ArxivXəbər lentiXəbərlər

Azərbaycanın Milli Qəhrəmanı Mübariz Əhmədov

O, Sabirabad rayonunun keçmiş Pokrovka, indiki Qaratəpə kəndində 1963-cü ildə müəllim ailəsində anadan olmuşdur. 1992-ci ildə Qarabağda şəhid olmuşdur. Onun anadan olduğu və şəhid olduğu məkanları ifadə edən sözlərin hər ikisi iki sözdən ibarətdir. Qara, Təpə və Qara Bağ. Mübariz cəmi 29 il öz adına layiq həyat sürüb Azərbaycanın bütövlüyü uğrunda Qarabağda şəhid olmaqla Qara sözü ilə Qaratəpəni Qarabağla birləşdirdi. 

O, 1977-ci ildə Qaratəpə kənd beynəlmiləl orta məktəbinin rus bölməsinin 8-ci sinfini fərqlənmə ilə bitirərək Leninqrad, indiki Sankt-Peterburq şəhərində “Kino” texnikumuna daxil olub, 4 aydan sonra hava şəraitinə dözmədiyinə görə qayıdaraq doğma məktə¬bində təhsilini davam etdirmişdir.

1980-ci ildə M.F.Axundov adına Azərbaycan Rus Dili və Ədə¬biyyatı İnstitutuna daxil olmuş, 3-cü kursun axırlarında könüllü ərizə verərək orduya getmişdir. 6 ay xitmət etdikdən sonra radiorabitəçi ixtisasına yiyələnərək serjant rütbəsi almışdır. 1985-ci ildə hərbi xidməti başa vuraraq instituta bərpa olub təhsilini davam etdirir.

SSRİ dağılandan sonra Azərbaycanda baş verən hadisələr onu çox narahat edirdi. O, Vətəninin taleyinə biganə qalmayaraq AXC sıralarına daxil olur və xalqın etiraz aksiyalarına qoşulub meydan hərəkatında iştirak edir.
1989-cu ildə Qarabağın müdafiəsi üçün vuruşmağa gedən ilk sabirabadlı da Mübariz olur və Qarabağı azad edincəyə qədər evlən¬məyəcəyinə and içir. 

Mübariz Əhmədov Ağdamda “N” saylı hərbi hissənin yara¬dı¬cılarından biri olub 2-ci bölükdə komandirlik edir. Dovşanlı, Xra¬murt, Qazançı, Əsgəran, Pircamal, Aranzəminli, Ağbulaq, Yeni¬kənd, Naxçıvanik, Abdal Gülablı, Kətik, Dəhraz, Martuni, Xanabad və Şuşa uğrunda gedən döyüşlərdə mərdliklə vuruşur.

1991-ci ildə onu Prezident Aparatına çağıraraq Müdafiə Nazir¬liyinin xətti ilə Türkiyədə hərbi məktəbdə təhsil almağı təklif edirlər. Lakin Mübariz Qarabağda vuruşmağı üstün tutaraq təklifə razılıq vermir.

Bir dəfə ermənilər Ağdamdan Laçına gedən üç nəfəri əsir götürürlər. Mübariz dostları Nadiri, Qaramalını və Füzulini götürüb kəşfiyyata gedir. İki gündən sonra onlar Qarakənd ətrafında erməni hərbçiləri ilə qarşılaşırlar və mühasirəyə alınırlar. Lakin onlar mərdlik göstərərək mühasirədən çıxmaqla yanaşı bir ermənini də əsir götürüb geri qayıdırlar. Sonra bu erməni əsirini Şuşada tutulub Xanabadda saxlanılan üç azərbaycanlı əsirlə dəyişirlər.

Xramurt kəndinin azad edilməsi Mübarizin bölüyünə tapşırılır. Gecə saat 2-də Xramurta hücum başlanır. Döyüş nəticəsində ölən olmasa da bir neçə nəfər yaralanır və üç nəfər də ermənilərə əsir düşür. Mübariz dostlarından üç nəfər götürərək deyir: “O üç nəfərin əvəzinə ya erməni gətirməliyik, ya da kəndi yandırmalıyıq.”

Mübarizin döyüş dostu Oruc Cabbarovun dediklərindən:
– Atışa-atışa Xramurta girdik. Erməniləri qovub kəndin yarısını yandırdıq. Ağdamlılar və döyüşçülər Xramurt kəndinin od tutub necə yandığını gördülər. Xankəndindən ermənilərə güclü kömək gələndə qüvvəmiz çox az olduğundan geri çəkilməyə məcbur olduq.
Bir neçə gündən sonra 40 nəfərlik qüvvə ilə yenidən Xramurt kəndinə hücuma keçdik. Kənd yüksəklikdə olduğundan ermənilər bizi əllərinin içi kimi görürdülər və güclü atəşə tutdular. Buna baxmayaraq kəndi almağa nail olduq.

Mübariz Xocalı hadisəsinin səhərisi saat 4-5 radələrində Qaraçayıya gedib erməniləri geri oturdaraq 60 nəfərə yaxın xocalını və 5 şəhidi Ağdama gətirmişdi.
Mübarizin son döyüşü 1992-ci ilin 24 sentyabrında Ağdamın Abdal Gülablı kəndində olmuşdur. Bu döyüşdə Kamil Ağayev, Bəkir Əliyev, Faiq Əhmədov da iştirak etmişlər. Onların dediklərindən:
– Ağdamın Muğanlı kəndində idik. Gecə saat 1-2 radələrində həyəcan siqnalı verildi. Abdal Gülablı kəndini ermənilərdən azad etməli idik. Gecə qaranlıq və güclü yağış yağdığından yer palçıq idi. Saat 4 radələrində kəndə yaxınlaşdıq. Düşmən xəbər tutaraq ağır silahlardan güclü atəş açmağa başladı. Yaralananlar oldu.

Mübariz bizə yaralıları arxaya aparmağı tapşırıb özü isə irəliyə getdi. Hava yavaş-yavaş işıqlaşırdı. Düşmən 3 tankımızı da vurmuşdu. Onlar bizi yüksəklikdən yaxşı görür və başımızı qaldırmağa imkan ver¬mirdilər. Geri çəkilmək əmri verildi. Mübariz yalnız kilsə tərəfdən geri çəkilməyi əmr etdi. Yağış kimi yağan güllələrin altında, palçıqda sürünə-sürünə geri çəkilirdik. Qəflətən yaxınlığımızda mərmi partladı. Mübariz uzandığı yerdə Kamili səslədi. O, qanın içində idi. Lakin avtomatı yerə qoymamışdı. Yaxınlığında öldürdüyü 5 ermə¬ninin də cəsədi var idi. Yaxınlaşıb onu üzü üstə çevirdik.

Mərmi qəlpəsi onun çiynini parçalamışdı. Özünün köməkliyi ilə onu 500 m-ə qədər apardıq. Bizə dedi: “ Məni salamat çıxara bilməyəcəksiniz. Avtomata işarə edərək: “Məni vurun, özünüz isə gedin. Bu kafərlərin əlinə diri düşməyim. Onlar məni çox axtarıblar”, – dedi.
Biz onu döyüş meydanından çıxarsaq da artıq gec idi.
Mübariz Qaratəpə kəndinin Şəhidlər xiyabanında dəfn edil¬mişdir.
1994-cü ilin 16 sentyabrında Mübariz Əlizadə oğlu Əhmədov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
ALLAH rəhmət eləsin! Amin!

 
 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button