ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ötən 1 ildə siyasi meydanda nələr yaşandı?

Dünya müharibə ilə çalxalandı, Azərbaycan ərazi bütövlüyünü bərpa edib seçkiyə gedir…

Tarixə çevrilməsinə saatlar qalan 2023-cü il daha çox hərbi-siyasi hadisələrlə yadda qalıb. Azərbaycan ordusunun 19 sentyabr lokal hərbi əməliyyatının ardınca separatçı “Dağlıq Qarabağ” rejimi özünü buraxıb. Bununla da Azərbaycan ərazi bütövlüyünü bərpa edib.
İl ərzində Rusiya-Ukrayna müharibəsi davam edib və İsrail-Fələstin savaşı başlayıb.
Qanun təsdiqləndi, partiyalar özünü buraxdı
2022-ci ilin dekabrında Milli Məclisin III oxunuşda qəbul etdiyi “Siyasi partiyalar haqqında” Qanunu daxili və xarici etirazlara rəğmən, Prezident İlham Əliyev 2023-cü ilin yanvarında təsdiqləyib. Nəticədə ilin birinci yarısında 30-dan çox partiya özünü buraxması haqda qərar qəbul edib.
Bağlanan, açılan səfirliklər…
İlin əvvəlində Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum diplomatik korpusun 1 əməkdaşının həyatını itirməsi ilə nəticələnib. İlboyu Bakı-Tehran münasibətləri gərginliklə davam etsə də, 2023-cü ilin sonunda prezidentlərin görüşündən sonra vəziyyət yumşalmağa doğru yönəlib. Amma Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etməyib.
2023-cü ildə Azərbaycan ilk dəfə İsraildə səfirliyini açıb.
Və ilin sonunda Azərbaycan-Fransa münasibətləri gərginləşib, tərəflər diplomatları “persona-non-qrata” elan ediblər.
Daxili siyasətə gəlincə, müxalifətə və mediaya təzyiqlər davam edib, ilin sonuna yaxın 11 jurnalistin həbs edilməsi gündəmin ən çox müzakirə predmeti olub.
Dekabrın sonunda ölkə başçısı İlham Əliyev 2024-cü ilin 7 fevralında növbədənkənar Prezident seçkilərinin keçirilməsi haqda sərəncam imzalayıb.
Beləliklə, Meydan TV “bu il hansı siyasi hadisələrlə yadda qaldı” sualına ilin xronikasını təqdim etməklə cavab verir.
Yanvar
  • Yanvarın 9-da Antalyada Azərbaycan, Türkiyə və İran parlament sədrlərinin üçtərəfli görüşü keçirilib.
Görüşdə regionda enerji sahəsində əməkdaşlıq, kommunikasiyaların genişləndirilməsinin əhəmiyyəti, enerji və nəqliyyat layihələrinin bölgənin ümumi inkişafında vacib rolu qeyd olunub.
  • Həmin ay Yerevan Ermənistanda KTMT təlimlərinin keçirilməsinə icazə verməyib. Baş nazir Nikol Paşinyan hesab edib ki, Rusiyanın hərbi mövcudluğu Ermənistanın təhlükəsizliyinə təhdidlər yaradır.
  • Yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziyalara müsahibəsində Ermənistanla məsələnin həll edildiyini söyləyib. O, əminliklə bildirib ki, üçüncü müharibə olmayacaq.
  • Yanvarın 11-də Azərbaycan müstəqilliyi dövründə ilk dəfə İsrailə səfir göndərib. Muxtar Məmmədov Azərbaycanın İsraildə fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
  • Yanvarın 11-də Prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” Qanunu təsdiqləyib.
  • Yanvarın 12-də hökumətin iclasında Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla Dağlıq Qarabağ arasında siyasi danışıqlar başlanmalıdır.
  • Ancaq Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova  Ermənistanın Baş naziri Nikol Paşinyanın söylədiklərinə xatırlatma ilə cavab verib.
  • Yanvarın 12-də Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) mərkəzi icra strukturları buraxılıb. Səbəb kimi dövlət başçısı İlham Əliyevin yanvarın 11-də imzaladığı “Siyasi partiyalar haqqında” Qanunu göstərilib.
