ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Cəmil Həsənli: “Netflix”in filmində hədəf Rusiyadırsa, Azərbaycan hakimiyyəti niyə narahatdır?”

Tarixçi alim deyir ki, bu, sadəcə, ideyadır, ortada nə film var, nə məsləhət verən

“Netflix” video platformasının Azərbaycana qarşı film çəkdiyi iddia olunur.
Hökumətyönlü media yazır ki, Böyük Britaniyada yaşayan yazıçı Devid Qreys tərəfindən “Cəzasız olan cinayət” adlı beynəlxalq bədii layihə hazırlanır.
Beynəlxalq layihədə Rusiya İmperiyasının, Sovet İttifaqının və Rusiyanın postsovet məkanında yaşayan xalqlara qarşı törədilmiş cinayətlərinin bu platformada göstərilməsi nəzərdə tutulub.
“İlk baxışda burada qeyri-adi nəsə yoxdur. Adi bir tarixi filmdir. Lakin əldə etdiyimiz məlumata görə, filmdə sovet dövründə Azərbaycanda hakimiyyətdə olanlar, eləcə də, indiki hakimiyyət haqqında mənfi məlumatların verilməsi nəzərdə tutulur”, – məlumatda deyilir.
Layihədə tarixçi alim, professor, Milli Şuranın sədri Cəmil Həsənlinin də adı hallandırılır.
Bildirilir ki, Cəmil Həsənli layihəyə məsləhətçi kimi dəvət olunub.
Film isə Azərbaycana qarşı qərəzlidir:
“Azərbaycanla bağlı daha çox qərəzli mövqedən çıxış edən müxalifət funksioneri, sözsüz ki, ortaya obyektiv mövqe qoya bilməz. Məgər həmin dövrlə bağlı digər bir mütəxəssis tapmaq çox çətin idimi? Hər halda Azərbaycan tarixinin həmin illərini araşdıran çoxsaylı ekspert və alimlər mövcuddur. Bu da Azərbaycana qarşı qərəzli yanaşmanın növbəti təzahürüdür”.
İnternetdə axtarış zamanı layihə ilə bağlı heç bir nəticə çıxmayıb.
Cəmil Həsənli Meydan TV-yə bildirib ki, layihə ilə bağlı, doğrudan da, təklif alıb. Layihənin əsas hədəfi də Rusiyadır:
“Bu layihədə söhbət Azərbaycandan getmir. Əsas hədəf Rusiyanın və Sovet İttifaqının xalqların taleyində oynadığı məşum roludur. Bu layihə ilə bağlı David Grece mənə yazmışdı. Bildirmişdi ki, Böyük Britaniyadan olan komanda hazırda “Cəzasız qalan cinayət” adlı genişmiqyaslı beynəlxalq sənədli layihə üzərində işləyir”.
Cəmil Həsənli deyir ki, David Grece ona bildirib ki, layihə vasitəsilə dünya tamaşaçılarına Rusiya İmperiyası, Sovet İttifaqı və müasir Rusiya liderlərinin müxtəlif dövrlərdə Kremlin nəzarəti altında olan xalqlara və ölkələrə qarşı törətdikləri cinayətlər barədə danışılacaq:
“Yüzlərlə vəhşilik edərək müxtəlif Moskva rejimlərinin niyə sudan quru çıxmağı və cəzasız qalmağı bacardıqlarını anlamaq bizim üçün vacibdir. Bu cəzasızlığın kütləvi cinayətlərin təkrarlanmasına səbəb olduğunu aydınlaşdırmaq və bu “cəzasızlıq prinsipini” pozmaq üçün bir yol tapmaq istəyirik. Xüsusilə, insanların deportasiyası, milli liderlərin ləğvi, Qolodomor (Ukrayna tarixinin ən faciəli hadisəsi-red), təhlükəsizlik qüvvələrinin cəza əməliyyatları haqqında danışmaq istəyirik”, – David Grece bildirib.
Cəmil Həsənli deyir ki, layihə yalnız postsovet ölkələrini deyil, postsosialist məkanını da əhatə edəcək:
“Rusiya haqqında çəkilməsi nəzərdə tutulan sənədli filmə görə Azərbaycan hakimiyyəti niyə həşir qaldırır? Bax bu, maraqlıdır. Hələ nə film çəkən var, nə də məsləhət verən.  Azərbaycandan sənədli filmə məsləhətçi kimi mənim seçilməyimə gəldikdə isə Britaniyada son 15 ildə mənim 7-8 monoqrafiyam nəşr olunub”.
“Uzaq gələcəkdə bu layihədə Azərbaycanın sovetləşməsində Rusiya işğallarının rolu, 37-ci il Stalin repressiyalaının Azərbaycanda faciəli nəticələri, Azərbaycan neftinin dünya müaharibəsində roluna müəyyən yer verilə bilər. Lakin bu hələ ideyadır. İndi əsas məsələ Rusiyanın Ukraynaya təcavüzü fonunda Rusiya və Sovetlərin Ukraynanın taleyindəki acınanaqlı rolunu, xüsusilə Qolodomoru, 37 repressiyalarını ekranlaşdırmaqdır”, – tarixçi alim deyib.
Cəmil Həsənli 2016-cı ildə çəkilmiş “Bakı: Əli və Ninonun şəhəri” adlı sənədli filmin də məsləhətçisi olub.
Filmi prodüsser Teresa Çerfas çəkmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button