ArxivXəbər lentiXəbərlər

ABŞ Qarabağ danışıqlarını pozur – Brayzanın məqaləsindəki ilginc hədəf

Kreml və Moskva bölgədə maraqlar çəkişməsində; Sabiq həmsədr iştirak etmədiyi qapalı görüşün detallarını hardan bilir, onları niyə məhz indi açır və Putinin Qarabağ planı Vaşinqtonu niyə narahat edir?; “5 rayon” söhbəti yenidən gündəmdə…
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin sonuncu – Sankt-Peterburq görüşündən iki aydan artıq vaxt ötür. Lakin aprel döyüşlərindən sonra sülh prosesini irəli aparmaq üçün yaranan bu fürsət də, belə görünür, reallaşmamış qalacaq. Hər halda, sonuncu görüşün davamı gəlmədi və deyəsən, tezliklə gəlməyəcək də.

Xatırladaq ki, Neva sahillərindəki görüşdə Dağlıq Qarabağ probleminin mərhələli həlli barədə ilkin razılıq əldə olunması barədə həm Azərbaycan rəsmiləri (məsələn, PA rəsmisi Novruz Məmmədov səviyyəsində), həm də Ermənistan mənbələri (məsələn, ANİ Tədqiqat Mərkəzi) məlumatlar yayıb.

Həmçinin prezident Vladimir Putinin etibarlı şəxslərindən olan politoloq Sergey Markov konfliktin məhz mərhələli həll planının masa üzərində olduğunu və hətta artıq bu il münaqişənin həllində ciddi irəliləyişin ola biləcəyini bəyan edib. Putinin müşaviri nizamlamanın “Kazan sənədi” (ona “Lavrov planı” və ya “Putin planı” da deyilir) əsasında baş tutacağını da bir neçə dəfə bəyan edib.

Həmin plana görə, öncə Azərbaycanın 5 və ya 7 (hələ ki bu mübahisə predmetidir) azad olunacaq, qarşılığında Ermənistanın və Dağlıq Qarabağın blokadası götürüləcək, Dağlıq Qarabağa aralıq status veriləcək, qaçqınlar öz yurd yerlərinə qayıdacaq, bölgə hərbisizləşdiriləcək, ora təhlükəsizliyin qorunması üçün beynəlxalq sülhməramlı qüvvələr yeridiləcək, ən sonda isə Dağlıq Qarabağın yekun statusu müəyyən ediləcək.

Lakin nizamlama prosesində Rusiyanın təşəbbüskarlığı ilə belə ümidverici notlar yaranmaqda ikən, İrəvanda radikal silahlı müxalifət qüvvələri polis binasını ələ keçirdilər və Sərkisyan hakimiyyəti ilə ultimativ dildə danışmağa, tələblər irəli sürməyə başladılar. Tələblərin arasında Qarabağ məsələsində hər hansı “torpaq güzəşti”nə yol verilməməsi də var idi.

Maraqlıdır ki, həmin hadisələr zamanı Ermənistandakı bütün qərbyönlü siyasi qüvvələr və media, həmçinin qərbyönlü ekspertlər açıq şəkildə radikalları müdafiə elədi. Başda ABŞ və səfirliyi olmaqla, Qərb, Avropa Birliyi də hadisəyə loyal münasibət sərgiləyərək, hakimiyyəti radikallara qarşı sərt addımlar atmaqdan çəkindirən bəyanatlar verdilər. Rəsmi Moskva isə əvvəldən axıradək Sərkisyan rejiminin yanında yer aldı və Putin son olaraq bu dəstəyi avqustun 10-da Moskvada Serj Sərkisyanla görüşdə ona açıq şəkildə ifadə elədi.

Əslində İrəvandakı həmin insident təkcə region uğrunda savaşda deyil, həm də Qarabağ məsələsində Rusiya ilə ABŞ-ın ilk ciddi (pərdəarxası) toqquşması idi. Çünki Vaşinqton nə qədər bəyan eləsə də ki, Qarabağ probleminin həllində Moskvanın patronajlığını və fəallığını alqışlayır, gerçəkdə məlum olur ki, Ağ Ev bundan heç də məmnun deyil.

