Aktual

Regionda “daşların yerdəyişməsi” sancısı. İran;ABŞ;İsrail – Kim narahatdır?!! – ŞƏRH

Yaxın Şərqdə “daşların yerdəyişməsi” sancısı…İran və Qərb arasında nüvə danışıqları intensivləşir, bu vəziyyət bəzi region ölkələrində narahatlıqla izlənilir, bölgədə münasibətlər sisteminin dəyişməsi rahat olmayacaq

İranla “altılıq” ölkələri (ABŞ, Fransa, Britaniya, Çin, Rusiya və Almaniya) arasında nüvə danışıqlarının növbəti raundu nəticəsiz başa çatıb. Ancaq bununla belə tərəflər danışıqların noyabrın 20-sində davam etdirilməsinə qərar veriblər.
Maraqlıdır ki, tərəflər danışıqların müsbət nəticələnəcəyinə ümidlərini itirmədiklərini bildirirlər. ABŞ dövlət katibi Kerri nüvə danışıqları ilə bağlı açıqlamasında bildirib ki, konkrekt razılaşma əldə olunmasa da, irəliləyiş var. Sitat: “Biz nə kor deyilik, nə də axmaq. Ölkənin, həmçinin, İsrail və körfəz ölkələri kimi tərəfdaşlarımızın maraqlarını necə təmsil etmək lazım olduğunu çox gözəl bilirik”.
Bu arada məlum olub ki, İran hökuməti nüvə obyektləri haqqında Birləşmiş Millətlər Təşkilatının Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə (MAQATE) məlumat verəcək. Bu barədə hazırda Tehranda səfərdə olan MAQATE-inin rəhbəri Yukiya Amano ilə danışıqlarda razılaşma əldə olunub. MAQATE rəhbəri danışıqlarda müsbət irəlləyişlər olduğunu deyib. Daha əvvəl əldə olunan razılıqlara görə, İranın Əraq şəhərində reaktor və “Geçin” uran mədənində MAQATE-in ekspertləri tərəfindən monitorinq aparılması nəzərdə tutulur. Həmçinin ölkənin cənubunda Qaçin şəhərindəki uran mədənində yoxlamalar aparılacaq. İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında növbəti danışıqlar dekabrın 11-də Vyanada keçiriləcək.
Öz növbəsində İran prezidenti Həsən Ruhani ölkəsinin öz uranı zənginləşdirmə hüququndan vaz keçməyəcəyini bildirib. Onun sözlərinə görə, Qərb İrana qarşı sanskiyaların işə yaramadığını görüb, danışıqlar masası arxasına gəlməyə razılıq verdi. İran prezidenti bildirib ki, tərəflər ortaq məxrəcə gəlməlidirlər. Sitat: “Düzgün yol qarşılıqlı uzlaşmadır. İran xalqının hüquqları və mili maraqlarımız bizim qırmızı xəttimizdir. Bura beynəlxalq normalar çərçivəsində uran zənginləşdirmək hüququmuz da daxildir”.
Maraqlıdır ki, Qərb ölkələri, o cümlədən ABŞ İranla danışıqlara ümidli yanaşsalar da, İsrail hökuməti mövqeyini dəyişmir. İsrail baş naziri Netanyahu növbəti dəfə danışıqların uğursuz olacağı haqda açıqlama ilə çıxış edib. Baş nazir İranın nüvə proqramına dair Cenevrə danışıqlarını nəzərdə tutaraq bildirib ki, tərəflərin əldə etmək istədiyi razılaşma təkcə İranın xeyrinədir və təhlükəli bir razılaşmadır. Netanyahu deyib ki, İran nüvə proqramına dair geri addım atmır, 5+1 ölkələri isə sanksiyaları ləğv etmək istəyir. “Bu pis bir razılaşmadır” – baş nazir bildirib. Onun sözlərinə görə, bu cür razılaşma İranın nüvə dövlətinə çevrilməsinə imkan yaradacaq.