Siyasi tribuna. Foto: Niyazz/shutterstock
  • Yanvarın 12-də Gürcüstan və Ermənistanın baş nazirləri iki ölkə arasında vizasız rejimin daha da sadələşdirilməsinə dair sənəd imzalayıblar.
  • Yanvarın 13-də Fransa Milli Assambleyasının rəhbəri Yael Bron-Pive Yerevanda Ermənistan parlamentinin sədri Alen Simonyanla keçirdiyi mətbuat konfransında deyib ki, Paris Dağlıq Qarabağın müstəqilliyini tanımır.
  • Yanvarın 19-da Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov azadlığa buraxılıb. Ona verilmiş 12 il azadlıqdan məhrumetmə cəzasının müddəti başa çatıb.
  • 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar müxalif siyasi qüvvələrin Şəhidlər Xiyabanını ziyarətindən sonra bir sıra təşkilatların üzvləri saxlanılıb.
  • Yanvarın 23-də Avropa İttifaqı Şurası ümumi təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində Ermənistanda qurumun mülki missiyasının yaradılması barədə qərar qəbul edib.
  • Azərbaycan Xarici İşlər Nazirliyi Aİ-ın bu adımına reaksiya verib: Nazirlik hesab edib ki, Avropa İttifaqı missiyasının Ermənistanda yerləşməsinin müvafiq qaydada Azərbaycanın legitim maraqlarını nəzərə almalıdır.
Fevral
Fevralın əvvəli Ermənistan Azərbaycandan sülh sazişi ilə bağlı təklif aldığını açıqlayıb. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 6-da Almaniyanın xarici işlər naziri Annalena Burbok ilə birgə mətbuat konfransında deyib.
A.Mirzoyan təkliflərin mətni üzərində işlədiyini bildirib.
İki gün sonra Azərbaycan Xarici İşlər nazirliyi Ararat Mirzoyanın açıqlamasına reaksiya verib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat idarəsinin rəisi Ayxan Hacızadə Ararat Mirzoyanın istinad etdiyi təkliflərin bir neçə gün deyil, 15 gün əvvəl təqdim edildiyini bildirib.
  • Fevralın 8-də Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Petr İliçev deyib ki, Dağlıq Qarabağdakı sülhməramlılara BMT mandatı verməyə ehtiyac yoxdur.
  • Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müşahidəçilərinin əvəzinə Avropa İttifaqı missiyasına razılıq verməsinə aydınlıq gətirib. Bu barədə fevralın 8-də Baş nazir parlamentin iclasında bildirib ki, bu qərarın heç bir geosiyasi mənası yoxdur.
  • Azərbaycanın Prezidenti İlham Əliyev fevralın 14-də Rusiyanın Prezidenti Vladimir Putinə zəng edib.
Foto: marja.az
  • Tərəflərin iqtisadi-ticari əməkdaşlığın, o cümlədən energetika və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivlərini geniş müzakirə etdiyi bildirilir.
  • Eyni zamanda, Cənubi Qafqazda cari vəziyyət barədə də ətraflı fikir mübadiləsi aparılıb.
  • Fevralın 15-də Ermənistan Azərbaycanla sülh və münasibətlərin qurulması haqqında saziş layihəsini Bakıya göndərdiyini açıqlayıb.
  • Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 28-də Bakıda olarkən Avropa İttifaqını ittiham edib.
Mart
  • Martın 5-də səhər saatlarında Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda atəşkəs pozulub. Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu həlak olub.
  • Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) baş verənlərə görə məsuliyyəti Ermənistan rəhbərliyinin daşıdığını bəyan edib.
  •  Ermənistan Xarici İşlər Nazirliyi isə Bakını ittham edib.
  • Ermənistan tərəf əməliyyat zamanı 3 erməni polis əməkdaşının həlak olduğunu qeyd edib.
  • Ermənistanın Baş naziri Nikol Paşinyan Xankəndi yolundakı son hərbi toqquşmanı da Azərbaycanın təxribatı adlandırıb.
  • Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində deyib ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq, bundan sonrakı dövrdə daha yaxşı olacaq.
  • Rəsmi açıqlamaya görə, İranın hərbi təyyarəsi Azərbaycanla sərhəd boyu 40 dəqiqə, bəzən isə sərhədin üzərində uçub. Bu addıma etiraz olaraq martın 11-də İranın Bakıdakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona nota təqdim edilib.
