ArxivIslamXəbər lentiXəbərlər

Bakının ortasında, gecəqondular arasında dramatik vəziyyət

Bakının Nizami rayonu, Keşlə qəsəbəsi, 6-cı Köndələn küçəsində – dəmiryolu xəttinin bir addımlığında yerləşən gecəqondu tipli evlərin söküntüsü davam edir.

 

qafqaz.ir  Virtualaz.org-a istinadən  xəbər verir ki, Babək prospekti ilə Heydər Əliyev prospektini birləşdirən və Keşlə qəsəbəsindən Keşlə dəmiryolu stansiyası istiqamətinə gedən yolun tikintisi zamanı bir neçə ev sökülüb, daha 4-5 evin sahibinə isə tezliklə köçürüləcəklərinə dair xəbərdarlıq edilib.

Hazırda ərazidə yeraltı yol ötürücüsü tikilir, ehtimal olunur ki, bu, minik avtomobillərinin qatarla toqquşması və piyada ölümü ilə nəticələnən qəzaların sayını azaldacaq. Eyni zamanda dəmiryolu stansiyasının yaxınlığında abadlıq işlərinə də başlanılıb, keçid tikilib, ətrafında dayanacaq, oturacaqlar quraşdırılıb. Amma bu dəyişikliklər heç də ərazidə yaşayan bütün sakinlərə xoş güzəran vəd etmir. Söküntü işləri başlanandan evi plana düşməyən, amma günü qara olan bir qrup sakin də var.

Taksi sürücüsü Bakını tanımır, Füzuliyə isə qayıtmaq istəmir…

Söküntü-tikinti aparılan əraziyə gedən yol bağlanılıb, bu əraziyə ictimai nəqliyyat işləmir və  ora getmək üçün taksidən istifadə etməli olduq. Və qarşımıza şəhəri tanımadığı halda taksi fəaliyyəti ilə məşğul olan çoxsaylı sürücülərdən biri çıxır. Beləliklə, lazım olan ünvana çatmaq üçün təkcə Keşlə qəsəbəsini deyil, “Çermet” ərazisini də bir neçə dəfə dolanmalı oluruq.

Yolboyu sürücünü söhbətə tuturuq, məlum olur ki, Füzulidən gəlib, doğulub-boya başa çatdığı kənd işğal olunmasa da, köçkün statusu ala bilib. 3-4 ildir taksi sürür, Keşləyə də bir neçə dəfə müştəri aparıb, amma qəsəbədə stansiyanın olduğunu, yaxud dəmiryolu xəttinə yaxın evlərin söküldüyünü ilk dəfə bizdən eşidir.

Deyir ki, Keşləyə apardığı müştəriləri ilə əsasən Türkiyədə baş verən hadisələri müzakirə ediblər. İnanır ki, Bakı gec-tez türk seriallarındakı şəhərlərindən birinə çevriləcək. Sürücü heç kəndinin adını da bilmir. “Vallah bilmirəm, yadımdan çıxıb. Mən kənddən çıxanda 10 yaşında idim…”,-o hansı kənddən olduğu haqda soruşanda belə cavab verir. Və əlavə edir ki, Füzuli rayonu işğaldan azad edilsə də ora qayıtmaq fikrində deyil. Deyir Füzuliyə qayıdıb heyvan saxlamaqdansa, Bakıda qalıb taksi sürmək yaxşıdır.

Nəhayət sürücü soruşa-soruşa bizə lazım olan ünvanın yolunu tapır, xeyli vaxt itirəndən sonra mənzil başına çatır.

Və bu gecəqonduları arasında dolaşıb söhbətləşdiyimiz sakinlərin dediklərindən məlum olur ki,   çoxları söküntü növbəsinin nə vaxt onların evlərinə çatacağını gözləməkdədir. “Sağ əlləri bizim başımıza, kaş  sökərdilər, canımız burdan qurtarardı…”,-sakinlərdən biri əli ilə sökülən evləri işarə edib deyir.

