İnsan yaradıcısı Allahdır. O, insanın bütün ehtiyac və tələblərini təbii olaraq bilib tanıdığından onun həqiqəti, şəxsiyyəti, ruhu və cisminə müvafiq həm nəzəri həm də praktiki qanunlar, yollar, addımlar və yaranma hədəfinə səbəb olaraq zirvəyə istiqaməti sistemləşdirib. Zamanla insan idrakına müvafiq, insan dünyagörüşünə uyğunlaşaraq gələn İlahı qanunların hissələri Quranın varlığında tamlaşaraq nəzəri əsasların nöqtəsi oldu. Praktiki əsaslar üçün isə məsum Peyğəmbərlərdən başlayan zəncirvarı sistem günümüzə qədər dövrün imamı Hz Məhdi (ə.f.) ilə insanlara bu nəzəryyədən irəli gələn praktiki addımları öz həyat hekayəsi, canlı icraçı olaraq göstərməyə çalışıb və çalışırda. Heç təəccüblü deyil ki, günümüzdə İmam Hüseyn (ə) ifadəsinə qıcıq həqiqi insanlıq məktəbinin, fərdi insanlıq münasibətlərinin tətbiqinə çağırış edən nümunə olduğu üçün zülm və sitəmin hədəfindədir. Vətənimiz Azərbaycanda da bunun qadağa səbəbi məhz cinayətə bulaşmış idarəçilik strukturlarının öz yalançı varlıqlarına qarşı ifşa olunma təhlükəsinə görə Hüseyn məktəbi hədəfə alır.
Əlbəttə, insanlıq nümunəsi qüdrətli cəsarəti bəzən, iradəsi zəiflik təsirində olanlar üçün müxtəlif bəhanə mənbəyi də ola bilir. Onlar imam, seçilmiş, daha güclü, ətrafında tərəfdarları və sair adlarla praktiki davranışları öz üzərindən atmaqla vicdanına rahatlıq verməyə çalışır. Bu davranışın yanlışlığı yanaşımdan səhv olsa da, buna tam fərqli bir istiqamətdən digər nümunə ilə cavab vermək olar.
O, körpə yaşlarından anasız böyüyən zərif cüssəli bir qızdır. Həyatı bütünlükdə atasının müharibələri, çətinlikləri, təzyiq və təqibi altında keçib. Atasının imperiya rəhbəri olmasına baxmayaraq o, maddi çətinlik yaşayan ehtiyaclı sinfin yaşam tərzinə müvafiq həyat yaşayaraq Allaha mövcud vəziyyətindən şükür göstərən bir razılıq nümunəsidir. Elm, mərifət, bilgilər əldə edib bunu insanlarla paylaşmaq, onu dörd uşaq tərbiyəsində laxlatmır. Yaşının çox gənc, 18 olmasına baxmayaraq haqqın, imamətin tək müdafiəçisi olaraq dövrün xəlifəsi önündə duruşuna belə maniə olmur. Qəsb olunan əmlakının müsadirəsinə rəşadətlə sinə gələn tənha qadın, cinsindən asılı olmayaraq bütün bəşər insanının kamil nümunəsidir. O həyat yoldaşının bütün maddi və mənəvi çətinliklərini onunla paylaşaraq hüquq bərabərliyində ideal ailə modelinin təqdimatçısıdır. İbadətini ruhun ilahi məqama yüksələcəyi kamillikdə, duaları insanlar və insanlıq naminə genişlik daşıyacaq qədər əhatəlidir. Atasının sevgi ilə “Ümmi Əbiha-Atasının anası” kimi seviləcək övlad, həyat yoldaşına ömrünün sonuna qədər sevgi və dəstəkdə qadın, uşaqlarına qədəmləri cənnət olan ana, ümmətə, insanlığa haqq və batili ayıracaq kamil bir həqiqət sərhədi oldu o. Bəşəriyyətə bütün sahələrdə kişi yox, bir qadının neçə örnək və nümunə olmasını qısa, 18 illik bir ömründə praktiki olaraq göstərə bildi bu xanım.
Bu gün onun doğum, mövlud günüdür. Allah Rəsulu Məhəmmədin (s) qızı, İmam Əlinin (ə) həyat yoldaşı, İmam Həsən (ə), İmam Hüseyn (ə), Xanım Zeynəbin (s.ə.) anası və ümmətin kamillik nümunəsi Fatimeyi-Zəhranın (s.ə.)! Yalançı, aldadıcı örnəklər, naqis nümunələr, mifik qəhrəmanlar deyi, 18 illik ömrü dünyaya izzət, axirətə şərafət verəcək nümunə dolu bir şəxsiyyət. Bu gün İlahi rəhmətin növbəti dəfə lütfünün insanlığı ağuşuna alan gündür.
Müsəlman Birliyi Hərəkatı olaraq bütün haqq aşiqləri, həqiqi insanlıq sadiqlərini, Fatimə (s.ə.) ruhuna doğmalıq duyan bütün ümməti, Azərbaycan xalqını təbrik edirik. Bayramınız mübarək.