Son olaraq bunu ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan sabiq həmsədri, uzun müddət danışıqlar prosesinin içində olmuş Metyu Brayza ABŞ-ın “Atlantik Council” beynəlxalq əlaqələr sahəsində qeyri-hökumət analitik mərkəzinin saytında yerləşdirilmiş məqaləsində ortaya qoyub. Brayza hətta ABŞ-ı xəbərdar edib ki, əgər Putinin Qarabağ planı reallaşsa, o zaman Amerikanın Kremli Güney Qafqazdan sıxışdırıb çıxarmaq strategiyası iflas olacaq.

Putinin Qarabağ planını isə təxminən bəllidir. O da artıq bəllidir ki, Vaşinqtonun altdan-altdan körüklədiyi İrəvan hadisələri (rəsmi Moskva da olayları bu cür təqdim edib) Sərksiyanın əlinə işğal edilmiş ərazilər məsələsində daha sərt mövqe tutmaq üçün bəhanə verdi. Başqa sözlə, Putinin Qarabağ planına, faktiki, zərbə vurdu.

Brayzanın məqaləsində bu xüsusda daha bir detal diqqət çəkir. Keçmiş diplomat yazıda iddia edir ki, Peterburqda Putin tərəflərə irəliyə doğru tədricən hərəkət eləməyi təklif edib. Sitat: “Yəni öncə Ermənistan iki rayonu qaytarmalı, Azərbaycan isə qarşılığında nəqliyyat əlaqələrini və Ermənistanla iqtisadi əlaqələri açmalıdır.

Madrid prinsiplərinin bürün digər aspektləri, o sırada yerdə qalan beş rayon məsələsi sonrakı danışıqların predmeti olacaq. Həm Əliyev, həm də Sərkisyan Putinin təklifini alqışlayıb – baxmayaraq ki, formal şəkildə onu qəbul də etməyiblər. Məsələ ondadır ki, hansısa kompromis qərarın rəsmən qəbul olunması siyasi və təhlükəsizlik sferasında risklər vəd edir: ehtimal ki, bu səbəbdən iyulun 17-də bir qrup erməni radikal milliyyətçisi, o cümlədən Qarabağ müharibəsinin veteranları bir polis əməkdaşını öldürüb, bir neçəsini də girov götürməklə İrəvanda polis binasını tutmuşdular”.

Həmin hadisələrin siyasi sponsoru isə məlumdur. Buradan hasil olan əsas qənaət odur ki, ABŞ tərəfi doğrudan da problemin sırf Rusiyanın nəzarəti altında qalması və getməsindən, yumsaq desək, məmnun deyil. Təsadüfi deyil ki, Brayza məqaləsinin sonunda Vaşinqton hökumətini Qarabağ məsələsində fəal olmağa çağırır.

Keçmiş həmsədrin məqaləsinin məhz indi işıq üzü görməsi də təsadüfə bənzəmir və Türkiyə-Rusiya barışığını da nəzərə alsaq, hiss olunur ki, rəsmi Bakıda, bütövlükdə Azərbaycan toplumunda Moskvanın uğurlu vasitəçiliyinə və konturları görünən yeni Moskva-Ankara-Bakı formatına şübhə yaratmaq məqsədi güdür. Yəni ki, Rusiyaya ümid etməyə dəyməz, nicat yolu ABŞ-la, Qərblə bağlıdır.

Biz hələ onu demirik ki, Putinin tərəflərə 5 rayon deyil, 2 rayon təklif etməsini ilk dəfədir eşidirik. Görəsən, Brayza qapalı rejimdə keçmiş danışıqların detallarını haradan bilir? Ümumiyyətlə, Putin 2 rayon söhbəti edibmi? Bunu yəqin ki, ən yaxşı görüş iştirakçılarının özləri bilir.

Son gəlişmələrdən aydın olan məqam isə budur ki, Qarabağ məsələsi iki böyük gücün girovluğundadır və deyəsən, budəfəki danışıqları Rusiya yox, ABŞ pozub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button