İran Azərbaycan və Türkiyə üzərindən Avropaya qaz ixrac edə bilər
İran İslam Respublikası qarşıdakı qış fəslində iki istiqamətlə – Azərbaycan və Türkiyə üzərindən Avropaya qaz ixrac etməyi planlaşdırır.
bunu Trend-ə açıqlamasında İranın Tehran Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının enerji komitəsinin sədr müavini və İranın Enerji İxracı Sənayesi Federasiyasının baş katibi Həmidrza Salehi deyib.
H.Salehinin sözlərinə görə, ümumilikdə İrandan Avropa istiqamətində gündəlik 80-100 milyon kubmetr qaz ixrac etmək mümkündür.
O əlavə edib ki, hazırda İran vasitəsilə gündəlik təxminən 5,5 milyon kubmetr Türkmənistan qazı Azərbaycana tədarük edilir. Halbuki İran bu qaz xətti ilə gündəlik 20 milyon kubmetr qazı ixrac edə bilər.
“60 milyon kubmetr qazı isə İran və Türkiyə arasında qaz boru xətti ilə ixrac etmək olar. Bunun üçün Avropa, İran və Türkiyə arasında müzakirələr aparılmalı və konsorsium yaradılmalıdır. Bu istiqamətdə İran qazın svop olunması üçün Türkiyəyə vəsait ödəyə və yaxud qarşılığında Türkiyəyə qaz verə bilər”, – deyə o qeyd edib.