Aktual

Hökumət vətəndaşı rüşvətə necə təhrik edir?

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsi   bugünlərdə 2013-cü ilin birinci yarısına aid korrupsiya faktlarının hesabatını verdi. Məlum oldu ki, ötən altı ay ərzində adıçəkilən idarəyə 1500-dən artıq şikayət daxil olub. Həmçinin 166 cinayət xarakterli material araşdırılıb ki, onların da 78 faizi üzrə cinayət işi başladılıb. Bu müddət ərzində üç mindən artıq vətəndaş şikayətini idarənin 161 saylı “Qaynar xətt”inə zəng etməklə ünvanlayıb. Bu müraciətlərdən isə yalnız 14-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başladılıb.

Hesabat dövründə 200 şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanıb. Həmin cinayət işlərindən 1 şəxs barəsində 1 iş rüşvət vermə, 25 şəxs barəsində 9 iş rüşvət alma, 12 şəxs barəsində 10 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 1 şəxs barəsində 1 iş vəzifə səlahiyyətlərini aşma, 4 şəxs barəsində 3 iş səhlənkarlıq, 73 şəxs barəsində 32 iş mənimsəmə və israf etmə, 79 şəxs barəsində 39 iş dələduzluq və digər faktlarla əlaqədar olub. Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 16 milyon 460 min manat ziyandan istintaq müddətində 7 milyon 961 min manat ödənilib.

Aysberqin görünməyən tərəfi…

Əlbəttə ki, açıqlanan rəqəmlər məsələnin rəsmi-statistik tərəfidir. Aysberqin görünməyən tərəfində vəziyyətin təqdim olunduğundan qat-qat ağır olduğunu hər kəs, eləcə də Korrupsiyaya Qarşı Mübarizə Idarəsi yaxşı bilir. Bunu anlamaq üçün heç ayrı-ayrı beynəlxalq təşkilatların korrupsiya reytinqlərini oxumağa ehtiyac yoxdur. Ölkənin yerli və beynəlxalq mətbuatdan xəbəri olmayan sadə vətəndaşı da yaxşı bilir ki, Azərbaycanda rüşvətsiz demək olar ki, heç nə həll olunmur. Üstəlik bu ad altında məsuliyyətə cəlb edilənlər əsasən onuncu dərəcəli məmurlar olur. Halbuki ən iri korrupsiya layihələri məhz iri məmurların rəhbərliyilə həyata keçirilir, milyonlar onların “xeyir-duası” ilə mənimsənilir. Yarandığı gündən Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin yüksək vəzifəli şəxslər barəsində hər hansı ölçü götürdüyünə hələ heç kim şahid olmayıb. Bu, ancaq həmin məmurun “vurulması” ilə bağlı siyasi sifariş veriləcəyi təqdirdə reallaşa bilər. Yəni hökumət nə vaxta belə bir qərar verəcəksə, bunu heç də büdcə pullarının qayğısına qaldığı üçün etməyəcək. Hökumətin belə qayğısı olsaydı, bu gün Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin açıqladığı hesabatlarda hansısa müəllimin və ya bələdiyyə işçisinin yox, iri korrupsiya əməliyyatlarının müəllifləri olan  məmurların adları sıralanardı.

Ağır “diaqnoz”…

Sözsüz ki, rüşvət və korrupsiya orqanizmi içindən yeyən və zamanla onun məhvə aparan xərçəng xəstəliyi qədər böyük bir bəladır. Və bu “diaqnoz”un ağır nəticələri bütün ölkələr kimi, Azərbaycan üçün də keçərlidir. Amma məsələ ondadır ki, bu gün Azərbaycanda büdcə təşkilatları üçün nəzərdə tutulan əməkhaqqı orada çalışanları istər-istəməz rüşvətə sürükləyir. Təhsilindən tutmuş, səhiyyəsinə qədər əksər  büdcə təşkilatlarında əməkhaqqı o qədər aşağıdır ki, işçilərin onlara təklif olunan və yaxud elə öz dilləri ilə istədiyi qeyri-rəsmi ödənişlərə üz tutmuqdan başqa çarəsi qalmır. Aydın məsələdir ki, 150 və ya 200 manat əməkhaqqı alan işçi bu pula nəinki ailəsini, heç özünü dolandıra bilməz.