  • ABŞ Dövlət Departamenti martın 13-də İran hərbi təyyarəsinin Azərbaycan sərhədinə yaxınlaşması və bunun fonunda Bakı ilə Tehran arasında yaranmış son gərginliyə reaksiya verib.
Ned Prays. Foto: Amerikanın səsi
Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, İran uzun müddətdir ki, regionda pis niyyətli oyunçu olub.
  • Martda Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu “Siyasi partiyalar haqqında” Qanun haqqında birgə rəy yayıb.
  • Rəydə qeyd olunub ki, Azərbaycanın Milli Məclisinin qəbul etdiyi “Siyasi partiyalar haqqında” Qanuna ölkədə plüralizmə məhdudlaşdırıcı təsir göstərə biləcək bir sıra yeni problemli müddəalar tətdiq edilib.
  • Avropa İttifaqının (Aİ) Azərbaycanla bağlı hesabat yayıb.
Avropa İttifaqı, Foto: Alexandros Michailidis/shutterstock
Bir neçə əsas başlıqdan və müddəalardan ibarət hesabatda Dağlıq Qarabağ konfliktinin, Ermənistan və Azərbaycan arasındakı müharibənin beynəlxalq səviyyədə suveren ərazilər kimi tanınan ərazilərin işğal edilməsinə gətirib çıxardığı qeyd olunub.
Beynəlxalq Cinayət Məhkəməsi (Haaqa) Ukraynada törədilən müharibə cinayətlərinə görə Rusiya Prezidenti Vladimir Putinin həbsini istəyib.
Martın 21-də ABŞ-nın dövlət katibi Antoni Blinken ilə Azərbaycan Prezidenti İlham Əliyev telefonla danışıb.
A.Blinken və İ.Əliyev
Tərəflərin Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı vəziyyəti müzakirə etdiyi bildirilir.
Dövlət katibi Antoni Blinkenin martın 20-də Ermənistanın Baş naziri Nikol Paşinyanla da telefon danışığı olub.
Azərbaycan ABŞ-da keçirilən Demokratiya Sammitinə dəvət olunmayıb.
  • Martın 22-də Avropa İttifaqı (Aİ) Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanunla tətbiq edilmiş məhdudiyyətlərdən narahatlığını bildirib.
  • Azərbaycan Prezidentinin Administrasiyası (PA) Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini aprel ayının birinci həftəsi Bakıda növbəti görüşə dəvət edib.
  • Martın 28-də Prezident İlham Əliyev yeni idarəetmə modelinin tətbiq olunacağının mesajını verib.
Eli Koen. Foto: arxiv
  • Martın 29-da İsrailin xarici işlər naziri Eli Kohen azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi açıqlamada Bakı və Təl-Əvivin Tehrana qarşı birgə hərəkət etməsinin vacibliyini vurğulayıb.
  • “İranın nüvə imkanlarını genişləndirməsinə imkan verməməliyik”.
  • Bir gün sonra Rəsmi Tehran Eli Kohenin səsləndirdiyi fikirlərə reaksiya verib.
  • İran Xarici İşlər Nazirliyi (XİN) Eli Kohenin fikirlərinə və “İrana qarşı birləşmiş cəbhə” anlaşmasına görə Azərbaycandan izahat tələb edib.
Aprel
  • Milli Məclisin üzvü Fazil Musatafaya qarşı silahlı hücumla əlaqədar dörd nəfər Qaradağ rayonu ərazisində saxlanılıb.
  • Saxlanılan şəxslər Dövlət Təhlükəsizliyi Xidmətində dindirilib, onların yaşadıqları evlərdə axtarış keçirilib.
  • Aprelin 3-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona nota verilib.
  • Aprelin 4-də Finlandiya NATO-ya üzv olub.
Foto: Meydan TV
  • Aprelin 6-da Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq yaydıqları açıqlamada Azərbaycanda şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə dəstə yaradıldığı iddia olunub.
  • Aprelin 6-da İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı “persona-non-grata” elan edilib.
  • Aprelin 10-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yolu azaraq əsir düşüb.
