ArxivXəbər lentiXəbərlər

Fətullah Gülənin Azərbaycan barədə 25 İL planı – ŞOK DETALLAR – FOTO

Fətullah Gülənin Azərbaycana göndərdiyi 6 №-lər kimlərdir

Türkiyədə baş verən 15 iyul dövlət çevrilişi cəhdindən sonra ölkə miqyasında FETÖ-çulara qarşı açılan cinayət işi ilə 80 mindən çox camaat nümayəndəsi işdən çıxarılıb, 20 minə yaxın həbs var. Çevrilişə cəhddən sonra Azərbaycanın ANS telekanalının Vaşinqton müxbiri Qənirə Ataşovanın FETÖ lideri Fətullah Güləndən müsahibə götürməsi və bu müsahibənin anonsunun elektron mediada yayımlanması sözügedən kanal üçün də xoşagəlməz sonluqla başa çatdı; kanal məhkəmə qərarı ilə bağlandı.
Buna da baxın

Fətullah Gülən tələbələri niyə nömrələyirmiş?

6 NÖMRƏNİN SİRRİ

Amma işlər bununla bitmir. Məlumdur ki, Fətullah Gülən şəbəkəsinin Azərbaycanda qolları çox uzundur və onlar hakimiyyət orqanlarının yuxarı postlarına qədər yayılıblar. Bu şəbəkənin Türkiyə dövləti üçün yaratdığı təhlükələr isə göz önündədir. Məhz bunu nəzərə alaraq dünən Azərbaycan Respublikasının Baş Prokurorluğu Fətullahçı şəbəkənin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün müvafiq maddələrlə cinayət işi açıb.

Məsələnin kifayət qədər ciddi olduğunu sadəcə bir fakta diqqət etməklə görmək olar. O da budur ki, Fətullah Gülən öz emissarlarını Azərbaycana müstəqilliyimizin ilk illərində göndərib və məhz həmin dövrdən başlayaraq onlar bütün ölkə üzrə şəbəkələşiblər. Bu şəbəkənin açdığı liseylərin, gimnaziyaların və universitetinin yetişdirdiyi gənclərin isə sonradan səsi lap yuxarılardan gəlməyə başladı. Bir neçə il əvvəl hakimiyyət orqanlarındakı bəzi dəyişikliklər də buna sübutdur. Nəzərə alsaq ki, Türkiyədə fətullahçılar öz adamlarını hakimiyyət orqanlarına yerləşdirmək üçün imtahan nəticələrini saxdalaşdırıblar, imtahan suallarını qabaqcadan öz adamlarına ötürüblər, onda Azərbaycanda da vəziyyət hansı dərəcədə çətin olduğunu söyləmək olar. 
Qafqaz Universitetindəki kadr dəyişikliyi də deyilənlərə bir sübutdur. Amma illərdir Fətullah Gülən və tərəfdarlarını Azərbaycanda ifşa etməklə məşğul olanlar hələ də sözügedən universitetdə yüksək çinli fətullahçıların olduğunu söyləyir.
Fətullahçılar cəmiyyətdə həm də “nurçular” adı ilə tanınır. Maraqlıdır, bəs Azərbaycana gələn ilk nurçular kimlər olub və onlar burada kimlərlə öz şəbəkələrini qurmağa başlayıblar?
Araşdırma yazıya başlamazdan ilk öncə onu da qeyd edək ki, Fətullah Gülənin nəzarət dairəsi altında olan şəxslər nömrələnib. 1-dən 7-yə kimi olan say sistemində ən etibar edilən şəxslərdən biri də 6№-lilər olub. Onlar təbliğat üçün xarici ölkələrə göndərilirmiş.
FaktXəbər olaraq bu yazıda “Gülən camaatı”nın Azərbaycana gələn ilk üzvləri, gəldikləri ilk gündən ölkədə gördükləri işlər, “camaat”a bağlı olan müəssisələrin necə fəaliyyət göstərməyə başlaması haqda məlumat verəcəyik.
Bu yazı “Gülən camaatı”nın 160-dan çox ölkədə açılan liseylərinin fəaliyyəti, həmin ölkələrə dərs deməyə gedən müəllimlərin həyat hekayələrinin yer aldığı və Samanyolu televiziyasının hazırladığı “Yeşeren ümitlər” verilişi əsasında hazırlanıb. Televiziya bu verilişin ilk 5 bölümünü ölkəmizə həsr edib və bunu “hizmət” hərəkatı kimi təqdim edib. Bir məsələni də xatırlatmaq yerinə düşərdi ki, birbaşa Fətullah Gülənə bağlı olan bu televiziyada hazırlanan verilişlər tam şəkildə onun nəzarətində olub. Verilişə çəkiləcək adamlar belə, onun razılığı ilə seçilib. Bu isə onu göstərir ki, bu kanalda barələrində veriliş çəkilən və ya verilişə daxil edilərək danışdırılan şəxslər Fətullah Gülən şəbəkəsinin üzvləridir.
Verilişin ilk bölümündə göstərilir ki, SSRİ-nin çökməsini qabaqcadan söyləyən ilk şəxs Fətullah Gülən olub. O deyibmiş ki, qulağına çatırtılar gəlir və bu sözləri eşidənlər başa düşməkdə çətinlik çəkiblərmiş. Sovet İttifaqının dağılmasından həmən sonra isə “Gülən camaatı”nın lideri Fətullah Gülənin göstərişi ilə 11 nəfər Türkiyədən çıxaraq Azərbaycana üz tuturlar. Onlar Azərbaycandakı vəziyyətlə yerindəcə tanış olub bu barədə Fətullah Gülənə məlumat vermək üçün gəlirdilər.
1990-cı il, yanvarın 10-da aralarında Halit Esendir, Sadetdin Başar, Mehmet Tanrısever, Sadetdin Kültürel, Cahid Deyerli, Muammer Türkyılmaz, Mehmet Şefki Erol və digərləri olan 11 nəfərlik qrup Türkiyədən avtomobillə yola çıxaraq Azərbaycana doğru yola düşürlər.
 