Qeyd edək ki, İranda Həsən Ruhaninin prezident seçilməsindən sonra Qərblə başladılan mülayimləşmə xətti ardıcıl olaraq davam etdirilir. Ölkənin Ali Dini ldieri Ayətullah Əli Xameneyi də prezident Həsən Ruhaninin siyasi kursunu dəstəklədiyini bildirib. Yeni prezident isə davamlı olaraq Qərblə gərginliyə səbəb olan amillərin aradan qaldırılması istiqamətində cəhdlər edir. Bu ilin payızında Nyu-Yorkda başlayan nüvə danışıqlarının artıq bir neçə raundu Cenevrədə davam etdirilir. Doğrudur, hələlik yekun nəticədən danışmaq tez olsa da, hər iki tərəf inamlı danışır. Aydın məsələdir ki, İran artıq neçə ildir Qərblə müharibə vəziyyətindən, iqtisadi çətinliklərdən çıxarmaq, embarqonu zəiflətmək məqsədilə danışıqları yenidən bərpa edib. Təbii ki, təcrübəli İran diplomatiyası maksimum az güzəşt qarşılığında Qərblə gərginliyi yumşaltmağa çalışacaq. Daha dəqiqi H.Ruhaninin də qeyd etdiyi kimi İran nüvə sənayesini qorumaqla embarqoları zəiflətməyə çalışır. Təbii ki, Qərb və xüsusən də ABŞ İrandan formal olaraq deyildiyi kimi, nüvə silahı əldə etməməsi üçün möhkəm təminat almağa çalışır. Bu vəziyyət, əslində, Qərbi (ABŞ) və İranı qane edir. Yeri gəlmişkən, bu günlərdə ABŞ Fars körfəzindəki təyyarədaşıyan gəmisini geri çəkib. Ancaq dəyişən situasiyadan narazı qalan yalnız iki tərəf var…
Yuxarıda İsrail hökumət başçısının İran-Qərb danışqılarına reaksiyasını qeyd etdik. Məsələ ondadır ki, istənilən halda İranla Qərb arasında münasibətlərin normallaşması İsrailin və bölgənin ərəb rejimlərinin, xüsusən də Səudiyyə Ərəbistanı, Qətər və körfəz ölkələrinin maraqlarına cavab vermir. Təl-Əvivdə yaxşı başa düşürlər ki, indiki situasiyada İranın Qərblə nüvə üzərindən razılaşması və İranın hazırkı sərt embarqo məngənəsindən xilas olaraq nəfəs dərməsi onun regiondakı təsir gücünü daha da artıracaq. Bu isə o deməkdir ki, Fələstin, Livan və digər ölkələrdəki İrandan dəstəklənən islamçı hərəkatlar daha da fəallaşacaqlar. Xüsusən də Fələstində silahlı müqavimət yenidən dirçələcək və İsrailin durumu heç də yaxşı olmayacaq. Üstəlik, bu həm də Suriyanın böhrandan çıxması, beləliklə də, “şiə ayparası”nın daha da güclənərək bölgədə ciddi gücə çevriləcəyinə işarədir. Bu prosesdə isə İsrail ən çox zərər çəkən tərəf olacaq və son nəticədə Təl-Əviv Fələstin dövlətinin ərazilərini qyatarmağa məcbur edilə bilər.
Bu prosesdə daha bir “itirən tərəf” əlbəttə Qərbin ən yaxın müttəfiqi Səudiyyə Ərəbistanı və digər körfəz ölkələri olacaq. Ər-Riyad uzun illərdir Qərbin, ABŞ-ın əsas müttəfiqi kimi çıxış edir və regionda nüfuzunu xeyli dərəcədə artıra bilib. Üstəlik, İranda şahın devrilməsindən sonra regionda Qərbin ən yaxın tərəfdaşı kimi çıxış edən səudiyyə kralları bu müttəfiqliyin nəticəsi olaraq ABŞ-dan müasir hərbi texnika və silahlar ala bilir. İranla münasibətlərin qaydaya salınması, bununla da regionda gərginliyin aşağı düşməsi istər-istəməz Səudiyyənin Qərblə münasibətlərinin əhəmiyyətini aşağı salacaq. Öz növbəsində, Səudiyyə üçün yeni problemlər yaradacaq. Son dövrlərdə ər-Riyadın Vaşinqtona qarşı küskün bəyanatları, Səudiyyə hökumətinin BMT TŞ-nin müvəqqəti üzvlüyündən imtina etməsi, dah sonra daimi üzvlük tələb edən bəyanat verməsi və nəhayət, BMT-ni region problemlərinin həllində yetərsiz olması ilə bağlı bəyanatları regionda baş verən yeni tendensiyanın Səudiyyə rəhbərlərini də narahat etdiyini göstərir. Ancaq görünür ki, ABŞ da regiondakı ən yaxın müttəfiqlərindən birini belə rahatlıqla itirmək istəmir. Dövlət katibi Con Kerrinin regiondakı müttəfiqlərin maraqlarını nəzərə almaqla bağlı açıqlamaları onu göstərir ki, Amerika Yaxın Şərq kimi həssas bölgədə başlatdığı yeni siyasi xəttin həddən artıq incə diplomatiya tələb etdiyinin fərqindədir və proseslərin heç də asan olmayacağını Vaşinqtonda da hesaba alırlar.

Birlik.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button