  • Aprelin 11-də Ermənistan Azərbaycan silahlı qüvvələri arasında atəşkəs pozulub. Hər iki tərəf itki verib.
Foto: Zef art/Shutterstock
  • Aprelin 13-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Aqşin Bəbirov və Hüseyn Axundov barədə məlumat yayıb.
  • Aprelin 19-da Demokratik Qüvvələrin Milli Şurası Azərbaycanda inanclı vətəndaşların kütləvi şəkildə həbsilə bağlı etiraz bəyanatı yayıb.
  • Aprelin 17-də Aydınlar Partiyasının növbədənkənar qurultayı keçirilib.
  • Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) başqanı Anar Əsədli həbs olunub.
  • Aprelin 24-də Azərbaycan Xarici İşlər Nazirliyi Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə bağlı bəyanat yayıb.
  • Aprelin 25-də Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının müavini, general-polkovnik Aleksandr Lentsov Qarabağdakı sülhməramlı kontingentinin komandiri təyin edilib. Aleksandr Lentsov bu postda general Andrey Volkovu əvəzləyib.
  • Aprelin 27-də Vahid Azərbaycan Milli Birlik Partiyası özünü buraxıb.
  • Aprelin 28-də Laçın-Xankəndi yoluna toplaşan QHT təmsilçiləri və hakimiyyətyönümlü fəallar aksiyanı dayandırıblar.
May
  • Ağ Ev Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında mayın 3-də baş tutan sülh danışıqlarında irəliləyişin olduğunu deyib və bunu alqışlayıb.
  • Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ABŞ-da 4 günlük görüş keçiriblər.
  • Mayın 5-də İran İslam Respublikası Azərbaycanın 4 diplomatının arzuolunmaz şəxs elan etdiyini açıqlayıb.
  • 2021-ci ilin sentyabrında həbsdə vəfat edən Ağsatafanın keçmiş icra başçısı Nizaməddin Quliyevin özünə və yaxınlarına aid 600 min manat dəyərində əmlaklar müsadirə olunub.
  • Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanda əsir götürülən hərbçisi Aqşin Bəbirov 11 il 6 ay azadlıqdan məhrum edilib.
  • Mayın 19-da Moskavada Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı və erməni həmkarları ilə görüşüb.
Mənbə: mid.ru
  • Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünün tanımağının şərtini açıqlayıb.
  • Mayın 23-də Elmira Axundova Azərbaycanın Ukraynada səfiri, eyni zamanda Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
  • Türkiyənin Bolu Böyükşəhər Bələdiyyəsinin sədri Tanju Özcan Azərbaycanın Prezidenti İlham Əliyevə çağırış edib:
Hörmətli İlham Əliyev, lütfən Türkiyə seçkilərinə müdaxilə etməyin”.
Türkiyədə seçkilər. Foto: turkic/shutterstock
  • Mayın 25-də Moskvada baş tutan və Azərbaycan Prezidenti İlham Əliyevin də ilk dəfə qatıldığı Ali Avrasiya İqtisadi Şurasının iclasında Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında söz deyişməsi olub.
  • Mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Laçın rayonunda bir sıra obyektlərin təməlqoyma mərasiminin açılışında Ermənistan hakimiyyətinə və Qarabağın erməni sakinlərinə mesajlarını səsləndirib.
İyun
  • İyunun 1-də Fransa Prezidenti və Almaniya kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin 1 iyun görüşündə hüquqlar məsələsi, sülh müqaviləsi, sərhədlərin delimitasiyası müzakirə olunub.
  • Yelisey sarayı Ermənistan və Azərbaycan liderlərinin Kişinyov görüşü barədə bəyanat yayıb.
  • İyunun 3-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) azərbaycanlılara İrana səyahətlə bağlı növbəti xəbərdarlıq edib.
  • İyunun 12-nə Vaşinqtonda təyin edilmiş Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüşwn baş tutmayacağı açıqlanıb.
  • İyunun 13-də ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller Bakı ilə Yerevan arasında sülh danışıqlarının növbəti raundunun mümkün qədər erkən tarixə keçiriləcəyinə ümid etdiyini deyib.
  • İyunun 14-də Rusiya Prezidenti Vladimir Putin Mixail Yevdokimovu Azərbaycana yeni səfir təyin edib.
  • Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli AXCP və Milli Şura üzvlüyündən istefa verib.
