Sabirabadda bir yaşlı körpə ölüb. Ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılan 2022-ci il təvəllüdlü uşağın həyatını xilas etmək mümkün olmayıb. Körpə xəstəxanaya yüksək temperaturla çatdırılıb. Faktla bağlı Sabirabad Prokurorluğunda araşdırma aparılır. Hələlik ölümün səbəbi müəyyən edilməyib.
Son günlər Azərbaycanda qızılcaya yoluxma artıb. Noyabrın 29-da Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan 9 yaşlı Rinat Cahangirli, noyabrın 23-də isə Kürdəmir rayonunda 4 yaşlı Rüfət Qəribli qızılcadan vəfat edib.
TƏBİB Sabirabadda qızılca xəstəliyindən öldüyü deyilən uşaqla bağlı açıqlama yayıb. Bildirilib ki, 2022-ci il təvəllüdlü azyaşlı Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Ona qızılcanın ağırlaşmış forması, neyrotoksikoz, ensefalit, kəskin tənəffüs, ürək-damar çatışmazlığı (III dərəcə) diaqnozları qoyulub.
“Pasiyentin yanaşı diaqnozu qavrama zəifliyi olub. Azyaşlı Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlı 01.12.2023-cü il tarixində saat 00:15-də vəfat edib. Azyaşlı doğum evində hepatit və vərəm əleyhinə peyvənd olunub. Valideyni tərəfindən digər peyvəndlərdən imtina ərizəsi yazılıb”, – TƏBİB-in məlumatında deyilir.
Bakının bir məktəbində isə qızılcaya görə ibtidai siniflərdə distant tədris tətbiq olunub. Bakı Şəhəri üzrə Tədris İdarəsindən bildirilib ki, Qaradağ rayonundakı 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində distant tədris tətbiq olunub. Şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər 14 gün müddətinə distant formada keçiriləcək. İdarədən deyiblər ki, anoloji vəziyyət başqa heç bir məktəbdə müşahidə edilmir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində nəzarətin gücləndirilməsi və pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib. Valideynlərə tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil.