Aktual

Dünyanın ən nüfuzlu jurnalı hakim ailənin xərclədiyi pullardan yazdı – “Satılan Azərbaycan”

“Eurovision” yarışması həssaslıqla qorunan imici məhv etdi”

ABŞ-da nəşr olunan, dünyanın ən nüfuzlu dərgilərindən olan həftəlik “Time” jurnalında Uilyam Li Adamsın Azərbaycanla bağlı geniş məqaləsi dərc olunub. “Satılan Azərbaycan” adlı məqalədə ölkəmizin ictimai-siyasi həyatı, insan haqları və demokratiyanın durumu, “Eurovision” musiqi yarışmasına hazırlığı və s. məsələlərdən bəhs olunur. “Time” jurnalındakı məqalədə Azərbaycan hakimiyyətini ifşa edən məqamlar da öz əksini tapıb. Məqaləni qısa ixtisarla təqdim edirik:
“Ilham Əliyev ”Eurovision” qələbəsini hərbi zəfər kimi təqdim etdi”

Ötən ilin mayında Azərbaycanı təmsil edən Ell və Niki cütlüyü “Eurovision” musiqi yarışmasının qalibi oldu. Dövlət başçısı Ilham Əliyev bu qələbəni “azərbaycanlıların və Azərbaycan dövlətinin qələbəsi” adlandırmaqla, onu hərbi zəfər kimi təqdim etdi. Bakı bu il 100 milyondan çox avropalının izləyəcəyi yarışmaya ev sahibliyi etmək hüququ qazanıb. Azərbaycan yarışmanın yaxşı təşkili üçün cidd-cəhdlə çalışır. Bunun üçün Ilham Əliyev təşkilat işlərinə rəhbərliyi həyat yoldaşı Mehriban Əliyevaya tapşırdı. Qalib gəncləri hakim partiyaya məcburən üzv edən hökumət “Eurovision” hazırlığına külli miqdarda pul xərcləyir. Rəsmi rəqəmlər indiyə qədər 30 milyon dollar xərcləndiyini göstərir. Hökumət isə hazırlıq işlərinə 64 milyon dollarlıq büdcə ayırıb. Lakin bəzi mənbələr yarışmaya xərclənən məbləğin 277 milyon dollar olduğunu deyir.

İnsan haqlarına hörmət qoymayan avtoritar idarəçilik…

“Eurovision” yarışması dünyanın diqqətini bu ölkədəki insan haqlarının bərbad durumundan yayındırmaq baxımından Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Sovet Ittifaqının dağılmasıyla müstəqilliyini qazanmasından 20 il keçməsinə baxmayaraq, çoxları Azərbaycanı dünya xəritəsində çox çətinliklə tapa bilər. Zəngin təbii ehtiyatlara sahib keçmiş sovet ölkəsi olan Azərbaycan iqtisadi cəhətdən varlı olmasına baxmayaraq, beynəlxalq tənqidçilər bildirir ki, burada insan haqlarına hörmət qoymayan avtoritar idarəçilik sistemi mövcuddur. Indiki prezidentin atası Heydər Əliyev 1969-cu ildən başlayaraq, kommunist Azərbaycanına rəhbərlik edib. O, 1993-cü ildə yenidən müstəqil ölkənin prezidenti postuna qayıdıb. 2003-cü ilin prezident seçkilərində öz postunu kiçik Əliyevə güzəştə gedib.

Yeni rəhbər prezidentliyə qoyulan məhdudiyyəti uzun mübahisələrdən sonra – 2009-cu il referendumuyla aradan qaldırdı. “The Human Rights House Foundation” 2010-cu ildə bu ölkədə keçirilən seçkiləri “komediya” adlandırdı. Burada hakim elitanı tənqid edənlər repressiya ilə üzləşirlər. “Amnesty International” beynəlxalq insan haqları təşkilatı dinc aksiyalar zamanı polisin etirazçıları döydüyünü, həbs etdiyini bildirir. Azərbaycan hakimiyyəti jurnalistlərə qarşı onlarla zorakılıq faktlarını, o cümlədən iki jurnalistin öldürülməsi hallarını qulaqardına vurur. Beynəlxalq və yerli hüquq-müdafiə təşkilatlarının açıqlamalarına görə, Azərbaycanda 70-ə yaxın insan siyasi motivlərlə hələ də həbsdədir. “Transparency International” korrupsiyanın səviyyəsinə görə, Azərbaycanı 183 ölkə arasında 143-cü yerdə göstərib.

Azərbaycan deyəndə yada düşən ilk sözlər “korrupsiya”, “repressiya” və…

Azərbaycan hökuməti isə bu ittihamları rədd edir. Hökumət ölkədə demokratiyanın inkişaf etdiyini vurğulayır. Azərbaycan deyəndə ilk yada düşən “korrupsiya”, “repressiya” və “avtoritar idarəçilik” sözlərinin unudulması üçün Əliyev xeyli pul xərcləyir. Rəsmi məlumatlarda Azərbaycanın ötən il xarici ölkələrdə həyata keçirdiyi layihələrə və lobbi fəaliyyətlərinə 38 milyon dollardan çox vəsait xərclədiyi bildirilir. Pis imicinin yaxşı təqdim olunması üçün külli miqdarda pul xərcləyən ölkə təkcə Azərbaycan deyil. Insan haqlarını sərt şəkildə pozduğuna görə Avropa Birliyinin sanksiyaları ilə üzləşən Belarus da Londondakı “Bell Pottinger” ictimai təşkilatına lobbi fəaliyyəti üçün pul ödəyib. Qazaxıstan isə ABŞ Dövlət Departamentinin qanunsuz həbslərə görə narahatlıq bildirməsindən sonra amerikalı rəsmilərdən, media qurumlarından və digər şəxslərdən dəstək almaq üçün “BGR Gabara” lobbi şirkətinə ayda 45 min dollar ödəyir.
Azərbaycan beynəlxalq “PR” şirkətləri ilə əməkdaşlıqda xüsusi fəallıq göstərir. 2007-ci ilin sentyabrında “prezidentli Azərbaycan” ofisi Vaşinqtonda yerləşən siyasi-biznez mərkəzi “Cefferson Waterman International”la “professional xidmət” müqabilində ayda 25 min dollar ödənilməsini nəzərdə tutan müqavilə imzalayıb. Həmin müqavilə başa çatsa da, “Cefferson Waterman International” Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlığı davam etdirir. Bank xidmət müqabilində həmin şirkətə elə əvvəlki məbləği (25 min dollar) ödəyir.

20 dəqiqəlik çıxış üçün 143 min dollar

Azərbaycan cidd-cəhdlə xarici siyasətçilərin qeydinə qalırdı. 2009-cu ildə “Metanol” elektrik stansiyasının açılışında 20 dəqiqəlik çıxış üçün Britaniyanın sabiq baş naziri Toni Bleyrə 143 min dollar ödəmişdi. Dövlət televiziyası çıxış edən Bleyri daha sonra prezidentlə nahar edərkən göstərdi. Azərbaycan KIV-in “hörmətli qonaq” adlandırdığı Britaniya şahzadəsi Endryu 2005-ci ildən bu yana Azərbaycanı 8 dəfə ziyarət edib. 2011-ci ildə o, Britaniya biznesinə Azərbaycana investisiya qoymağa çağırış edəndə isə sərt tənqidlərlə üzləşdi. O zaman Bukingem sarayından “The Guardian”a açıqlama verərək, onun bu davranışını “Britaniya şirkətlərinin xarici bazarlarda imkanlarını qiymətləndirmək” kimi əsaslandırdılar.

carci.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button