AXCP-in qurultayı. Foto: Meydan TV
  • İyunun 24-də Maştağa Mədəniyyət Evində Azərbaycan Xalq Cəbhəsi Partiyasının VII qurultayı keçirilib.
  • İyunun 24-də Vətəndaş və İnkişaf Partiyası (VİP) fəaliyyətini dayandırıb.
  • İyunun 24-də Liberal Partiyanın VIII qurultayı keçirilib və elə həmin gün də partiyanın fəaliyyətinin dayandırıldığı haqda xəbər yayılıb.
İyul
  • Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) başqanı Anar Əsədli iyulun 5-də həbsdən buraxılıb. Onun barəsində həbs qətimkan tədbiri ev dustaqlığıyla əvəzlənib.
  • Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı ilə Yerevan arasında imzalanacaq sülh müqaviləsinin mətninin hazır olmadığını deyib. Bu barədə Nikol Paşinyan iyulun 6-da hökumətin iclasında danışıb.
  • İyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel (Charles Michel), Azərbaycanın Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Brüssel, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycanın Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan, Foto: Azərtac
  • İyulun 19-da Ədliyyə Nazirliyi Yeni Azərbaycan Partiyasını reyestrdən keçirib.
  • İyulun 29-da ABŞ Dövlət katibi Antoni Blinkenlə Azərbaycanın Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
  • İyulun 31-də Azərbaycanın sabiq Baş naziri Sürət Hüseynov İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.
Avqust
  • Rusiya Azərbaycan və Ermənistanın heç bir şərtlə sülh müqaviləsi bağlamağa hazır olmadığını deyir.
  • Bu barədə avqustun 4-də Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar SİTA-ya müsahibəsində bildirib.
  • Avqustun 15-də İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Patrisia Serrano Sançez Xarici İşlər Nazirliyinə çağırılıb. Səbəb kimi İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin “X” sosial media platformasında Azərbaycan ərazilərində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma separatçı rejimi dəstəkləyən təxribat xarakterli paylaşımı göstərilib.
  • Azərbaycanda siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşib. Prezident İlham Əliyev bununla bağlı avqustun 16-da İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
  • Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) hakimiyyəti təkpartiyalı sistem yaratmaqda ittiham edib. Avqustun 22-də partiyanın yaydığı bəyanatda qeyd olunur ki, İlham Əliyev hakimiyyəti ölkədə siyasi müxalifəti yox etmək üçün 20 ildir tətbiq etdiyi repressiyaya artıq qanuni əsas yaratmaq istəyir.
Yevgeni Priqojin. Foto: “Reuters”
  • İyunun 24-də Rusiyada hakimiyyəti devirmək cəhdi olub. “Vaqner” hərbi qruplaşmasının rəhbəri Yevgeni Priqojin iyunun 23-dən 24-nə keçən gecə hərbi hərəkətə başladığını elan edərək Moskvaya doğru yürüş edib.
  • Fransanın xarici işlər naziri Ketrin Kolonna rəsmi Bakını ermənilərə qarşı sıxışdırma strategiyası tətbiq etməkdə günahlandırıb.
  • Avqustun 31-də Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.
Sentyabr
  • Sentyabrın 9-da Ədliyyə Nazirliyi 3 partiyanı (Xalq Cəbhəsi, Müsavat və REAL) təkrar dövlət qeydiyyatına alıb.
  • Demokratiya 1918 Hərəkatı (D18) fəaliyyətini dayandırıb.
  • Sentyabrın 11-də Argentinanın Azərbaycandakı səfiri Marianxeles Belluşi Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
  • Səbəb kimi Argentina Prezidenti Alberto Fernandesin 1 gün əvvəl Nyu-Delhi şəhərində G20 (“Böyük iyirmilik”) sammitində Azərbaycana qarşı qərəzli fikirlər səsləndirməsi göstərilib və səfirə etiraz notası təqdim edilib.
  • Sentyabrın 12-də Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında Ermənistanla münasibətlərindən, Dağlıq Qarabağ problemindən danışıb.
  • Rusiya dövlət başçısı bildirib ki, Ermənistan rəhbərliyi Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb.
