ArxivXəbər lentiXəbərlər

Bu təyinat dünya üçün gülməli, ölkə üçün ağlamalı bir hadisədir

“Özünə hörmət edən bir ölkə başçısı bunu etməməli idi”

Milli Şuranın sədri Cəmil Həsənli feysbuk səhifəsində İlham Əliyevin arvadı Mehriban Əliyevanı Azərbaycanın birinci vitse-prezidenti təyin etməsinə münasibət bildirib:

“Mən hələ Milli Məclisin üzvü olanda, 2008-ci ildə həm çıxış etmişdim və həm də müsahibə verib demişdim ki, Azərbaycan Şimali Koreya modelinə doğru gedir. O zaman çoxları buna inanmırdı. Bu gün Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsi bunu bir daha təsdiq etdi.

Söhbət uzun müddətə hakimiyyətin bir ailənin əlində cəmlənməsi və onun vərəsəlik yolu ilə ötürülməsindən gedir. 100 illik cümhuriyyət tarixi və ənənəsi olan bir ölkədə ailə hakimiyyəti, klan idarəçiliyi qurulur. Şimali Koreyada olduğu kimi. 1994-cü ildə Kim İr Sen öləndə hakimiyyətə onun oğlu Kim Çen İr yiyələndi. Azərbaycanla eyni vaxtda, 2009-cu ildə Şimali Koreya Konstitusiyasında dəyişiklik edilərək dövlət başçısı Kim Çen İrin səlahiyyətləri artırıldı. 2011-ci ilin dekabrında o, öləndə isə “demokratik respublika” sayılan Şimali Koreyada hakimiyyət onun oğlu, Kim İr Senin nəvəsi Kim Çen Ina keçdi.

Son 15 ildə antikonstitusyon konstitusiya dəyişikliyikləri ilə İlham Əliyev 100 il bundan öncə cümhuriyyət bayrağı ucaltmış bizim ölkəmizi Şimali Koreya modeli ilə eynilədirdi. Respublika dəyərləri dekorasiyaya, ölkə bir ailənin girovuna çevrildi. Bəziləri əsaslandırmağa çalışır ki, qanun bunu qadağan etmir. Olsun. Amma qanun əxlaqi prinsiplərdən, mənəvi dəyərlərdən uzaq olan çox şeyi qadağan etmir. Azərbaycan hakimiyyəti dünyada öz yerini axtarırdı. İndi o, əminliklə bunu tapdı.

Dünya tarixində prezidentlik institutu yaranandan bəri birinci dəfədir ki, fəaliyyətdə olan prezident öz həyat yoldaşını vitse-prezident, həm də birincisindən təyin edir. Bu təyinat dünya üçün gülməli, ölkə üçün ağlamalı bir hadisədir. Söhbət ondan getmir ki, yeni təyinat almış xanım necə işləyəcək, söhbət ondan gedir ki, az-çox hakimiyyət düşüncəsi, dövlətçilik təfəkkür olan, cümhuriyyət dəyərlərinə, öz xalqına, ilk növbədə isə özünə hörmət edən bir ölkə başçısı bunu etməməli idi.

Vaxtı ilə Fərəh xanımın ölkənin idarəçiliyində böyük rolu olsa da, rəsmi monarx olan Məhəmməd Rza Şah özünə icazə vermədi ki, onun bu rolunu rəsmiləşdirsin, ona hansısa yüksək dövlət vəzifəsi versin. Cümhuriyyət deyilən bir sistemdə prezident fərman verib öz həyat yoldaşını birinci vitse-prezident təyin edirsə, o, həmin fərmanla cümhuriyyətin fatihəsini vermiş olur. Acı da olsa bu reallıqdır, bir az gülməli, bir az da ağlamalı Azərbaycan reallığı”.
Facebook

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button