Arxiv

Suriya hakimiyyəti Azərbaycanı qarışdıra bilər?

Suriya xüsusi xidmət orqanlarının Azərbaycanı qarışdırmaq planı var. Ötən ilin iyununda Türkiyədəki Gəzi parkı ssenarisinin Bakıda təkrarlanması ehtimalı böyükdür. Bu barədə “Yeni Müsavat”a mötəbərliliyinə şübhə etmədiyimiz mənbələrdən məlumat daxil olub. Xəbərdə bildirilir ki, Suriyada Bəşər Əsəd hakimiyyətinə qarşı döyüşən müxaliflərin tərkibində son altı ayda Azərbaycandan olan döyüşçülərin sayının artması və fəallığı Suriya hökumətinin qəzəbinə səbəb olub.
Suriyanın xüsusi xidmət orqanları Bəşər Əsəd hakimiyyətinə qarşı döyüşən qüvvələrin sırasında niyə azərbaycanlıların çoxluq təşkil etməsi və ən qaynar nöqtələrdə keçirilən əməliyyatlarda fəallıqları ilə fərqlənməsi yönündə bəzi məsələləri araşdırıb.
Məlumatda bildirilir ki, bu araşdırmalar Suriya hakimiyyəti üçün önəmli olan bəzi məqamları üzə çıxarıb və məlum olub ki, Bəşər Əsəd hökumətinə qarşı döyüşən azərbaycanlıların sayının getdikcə artması müxaliflərə yeni nəfəs, güc verir. Buna görə də, birbaşa Bəşər Əsədin nəzarətində olan Suriya xüsusi xidmət orqanı “əl Muhabbarat” azərbaycanlı döyüşçülərin Suriyada fəallaşmasını ciddi təhlükə sayaraq Azərbaycana bunun dayandırılması üçün xəbərdarlıq tipli mesajlar veriblər.
Əldə etdiyimiz məlumata görə, həmin mesajda Azərbaycanın rəsmi dairələri ölkəmizdən Suriyaya döyüşçülərin yollanmasında ittiham olunur və Bakıya “Bunu dayandırmasanız, Azərbaycanı qarışdıracağıq” xəbərdarlığı edilib.
Bu mesaj Azərbaycan hakimiyyəti tərəfindən ciddi qarşılanıb və cavab olaraq bildirilib ki, rəsmi Bakı bu məsələdə qətiyyən maraqlı deyil. Öz ölkəsində radikal meylli qrupların, onlara bağlı şəxslərin olmasını istəmir.
Əslində doğrudan da Azərbaycan hakimiyyəti ölkədə radikal dini qrupların olmasını istəmir və mümkün qədər bunun qarşısını almağa çalışır. Buna nümunə olaraq Azərbaycan hüquq-mühafizə orqanlarının neçə illərdi belə qruplara qarşı keçirdiyi çoxsaylı əməliyyatları göstərmək olar. Azərbaycan hakimiyyəti ölkədə radikal dini qrupların və onların tərəfdarlarının olmasını, indiki halda ölkə sərhədləri çərçivəsində deyil, başqa yerlərdə hərbi əməliyyatlarda iştirak etməsini gələcəkdə Azərbaycanın sabitliyi üçün təhlükə sayır və bunun qarşısını almağa çalışır.
Amma heç kəsə sirr deyil ki, belə radikal qruplar müxtəlif xarici dairələr tərəfindən maliyyələşdirilir, təlimatlandırılır və idarə olunur. Əvvəllər Azərbaycan hakimiyyəti müəyyən səviyyədə onlara nəzarət edə bilirdisə, indi həmin qüvvələr arasında baş verən parçalanma və fikir ayrılıqları bu işi çətinləşdirib. Həmin qüvvələrə əvvəlki tək nəzarət etmək faktiki olaraq mümkün deyil. Bu isə Azərbaycan hakimiyyətini narahat edən amillərdən biridir və son günlər Azərbaycandan Suriyaya döyüşmək üçün yollanan şəxslərlə bağlı verilən rəsmi bəyanatlar da göstərir ki, bu faktlar iqtidarı da ciddi narahat edir. Bu baxımdan Suriyanın sözügedən məsələyə görə Azərbaycan hakimiyyətini ittiham etməsi yerinə düşməsə də, fakt odur ki, bu ölkədə döyüşən xeyli azərbaycanlı var. Bu isə istər-istəməz Azərbaycanı Bəşər Əsəd düşmənlərinin siyahısına salır.
Məlumatda bildirilir ki, “əl Muhabbarat”ın xəbərdarlıq mesajı Azərbaycan hökumətinə Suriyanın İrandakı səfirliyi və Azərbaycanın Livana köçürülən Suriyadakı səfirliyi vasitəsilə çatdırılıb.
Qeyd edək ki, Azərbaycanın Suriyadakı səfirliyi 2008-ci ildə açılıb. 20012-ci ildə Suriyada başlayan vətəndaş müharibəsi ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyi Livanın paytaxtı Beyruta köçürülüb. Suriyanın Azərbaycanla diplomatik münasibətləri isə bu ölkənin İrandakı səfirliyi vasitəsilə tənzimlənir. “Azərbaycanı qarışdırarıq” xəbərdarlığı da rəsmi Bakıya məhz bu səfirliklər vasitəsilə çatdırılıb.
Bəs Suriya Azərbaycanı qarışdıra bilərmi və bunu necə reallaşdıra bilər?
Demək olar ki, hər gün Suriyada ən azından bir azərbaycanlı döyüşçünün öldürülməsi xəbəri gəlir. Həmin şəxslər Azərbaycanın müxtəlif bölgələrindəndi. Bu onu göstərir ki, Azərbaycanda radikal dini qrupların və Bəşər Əsəd rejiminə qarşı olan çevrələrin əhatə dairəsi xeyli genişdir və getdikcə artır. Amma onlara əks mövqedə olanların da sayının kifayət qədər olduğu barədə məlumatlar var. Həmin qüvvələr isə daha çox İranın təsir dairəsindədirlər və məlumatlara görə, Suriya xüsusi xidmət orqanları da həmin qüvvələrlə məhz İran vasitəsilə işləyir. “əl Muhabbarat” Azərbaycana hədə mesajını da elə həmin qüvvələrə arxayın olaraq göndərib.
Azərbaycanın hüquq-mühafizə orqanları da bunun fərqindədir və ölkədə hər hansı təxribat, qarışıqlıq olmaması üçün lazımi addımlar atır. Amma Suriyanın xəbərdarlığı da göz ardına alınmamalıdır. Türkiyənin qarışdırılması, Gəzi parkı olayları onu göstərir ki, “əl Muhabbarat” dünyanın “əli uzun” olan xüsusi xidmət orqanları arasında əsas yerlərdən birini tutur. Buna görə də, Suriyadan gələn mesajların daha ciddiyə alınması və təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi lazımdı. Bu barədə söhbətləşdiyimiz ekspertlər də əsasən təhlükəsizlik məsələlərinə önəm verilməsini vacib sayırlar.
Mövzu ilə bağlı rəsmi mövqelər də almağa çalışacağıq./Musavat.com/

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button