Rusiya-Azərbaycan. Foto: GoodIdeas/shutterstock
  • Azərbaycan XİN-in Ukraynanın ərazi bütövlüyünü tanıması rəsmi Moskvanı qəzəbləndirib. Rusiya XİN Bakının Ukraynanın 4 regionunda keçirilmiş seçkilərlə bağlı bəyanatı ilə əlaqədar Azərbaycana diplomatik demarş bildirib.
  • Sentyabrın 14-də ABŞ Senatının Xarici əlaqələr komitəsində Azərbaycan-Ermənistan münasibətləri, əsasən də yüklərin Dağlıq Qarabağa çatdırılması məsələsi müzakirəyə çıxarılıb.
  • Separatçı “Dağlıq Qarabağ Respublikası” (DQR) Ağdam-Xankəndi yolunun açılmasına razılıq verib.
  • Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağda 10 mindən çox erməni silahlısının olduğunu bildirib.
  • Sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu “Kamaz”ın minaya düşdüyü bildirilir. Nəticədə 4 nəfər polis hadisə yerində həlak olub.
  • Sentyabrın 19-da  Azərbaycan Müdafiə Nazirliyi Qarabağda lokal hərbi əməliyyata başladığını açıqlayıb.
  • Sentyabrın 19-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan prezidentləri ilə bu barədə danışıb.
  • Sentyabrın 19-da Qarabağda başlanan hərbi əməliyyatlar bir gün sonra, sentyabrın 20-də Rusiya sülhməramlılarının vasitəçiliyi ilə dayandırılıb.
Foto: Azərtac
  • Sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə görüş keçirilib.
  • Sentyabrın 24-ü saat 17:35 radələrində Azərbaycan Ordusuna məxsus “KamAZ” markalı hərbi nəqliyyat vasitəsi minaya düşüb.
  • Razılaşmalara əsasən, Rusiya sülhməramlı kontingenti Qarabağın yerli sakinlərinin 5 avtobus və 41 şəxsi avtomobilinin Ermənistana müşayiətini təmin edib. Bu barədə Rusiya sülhməramlılarının Qarabağdakı qərargahı sentyabrın 24-də axşam saatlarında məlumat yayıb.
  • Ermənistan hökumətinin sentyabrın 25-i saat 12:00-a olan məlumatında Qarabağdan 4850 məcburi köçkünün gəldiyi bildirilir.
  • Xankəndidə yanacaq anbarında baş verən partlayış nəticəsində 20 nəfər ölüb. Məlumatı “Artsax” (Qarabağdakı separatçı rejim) Səhiyyə Nazirliyi yayıb.
  • Sentyabrın 25-də Ağ Ev Qarabağda baş verən son hadisələr və ermənilərin evakuasiyası haqda açıqlama yayıb.
  • Sentyabrın 27-də separatçı “Dağlıq Qarabağ”ın keçmiş “dövlət naziri” Ruben Vardanyan Ermənistanın Sünik vilayətinin mərkəzi Qorisə getməyə cəhd edərkən Azərbaycanla sərhəddə saxlanılıb.
Ruben Vardanyan. Foto: DTX
  • “Separatçı Dağlıq Qarabağ”ın (Artsak) Prezidenti Samvel Şahramanyan respublikanın buraxılması barədə fərman imzalayıb.
  • Sentyabrın 29-da Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə növbəti görüş keçirilib.
  • Birləşmiş Millətlər Təşkilatı (BMT) Qarabağdan gedən ermənilərə qarşı insidentlərin olmadığını bildirib.
Oktyabr
  • Oktyabrın 2-də ABŞ Dövlət Departamenti Qarabağ ermənilərinin bölgədən çıxmasını “dəlil olana qədər” etnik təmizləmə adlandırmaqdan imtina edib.
  • Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel (Charles Michel) ermənilərin Dağlıq Qarabağdan təqib qorxusu ilə qaçdığını bildirib.
  • Oktyabrın 3-də Ermənistan parlamenti Roma Statutunu ratifikasiya edib.
  • Separatçı “Dağlıq Qarabağ Respublikası”nın keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007), Bako Saakyan (2007-2020), Araik Arutyunyan (2020-2023) və “Daşnakasutyun” Partiyasının təmsilçisi, həmçinin separatçı rejimin keçmiş “parlament sədri” David İşxanyan saxlanılıb.
