiniz AzTV-nin canlı yayımında – dövlətçilik və gənclər siyasəti məsələlərinin müzakirəsində – siz tərəfdən işlədilməsi iddia edilən söyüşü eşitmək kimimi, yəni, söz, şüar gəlib qulağıma girdi anlamında eşitdiniz, yoxsa nəticədə tədbir görmək, gənclərin, xalqın tələbini yerinə yetirmək mənasındamı eşitdiniz? Axı, eşitmək iki cür olur və bunu siz gözəl bilirsiniz!
Mübariz müəllim polislərimizin peşakarlıq göstərmələrini təqdir etməyi də, unutmayb. Təsəvvür edin ki, bir qədər əvvəl qeyd etdiyimiz kimi, dörd-beş polis əməkdaşının bir vətəndaşı sürüyüb, ağzını əliylə tutub, qaçırdaraq aparması Mübariz Qurbanlının “peşəkarlıq” anlayışıdır. Vay o ölkənin halına ki, onun dörd-beş polisinin bir vətəndaşı sürüyərək aparması “polis peşəkarlığı” hesab edilir.
Daha sonra o deyir: “Aksiya iştirakçıları öz fikirlərini səsləndirdilər. Onların şüarları “Şəhidlər ölməz, vətən bölünməz!”, “Ən böyük əsgər Azərbaycan əsgəri!” və sair əsgər ölümünə görə cavabdeh olanlarla bağlı idi!” Bu cümlə ilə o, bildirmək istəyir ki, bu aksiya məsələn, işıq pulu, qaz pulu, pis dolanışıq, bahaçılıq, evlərin sökülməsi, neftin talanması, Qarabağın unutdurulması, rüşvətxorluq, mandat alveri, xalqın əxlaqsızlaşdırılması, dini etiqad azadlığının boğulması, süründürməçilik, həbslərin kütləviləşməsi, pensiyaların, sosial yardımların gecikdirilməsi… və s. məsələlərdən ötrü yox, sırf əsgər ölümü hadisəsi ilə bağlıdır. Bu cümlə, kreslonun əldən çıxması qorxusu açıq-aşkar biruzə verir.
Daha sonra Mübariz müəllim Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu prosesinin daim diqqət mərkəzində olması məsələsinə toxunur. Mən isə “BBC Azərbaycanca”dan (“Əsgərin ölümü etirazlara səbəb olub” başlığı altında) oxuyuram: “İki gün öncə həmin Mərkəz (Doktrina Jurnalist Hərbi Araşdırmalar Mərkəzi – Q.S.) son 10 il ərzində (İ. Əliyevin prezidentliyi dönəmində – Q.S.) Azərbaycan ordusunun 700-ə yaxın hərbi qulluqçusunu itirməsi, onun 85 faizindən çoxu qeyri-döyüş itkisi olmasını bildirib. “Təkcə intihar edən əsgərlərin sayı 100-ə çatıb. 130-a yaxın hərbi qulluqçu isə zorakılığın qurbanı olub”. Sosial şəbəkə istifadəçiləri ölümlərə görə höküməti tənqid edir. Onların qınaq hədəfində prezident İlham Əliyev, müdafiə naziri Səfər Əbiyev və digər məmurlar var.”
İndi də, gələk bir qədər əvvəl səsləndirdiyimiz fikrə: Məncə Mübariz Qurbanlı keçirilən aksiyadan məlumatsız deyil. Çünki o həmin müsahibəsində xüsusilə “Azadlıq” radiosunun əməkdaşının və bir qrup şəxsin bu aksiyada öz məqsədləri üçün istifadə etməyə cəhd göstərməsindən danışaraq deyir: “Mən özüm də müşahidə etdim. Onlar gənclərin “Əsgər ölümünə son!”, “Şəhidlər ölməz, vətən bölünməz!” şüarından istifadə edərək, aksiyanın yönünü öz siyasi məqsədlərinə doğru yönəltmək istəyirdilər.”
Bəli, gördüyümüz kimi özü də, bunun şahidi olub və aksiyadan məlumatsız deyil!
Sonda bir məsələyə toxunmaq istəyirəm. YAP-ın Mübariz Qurbanlısı varsa, Azərbaycan xalqının da, Mübariz İbrahimovu var. Şəhid Mübariz İbrahimov, Həzrət İbrahimdən (ə) ibrət alıb fədəkarlıq göstərdi, öz “ismail”i olan əziz canını qurban verdi. Yapçı Mübariz isə, Qurbanlı olsa da, kreslosunu haqqa qurban vermək fikrində və əzmində deyil! (Xalqın, vətənin milli mənafeyini kreslosuna qurban verənlər üçün Mübariz Qurbanlı bariz nümunədir!) Görünür, düşmənlə Mübarizsiz (İbrahimovsuz) mübarizə aparan xalqımıza qarşı, YAP Mübarizli (Qurbanlı) mübarizə aparır. Buna deyərlər: Mübarizli-Mübarizsiz mübarizə!

Neyləyək, əsas odur ki, axtarış resursunda “M”, “ü”, “b” yazıram, birinci Mübariz İbrahimovun adı, sonrakı yerlərdə isə Mübariz Qurbanlının adı gəlir…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button