 
Onlar əvvəlcə Batumiyə, sonra isə Tiflisə gedirlər. 11 nəfərdən 6-sı Gürcüstanda qalır, 5-i isə Azərbaycana gəlir.
Onları Azərbaycanın Qazax rayonundan keçərək Xalq Cəbhəsi Hərəkatının nümayəndələrinin müşayiəti ilə Gəncəyə, oradan da Bakıya gəlirlər. Lakin heç bir oteldə onlara türkiyəli olduqları üçün yer verilmir.
Bakıda olan məscidlərdən birinə namaz qılmağa gedirlər. Həmin məscidin imamı onları bir gecəlik evlərində qonaq saxlayır. Qrup üzvləri vizalarının vaxtının bitməsini nəzərə alaraq yanvarın 17-də yenidən Gəncəyə qayıdırlar. Gəncədə onları qarşılayan insanlar önündə çıxış edərək, kömək edəcəklərini bildirirlər. Oradan isə Gürcüstana keçmək üçün Qazaxa gəlirlər. Qazaxda rus əsgərləri bir qədər sorğu-sualdan və əşyalarını yoxladıqdan sonra sonra onları Gürcüstana buraxırlar.
Türkiyəyə qayıdanlar bir gün sonra – 19 yanvar 1990-cı ildə Fətullah Gülənlə görüşürlər. Azərbaycanda olan 5 nəfərlik qrupun üzvləri gördüklərini, eşitdiklərini, yerli camaatla ünsiyyətdə olarkən gəldikləri nəticəni F.Gülənin də iştirak etdiyi söhbətdə gülənçilərə çatdırırlar.
Azərbaycandan gələnlərin danışdıqlarından sonra F.Gülən “camaat” üzvlərinin mütləq Azərbaycana getməli olduqlarını deyir.
Bu dəfə Gülən Azərbaycana 20 nəfərlik bir qrup göndərir. Sözügedən heyət Azərbaycanla yanaşı Qazaxıstan, Türkmənistan, Özbəkistan, Dağıstan və Qırğızıstana da gedəcəkdilər.
Onlar yenə Qazaxdan keçərək birbaşa Gəncəyə gəlir və orada yenə çıxış edirlər. Bu zaman insanlar arasında olan KQB əməkdaşları onları saxlayıb idarəyə aparır və 1 saata yaxın sorğu-sual edirlər. Onlar “Zaman” qəzetinin əməkdaşı Halit Esendirə deyirlər ki, ruslar səni tutacaq, buradan tez gedin və bu səfəriniz haqda da heç bir yerdə danışmayın. Qrup yenidən Türkiyəyə qayıdır.
Fətullah Gülənlə görüşən heyət üzvləri geri qayıtmamaq üçün yenidən Azərbaycana getməyə and içirlər. 
Fətullah Gülən Azərbaycana gələcək heyət qarşısında bir müddət danışdıqdan sonra son söz olaraq belə deyir: “…Döyənə qarşı əlsiz, söyənə qarşı dilsiz olun. Media gücünüz orada göstərəcəyiniz təhsil fəaliyyətinin yol açacaq rəhbəri, qoruyucusu, ildırımı yönəldən ruporu olacaq. Səbir edin, tələsməyin. Həmən meyvə gözləməyin. Bir nəsil yetişdirmək ən azı 25 il istəyir. “Olmur” deyərək, ümidsizliyə düşməyin.”