Bako Saakyan, David İşxanyan və Arkadi Qukasyan. Fotolar: screenshot DTX-in saytından
  • Oktyabrın 4-də Almaniyanın Kansleri Olaf Şoltsla Azərbaycanın Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
  • Ermənistanın Baş naziri Nikol Paşinyan Qranada sammitində Avropa İttifaqı, Almaniya və Fransa liderləri ilə görüşdə Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü (86,6 kv/km) tanıyan bəyannaməni imzalayıb. Bəyannamənin mətni Avropa İttifaqı Şurası tərəfindən yayılıb.
  • Oktyabrın 7-də səhər saatlarında İsrail Qəzza zolağından iri raket hücumuna məruz qalıb. İsrailin müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
  • Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsraildən Azərbaycana hər hansı təxliyənin gündəmdə olmadığını bildirib.
  • Oktyabrın 8-də Gürcüstanda işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla danışıqların Tbilisidə keçirilməsini təklif edib.
  • Oktyabrın 10-da Ermənistanın Baş naziri Nikol Paşinyan “3+3” formatında görüşlərə hazır olduğunu bildirib.
  • Oktyabrın 16-da 23 partiya Prezident İlham Əliyevə təbrik müraciəti ünvanlayıb.
  • Oktyabrın 18-də Gürcüstanın sabiq prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət edib.
Nikol Paşinyan və Mixail Saakaşvili. Foto: Meydan TV
  • Azərbaycan İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyini açıqlayıb. Azərbaycanın xarici işlər naziri Azərbaycanın Fələstin xalqının dövlətçilik mübarizəsini dəstəklədiyini də bildirib.
  • Oktyabrın 23-də Fransa və Ermənistan müdafiə nazirləri arasında ikitərəfli əməkdaşlığa dair sənədlər imzalanıb.
  • Oktyabrın 23-də Tehranda xarici işlər nazirlərinin “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) formatı çərçivəsində növbəti görüşü baş tutub. Gürcüstan Abxaziya və Osetiyanın Rusiyanın işğalda qalması səbəbindən tədbirə qatılmayıb.
  • Oktyabrın 28-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “Böyük Fələstin Mitinqi”ndə İsraili dövlət saymadığını bəyan edib.
  • Oktyabrın 28-də özünü buraxmış separatçı “Dağlıq Qarabağ”ın “keçmiş prezidenti” Samvel Şahramanyan “Artsax İctimai Televiziyası”na müsahibə verib. Samvel Şahramanyan deyib ki, Azərbaycan sentyabrın 19-da hərbi əməliyyatlara başlayandan sonra onlar tək olduqlarını başa düşüb.
Noyabr
  • Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Elxan Əliyev saxlandığı Bakı İstintaq Təcridxanasında vəziyyətinin kəskin pisləşdiyi, onun infarkt keçirib.
  • Noyabrın 7-də rəsmi Bakı işğal altında olan 8 kəndin hələ də Azərbaycana təhvil verilmədiyini bəyan edib.
  • Noyabrın 8-də Zəfər Günü ilə əlaqədar Azərbaycan ordusu Xankəndidə hərbi parad keçirib.
  • Noyabrın 13-də Brüsseldə Avropa İttifaqı xarici işlər nazirlərinin görüşündə qurumun xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel Ermənistanın ərazi bütövlüyünün pozulmasını qəbuledilməz hesab edərək Azərbaycana da mesaj verib.
  • Noyabrın 15-də ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində “Dağlıq Qarabağın gələcəyi” adlı dinləmələr keçirilib.
ABŞ Senatı. Foto: rarrarorro/shutterstock
  • Noyabrın 18-də Mədət Quliyev müdafiə sənayesi naziri vəzifəsindən azad edilərək Təhlükəsizlik Şurası katibinin müavini təyin olunub.
  • Noyabrın 22-də Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniyanın Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti ilə görüşüb.
  • Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov qiraətləri” forumunda bildirib ki, Vaşinqton qeyri-hökumət təşkilatları (QHT) ideyasını öz təsir aləti kimi istifadə edir. Lavrovun Qərbin əleyhinə səsləndirdiyi bu ittihamların fonunda Azərbaycanda da anti-Qərb təbliğatı davam edir.
