ArxivXəbər lentiXəbərlər

İlham Əliyevin İran səfəri ilə bağlı gözləntilər

Rövşən Novruzoğlu:“İran heç zaman ikili standartlardan çıxış edən ABŞ və Qərb dövlətlərinin Azərbaycan sərhədlərinə yol açmasına imkan verməyəcək”

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın sonlarında İrana səfər edəcəyi gözlənilir. Səfər İran prezidenti Həsən Ruhaninin dəvəti ilə reallaşacaq. Rəsmi xarakter daşıyan səfərdə bir sıra məsələlərin müzakirə olunacağı gözlənilir.

Bəs görəsən prezidentin İrana səfəri Azərbaycana nə vəd edir və ikitərəfli görüşlər zamanı hansı məsələlər müzakirə oluna bilər?

İslamınSəsi mövzunu politoloq Rövşən Novruzoğlu ilə müzakirə edib. Ekspert bildirib ki, Azərbaycan regionda yüksək strateji əhəmiyyətə malik olan dövlətlərdəndir. Lakin strateji xəttlərdən Azərbaycan hələ ki tam gücü ilə istifadə edə bilmir. Bunun isə obyektiv və subyektiv səbəbləri mövcuddur. Prezidentin İrana səfəri zamanı birinci növbədə beynəlxalq terrorizm məsələsi müzakirə olunacaq. Eyni zamanda iki ölkə arasında sərhədlərin möhkəmləndirilməsi, dinc məqsədlər üçün yeni keçid məntəqələrinin yaradılması da müzakirə mövzusuna çevrilə bilər.

Rövşən Novruzoğlunun sözlərinə görə, İran-Azərbaycan sərhəddi Rusiyanın, ABŞ-ın və digər iri Qərb dövlətlərinin maraq dairəsindədir. Bu baxımdan sərhədlərin qorunması istiqamətində ikitərəfli əməkdaşlıq sahəsində müzakirələrin aparılması gözləniləndir. Digər tərəfdən azad iqtisadi zonaların genişlənməsi barədə də danışıqların aparılması mümkündür. Araz iqtisadi zonasının fonunda iqtisadi əlaqələrin genişlənməsi, iki ölkə arasında viza rejiminin sadələşdirilməsi insanları artıq real nəticələri görməyə sövq edir. Lakin qarşılıqlı əlaqələrin gücləndirilməsinə baxmayaraq hələ də real nəticələr hiss olunmur. Prezidentin İran səfərindən sonra insanlar müsbət irəliləyişləri heç şübhəsiz hiss edəcəklər.

Politoloq qeyd edib ki, rəsmi səfər zamanı Naxçıvan-iran mövzusu da prioritet təşkil edəcək: “İran heç zaman Naxçıvanı, Rusiya və Ermənistanın ayağına verməz. Rüsiya Dumasına çıxarılan “Qars” müqaviləsinə İran həssas yanaşır və Naxçıvanın təhlükəsizliyində İslam respublikasının maraqları çox güclüdür”.

Rövşən Novruzoğlu Azərbaycan prezidentinin İrana səfərinin ölkəmiz üçün müsbət nəticələrlə yadda qalacağını deyib: “İran heç zaman ikili standartlardan çıxış edən ABŞ və Qərb dövlətlərinin Azərbaycan sərhədlərinə yol açmasına imkan verməyəcək və bu baxımdan ölkəmizə yardımçı olacaq. Bu səfər Azərbaycana çox müsbət məqamlar vəd edir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button