“Bizdə layiqli əməkhaqqı yoxdur”

Iqtisadçı Qubad Ibadoğlunun sözlərinə görə, Azərbaycanın büdcə təşkilatlarında işləyənlərə layiqli əməkhaqqı ödənilmir: “Dünya təcrübəsində ”layiqli əməkhaqqı” adlı deyim var. Çox təəssüf ki, bizdə büdcə təşkilatlarında işləyənlərə layiqli əməkhaqqı ödənilmir. Layiqli əməkhaqqı deyəndə həmin işçinin fizioloji tələbatını ödəyən, onun inkişafına dəstək olan maaşdan söhbət gedir. Məsələn, bütün dünyada həkimlik ən ağır peşələrdən sayılır və onların maaşları çox yüksək olur. Amerika Birləşmiş Ştatlarında həkimlər ən çox maaş alanların ilk üçlüyündə yer alırlar. Azərbaycanda isə büdcə təşkilatlarında çalışan həkimlərin maaşı çox aşağıdır. Belə olanda da sosial bəraət hissi yaranır. Yəni müəllim və ya həkim rüşvət alanda özünü sosial cəhətdən haqlı hesab edir. Müəllimin və həkimin xidmətindən istifadə edənlər də özlərini onlara əlavə ödənişlər etməyə borclu sayırlar. Bilirlər ki, onların maaşla özlərini dolandırması mümkün deyil. Bəziləri böyük sıxıntılar içində yaşasa da, rüşvət almır. Bəziləri isə məcburən bu addımı atmalı olur”.

Iri, orta və aşağı səviyyəli korrupsiya…

Iqtisadçı Məhəmməd Talıblı hesab edir ki, korrupsiyaya qarşı mübarizə real və çevik olmalıdır: “Anti-korrupsiya tədbirlərinin mövcud sosial-iqtisadi şəraitə adekvat konkret hədəfləri olmalıdır. Mən məsələni belə qoymazdım ki, Azərbaycanda korrupsiyanın əsas səbəbi orta aylıq əməkhaqqının aşağı olmasıdır. Çünki ölkədə yüksək səviyyədə korrupsiya var ki, bu, siyasi korrupsiyadır. Orta səviyyəli korrupsiya var ki, bu, məmur korpusu və biznes sferası ilə birbaşa əlaqələdir. Bir də var aşağı səviyyəli korrupsiya. Məsələn, bir sənəd almaq və dəyişdirmək üçün tələb olunan qeyri-rəsmi ödəniş. Iri korrupsiya əsasən böyük neft pullarının gəlməsi fonunda iri vəsaitlərin büdcə vasitəsilə xərclənməsi zamanı müşahidə olunur. Orta səviyyəli korrupsiya ilə ölkədəki əməkhaqqı siyasəti arasında əlaqə var. Ona görə də korrupsiyaya qarşı mübarizə apararkən orta aylıq əməkhaqqı nəzərə alınmalıdır. Korrupsiyanın kökünü kəsmək istəyirsiniz, amma insanların yaşayış ehtiyacları üçün lazım olan vəsaiti ödəmirsiniz. Bu zaman təbii ki, korrupsiyaya qarşı mübarizə bəyanatlar səviyyəsində qalacaq. Ölkədə əməkhaqqı siyasəti düzgün aparılmasa, bu istiqamətdə paralel olaraq islahatlar həyata keçirilməsə, anti-korrupsiya tədbirlərinin heç bir faydası olmayacaq. Repressiv metod hesabına ölkədəki korrupsiyanın kökünü kəsmək olmaz. Korrupsiyanın hədəfləri əlçatan olmalı, real vəziyyətə uyğun olmalıdır. Indiki halda büdcə təşkilatlarında işləyənləri və yaşayış minimumunu ödəməyən əməkhaqqı alan sosial qrupları repressiya yolu ilə susdursaz belə, korrupsiya halı baş verəcək. Çünki qanuni gəlirdən kənarda insanların yaşamaq və qazanmaq imkanları yoxdur. Qanuni çərçivədə verilən əməkhaqqı isə insanların yaşam ehtiyaclarını ödəmir. Bu zaman da korrupsiya qaçılmaz olur. Ölkədə qeyri-neft sektorunda çalışanların – həkimlərin, müəllimlərin və s. peşə sahiblərinin orta aylıq əməkhaqlarının artırılmasına ehtiyac var. Bu halda anti-korrupsiya tədbirlərinin də nəticəsi olar”.(azadlıq)

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button