  • ABŞ dövlət katibi Entoni Blinken noyabrın 27-də bazar ertəsi Azərbaycan Prezidenti Əliyev və Ermənistanın Baş naziri Paşinyanla ayrı-ayrılıqda danışıb.
  • O, hər iki ölkənin rəhbəri ilə davamlı və ləyaqətli sülhün əldə olunmasını müzakirə edib.
  • ABŞ Dövlət Departamenti Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə bağlı ittihamına cavab verib.
Dekabr
  • Dekabrın 7-də ABŞ Dövlət katibi Entoni Blinken Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərini danışıqlar üçün gözlədiyini deyib.
  • Dekabrın 7-də Rusiya Federal Məclisinin Federasiya Şurası prezident seçkiləri ilə bağlı qərar qəbul edib. Qərara əsasən, 2024-cü ilin martın 17-də Rusiyada prezident seçkiləri keçiriləcək.
  • Dekabrın 7-də İlham Əliyev də növbədənkənar prezident seçkiləri ilə bağlı sərəncam imzalayıb. Beləliklə, 2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
Azərbaycanda seçki. Foto: Andy.LIU/shutterstock
  • Dekabrın 7-də Azərbaycan erməniəsilli 32 şəxsi, Ermənistan isə 2 Azərbaycan hərbçisini azad etməsi barədə razılığa gəlib.
  • Dekabrın 7-də  bir qrup ictimai-siyasi şəxs Azərbaycanda parlamentarizmin təsis olunmasının 105-ci ildönümündə III Respublika Platformasını təsis edib.
  • Dekabrın 8-də Rusiya Prezidenti Vladimir Putin 2024-cü ilin martında keçiriləcək Prezident seçkilərində iştirak edəcəyini bildirib.
  • Aleksey Navalnı və komandası 2024-cü il martın 17-nə təyin edilmiş Prezident seçkiləri ilə bağlı strategiyasını açıqlayıb.
  • Dekabrın 9-da Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev vəzifəsindən azad edilərək Belarusda fövqəladə və səlahiyyətli səfir təyin olunub.
  • Dekabrın 14-də Yerevan Azərbaycan və Ermənistan arasında dəmiryolu əlaqəsini bərpa etməyə hazır olduğunu bildirib.
  • Dekabrın 15-də hakim Yeni Azərbaycan Partiyası İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.
Yeni Azərbaycan Partiyası, Foto: http://yap.org.az/
  • Dekabrın 15-də Müsavat Partiyası növbədənkənar Prezident seçkisində iştirak etməyəcəyini bəyan edib.
  • Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu haqqında həbs qərarı çıxarılıb.
  • Dekabrın 13-də saxlanılan ictimai fəal Möhyəddin Orucova qarşı narkotik ittihamı irəli sürülüb.
  • Dekabrın 16-da Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Prezident seçkisində iştirak etməyəcəyini açıqlayıb.
  • Dekabrın 19-da Demokratik Qüvvələrin Milli Şurası Prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
  • Dekabrın 23-də açıqlanıb ki, Azərbaycanda prezidentliyə namizəd olmaq üçün daxil olan müraciətlərin sayı 15-ə çatıb.
ЦИК Азербайджана
Foto: MSK
  • Yeni yaranan “III Respublika” Platformasının Qurucu Heyət üzvü, eyni zamanda, NİDA Vətəndaş Hərəkatının üzvü olan üniversitet müəllimi Araz Əliyev 25 sutka inzibati həbs cəzası alıb.
  • Dekabrın 26-da Azərbaycan Fransaya nota verib.
  • Fransanın Azərbaycandakı səfiri Ann Buayonun Xarici İşlər Nazirliyinə çağırılıb və ona 2 diplomatın “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu çatdırılıb.
Fransa-Azərbaycan. Mənbə: vladm/shutterstock
  • Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistanın sülh müqaviləsini yekunlaşdırmağa hazır olduqlarını bildirib.
  • Dekabrın 26-da Azərbaycan Xarici İşlər Nazirliyi Fransa səfirliyinin 2 əməkdaşını persona-non-grata” (arzuolunmaz şəxs) elan edib. Bir gwn sonra Fransa Xarici İşlər Nazirliyi adekvat addım atıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button