Aktual

Valideyn-övlad münasibətlərində Allahla bəndə münasibətinə nəzər yetirmək olar

Məlum olduğu kimi, Allah bir şeyi yaradanda bunu birtərəfli və bir məqsədli yaratmayıb. Necə ki, müqəddəs Qurani-Kərimin ayələrində bir ayənin neçə zahiri və neçə batini mənası varsa, eləcə də Allahın yaratdığı hər bir şeydə də bir neçə məna və məqsəd var. Mövzumuz valideyn-övlad münasibətləri olduğundan, gəlin bu məsələyə diqqət yetirək. Belə ki, övladları Allah bizə bir neçə səbəbə əta edir:

1) Ümumi yaranış fələfəsinin zəncirvari ardıcıllığına görə, yəni necə ki Allah hər şeydən əvvəl Həzrət Muhəmməd (ə) və Həzrət Əlinin (ə) nurlarını yaratdı və nə yaratdısa, bu nurlardan yaratdı. Həzrət Muhəmməd (ə) və Həzrət Əli (ə) yaranan andan səcdəyə düşdülər və Allahdan onlar kimi yaranışlar yaratmağı istədilər ki, bu yaranışlarda Allahın qüdrətini, mərhəmətini, mehribanlığını və sair sifətlərini tanısınlar və bunlardan bəhrələnsinlər. Allahın məsum yaranışları da Allah rizasından və istəyindən kənar bir şey istəməzlər. Allah da Həzrət Muhəmməd (ə) və Həzrət Əlinin (ə) istəklərini və dualarını qəbul etdi və beləliklə, yeri-göyü və onun içərisindəki hər şeyi, o cümlədən Həzrət Adəmi (ə) Həzrət Muhəmməd (ə) və Həzrət Əlinin (ə) nurlarından yaratdı ki, hər yaranan Adəm övladı Allahın qüdrətini, mərhəmətini, mehribanlığını və sair sifətlərini tanısın, İslam nemətindən bəhrələnsin və kamala doğru addimlasın.

 2) Sınağa çəkir. Övladlar bir tərəfdən də insanlar üçün sınaq vasitəsidir. Allah övladlar vasitəsilə bəndəsini sınağa çəkir və bəndəsinin bu nemət qarşılığında Allahı unudub-unutmamasını və siratəl-mustəqimdən azıb-azmamasını yoxlayır. Qısası, heç bir şey, o cümlədən övlad da Allahla bəndə arasında pərdəyə çevrilməməlidir. Əks halda insan nemətin şükrünü yerinə yetirməmişdir.

 3) Nemət və kömək. Övladları Allah insanlara nemət verib. Necə ki, valideynlər övladların əziyyətlərini körpəliklərindən çəkirlər, övladlar da böyüdüklərində qoca valideynlərinin əziyyətlərini çəkirlər. Bundan başqa, valideynin övladına və övladın valideynə edilən duaları Allah müstəcab edər.

 4) Təfəkkür etmək üçün. Allahın insanlara övlad verməsinin bir səbəbi də təfəkkür etmələri və valideyn-övlad münasibətlərinə nəzər yetirməklə Allahla öz aralarındaki münasibətlərini yada salıb onlara diqqət çəkməkdir. Valideyn övladını çox istədiyi kimi, Allah bundan da çox bəndələrini sevir. Necə ki, valideyn uşağının xoşbəxtliyini və ziyandan uzaq olmasını istəyirsə Allah bundan çox bunu bəndələrinə arzulayır. Valideyn övladının əziyyətini çəkir, onu sevir, əzizləyir, daim onu ziyanlardan və pisliklərdən qorumağa çalışır. Övlad da (istər körpə olsun, istər böyük) bunun qarşılığında valideynin sözünə baxmayanda, çox pərişan və narahat olur. İnsan nəzərə alsa ki, valideyn uşağı üçün istədiyindən artığını Allah bizim üçün istəyir və üstəlik qarşımızda saysız nemətlər hazır edib və bildiyimiz və bilmədiyimiz neçə bəladan bizi amanda saxlayır, hətta bu dünyadan sonra da əbədi nemətlər və əbədi əzabdan qurtulmağı vəd edir və bütün bunların qarşılığında biz Allah deyən kimi yaşamayanda və günah edəndə onda Allahın nə dərəcədə qəzəbləndiyini düşünməlidir. Övlad bir vasitədir ki, insan buna diqqət etsin və bu barədə təfəkkür etsin.

 Allahım, bizlərə yetirdiyin nemətlər barədə təfəkkür etməyi və onların şükrünü düzgün yerinə yetirərək, Siratəl-mustəqimdən azmamağı nəsib elə. Amin.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button