Burada qeyd etmək yerinə düşərdi ki, Fətullah Gülənin dediyi vaxtdan artıq 25 il keçib. Bu 25 il ərzində də onun dediyi kimi bütün media orqanlarında təbliğat işlərini yaxşı aparıblar. Birbaşa Fətullah Gülənə bağlı olan liseylər barəsində, “yaxşı təhsil verilir” təbliğatı aparılıb. Amma heç kəs fikirləşməyib ki, həmin liseylər orta məktəblərdə 2 və 3 qiyməti alan uşaqları deyil, əlaçıları yığıb götürürdü, məhz deyilən meyvənin yetişməsi üçün. Şəbəkənin təhlükəsindən xəbərdar olanların bu barədə yazdığı elə gülənçi şəbəkə tərəfindən daim mediada tənqid və təhqirlə üzləşib. Ancaq nədənsə indi onların səsi çıxmır.  
Fətullah Gülənə heyətdən biri, “Hocam, orada nə qədər qalacağıq”, – deyə sual etdikdə isə bu cavabı eşidiblər: “On il, iyirmi il, otuz il, ölənə qədər!”
Hilmi Öney adlı iş adamı həyat yoldaşı Səlma Öney və üç uşağı ilə birlikdə 1991-ci ilin may ayında Azərbaycana köçən ilk Fətullahçı olur. O, Türkiyədə olan-qalan nəyi var idisə hamısını satıb Azərbaycana gəlir və Lökbatanda ev alır.
Hilmi Öney tez bir zamanda özünə büro açaraq plan-proqram hazırlayır. İlk olaraq Azer-Türk adlı bir inşaat şirkəti yaradır. Amma buna baxmayaraq, inşaat işindən daha çox tələbə və məktəb işləri ilə maraqlanır. Yəqin ki, buna səbəb də Gülən şəbəkəsinin daha tez qol-qanad açması üçün özlərinin yetişdirdiyi gənclərdən faydalanmaq olub. Məhz buna görə də, paralel olaraq “Çağ Öyrətim” şirkətini yaradır.
Müstəqilliyin ilk illərində məktəb açmaq çətin olduğu üçün Hilmi Öney çıxış yolu kimi daha çox diqqət çəkməmək üçün Türkiyə ilə tələbə mübadiləsi məsələsi üzərində işləyir. İlk dəfə adını çəkmədiyi texnikumlardan birinin Mirdamət adlı direktoru ilə bu mübadiləni həyata keçirir. Hətta “Çağ Öyrətim” şirkətinin bir şöbəsini də orada açır.
Daha sonra Hilmi Öney tələbələrin göndərilməsi üçün bir toplantı keçirir və toplantıda iştirak edən Azərbaycan Pedaqoji Universitetinin müəllimi Mehdi Ağayev ilk tələbələrin göndərilməsi üçün təşkilatçılıq edir. Türkiyəyə aparılması üçün minlərlə tələbə arasından çox az sayda gənc seçilir. 1991-ci ildə Mərmərə Təhsil və Mədəniyyət Vəqfi vasitəsi ilə 25 tələbə hər hansı bir xərc tələb edilmədən Türkiyəyə göndərilir.
Eyni zamanda isə Türkiyədən də Azərbaycana 36 tələbənin və 8 müəllimin göndərilməsi məsələsi həll edilir. Bu barədə növbəti yazımızda…
FaktXəbər Analitik Mərkəzi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button