Cəmi 2 ev sökülməyib…

Əraziyə çatmamış, bir neçə yüz metr məsafədən ağır texnikanın uğultusu eşidilir. Söküntüdən qalan tullantılar, bir yandan da tikinti materiallarının tozu bir-birinə qarışıb. Fəhlələrdən biri deyir ki, cəmi 2 ev qalıb, digərləri sökülüb. Həmin evin sakinləri isə dayanacağa getmək üçün hər gün buldozer və ağır yük maşınlarının arasından keçməyə məcburdular.

Qaldırıcı kranın fasilə etməsindən istifadə edib fəhlələrin nişan verdiyi  ensiz taxtadan salınmış körpü ilə ilk baxışdan kimsəsiz adada tənha komanı xatırladan sökülməmiş evlərə gedirik. Bizi əvvəlcə həyətdəki it “qarşılayır”, heyvanın hücumundan qaçıb canımızı güclə qurtarırıq. Ev sahibi deyir ki, səs-küy və daimi stress altında yaşamaq iti də aqressivləşdirib.

Məlum olur ki, bu gün gəlişimiz məhəllənin ən sakit günlərindən birinə təsadüf edirmiş. Təxminən 3 aya yaxındır, söküntü, eyni zamanda tikinti gedir, səs-küydən qulaq tutulur. Bu gün isti səbəbindən axşama qədər fasilə veriblər.

“Tək istəyimiz budur ki…”

Keşlə qəsəbəsi, 6-cı Köndələn, ev 4 a ünvanında yaşayan  Klara Əsədova deyir ki, yaşadıqları gecəqondu 1941-1945-ci illərdə tikilib.  Onlar da evlərinin sökülməsini istəyirlər, hətta köçürülmənin dayandırılmasına etiraz edirlər. Çünki yaxınlıqdakı evlər söküləndən və təmir işləri başlayandan təhlükəli vəziyyət yaranıb, evin bir neçə yerində çatlar əmələ gəlib, üstəlik keçib getməyə yol da yoxdur.

“İndiyə qədər beş evi söküblər,  amma bizim evi sökmürlər. Deyirlər ki, müvəqqəti çətinlikdir, dözün. Evin sahibi Rauf Əsədov qazıntı aparmağa icazə vermirdi, dedilər ki, dövlət əhəmiyyətli layihədir. Tək istəyimiz odur ki, bizim evi də söksünlər, bizi də köçürsünlər”, -ev sahibi deyir.

K. Əsədovanın sözlərinə görə, müraciət etmələrinə baxmayaraq nə vaxt köçürüləcəklərini bilmirlər, çünki onlara evlərinin  hələlik tikintiyə mane olmadığını söyləyiblər: “Qapı-pəncərə bağlıdır, amma tozdan nəfəs ala bilmirik. Çöldə bir balaca səs olan kimi ev silkələnir. Bu vəziyyətdə yaşamaq istəmirik”.

Onu da öyrənirik ki, köçürülən ailələrin bir neçəsinə hər kvadratmetrə görə 1200 manat, digərlərinə isə 1000 manatdan kompensasiya ödənilib. Evlərin sahəsinin ölçülməsinə etiraz edənlərin şikayətinə təkrar baxılıb.

Yaxınlıqdakı tikinti materiallar satan mağazanın satıcısı isə deyir ki, onun mağazası sökülməyəcək. Söküntü-tikinti işləri narahatlıq yaratsa da, yeni yola görə dözürlər. Çünki payızda-qışda palçıqdan beziblər.

Digər sakin isə deyir ki, hələ sovet dövründən salınmış, bir-birinin az qala içində yerləşən daxmalardan ibarət məhəllənin mərhələlərlə sökülməsi onlara da sərf edir. Amma tək istəkləri tez köçürülmələri və kompensasiyanın “insafla” hesablanmasıdır…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button